Bayram namazı
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Bayram namazı (ərəbcə: صلاة العيد) və ya iki bayram namazı müsəlmanların Fitr və Qurban bayramlarında qıldığı namazdır. Müsəlmanlar bayram namazında, xüsusilə Fitr bayramında çox yüksək səviyyədə iştirak edirlər. Şiə fəqihlərinin fətvasına əsasən, bu namaz məsum İmamın (ə) hüzuru vaxtı vacib olur və camaatla qılınmalıdır. Həmçinin bu namazı qeybət dövründə də qılmaq müstəhəbdir, baxmayaraq ki, camaatla qılınması, yoxsa furada (tək) qılınması barədə müxtəlif fikirlər var.
Təbərinin tarixinə görə, ilk bayram namazı hicri ikinci ilin Şəvval ayının birində qılınmışdır. İmam Rza (ə) Məmun Abbasinin xəlifə olduğu zaman öz vəliəhdliyi dövründə onun Fitr bayramı namazını bərpa etmək istəyini qəbul etdi. Həmçinin onun müqəddimələrini də əda etdi, lakin Məmun sonra peşman oldu. 1978-ci ildə fitr bayramı namazı Məhəmməd Müfəttihin imamlığı və Məhəmməd Cavad Bəhünərin çıxışı ilə pəhləvi hökumətinə qarşı yürüşə səbəb oldu. Tehranda İslam Respublikası dövründə Ramazan bayramı namazını qılmaq daha çox İslam Respublikasının ikinci rəhbəri Seyid Əli Xameneinin öhdəsində idi.
Bayram namazı iki rükətdir; birinci rükətdə beş qunut, ikinci rükətdə dörd qunut tutulur. Həmçinin bayram namazının namazdan sonra oxunan iki xütbəsi var. Bayram namazının vaxtı günəşin doğuşundan şəri zöhr (zöhr namazının vaxtının başlanması) və zəvala (günəşin doğuşu ilə batması arasındakı vaxtın yarısının keçməsinə) qədərdir. Bayram namazının qayda-qanunları var; o cümlədən, damın altında qılmamaq və onun qunutlarında xüsusi bir dua oxumaq daha yaxşıdır.
Əhəmiyyət və mövqeyi
Bayram namazı müsəlmanların Fitr və Qurban bayramlarında qıldıqları namazdır. Bu namaz fiqhi və rəvayət mənbələrində "səlatul-eydəyn" (iki bayram namazı) adlanır.[1] Hicri üçüncü əsrin tarixçisi Məhəmməd ibn Cərir Təbərinin yazdığına görə İslam Peyğəmbəri (s) ilk dəfə hicri ikinci il Şəvval ayının birində bayram namazını qılıb.[2] Müsəlmanlar bayram namazlarında, xüsusən də Fitr bayramında çox yüksək səviyyədə iştirak edirlər və bu namaz müsəlmanların və şiələrin bütün müqəddəs yerlərində qılınır.[3] İranın müxtəlif bölgələrində bayram namazı çoxlu sayda namaz qılanların iştirakı ilə və camaatla qılınır.[4]
Məşhəddə bu namaz hər il İmam Rzanın (ə) hərəmində qılınır.[5] Bir xəbərə görə, Qacarlar dövründə bu namaz Məşhəddəki müsəllada (məsciddə) qılınırdı.[6] Bayram namazı Nəcəfdə İmam Əlinin (ə) hərəmində,[7] Kufədə Kufənnim çərkəzi məscidində[8] və Kərbəlada beynul-hərəmeyndə[9] qılınır.
Məmun İmam Rzanın (ə) bayram namazını qılmasına mane oldu
"Kafi" kitabında nəql edilən rəvayətə görə dövrün abbasi xəlifəsi Məmun, İmam Rzanı (ə) vəliəhdliyə seçdikdən sonra ondan bayram namazı qılmasını istədi. Məmunun təkid etməsindən sonra İmam Rza (ə), namazı Peyğəmbərin (s) yolu və sünnəsi ilə qılmaq şərti ilə qəbul etdi.[10] Lakin qeyd olunan rəvayətə görə, Məmun Abbasinin vəziri Fəzl ibn Səhl camaatın o Həzrəti qarşılamasını gördükdə Məmuna deyir ki, Əli ibn Musa (ə) bayram namazı qılınan yerə çatsa, camaat ona vurulacaq və valeh olacaq. Buna görə də Məmun, bir nəfəri göndərərək İmam Rzadan (ə) qayıtmasını istədi.[11] Mürtəza Mütəhhərinin dediyinə görə, Məmunun İmam Rzanın (ə) vasitəsi ilə namazın qılınmasına mane olmasının əsas səbəbi, nsanların İmam Rzanı (ə) qarşılayanda, ona sevgi və məhəbbətini bildirəndə onun hiss etdiyi təhlükə idi. Çünki İmam Rza (ə) abbasi xəlifələrinin metodunun əksinə və təmtəraqdan uzaq olaraq müsəllaya getdi və camaat tərəfindən müsbət qarşılandı.[12]
1978-ci ildə Tehranda qılınan Fitr bayramı namazı
1978-ci ildə Tehranda Ramazan bayramı namazı sentyabr ayının 4-də Məhəmməd Müfəttihin imamlığı, din xadimlərindən və pəhləvi rejiminin müxaliflərindən olan Məhəmməd Cavad Bahünərin çıxışı ilə Qeytəriyyə təpələrində qılındı.[13] Həmçinin bu, pəhləvi hökumətinə qarşı yürüşə səbəb oldu.[14]
İttilaat qəzetində qeyd edilir ki, bütün İranda Fitr bayramı yürüşündə üç milyon insan iştirak edib.[15] Bu yürüşün 1978-ci il 4 sentyabr yürüşünə və yürüşçülərin pəhləvi hökumətinin hərbi qüvvələri tərəfindən öldürülməsinə səbəb olduğu bildirilir.[16]
İran İslam Respublikası Rəhbərinin imamlığı ilə bayram namazının qılınması
Seyid Əli Xameneinin İranda rəhbərliyə başlamasından sonra (1989-cu ildən) Tehranda Ramazan bayramı namazı onun rəhbərliyi ilə qılınır. O, İmam Xomeyninin (r.ə) rəhbərliyi dövründə də Tehranın cümə imamı idi.[17] Həmçinin 1982-ci ildən 1989-cu ilə qədər Ramazan bayramı namazı qıldı.[18] 1981-cı ildə Tehranda Fitr bayramı namazı Əkbər Haşimi Rəfsəncani tərəfindən qılındı.[19]
Tehranda bayram namazı bir müddət Tehran Universitetində qılınıb. Amma 1983-cü ildən (hicri qəməri 1403-cü il Fitr bayramı)[20] Tehranın Böyük Müsəllasının yerində qılınır. Korona epidemiyası səbəbindən 2019-cu ildən 2022-ci ilə (hicri 1441-1443-cü ilə) qədər üç il ardıcıl olaraq Ramazan bayramı namazı müsəllada qılınmadı.[21]
Bayram namazının qayda və qanunları
Bayram namazının qunutunda oxunulan dua: اَللّهُمَّ اَهْلَ الْکبْرِیاءِ وَالْعَظَمَةِ وَاَهْلَ الْجوُدِ وَالْجَبَروُتِ وَاَهْلَ الْعَفْوِ وَالرَّحْمَةِ وَاَهْلَ التَّقْوی وَالْمَغْفِرَةِ اَسْألُک بِحَقِّ هَذَا الْیوْمِ الَّذی جَعَلْتَهُ لِلْمُسْلِمینَ عیداً وَ لِمـُحَمَّد صلی الله علیه وآله ذُخراً وَشَرَفاً وَ کَرامَةً وَمَزیداً أَنْ تُصَلِّیَ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تُدْخِلَنی فی کُلِّ خَیرٍ أدْخَلْتَ فیهِ مُحَمَّداً وَآلَ مُحَمَّد وَ أَنْ تُخْرِجَنی مِنْ کلِّ سوُءٍ اَخْرَجْتَ مِنْهُ مُحَمَّداً وَ آلَ مُحَمَّد صَلَواتُک عَلَیهِ وَ عَلَیهِمْ اَللّهُمَّ إنّی اَسْألُکَ خَیرَ ما سَألَکَ بِهِ عِبَادُکَ الصَّالِحوُنَ وَأَعوُذُ بِکَ مِمَّا اسْتَعَاذَ مِنْهُ عِبَادُکَ الْمـُخْلَصوُنَ؛ "Əllahummə əhləl-kibriyai vəl-əzəməh və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh. Əs'əlukə bihəqqi hazəl-yəvm əlləzi cəəltəhu lil-musliminə iydən və li-Muhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) zuxrən və məziyda, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs'əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməs-təazə minhu ibadukəs-salihun (əl-muxləsunə, əl-muxlisun)."
Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.1, s.296
Şiə fiqhinə görə, bayram namazı Məsum İmamın (ə) hüzurunda[22] vacib olur və camaatla qılınır.[23] Lakin Məsum İmamın (ə) qeybət dövründə[24] müstəhəbbdir, amma qeybət dövründə camaatla qılınnması ixtilaflıdır.[25] İmam Xomeyninin (r.ə) fətvasına əsasən, bayram namazına Vəliyyi-fəqih və ya ondan icazə almış şəxs imamlıq etsə və ya rəca (ümid) niyyəti ilə qılsa, eybi yoxdur. Əks halda ehtiyat vacibə əsasən camaatla qılınmamalıdır.[26]
Bayram namazı iki rükətdir; Hər rükətdə Həmddən sonra başqa bir surə oxunur. Deyirlər ki, birinci rükətdə "Şəms" surəsini, ikinci rükətdə "Ğaşiyəh" surəsini və ya birinci rükətdə "Əla" surəsini, ikinci rükətdə isə "Şəms" surəsini oxumaq daha yaxşıdır. Həmçinin birinci rükətdə surədən sonra beş təkbir və beş qunut (hər təkbirdən sonra bir qunut), ikinci rükətdə isə dörd təkbir və dörd qunut deyilir. Qunutda digər namazlarda olduğu kimi hər hansı zikr və duanı oxumaq, kifayət edər, lakin "Əllahummə əhləl-kibriyai vəl-əzəməti" ilə başlayan xüsusi bir duanı oxumaq daha yaxşıdır.[27]
Xütbə
Bayram namazının cümə namazı kimi iki xütbəsi vardır, bu fərqlə ki, bayram namazının xütbələri namazdan sonra oxunur.[28] İmam Rzanın (ə) nəql etdiyi və "Cəvahirul-Kəlam" fiqhi kitabında da rast gəlinən rəvayətə görə, bu fərq ona görədir ki, cümə namazı hər həftə qılınır, xütbələr namazdan sonra oxunduğu halda insanlar yorular və oradan ayrılar. Ancaq bayram namazı, ildə iki dəfə qılındığı üçün insanlar xütbələrin sonuna qədər qalırlar.[29] Həmçinin bayram namazlarında xütbələrin vacib və ya müstəhəb olması barədə fəqihlər arasında ixtilaf vardır.[30]
Qılınma vaxtı
Sahibi-Cəvahirin dediyinə görə, məşhur şiə fəqihlərinin rəyinə əsasən, bayram namazının vaxtı günəşin doğuşundan zəvala (şəri zöhrə) qədərdir.[31] Həmçinin əgər bayram namazı vaxtında qılınmazsa, qəzası yoxdur.[32] İmam Xomeyninin (r.ə) fətvasına əsasən, müstəhəbdir ki, bayram namazı günəş çıxandan sonra qılınsın.[33] Həmçinin Sahibi-Cəvahir "Mədarikul-Əhkam" kitabından nəql edir ki, alimlər Fitr bayramı namazını Qurban bayramı namazından bir qədər gecikdirərək qılmağın müstəhəb olmasında həmfikirdirlər. Çünki Fitr bayramında namaz qılanın bayram namazından əvvəl orucunu açıb fitrə zəkatını ayırması müstəhəbdir, lakin Qurban bayramında namazdan sonra qurban kəsmək və onun ətini yemək müstəhəbdir.[34]
Qayda və qanunları
Bayram namazından sonra:
"Allahu əkbər, Allahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Allahu əkbər və lillahil-həmd, Allahu əkbər əla ma hədana" zikrini demək müstəhəbdir.[35]
- Bayram namazında azan və iqamə yoxdur, lakin müəzzinin namaza başlamazdan əvvəl üç dəfə "əs-səlat" deməsi müstəhəbdir.[36]
- Bayram namazını damın altında qılmaq məkruhdur.[37] Rəvayət olunur ki, İmam Əli (ə) bayram günü evindən şəhərin kənarındakı (Kufə) ibadət yerinə qədər davamlı təkbir deyirdi.[38] Həmçinin Abdullah ibn Ömərdən rəvayət olunur ki, Allah Rəsulu (s) bayram namazına piyada gedir və piyada qayıdırdı.[39]
Əbu Rafidən rəvayət olunur ki, Peyğəmbər (s) gəldiyi yoldan fərqli yolla qayıdırdı.[40] Fitr bayramı namazını qılan şəxs fitrə zəkatını namazdan əvvəl verməlidir və ya bəzilərinin fətvasına əsasən onu öz malından ayırmalıdır.[41] Çünki hədislərə əsasən «قَدْ أَفْلَحَ مَن تَزَکیٰ»[42] və «وَذَکرَ اسْمَ رَبِّهِ فَصَلَّیٰ»[43] ayələrində "təzəkka" və "fəsəlla" kəlmələrindən məqsəd fitrə zəkatını vermək və Fitr bayramı namazını qılmaqdır.[44]
- Müstəhəbdir ki, namaz qılan bayram namazından əvvəl qüsl etsin, namazdan əvvəl və sonra dua kitablarında qeyd olunan duaları oxusun.[45]
- Müstəhəbdir ki, namaz qılan bayram namazında yerə səcdə etsin[46] və təkbir deyərkən əllərini qaldırsın və duanı ucadan oxusun.[47]
- İmam Sadiqdən (ə) gələn rəvayətdə bayram namazında ən gözəl paltarı geyinmək və ən gözəl ətirdən istifadə etmək tövsiyə olunur.[48]
Qalereya
-
İmam Xamaneinin imaməti ilə Tehranda bayram namazının qılınması
-
Rey şəhərində yerləşən Əbdül-Əzim Həsəninin hərəmində bayram namazı
-
Hindistan, Dehli came məscidində bayram namazı
-
Mərakeşin paytaxtında bayram namazı
-
Kərbəla, Beynəl-hərəmeyndə bayram namazı
İstinadlar
- ↑ Baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.323
- ↑ Təbəri, Tarix-Təbəri, c.2, s.418
- ↑ «باشکوهترین نمازهای عید در کجا برگزار میشود؟», irna saytı
- ↑ «نماز عید فطر در سراسر کشور اقامه شد», irna saytı
- ↑ «جزئیات نماز عید فطر در حرم مطهر رضوی», hawzahnews.com saytı
- ↑ «عید فطر آستان قدس رضوی در آیینه تاریخ», irna saytı
- ↑ «نماز عید فطر در حرم امام علی», shafaqna.com saytı
- ↑ «نماز عید در مسجد جامع کوفه», shafaqna.com saytı
- ↑ «نماز عید در بین الحرمین», Abna24 saytı
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.489
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.490
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1390, c.17, s.174-176
- ↑ Nikbəxt, Ramazan 1357 və məscide Quba, s.60
- ↑ Nikbəxt, Ramazan 1357 və məscide Quba, s.60
- ↑ «حواشی متفاوت آخرین نماز عید فطر زمان شاه», ettelaatonline.com saytı
- ↑ «نماز و راهپیمایی عید فطر شهریور 1357 به روایت اسناد ساواک»
- ↑ Xomeyni, Səhifeye İmam, h.ş 1378, c.12, s.116
- ↑ «نماز عید فطر در دهه ۶۰», khabaronline.ir saytı
- ↑ Haşimi Rəfsəncani, Ubur əz buhran, s.224
- ↑ Haşimi Rəfsəncani, Arameş və çaleş, h.ş 1386, s.145
- ↑ «پایان سه سال وقفه», khabaronline.ir saytı
- ↑ Baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.333
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail, c.1, s.824
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.323
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail, c.1, s.824
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail, c.1, s.824
- ↑ Xomeyni, Təhrirul-vəsilə, c.1, s.227
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.337-338
- ↑ Baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.338
- ↑ Baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.323
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.351
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.355
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail, c.1, s.824
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.354-355
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail, c.1, s.827
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.374
- ↑ Xomeyni, Məssiseye tənzim və nəşre asare İmam Xomeyni, c.2, s.228
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.88, s.118; Müttəqi Əl-Hindi, Kənzul-ummal, h.q 1413, c.7, s.88
- ↑ Müttəqi Əl-Hindi, Kənzul-ummal, h.q 1413, c.7, s.88
- ↑ Müttəqi Əl-Hindi, Kənzul-ummal, h.q 1413, c.7, s.88
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail, c.2, s.182
- ↑ Əla surəsi, ayə 14
- ↑ Əla surəsi, ayə 15
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.269
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail, c.1, s.826
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.374
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail, c.1, s.826
- ↑ Qazi Numan, Dəaimul-İslam, h.q 1385, c.1, s.185
Ədəbiyyat
- باشکوهترین نمازهای عید در کجا برگزار میشود؟, İrna saytı
- «پایان سه سال وقفه», khabaronline.ir saytı
- «حواشی متفاوت آخرین نماز عید فطر زمان شاه», ettelaatonline.com saytı
- «گزارش نماز عید فطر سال ۱۳۵۷ در مرکز بررسی اسناد تاریخی»
- «نماز عید فطر در دهه ۶۰», khabaronline.ir saytı
- Nikbəxt, Rəhim, «رمضان ۱۳۵۷ و مسجد قبا», ensani.ir saytı
- Bəni-Haşim Xomeyni, Məhəmməd Həsən, Tozihul-məsail, Qum, Dəftəre enteşarate İslami
- Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Tehran
- Xomeyni, Seyyid Ruhullah, Səhifeye İmam, Tehran, h.ş 1378
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Enteşarate came müdərrisin
- Təbəri, Məhəmməd ibn Cərir, Tarix-Təbəri, Beyrut
- Qazi Numan Məğribi, Dəaimul-İslam, Qum, h.q 1385
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Müttəqi Əl-Hindi, Kənzul-ummal, Beyrut, h.q 1413
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra, h.ş 1390
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362
- Haşimi Rəfsəncani, Əkbər, Ubur əz buhran, Tehran, h.ş 1378
- Haşimi Rəfsəncani, Əkbər, Arameş və çaleş, Tehran, h.ş 1386