Məzmuna keç

Hüməzə surəsi

wikishia saytından
Hüməzə surəsi
Hüməzə
Cüz30
Ayə9
Məkkə\MədinəMəkkə
Nazil olma sırası32
Surənin nömrəsi104
Söz33
Hərf134


Hüməzə və ya Lüməzə surəsi Qurani-Kərimin yüz dördüncü surəsi və Məkkədə nazil olmuş surələrdən biridir. Bu surə Qurani-Kərimin otuzuncu cüzündə yerləşir. "Hüməzə" və "Lüməzə" sözləri "eyib axtaran" və "pisləyən" mənalarını verir. Allah bu surədə insanlardan üstün olmağa çalışan və onların eyiblərini axtaran var-dövlət yığanları "əzib yox edən odla" cəzalandıracağı ilə təhdid edir.

Bəzi təfsirçilər bu surənin Peyğəmbərimizin (s) arxasınca iftira atan və onu pisləyən Vəlid ibn Muğeyrə barəsində nazil olduğunu bildiriblər. Digərləri isə bunun Peyğəmbərimizi (s) pis tanıtmağa çalışan bir qrup insan barəsində nazil olduğunu qeyd ediblər.

Hüməzə surəsinin tilavətinin fəziləti haqqında belə nəql olunub ki, hər kim bu surəni vacib namazlarında oxuyarsa, yoxsulluğu aradan qalxar, ruzi ona tərəf axar, bədbəxt ölümlər ondan uzaq olar. Bir rəvayətdə isə ona dünyaya bərabər savab veriləcəyi qeyd olunub.

Hüməzə surəsinin tanıtımı

  • Adlandırılması

Hüməzə surəsinə bu adın verilməsinin səbəbi, ilk ayədə "hüməzə" sözünün işlədilməsidir. Surənin başqa bir adı isə "Lüməzə"dir. Bu söz də həmin ayədə keçmişdir.[1] "Hüməzə" və "Lüməzə" sözləri eyib axtaran və qeybət edən şəxs mənasını verir. Bu iki sözün dəqiq mənası ilə bağlı fikir ayrılıqları mövcuddur. Məsələn, bəziləri "hüməzə"nin bir şəxsin yanında eybini axtarma, "lüməzə"nin isə birinin olmadığı yerdə eybini axtarma mənasında, ya da əksinə olduğunu demişlər.[2]

  • Nazil olduğu yer və sırası

Hüməzə surəsi Məkkədə nazil olmuşdur və nazilolma sırasına görə Quranda 32-ci surədir. Hazırkı Quran düzülüşündə isə 104-cü surədir[3] və Quranın 30-cu cüzündə yerləşir.

  • Ayə və sözlərin sayı

Hüməzə surəsi 9 ayə, 33 söz və 134 hərfdən ibarətdir. Bu surə, "Müfəssəlat" (qısa ayələrdən ibarət olan) surələrindən biridir və Quranın qısa surələrindən sayılır.[4]

Surənin məzmunu

Bu surə, mal toplamağı sevən və topladıqları mallarla insanların üzərində üstünlük qurmağa, onlara qarşı lovğalanmağa çalışanlara qarşı şiddətli bir təhdiddir. Buna görə də haqsız yerə insanlara tənə edər və elə qüsurlar taparlar ki, əslində o, qüsur deyil.[5] Onlar düşünürlər ki, bu mal onları əbədi edəcək, amma belə deyil və onların yeri cəhənnəmdir.[6] "Əfidə" (افئده) "fuad" sözünün cəmidir və ürək mənasındadır. Quranda ondan məqsəd bədənin bir üzvü olan ürək deyil, həqiqətdə, insanın düşüncə və idrak mənbəyi olan nəfsidir.[7] "Narullahil-muqadə" (نَارُ اللهِ الْمُوقَدَةُ) ifadəsindəki "iqad" sözünün mənası odun alışdırılmasıdır. "Əlləti təttəliu ələl-əfidə" ayəsindəki "İttila" sözündən məqsəd isə bir şeyə tam şəkildə nüfuz etmək, onun üzərində açıq-aşkar bir hakimiyyəti ifadə etməkdir. Qiyamətdəki cəhənnəm odunun dünyadakı oddan fərqi odur ki, dünyadakı od yalnız zahiri yandırır, amma axirət aləmindəki od həm zahiri, həm də batini yandırır. Buna görə də, Bəqərə surəsinin 24-cü ayəsində "Vəquduhən-nəsu vəl-hicarə" (وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ) "Cəhənnəm odunun yanacağı insanlar və daşlardır" ifadəsi ilə cəhənnəm odu təsvir edilir.[8] Ayədən aydın olur ki, cəhənnəm odu insanların batininə (nəfsinə) nüfuz etdiyinə görə cəhənnəmdə insanlar daxildən yanır və alovlanır. Onlar özləri yanmalarının və əzablarının əsas səbəbi olurlar.[9] Qurandakı digər ayələrdən, məsələn, "Ey iman gətirənlər! Özünüzü və ailələrinizi insanlarla daşların yanacaq olduğu cəhənnəm odundan qoruyun" (Təhrim surəsi, 6-cı ayə) ifadəsindən də aydın olur ki, insan öz əməlləri ilə cəhənnəm odunu alışdırır və daxildən yanır. Bu da əməllərin təcəssümü ilə əlaqəlidir.[10]

Nazil olma səbəbi: Peyğəmbərə (s) böhtan atanlar və onu ələ salanlar

Bəzi təfsirçilərin fikrincə, bu surə, Peyğəmbərin (s) arxasınca böhtan atan, onu pisləyən və qarşısında istehza edib ələ salan Vəlid ibn Müğeyrə haqqında nazil olub. Digər bir qrup isə bunun Übəy ibn Xələf, Əxnəs ibn Şəriq, Cəmil ibn Amir və As ibn Vail kimi şəxslər haqqında nazil olduğunu bildirib. Onlar Peyğəmbərin (s) şəxsiyyətini zədələməyə çalışırdılar. Bu zaman Allah-təala "Hüməzə" surəsini nazil etdi.[11]

Fəziləti və faydaları

İmam Sadiqdən (ə) nəql olunub ki, kim vacib namazlarında "Hüməzə" surəsini oxusa, yoxsulluğu aradan qalxar, ruzisi artar və pis ölümdən uzaq olar.[12] Yaxud dünyaya bərabər savab qazanar.[13] Həmçinin Peyğəmbərdən (s) nəql edilib ki, bu surəni oxuyan şəxsə, Peyğəmbəri (s) və onun dostlarını ələ salanların sayı qədər on həsənə (savab) yazılar.[14]

Bəzi rəvayətlərdə bu surənin tilavəti üçün müəyyən xüsusiyyətlər qeyd olunub: 1. Göz dəymədən qorunma.[15] 2. Göz ağrısından şəfa tapma.[16]

Surənin mətni və tərcüməsi

Hüməzə surəsi

Tərcümə Ərəbcə mətn
Bağışlayan və mehriban Allahın adı ilə

1. İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına. 2. O kəs ki, mal yığıb onu dönə-dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz). 3. Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır). 4. (Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır. 5. Və sən nə bilirsən ki, Hutəmə nədir?! 6. O, Allahın yanar odudur. 7. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar). 8. Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz). 9. Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar).

وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ ١ الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ ٢ يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ ٣ كَلَّا لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ ٤ وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ ٥ نَارُ اللَّهِ الْمُوقَدَةُ ٦ الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ ٧ إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ ٨ فِي عَمَدٍ مُمَدَّدَةٍ


Monoqrafiyalar

Müstəqil olaraq "Hüməzə" surəsinin təfsirinə həsr edilmiş kitablar bunlardır:

1. Möhsün Kitabçi, "Sərvət dəliliyi və insanın xəyalpərəstliyinə bir baxış: "Hüməzə" surəsinin təfsiri", redaktor: Məhəmmədrza Fəthi, İsfahan, Çaharbağ Novin, 2011-ci il.[17]

2. Əbülfəzl Bəhrampur, "Təyyibə həyat": Quranın baxışından əxlaq və ictimai davranış (Hücürat və Hüməzə surələri)", Tehran, Mədrəsə, 2015-ci il.[18]

İstinadlar

  1. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
  2. Məkarim Şirazi, Nümunə təfsiri, c.27, s.309
  3. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.1, s.166
  4. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
  5. Təbatəbai, Əl-Mizan, c.20, s.358
  6. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
  7. Təbatəbai, Əl-Mizan, c.20, s.360
  8. Təbatəbai, Əl-Mizan, c.20, s.359
  9. Təbatəbai, Əl-Mizan, c.20, s.360
  10. Təbatəbai, Əl-Mizan, c.19, s.334
  11. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş1374, c.5, s.588
  12. Fiqhur-Rza, İmam Rzaya (ə) nisbət verilən, s.344
  13. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.482
  14. Bəhrani, Əl-Burhan, h.q 1416, c.5, s.755; Möhsin Aştiyani və Seyyid Möhsin Musəvi, Dərman ba Quran, s.163
  15. Bəhrani, Əl-Burhan, h.q 1416, c.5, s.755
  16. Bəhrani, Əl-Burhan, h.q 1416, c.5, s.755; Möhsin Aştiyani və Seyyid Möhsin Musəvi, Dərman ba Quran, s.163
  17. کتابخانه ملی جمهوری اسلامی ایران.
  18. کتابخانه ملی جمهوری اسلامی ایران.

Ədəbiyyat

  • Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan fi təfsiril-Quran, Bunyade besət, h.q 1416
  • Xürrəmşahi, Qivamuddin, Sureye Kövsər, Tehran, Dustan - Nahid, h.ş 1377
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, m.1974
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Məşhəd, Mürtəza nəşri, 1-ci çap, h.ş 1390
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, 1-ci çap, h.ş 1371
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Darul-kutubil-İslamiyyə, h.ş 1374

Xarici keçid