Qüreyş surəsi
Maun Qüreyş Fil | |
Cüz | 30 |
---|---|
Ayə | 4 |
Məkkə\Mədinə | Məkkə |
Nazil olma sırası | 29 |
Surənin nömrəsi | 106 |
Söz | 17 |
Hərf | 76 |
Qüreyş surəsi (ərəbcə: سورة قريش) və ya İlaf Quranın 106-cı surəsidir və Məkkədə nazil olan surələrdən biridir. Bu surə Quranın 30-cu cüzündə yerləşir. Sözügedən surəni Qüreyş tayfasının birliyindən bəhs etdiyi üçün Qüreyş və ya "İlaf" adlandırıblar. Surədə Allahın Qüreyş tayfasına verdiyi nemətlər və onların bu nemətlər qarşısında olan vəzifələri izah edilir. Peyğəmbərdən (s) rəvayət olunub ki, hər kəs Qüreyş surəsini oxusa, Allah ona Məscidül-Həramda təvaf edənlərin və orada etikaf saxlayanların sayı qədər on savab yazar.
Tanıtım
- Adlandırılması
Bu surə Qüreyş və ya "İlaf" adlandırılmışdır, çünki Qüreyş birliyindən (li ilafi Qürəyş) bəhs edir.[1]
- Nazilolma yeri və sırası
Qüreyş surəsi Məkkədə nazil olan surələrdəndir və nazilolma sırasına görə Peyğəmbərə (s) nazil olan 29-cu surədir. Hazırki Quran sırasına görə isə Quranın 106-cı surəsidir[2] və 30-cu cüzdə yer alır.
- Ayə və sözlərin sayı
Qüreyş surəsi 4 ayədən, 17 sözdən və 76 hərfdən ibarətdir. Həcminə görə, bu surə qısa surələrdən hesab olunur.[3]
Surənin məzmunu
Qüreyş surəsi əvvəldən sona qədər Qüreyş tayfasından bəhs edir və Allahın onlara bəxş etdiyi nemətləri izah edir. Surə bildirir ki, bu birlik və həmrəylik, Kəbə evinin sahibi olan Allaha ibadət əsasında qurulmalıdır. Allah Qüreyş tayfasının aclığını toxluqla, qorxularını isə əmin-amanlıqla dəyişdirmişdir.[4]
Surədə Qüreyşin iki ticarət səfərindən məqsəd yayda Şama, qışda isə Yəmənə etdikləri ticarət səfərləridir. Həmçinin Allahın evinə (Kəbə) görə insanlar Qüreyş tayfasına hörmət edirdilər və onların karvanlarına, eləcə də Məkkə şəhərinə hücum etmirdilər.[5]
Fil və Qüreyş surələri bir surə sayılır
Təfsir alimləri Fil və Qureyş surələrinin bir surə olduğunu düşünürlər. Bunun səbəbi, bu iki surənin mövzularının bir-birinə çox bağlı olmasıdır. Buna görə də, namazın hər rükətində tam bir surə oxumaq üçün kimsə Qüreyş surəsini seçərsə, hər ikisini birlikdə oxumalıdır.[6] Übəy ibn Kəbin müshəfində də bu iki surə bir surə şəklində yazılmışdı, bu fərqlə ki, bu iki surə arasında "Bismillahir-rəhmanir-rəhim" yazılmamışdı.[7] Əllamə Təbatəbai bu iki surənin bir surə olmasını onların əlaqəsinə əsasən bəzi əhli-sünnə alimlərinə və şiələr arasında məşhur olan fikrə aid etmişdir. Ancaq bu iki surənin bir surə olduğunu sübut edən dəlilləri zəif və əsasız hesab etmişdir. O, rəvayətlərdən istifadə edərək, vacib namazların yalnız bir rükətində "Zuha" və "İnşirah", yaxud "Fil" və "Qüreyş" surələrinin birlikdə oxunmasının icazəli olduğunu bildirmişdir.[8]
Fəzilət və faydaları
Peyğəmbərdən (s) nəql edilmişdir ki, Qüreyş surəsini oxuyan şəxsə, Allah təvaf edən və Məscidül-Həramda etikafta olanların hər birinin sayı qədər on savab yazar.[9]
İmam Sadiqdən (ə) nəql edilmiş bir rəvayətə görə, Qüreyş surəsini çox oxuyan şəxs qiyamət günü Allah tərəfindən cənnət miniklərindən birinə mindirilmiş halda məhşərə gətiriləcək və nur süfrələrinin ətrafında oturacaq.[10]
Bəzi rəvayətlərdə bu surənin xüsusi bir şəkildə oxunmasının müəyyən faydaları qeyd olunmuşdur: Qida zəhərlənməsinin qarşısını almaq və ürək xəstəliklərini müalicə etmək.[11]
Qürəyş surəsinin mətni və tərcüməsi
Qüreyş surəsi
Tərcümə | Ərəbcə mətn |
---|---|
Bağışlayan və mehriban Allahın adı ilə
1. Qüreyşin (həm bir-biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil sahiblərini məhv etdi ki, onlar sonuncu Peyğəmbərin zühurunu dərk etsinlər və ona iman gətirsinlər). 2. Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün. 3. Bu evin (əzəmətli Kəbənin) Rəbbinə ibadət etsinlər. 4. O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı. |
|
İstinadlar
- ↑ Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
- ↑ Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.1, s.166
- ↑ Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
- ↑ Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1266-1268
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.366
- ↑ Əli Babayi, Bərqozide təfsire nümune, h.ş 1382, c.5, s.599
- ↑ Mərifət, Ət-təmhid, h.q 1415, c.1, s.323
- ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.365
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.827
- ↑ Şeyx Səduq, Səvabul-əmal, h.ş 1382, s.126
- ↑ Bəhrani, Əl-Burhan fi təfsiril-Quran, h.q 1415, c.5, s.759
Ədəbiyyat
- Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli
- Bəhrani, Seyyid Haşim, Əl-Burhan fi təfsiril-Quran, Bunyade besət, h.q 1416
- Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, c.2, Nahid- Dustan, Tehran
- Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Tehran, h.ş 1382
- Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Came müdərrisin nəşriyyatı
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov nəşriyyatı, h.ş 1390
- Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, 1-ci çap, h.ş 1371
- Əli Babayi, Əhməd, Bərqozide təfsire nümune, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1382
Xarici keçid
- تلاوت سوره قریش, Qüreyş surəsinin tilavəti