Məzmuna keç

Zəlzələ surəsi

wikishia saytından

Zəlzələ surəsi

Zəlzələ ya Zilzal surəsi Qurani-Kərimin 99-cu surəsidir, qısa surələrdən olub, 30-cu cüzdə yerləşir. Əksər təfsirçilər bu surənin Mədinədə nazil olduğunu bildirirlər. Surənin adı onun birinci ayəsindən götürülüb.

Zəlzələ surəsi qiyamət gününün əlamətlərindən və həmin gün hər bir yaxşı və pis əməl sahibinin əməllərinin nəticəsini görəcəyindən bəhs edir. Rəvayətlərə görə, Zəlzələ surəsi Quranın dörddə biri qədər dəyərə malikdir və onu oxuyan şəxs sanki "Bəqərə" surəsini oxumuş kimidir.


Surənin tabıtımı

-        Adlandırılması

Bu surəyə "Zəlzələ" deyilir, çünki qiyamətin başlanğıcında yerin son zəlzələsindən və kosmik nizamın pozulmasından bəhs edir. Digər adı "Zilzal"dır, çünki birinci ayədə bu ifadə keçir.(1)

-        Nazil olma yeri və sırası

Zəlzələ surəsinin Məkkədə və ya Mədinədə nazil olması barədə fikir ayrılığı var; lakin Məhəmməd Hadi Mərifət onun Mədinədə nazil olmasının daha məşhur və doğru ehtimal olduğunu bildirir.(2) Əllamə Təbatəbai isə surənin həm Məkkədə, həm də Mədinədə nazil olmasını mümkün hesab edir. Bu surə nazilolma sırasına görə Peyğəmbərə (s) enən 93-cü surədir. Quranın mövcud tərtibində isə 99-cu surədir(4) və 30-cu cüzdə yerləşir.

-        Ayə və kəlmə sayı

Zəlzələ surəsi 8 ayə, 36 kəlmə və 158 hərfdən ibarətdir. Bu surə "Müfəssəlat" (qısa ayələrə malik olan) surələrdən biridir və qısa surələrdən sayılır.(5)


Surənin məzmunu

Zəlzələ surəsinin məzmunu üç əsas mövzunu əhatə edir:

1. Qiyamət gününün əlamətləri (əşratüs-saə).

2. Qiyamət günündə yerin insanların əməllərinə şahidlik etməsi.

3. İnsanların yaxşı və pis əməl sahiblərinə bölünməsi və hər kəsin öz əməlinin cəzasını alması.(6) Allah bu surədə qiyamət günündə mühakimənin dəqiq, çətin və ədalətli olacağını vurğulayır.(7) Mütəfəkkir və Quran təfsirçisi Mürtəza Mütəhhəri "Yəvməizin yəsturu-nnəsu əştətən liyurav əmaləhum" ayəsindən istifadə edərək, qiyamət gününün dünyada edilən əməllərin nümayiş olunduğu bir gün olduğunu qeyd edir.(8)


İkinci ayədə gəlib ki, qiyamət günü yer öz yüklərini (əsqal) çölə atacaqdır. Əllamə Təbatəbai yazır ki, daha doğru rəyə görə, "əsqal"dan məqsəd ölülərdir.[10] Bildirilmişdir ki, bu surənin son üç ayəsindən əməllərin qiyamətdə təcəssüm etməsi mənası çıxarılır. Yəni insanın əməlləri ona uyğun şəkillərdə qarşısına çıxacaq və onlarla birlikdə olmaq insana ya sevinc və ya əzab və bəla verəcəkdir.[11]


Məşhur ayələr

"Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir". "Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir" (Zəlzələ surəsi, 7-8-ci ayələr).

Bu iki ayədə qeyd edilir ki, hər kəs zərrə qədər xeyir və ya şər iş görsə, onu görəcək. "Misqal" "səqil" sözündən olub, ağırlıq ölçüsü deməkdir. Həmçinin "zərrə" sözü ya ən kiçik qarışqa mənasındadır, ya da havaya səpələnmiş yüngül zərrəciklər deməkdir. Əlbəttə, bugünkü gündə "zərrə" atom mənasında da işlədilir. Təfsirlərdə "yərəhu" (onu görəcək) ifadəsi ya əməlin nəticəsini, ya əməl dəftərini, ya da əməlin özünü görmək mənasında şərh edilir.[12] Üçüncü rəyə görə, yəni insan qiyamət günü əməlin özünü görəcək. Bu iki ayə və həmçinin 6-cı ayədəki "li yurəv əmaləhum" (əməlləri onlara göstərilsin) ifadəsi əməllərin təcəssüm etməsinə dəlalət edir.[13]

Bu ayə fars poeziyasında da öz əksini tapmışdır:

توبه کن مردانه سر آور به ره

که فمن یعمل بمثقال یره

"Tövbə et, kişi kimi doğru yola gəl, çünki "hər kim bir zərrə ağırlığında iş görsə onu görəcək".[14]


Bir şübhəyə cavab

Belə bir sual ortaya çıxa bilər ki, bəzi Quran ayələri yaxşı əməllərin müəyyən amillərə görə puç və təsirsiz olduğunu göstərir. Bir sıra ayələr də şəxslərin yaxşı və pis əməllərinin başqalarına keçməsinə dəlalət edir. Məsələn, qatilin yaxşı əməlləri qətlə yetirilənə keçir və ya əksinə qətlə yetirilənin günahları qatilə keçir. Həmçinin bəzi ayələr tövbə edənlərin günahlarının savaba çevrilməsi kimi məsələlərə dəlalət edir. Bəs bu halda həmin şəxslər əməllərini necə görə bilirlər? Cavab odur ki, bu ayələr "Zilzal" surəsinin bu iki ayəsinə hakimdir və onların arasında ziddiyyət yoxdur. Məsələn, yaxşı işlərin puç olmasına dəlalət edən ayələrdə yaxşı əməlləri puç olmuş bir şəxs artıq görəcəyi bir əmələ sahib deyil. Eləcə də, qətlə yetirdiyi şəxsin yaşamasına və yaxşı işlər görməsinə mane olan qatilin yaxşı əməlləri qətlə yetirdiyi şəxsə keçdiyi üçün onun özündə görə biləcəyi yaxşı əməl qalmır. Habelə tövbə edən şəxs günahlarının savaba çevrildiyinə görə artıq günah qalmır ki, onu görə bilsin.[15]


Surənin nazilolma səbəbi

Məqatil ibn Süleymandan nəql olunur ki, Zəlzələ surəsinin 7-ci və 8-ci (kim zərrə qədər yaxşılıq etsə, onu görəcəkdir. Kim zərrə qədər pislik etsə, onu görəcəkdir) ayələri iki şəxs barəsində nazil olmuşdur. Onlardan biri belə deyirdi: "Və yutimunət-təamə alə hubbihi" (və özləri yeməyi sevdikləri halda yoxsula, yetimə və əsirə yedirdərlər"(16) ayəsi məni malı infaq etməkdən saxlayır, çünki mənim az var-dövlətim var və bu da mənim sevdiyim şey deyil. Digəri isə belə deyirdi: "Kiçik günahlar bizə zərər verməz".(17)


Surənin fəziləti:

"Məcməül-bəyan" təfsirində Peyğəmbərdən (s) nəql olunmuşdur ki, hər kəs bu surəni oxusa, sanki "Bəqərə surəsini oxumuş kimidir. Ona veriləcək savab Quranın dörddə birini oxuyan şəxsin savabı kimidir. Həmçinin Peyğəmbərdən (s) belə nəql edilmişdir ki, Zəlzələ surəsi Quranın dörddə birinə bərabərdir.(18)

İmam Sadiqdən (ə) də rəvayət olunmuşdur: "İzə zülzilət" surəsini oxumaqdan yorulmayın və usanmayan. Hər kəs bu surəni nafilə (müstəhəb) namazında oxusa, Allah onu heç vaxt zəlzələyə düçar etməz. Zəlzələ, ildırım və ya dünyanın bəla və fəlakətlərindən biri ilə ölməz. O, öldükdə Allah onu cənnətə daxil edər və buyurar: "Ey bəndəm! Mən cənnətimi sənə halal etdim. Harada istəsən, orada məskən sal, sənin üçün heç bir maneə və qadağa yoxdur".(19)

Cəfər Təyyar namazının qılınma tərtibində birinci rükətdə "Həmd" surəsindən sonra "Zəlzələ" surəsinin oxunması qeyd olunmuşdur.(20) Cümə gecəsi iki rükət namaz qılmaq müstəhəbdir. Onun hər rükətində "Həmd"dən sonra 15 dəfə "Zəlzələ" surəsini oxumaq tövsiyə edilmişdir. Rəvayətdə deyilir ki, bu namazı yerinə yetirən şəxsi Allah qəbir əzabından və qiyamət qorxularından amanda saxlayar.(21)

Seyid ibn Tavus "Cəmalul-Üsbu" kitabında İmam Həsən Əskərinin (ə) namazının qaydasını belə vəsf edir: "Dörd rükətdir. İlk iki rükətdə "Həmd"dən sonra 15 dəfə "İzə zülzilət" surəsi, sonrakı iki rükətdə isə "Həmd"dən sonra 15 dəfə "Tövhid" surəsi oxunur. Bu namazı cümə günü qılmaq daha fəzilətlidir".(22)


Zəlzələ surəsinin mətni və tərcüməsi