Fil surəsi
Qüreyş Fil Hüməzə | |
Cüz | 30 |
---|---|
Ayə | 5 |
Məkkə\Mədinə | Məkkə |
Nazil olma sırası | 19 |
Surənin nömrəsi | 105 |
Söz | 23 |
Hərf | 97 |
Fil surəsi (ərəbcə: سورة الفيل), Quranın 105-ci və Məkkədə nazil olmuş bir surəsi olub, 30-cu cüzdə yer alır. Bu surə, "Fil əshabı" hekayəsindən bəhs etdiyi üçün "Fil" surəsi adlanır. Onlar Kəbəni dağıtmaq məqsədilə öz vətənlərindən çıxan və Allahın göndərdiyi Əbabil quşlarının başlarına daş yağdıraraq məhv etdiyi "Fil əshab"ıdırlar. Bəzi mərcəyi-təqlidlərin fikrinə görə, əgər kimsə "Fil" surəsini gündəlik vacib namazlarda "Həmd" surəsindən sonra oxuyarsa, ehtiyata görə onunla birlikdə Qüreyş surəsini də oxumalıdır, çünki bu iki surə bir surə hökmündədir.
Fil surəsinin fəziləti haqqında İmam Sadiqdən (ə) rəvayət olunub ki, onun vacib namazlarda oxunması Qiyamət günündə bütün məxluqatın namaz qılanlardan olduğuna şəhadət verməsinə səbəb olacaq. Allah onların şəhadətini qəbul edərək həmin şəxsin cənnətə daxil olmasını əmr edəcək.
Tanıtım
- Adlandırılması
Bu surəyə "Fil" surəsi deyilir, çünki bu surə Əshabi-Fil (Fil Əhli) hekayəsini təsvir edir. Bəzən isə bu surəyə "Ələm tərə" surəsi də deyilir, çünki bu ifadə ilə başlayır.[1]
- Nazilolma sırası və yeri
Fil surəsi Məkkə surələrindən biridir və nazilolma sırasına görə Peyğəmbərə (s) nazil olan 19-cu surədir. Hazırkı Quran düzülüşündə isə bu surə 105-ci surədir[2] və Quranın 30-cu cüzündə yerləşir.
- Ayə sayı və digər xüsusiyyətləri
Fil surəsi 5 ayədən, 23 sözdən və 97 hərfdən ibarətdir. Bu surə, qısa surələrdən və "müfəssəlat" (ayələri qısa olan) surələrdən biridir. Fil surəsi Peyğəmbərə (s) tam şəkildə bir yerdə nazil olan surələrdəndir.[3]
Surənin məzmunu
Allah bu surədə Əshabi-Fil hekayəsinə işarə edir. Əbabil quşlarının vasitəsilə Kəbəni dağıtmaq üçün Yəməndən Məkkəyə doğru hərəkət edən Əbrəhənin ordusunu məhv etdi. Fil surəsi, Quranda "Fil əshabı" hekayəsindən bəhs edir. Əbabil quşları daş parçalarını onların üzərinə ataraq onları məhv etdi, elə ki, onlar çeynənmiş yarpağa bənzədilər. Bu hadisə Peyğəmbərin (s) doğulduğu il baş vermişdir ki, sonralar bu il həmin hadisəyə görə "Fil ili" adlandırılmışdır.[4]
Nazilolma səbəbi
İmam Səccad (ə) tərəfindən "Fil" surəsinin nazilolma səbəbi ilə bağlı nəql edilmişdir: Əbu Talib Peyğəmbərə (s) dedi: "Sən yalnız öz xalqına göndərilmişsən, yoxsa bütün insanlara?" Peyğəmbər (s) belə cavab verdi: "Xeyr, mən ağ və qaradan, ərəb və əcnəbilərdən olan bütün insanlara göndərilmişəm. Mən dağların başında və dənizlərdə olan hər kəsi bu dinə dəvət edirəm, mən bütün Fars və Rumluları dəvət edirəm". Peyğəmbərin (s) bu sözü Qüreyş əhlinə çatdı və onlarda təəccüb və heyrət doğurdu. Qüreyşlilər, Əbu Talibə dedilər: "Əgər qardaşın oğlunun dediklərini eşitmirsənmi, o nə deyir? Allaha and olsun ki, əgər Fars və Rum əhli bu sözləri eşidsələr, bizi vətənimizdən oğurlayıb və Kəbənin daşlarını parçalayıb ayıracaqlar. Bu vaxt Allah, onların Fars və Rum əhlinin Kəbəni dağıdacaqlarına dair sözləri barədə "Fil" surəsini nazil etdi.[5]
Namazda "Fil" surəsini qiraət etmək
Bəzi mərcəyi-təqlidlərin nəzərinə görə, bir kəs gündəlik vacib namazlarda "Həmd"dən sonra "Fil" surəsini oxuyarsa, ehtiyata əsasən, bu sürəni "Qüreyş" surəsi ilə birlikdə oxumalıdır. Çünki bu iki surə bir surə hesab olunur.[6] Lakin bu iki surənin namazda oxunduqda, hər surənin başında ayrıca "Bismillahir-Rəhmanir-Rəhim" demək lazımdır.[7] Übəy ibn Kəbin müshəfində də bu iki surə birləşdirilərək bir surə formasında yazılmış idi. Bu fərqlə ki, bu surələr arasında "Bismillahir-Rəhmanir-Rəhim" yox idi.[8]
Fəzilət və faydaları
"Fil" surəsinin tilavəti ilə bağlı fəzilətlərdən biri, İmam Sadiq (ə) tərəfindən nəql olunmuşdur ki, onu vacib namazlarda oxuyan kəsin qiyamət günü hər bir çöl, dağ və torpaq parçası (bütün aləmdəki varlıqlar) onun namaz qıldığına şəhadət verəcəkdir. Qiyamət günü bir nida edən olacaq və deyəcək: "Mənim bəndəm haqqında həqiqətən, doğru şəhadət verdiniz. Sizin onun barəsində verdiyiniz şəhadətinizi qəbul edirəm. Onu hesaba çəkilmədən Cənnətə daxil edin; o, Mənim onu və işlərini sevdiyim şəxslərdəndir.[9] Bəzi rəvayətlərdə, "Fil" surəsinin oxunması üçün bir sıra faydalar da qeyd olunmuşdur, bunlardan biri düşmənin şərindən qorunmaq[10] və məsx və böhtanla qarşılaşmamaqdır.[11]
Fil surəsinin mətni və tərcüməsi
Fil surəsi
Tərcümə | Ərəbcə mətn |
---|---|
Bağışlayan və mehriban Allahın adı ilə
1. (Ya Peyğəmbər!) Məgər (qəlb gözü ilə) görmədin və bilmədinmi ki, Rəbbinin fil sahibləri (Allahın evi Kəbəni dağıtmaq üçün gəlmiş Əbrəhənin qoşunu ilə) necə rəftar etdi?! 2. Məgər (Rəbbin) onların məkr və hiyləsini puç etmədimi?! 3. Və onların üzərinə qatar-qatar quşlar göndərdi. 4. (O quşlar) onlara bişmiş gildən (xırda) daşlar atırdı. 5. Beləliklə, onların hamısını əzilmiş və çeynənmiş saman çöpü kimi etdi! |
İstinadlar
- ↑ Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
- ↑ Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.166
- ↑ Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
- ↑ Təbatəbai, Əl-Mizan, m.1974, c.20, s.361
- ↑ Fəttal Nişaburi, Rövzətul-vaizin, h.ş 1375, c.1, s.54-55
- ↑ Bəni-Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.693 - Ayətullah Xoyinin, Sistaninin, Safinin və Vəhid Xorasaninin nəzərinə görə
- ↑ Təbatəbai Yəzdi, Ürvətul-vüsqa, h.q 1419, c.2, s.502
- ↑ Mərifət, Ət-Təmhid, h.q 1415, c.1, s.323
- ↑ Şeyx Səduq, Səvabul-əmal, h.ş 1382, s.126
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1414, c.6, s.55
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.820
Ədəbiyyat
- Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli
- Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, c.2, Nahid- Dustan, Tehran, h.ş 1377
- Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Tehran, h.ş 1382
- Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, m.1974, 2-ci çap
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov nəşriyyatı, 3-cü çap, h.ş 1390
- Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, 1-ci çap, h.ş 1371
- Bəni-Haşim Xomeyni, Seyyid Məhəmməd Hüseyn, Tozihul-məsail, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.ş 1392
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt, h.q 1414
- Fəttal Nişaburi, Məhəmməd ibn Əhməd, Rövzətul-vaizin, Qum, Rəzi nəşriyyatı, 1-ci çap, h.ş 1375
- Mərifət, Məhəmməd Hadi, Ət-Təmhid fi ulumil-Quran, Qum, İslami nəşr müəssisəsi, h.q 1415
Xarici keçid
- قرائت سوره فیل, Fil surəsinin qiraəti