Nas surəsi

wikishia saytından
Nas surəsi
Cüz30
Ayə6
Məkkə\MədinəMəkkə
Nazil olma sırası21
Surənin nömrəsi114
Söz20
Hərf78


Nas surəsi (ərəbcə: سورة الناس), yüz on dördüncü (son) surəQuranın otuzuncu cüzündə yer alan Məkkə surələrindən biridir. "Nas" surəsi "Çaharqul" surələrindən biridir. Bu surədə Allah Peyğəmbərə (s) gizli vəsvəsə edənlərdən Allaha sığınmağı əmr edir. Bəzi əhli-sünnə təfsirlərində bu surənin bir yəhudi kişinin Peyğəmbərə (s) sehr etdiyi və Peyğəmbərin (s) bu səbəbdən xəstələndiyi zaman nazil olduğu bildirilir. Cəbrailin gəlişindən, "Fələq" və "Nas" surələri nazil olduqdan sonra onun ayələri Peyğəmbərə (s) oxundu və o, xəstə yatağından qalxdı. Bəzi şiə alimləri bu sözə etiraz edərək sehrin Peyğəmbərə (s) təsir etmədiyini bildiriblər.

"Nas" və "Fələq" surələri "Müəvvəzəteyn" adlanır; çünki onlar "təviz" (bəlalardan qorunmaq) üçün oxunur. "Nas" surəsini oxumağın fəziləti haqqında o cümlədən, nəql edilmişdir ki, kim "Nas" və "Fələq" surələrini oxuyarsa, sanki ilahi peyğəmbərlərin bütün kitablarını oxumuş olar. Həmçinin rəvayət edilmişdir ki, Peyğəmbər (s) "Nas" və "Fələq" surələrini Allah yanında ən sevimli surə hesab etmişdir.

Tanıtımı

  • Adlandırma

Bu surə "Nas" surəsi adlanır. "Nas", "camaat" mənasındadır və birinci ayədən götürülüb. "Nas" surəsi "Müəvvəzə" də adlanır. Bu ad ona görədir ki, insan bu surəni oxumaqla özünü şeytanın vəsvəsələrindən qoruyur və Allahın pənahında qərar verir. Həmçinin insan təhlükə hiss etdikdə sığınacaq və nicat tapmaq üçün bu surəni oxuduğuna görə o "Müşəqşəqə" adlanır. "Nas" və "Fələq" surələrinin ikisi "Müşəqşəqəteyn" və “Müəvvəzəteyn" adlanır.[1]

  • Surənin nazil olma yeri və sırası

"Nas" surəsi Məkkə surələrindəndir və Peyğəmbərə (s) nazil olan 21-ci surədir. Bu surə, müshəfin hazırkı düzülüşündə 114-cü surədir[2]Quranın 30-cu cüzündə yerləşib. Əlbəttə, "Əl-Mizan" təfsirinin müəllifi Əllamə Təbatəbai "Nas" və "Fələq" surələrinin Mədinədə birlikdə nazil olduğuna inanır.[3]

  • Ayələrin sayı və digər xüsusiyyətləri

"Nas" surəsi 6 ayə, 20 söz və 78 hərfdən ibarətdir. Həcmi baxımından bu surə "Müfəssəlat" (qısa ayələri olan) surələrdən "Çaharqul" surələrindən biridir.[4]

Məzmunu

Allah "Nas" surəsində Öz Peyğəmbərinə (s) vəsvasi xənnasın (gizlincə vəsvəsə edənin) şərindən Allaha sığınmağı əmr edir.[5] Bu surənin məzmunu "Fələq" surəsinə bənzəyir. Hər ikisi şər insanlardan və bəlalardan Allaha sığınmaqdan bəhs edir, bu fərqlə ki, "Fələq" surəsində şər olanların müxtəlif növləri qeyd olunur. Amma bu surədə ancaq gizlində olan vəsvəsə edənlərin (vəsvasi xənnasın) şərinə işarə edir.[6]

Nazil olma səbəbi

Bu surənin nazil olma səbəbi haqqında sünni mənbələrində şiə alimlərinin qəbul etmədiyi bir hədis nəql edilmişdir.[7] Sünnilərin təfsir kitablarından olan "Əl-dürrul-Mənsur" kitabında bir yəhudi kişinin Peyğəmbərə (s) sehr etdiyi və o Həzrətin xəstələndiyi qeyd olunur. Cəbrayıl, Peyğəmbərin (s) yanına gəlib "Müəvvəzəteyn"i (Fələq və Nas surələrini) gətirdi və dedi ki, bir yəhudi kişi sənə sehr edib və onun sehri filan quyudadır. Peyğəmbər (s) İmam Əlini (ə) göndərdi ki, sehri gətirsin. Sonra onun düyünlərini açmağı və hər düyün üçün "Müəvvəzəteyn"dən bir ayə oxumağı əmr etdi. Düyünlər açıldıqdan və bu iki surə bitdikdən sonra İslam Peyğəmbəri (s) sağlamlığına qovuşdu.[8]

Əllamə Təbatəbai "Əl-Mizan" kitabında yazır ki, Peyğəmbərin (s) sehrin qarşısında fiziki olaraq müqavimət göstərməsi və sehrin o Həzrətin bədənində xəstəliyə səbəb ola bilməməsi üçün heç bir dəlil yoxdur. Həqiqətdə, Quran ayələri Peyğəmbərin (s) qəlb və ruhunun, ağıl və düşüncələrinin şeytanların sehrindən və təsirindən amanda olduğuna dəlalət edir.[9]

Varlıq sistemində iyerarxiyanın mövcudluğu

Quran təfsirçilərindən olan Abdulla Cavadi Amuli "Nas" surəsində Rəbb sözünün təkrar edilməsini varlıq sistemində iyerarxiyanın (bütöv bir sistemin hissələrinin aşağıdan yuxarıya tabeçilik əlaqəsi əsasında düzümü) mövcudluğu ilə əlaqələndirir. Onun fikrincə, insan bir problem tapdıqda əvvəlcə başçısından, bələdçisindən və ya müdirindən (Rəbbin-nas) kömək istəyir, əgər problemi bu yolla həll olunmazsa, ölkə hökmdarına sığınır (Məlikin-nas) və nəhayət, əgər yer üzündəki məsul şəxslərin əlindən bir iş gəlməsə, "aləmlərin Rəbbinə" (İlahin-Nas) sığınır.[10]

"Nas" kəlməsinin üç dəfə təkrar olunması

Bu surənin ayələrində "Nas" sözünün təkrar edilməsinin üç növ insanların olmasına dəlalət etdiyini hesab ediblər. Ayətullah Cavadi Amulinin dediyinə görə, ilk ayələrdə (Rəbbin-nas, Məlikin-Nas, İlahin-nas) "nas" sözü bütün insanlara işarə edir. Beşinci ayədə isə "əlləzi yuvəsvisu fi sudurin-nas" cin və insanlardan olan düşmənlər tərəfindən hücuma məruz qalan insanlara aiddir. Son ayədə (minnəl-cinnəti vən-nas) "nas" kəlməsindən məqsəd insanları vəsvəsə edən bir vəsvəsəçidir.[11]

Fəzilət və faydaları

Peyğəmbərdən (s) rəvayət edilmişdir ki, hər kəs "Nas" və "Fələq" adlı iki surəni oxusa, bütün ilahi peyğəmbərlərin kitablarını oxumuş kimi olar.[12] İmam Baqirdən (ə) də həmçinin rəvayət olunub: "Hər kim "Vitr" namazında "Müəvvəzəteyn" (Nas və Fələq surələri) və "İxlas" surələrini oxuyarsa, ona deyilər; ey Allahın qulu, müjdə olsun sənə ki, Allah sənin namazını qəbul etdi.[13] Rəvayət edilmişdir ki, Peyğəmbər (s) "Fələq" və "Nas" surələrini Allah yanında ən sevimli surə kimi təqdim etmişdir.[14]

"Nas" surəsinin faydaları haqqında rəvayət edilmişdir ki, Peyğəmbər (s) "Nas" və "Fələq" surələrini oxuyaraq İmam Həsən (ə) və İmam Hüseyni (ə) "təviz" edərdi (qoruyardı).[15] Peyğəmbərdən (s) başqa bir hədisdə deyilir ki, kim hər gecə 10 dəfə "Tövhid", "Nas" və "Fələq" surələrini oxuyarsa, bütün Quranı oxumuş kimi olar. Həmçinin doğulduğu gün kimi günahlarından qurtular. Habelə əgər həmin gün və ya gecədə vəfat etsə, şəhadət ölümü ilə vəfat etmişdir.[16]

Mətn və tərcüməsi

Nas surəsi

Ərəbcə mətn Tərcümə
Bağışlayan və mehriban Allahın adı ilə

1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə). 2. İnsanların hökmdarına və (mütləq) hakiminə. 3. İnsanların (həqiqi) məbuduna. 4. Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən. 5. O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır, 6. İstər cinlərdən olsun, istərsə də insanlardan».

قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ ١ مَلِكِ النَّاسِ ٢ إِلَهِ النَّاسِ ٣ مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ ٤ الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ ٥ مِنَ الْجِنَّةِ وَالنَّاسِ ٦

İstinadlar

  1. Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1271-1272
  2. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.166
  3. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.395
  4. Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1271-1272
  5. Təbatəbai, Əl-Mizan, m.1974, c.20, s.395
  6. Məkarim Şirazi, Bərqozide Təfsire Numunə, h.ş 1382, c.5, s.538 və 632
  7. Təbatəbai, Əl-Mizan, m.1974, c.20, s.394
  8. Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.6, s.417
  9. Təbatəbai, Əl-Mizan, m.1974, c.20, s.394
  10. Cavadi Amuli, تفسیر سوره ناسİsra müəssisəsi
  11. Cavadi Amuli, تفسیر سوره ناس, İsra müəssisəsi
  12. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.10, s.491
  13. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.10, s.491
  14. Məclisi, Biharul-ənvar, h.q 1403, c.92, s.368
  15. Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1271-1272
  16. Amili Kəfəmi, Əl-Bələdul-Əmin, s.33

Ədəbiyyat

  • Qurani-Kərim
  • Daneşnameye Quran və Quranpejuhi, c.2, Tehran, h.ş 1377
  • Siyuti, Əd-Durrul-mənsur, Qum, h.q 1404
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, m.1974
  • Təbərsi, Məcməul-bəyan, Tehran, Məktəbətul-elmiyyə, 1-ci çap, h.q 1415
  • Amili Kəfəmi, İbrahim ibn Əli, Əl-Bələdul-Əmin
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Qum, İslami nəşriyyat, h.q 1403
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, 1-ci çap, h.ş 1371
  • Məkarim Şirazi, Nasir, Bərqozide Təfsire Numunə, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1382

Xarici keçid