Kərbəla

wikishia saytından
(Kərbəla şəhəri səhifəsindən yönləndirilmişdir)
Kərbəla
Kərbəla (İraq)
Kərbəla (İraq)
Coğrafi genişliyi32.61389
Coğrafi uzunluğu44.02500
Ölkəİraq
Sahəsi52.856 km2
Əhalisi1 milyon nəfər
DiliƏrəbcə
Diniİslam - şiə
Qədim adıNeynəva - Ğaziriyyə - Təff
Təsis iliHicrətin 2-ci əsri
Qədimliyiİslamdan əvvəl Babil dövrü
Mühüm hadisələrKərbəla hadisəsi - İmam Hüseynin (ə) hərəminin dağıdılması - Şabaniyyə hərəkatı - Vahhabilərin Kərbəlaya hücumu - Nəcib Paşa hadisəsi
Tarixi məkanlarQələtul-uxeyzir - Nuxeylə
Ziyarətgahİmam Hüseynin (ə) hərəmi - Həzrət Abbasın (ə) hərəmi - Xeyməgah - Təlli-Zeynəbiyyə - Hürr ibn Yezid Riyahinin məzarı - Kəfful-Abbas - Qətligah - İmam Zamanın (ə.f) məqamı - İmam Sadiqin (ə) məqamı
MəscidləriRəsul-Hüseyn məscidi - Sərdar Həsən Xan məscidi - Nasiri məscidi - Ağa Baqir Behbəhani məscidi - Sahib Hədaiq məscidi


Kərbəla şəhəri (ərəbcə: كربلاء) İraqda yerləşir və şiələrin müqəddəs məkanlarından sayılır. Hicri-qəməri təqvimi ilə 61-ci ildə İmam Hüseyn (ə) və onun köməkçilərinin Kərbəla hadisəsində şəhid edilməsi, həmçinin İmam Hüseyn (ə)həzrət Abbasın (ə) ziyarətgahlarının burada yerləşməsi, sözükeçən şəhəri şiələr üçün çox əhəmiyyətli etmişdir. Kərbəlanın tarixi İslamdan əvvələ, Babil dövrünə qayıdır. İslam fəthlərindən sonra bəzi qəbilələr Kərbəla ətrafında və Fərat çayının yaxınlığında yaşayırdılar. Məhərrəm ayının onunda baş verən Aşura hadisəsində İmam Hüseyn (ə) və köməkçiləri şəhid və cənazələri Kərbəlada dəfn ediləndən sonra şiələr İmam Hüseynin (ə) məzarını ziyarət etmək üçün Kərbəlaya gedirdilər. Şiələrin İmam Hüseynin (ə) və digər Kərbəla şəhidlərinin məzarlarını ziyarət etməyə böyük əhəmiyyət vermələri Kərbəlanın şiələrin yaşayış məskəninə çevirilməsinə səbəb oldu. Hicri-qəməri tarixinin ikinci və üçüncü yüzilliklərində Kərbəlada abadlıq işləri görülməyə, yaşayış binaları salınmağa başladı. Büveyhilər sülaləsi dövründə Kərbəlanın abadlaşması uğrunda çox böyük addımlar atıldı. Bununla belə, Kərbəlanın genişlənməsi naminə ən böyük işlər Səfəvilər və Qacarlar dövründə görülmüşdür.

Hicri-qəməri təqvimi ilə üçüncü yüzillikdə Kərbəlanın genişləşməsi ilə yanaşı orada dini mədrəsələrin təməli də qoyuldu. Kərbəladakı dini hövzələrin elmi inkişafı tarix boyu müxtəlif eniş-yoxuşlarla rastlaşmışdır. Bu mədrəsələr elmi uğurlar əldə edən zamanlarda bir çox xanədanlar - Ali-Tamə, Ali-Nəqib, Behbəhani, Şəhristani, Şirazi və s.- dini elmləri mənimsəmək məqsədi ilə orada kök saldılar.

Kərbəla şəhəri son iki yüzillikdə müxtəlif hadisələrə şahid olmuşdur. Vəhhabilərin, həmçinin Osmanlı valisi Nəcib Paşanın bu şəhərə hücumu, miladi təqvimi ilə 1920-ci il inqilabı, Şabaniyyə intifazəsi və s. buna nümunə ola bilər.

Kərbəla şəhərində iyirminci əsrdə Osmanlı imperiyasının süqutundan və Britaniyanın işğalından sonra siyasi, ictimai və mədəni partiya və təşkilatlar yarandı və bu proses İraq müstəqillik əldə etdikdən sonra daha da vüsət aldı. "Cəmiyyətu əl-İttihad və əl-Tərəqqi", "Əl-Cəmiyyətu əl-Vətəniyyətu əl-İslamiyyə", "Hizbu əd-Dəvətu əl-İslamiyyə" şöbəsi və "Əl-Məclisu əl-Əla əl-İslami əl-İraqi" qolu Kərbəlada şiələrin ən əsas partiyaları sayılır.

Şiələr müxtəlif münasibətlərlə əlaqədar bu şəhərə ziyarətə gəlirlər. Bura ən çox ziyarət axını Məhərrəm və Səfər ayının matəm günlərində, xüsusi ilə Ərbəin yürüşündə olur. 2015 və 2016-cı illərdə Ərbəin yürüşündə iştirak edənlərin sayı təxminən 20 milyon nəfər olduğu bildirilir.

Kərbəla müxtəlif tarixlərdə fərqli adlar- Ğaziriyə, Neynəva, Təff, Əqər, Hair, Nəvavis və s.- daşımışdır.

Tanışlıq

İraqda yerləşən Kərbəla şiələrin müqəddəs və ziyarət şəhəri sayılır.[1] Bu şəhər eyni adlı vilayətin mərkəzində, İraqın cənubunda, ölkə paytaxtı Bağdadın 100 km-də yerləşir.[2]

İmam Hüseyn (ə) və onun köməkçilərinin Kərbəla hadisəsində şəhid edilməsi, İmam Hüseyn (ə), Həzrət Abbas (ə) və digər şəxslərə aid ziyarətgahların mövcudluğu bu şəhəri, xüsusi ilə Məhərrəm ayının matəm günlərində, İmamın (ə) qırx mərasimində şiələr tərəfdən ən çox ziyarət edilən şəhərlərdən birinə çevirmişdir.[3]

Kərbəla 1914-cü ildə Osmanlı imperatorluğu və 2003-cü ildə Səddam rejiminin süqutundan sonra İraqda xüsusi siyasi mövqe kəsb etdi. Şiələrin Kərbəlada müctəhidi Ayətullah Məhəmməd Təqi Şirazinin Britaniya əleyhinə cihad fətvası və 1920-ci ildə ölkədə Britaniyanın qalmasına etiraz edən xalq hərəkatına rəhbərlik etməsi Kərbəlanın İraqın müasir tarixində siyasi rolunun göstəricisidir.[4] Səddam rejiminin süqutundan sonra da İraq müctəhidlərinin ölkədə və İslam dünyasında baş verən ictimai-siyasi hadisələrə qarşı münasibətləri bu şəhərin cümə namazı tribunalarında səsləndirilir. Şiə müctəhidi Ayətullah Sistaninin İŞİD əleyhinə cihad fətvasının Kərbəlada cümə namazı tribunasından səsləndirilməsi buna bariz nümunədir.[5]

2015-ci il siyahıyaalınmasına əsasən, Kərbəla şəhərinin əhalisinin sayı yüddi yüz min nəfərə yaxın olduğu bildirilir.[6]

Kərbəla müxtəlif tarixlərdə fərqli adlar- Ğaziriyə, Neynəva, Təff, Əqər, Hair, Nəvavis və s.- daşımışdır.[7]

Tarixi

Bəzi mənbələrə görə, Kərbəlanın tarixi İslamdan əvvələ, Babil dövrünə qayıdır.[8] Bəzi məlumatlara əsasən, Kərbəla İslam fəthlərindən qabaq xristianların qəbiristanlığı və bir qrup tarixçilər isə oranı zərdüştilərin atəşgahı olduğunu qeyd edirlər.[9] Qədim dövrlərdən Kərbəlada, xüsusi ilə Fərat çayı ətrafında çoxlu kəndlər olmuşdur.[10] Bundan əlavə, dini rəvayətlərdə peyğəmbərlərin, ən azı Ulul-əzm peyğəmbərlərin, məsələn, Nuhun (ə), İbrahimin (ə) Kərbəlada olmasına dair məlumat verilir.[11]

İraq və Mesopotamiya müsəlmanlar tərəfindən fəth edildikdən sonra, tarixçilər Aşura hadisəsindən əvvəlki dövr haqqında nadir məlumatlar qeyd ediblər. Bir məlumatda deyilir ki, Xalid ibn Vəlid hicri-qəməri təqvimi ilə 12-ci ildə Hirə müharibəsi vaxtı Hirə şəhərini (İndiki Nəcəf yaxınlığında) nəzarətə götürdükdən sonra Kərbəlada ordu yerləşdirir.[12] Bəzi tarixi nəqllərə əsasən, İmam Əli (ə) Siffeyn müharibəsindən dönəndə Kərbəlada namaz qılmaq və istirahət etmək üçün dayanır və Kərbəla vaqiəsi, oğlu Hüseynin, onun ailəsinin və köməkçilərinin başına gələcək hadisələr barədə öncədən xəbər verir.[13]

Kərbəlanı məşhurlaşdıran və onu şiələrin gözündə əhəmiyyətli edən ən önəmli hadisə Aşura vaqiəsidir. Bu vaqiəyə əsasən, İmam Hüseyn (ə) Yəzidə beyət etməkdən imtina edəndən və kufəlilərin çoxsaylı məktublar[14] göndərib onu beyət etmək üçün çağırmasından sonra Məkkədən Kufəyə doğru yola düşür.[15] Kufə yolunda İmam Hüseynin (ə) karvanının qarşısı həmin şəhərin başçısı Übeydullah ibn Ziyadın tapşırığına əsasən, Hür ibn Yəzid Riyahi tərəfindən alınır.[16] İmamın karvanı məcburən Kərbəlada dayanmalı olur.[17] İmam Hüseynin (ə) karvanının orada dayanmasından bir neçə gün sonra hicri-qəməri təqvimi ilə 61-ci il, məhərrəm ayının 10-da İmam Hüseynin (ə) ordusu ilə Ömər ibn Sədin qoşunu arasında müharibə baş verir.[18] İmam (ə) əksər köməkçiləri ilə həmin gün şəhid olur və çoxu qadın və uşaqlardan ibarət olan karvandan geri qalanlar isə əsir götürülür. Əsirlər əvvəlcə Kufəyə, sonra Şamda Yəzid hökümətinin paytaxtı olan [19]Dəməşqə göndərilir.

Şiə imamlarının İmam Hüseynin (ə) məzarını ziyarət etməyə təkidindən və şiələrin buna böyük önəm verməsindən sonra, Kərbəlada əməvilərinəbbasilərin dönəmində İmamın (ə) qəbri üzərində ziyarətgahın tikilməsi, onun genişlənməsi, gələn zəvvarların və türbənin yaxınlığında məskunlaşan insanların gecələməsi üçün otaqların inşa edilməsinə zəmin yaranır.[20] Kərbəla hadisəsindən sonra şiə qiyamlarının baş qaldırması da şiələrin İmam Hüseynin (ə) qəbrinə diqqət yetirməsində rol oynamışdır. Təvvabin, qiyam zamanı Nuxəylədən Dəməşqə gedərkən yol əsnasında İmam Hüseynin (ə) qəbrini ziyarət edib,[21] İmamın (ə) yoluna sadiq qalacaqlarını bildirirlər.[22] Muxtarın qiyamı zamanında da Kərbəlaya və İmam Hüseynin (ə) qəbrinin ziyarətinə diqqət yetirilir. Muxtar Səqəfi İmam Hüseynin (ə) qəbri üzərində ziyarətgah tikən ilk şəxs sayılır. O, orada həmçinin məscid, palçıq və xurma ağacının budaq və liflərindən tikilmiş evlərdən ibarət[23] kiçik kənd salır.[24]

Əməvilər sülasəsinin zəifləməsi və Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi ərəfəsində Kərbəla zəvvarlarının sayı artmağa başladı və bir sıra müsəlmanlar ziyarətgah yaxınlığında məskən saldılar. Bu da Kərbəlanın abadlaşmasına böyük təkan verdi və İmamın (ə) ziyarətgahının kanarında münasib yeni evlər tikildi.[25]

Şiələrin bu addımlarını bəzi Abbasi xəlifələri özləri üçün təhlükə hesab etdilər. Buna görə də Harun ər-Rəşid və Mütəvəkkil Abbasi kimi xəlifələr öz hökümətləri vaxtında İmam Hüseynin (ə) ziyarətgahını və ətraf binaları dağıtmağı əmr edirlər.[26] Buna rəğmən, Abbasi xəlifələri bu ziyarətgahın ətrafında bəzi şiələrin məskunlaşmalarının qarşısını ala bilmədilər. Harundan sonra, oğlu Məmun Abbasinin vaxtında İmam Hüseynin (ə) ziyarətgahı və yaxınlığdakı dağıdılmış binalar yenidən bərpa edildi və Kərbəlada nisbi abadlıq işləri görüldü.[27] Mütəvəkkil Abbasinin törətdiyi dağıntılardan sonra da Kərbəlada abadlıq işləri aparıldı və İmam Hüseynin (ə) ziyarətgahı və ətraf evlərin bərpa edilməsi ilə yanaşı yeni binalar, o cümlədən Kərbəla bazarı inşa edildi.[28] Abbasilər dönəmində Kərbəlada imamların səhabələri tərəfindən elmi məclislər də qurulmağa başladı və bu elmi məclislər Kərbəla elmi hövzəsinin ilk mərhələsi sayılmaqdadır.[29] Buveyhilər hakimiyyəti dönəmində Kərbəlada memarlıq işləri vüsət aldı.[30] Hətta bəziləri bunu o vaxtadək memarlığın çiçəklənmə dövrü kimi yad edir.[31] Buveyhilər hökümdarları İmam Hüseynin (ə) türbəsini ziyarət etməklə yanaşı məzarın üzərində yeni bina inşa edib Kərbəla şəhərini də genişləndirdilər. Şəhərin ilk mazqallı qala divarının inşası, yeni yaşayış məskənlərinin, bazarların, dini mədrəsələrin, xüsusi ilə Əzud əd-dövlə Deyləminin əmri ilə Əzudiyyə mədrəsəsinin və Rə`sul-Hüseyn məscidinin tikilməsi o dönəmdə Kərbəla şəhərinin vüsət almasından xəbər verir.[32]

Kərbəla şəhəri hicri-qəməri təqvimi ilə 10-cu və 13-cü əsrlər arası Səfəvilər və Qacarlar dövlətləri hökümdarlarının ziyarətgahlara qayğısı və iranlıların kütləvi şəkildə axını nəticəsində yeni memarlıq və tikinti işlərinin çiçəklənməsi mərhələsinə qədəm qoyur. Bu mərhələdə İmam Hüseynin (ə), Həzrət Abbasın (ə) və digər ziyarətgahların yenilənməsi və ərazilərinin genişlənməsi ilə yanaşı, həm də yeni hüseyniyyələr, dini mədrəsələr, kitabxanalar və məscidlər təsis edilir.

Karsten Nibur, Cohn Ussher kimi səyyah və geoloqlar Kərbəlaya səfər zamanı şəhərin Osmanlılar dövründə də inkişaf etməsini öz səfərnamələrində məlumat veriblər.[33] Amerikalı səyyah və arxeoloq John Peters 1890-cı ildə Kərbəlaya səfəri zamanı qeyd etmişdir ki, şəhərin qədim divarının xaricində inşa edilən yeni ərazidə Avropa şəhərləri kimi geniş və səliqəli xiyabanlar inşa esilmişdir.[34]

Ziyarət yerləri

Kərbəlada yerləşən İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəmi

İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) ziyarətgahları Kərbəlanı şiələr üçün ən böyük ziyarət şəhərlərindən birinə çevirmişdir.[35] İmam Hüseynin (ə) türbəsi bu imamla yanaşı, Kərbəlada şəhid olan bir sıra Bəni-Haşimin və İmamın köməkçilərinin dəfn olunduğu məkandır.[36] İmam Hüseynin (ə) qəbrini ziyarət etmək şiələrin həmişə önəm verdiyi iş olmuşdur. Bəzi günlərdə, xüsusi ilə Aşura,[37] Ərbəin[38]Niməyi-şabanda[39] İmam Hüseyni (ə) ziyarət etmək tövsiyə edildiyindən sözükeçən günlərdə ziyarətgahda daha çox zəvvar müşahidə edilir.[40] Şiə fiqhinə əsasən, İmam Hüseynin (ə) türbəsinin və torpağının xüsusi əhkamları var.[41]

İmam Hüseynin (ə) türbəsi dəfələrlə şiə müxalifləri, xüsusi ilə Abbasi xəlifələri və vəhhabilər tərəfindən dağıdılmışdır. İmam Hüseynin (ə) türbəsi ilk dəfə Mütəvəkkil Abbasi,[42] axırıncı dəfə isə Bəəs rejimi dövründə 1991-ci ildə Şabaniyyə intifazəsi zamanı dağıdılmışdır.[43]

Həzrət Abbasın (ə) türbəsi İmam Hüseynin (ə) türbəsindən 378 metr aralıqda, şimal-şərq tərəfdə yerləşir. Kərbəla zəvvarları İmam Hüseynin (ə) qəbri ilə yanaşı Həzrət Abbasın (ə) qəbrini də ziyarət edirlər.[44] Şiələr Tasua günü Həzrət Abbasın türbəsində əzadarlıq edirlər. Şiə matəm təqvimində Məhərrəm ayının doqquzu - Tasua günü Əbulfəzl Abbasa məxsusdur.[45]

Kərbəla şəhərində İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) türbələrindən başqa ziyarətgahlar da vardır ki, onların əksəriyyəti Aşura vaqiəsi ilə əlaqədardır. Xeyməgah, Təll-e Zeynəbiyyə, Hür ibn Yəzid Riyahinin türbəsi bu ziyarətgahlar sırasına daxildir. İmam Hüseynin (ə) türbəsinin yanında iki məqam- İmam Sadiq (ə)İmam Zaman (ə) məqamı yerləşir ki, şiələrə görə böyük ehtirama malikdir və oranı da ziyarət edirlər.[46]

Son iki yüzillikdə vaş verən siyasi-ictimai hadisələr

Kərbəlada yerləşən İmam Zamanın (ə.f) məqamı

Kərbəla son iki yüzillikdə müxtəlif siyasi-ictimai, mədəni hadisə və proseslərə şahidlik etmişdir.

Vəhhabilərin hücumu

Hicri-qəməri təqvimi ilə 1216 (miladi ilə 1801)-ci il, zilhiccə ayının 18-də vəhhabilər Əbduləziz ibn Səudun başçılığı ilə Hicazdan İraqa gələrək Kərbəlaya hücum etdilər. Onlar Xeyməgah məhəlləsindən şəhərə daxil olub, günahsız insanları qətlə yetirməyə, mallarını və İmam Hüseynin (ə) ziyarətgahının qiymətli əşyalarını qarət etməyə başladılar. Həmin gün, şəhərin əksər əhalisi həmişəki adətlərinə uyğun olaraq, Qədir-Xum bayramı günü İmam Əlinin (ə) türbəsini ziyarət etmək məqsədi ilə Nəcəfə getmişdilər. Buna görə də şəhərdə müqavimət göstərmək üçün kişi yox idi. Tarixi mənbələrdə, həmin gün həlak olanların sayı 1000- 4000 min nəfər arası göstərilir. Bu hadisə zamanı İmam Hüseynin (ə) türbəsi də ciddi xəsarət alır.[47]

Nəcib Paşanın hücumu

Kərbəla əhalisi hicri-qəməri təqvimi ilə 1285 (1869 m)-ci ildə Osmanlıların hakimiyyətini qəbul etməkdən imtina etdikdən sonra, Osmanlının İraqdakı hökümdarı Nəcib Paşa xalqa Osmanlı hakimiyyətini qəbul etməyə və təslim olmağa bir neçə gün möhlət verir. Kərbəlada yaşayan alimlərdən biri və Şeyxiyyə cərəyanının ikinci rəhbəri Seyyid Kazim Rəştinin Osmanlı qoşununun şəhərə daxil olmaması üçün etdiyi vasitəçilik nəticə vermədikdən və əhali təslim olmadıqdan sonra Nəcib Paşa Kərbəlaya hücum əmri verir. Osmanlı əsgərlərinin İmam Hüseyn (ə) türbəsi, Həzrət Abbas (ə) türbəsi və Seyid Kazım Rəştinin evindən başqa hər yerə basqın etməyə səlahiyyəti çatırdı. Bəzi əhali amanda qalmaq üçün Həzrət Abbasın (ə) türbəsinə sığınmışdılar. Buna rəğmən, bu türbə də Osmanlıların hücumundan amanda qalmadı. Bəzi məlumatlara əsasən, bu hadisə zamanı 10 min nəfər həlak olur. Məlum hadisə “Vaqiətu Ğədiru əd-Dəm” (Qanlı Qədir) kimi yad edilir.[48]

Müstəmləkəçiliyə qarşı mübarizə

Kərbəla şəhəri 1920-ci ildə Osmanlı imperiyasının məğlubiyyətindən və Britaniyanın İraqa daxil olmasından sonra ingilislərə qarşı əsas mübarizə mərkəzinə dönmüşdü. Sonradan "Surətu əl-işrin" adlanan 1920-ci il İraq üsyanı Kərbəlada yaşayan şiə müctəhidi Məhəmməd Təqi Şirazinin rəhbərliyi ilə baş verdi. Bu üsyan Biritaniyanın İraqdan çıxmamasından və ölkə müstəqillik əldə edəndən sonra həyata keçdi.[49]

Şabaniyyə intifazəsi

Şabaniyyə intifazəsinin süqutundan sonra Kərbəlada Həzrət Abbasın (ə) hərəminin girişində İraq Bəəs ordusunun kütləvi şəkildə olması

Kərbəla şəhəri, hicri-qəməri təqvimi ilə 1411 (1991 m.)-ci il, şaban ayında İraq xalqının Səddam Hüseynin rəhbərlik etdiyi Bəəs rejiminə qarşı əsas etiraz mərkəzlərindən biri idi.

Şabaniyyə intifazəsi zamanı İraqın bu və digər 13 vilayəti mülki vətəndaşların əlinə keçir.[50] Lakin sonda qiyam Səddam Hüseynə tabe olan qoşunlar tərəfindən yatırılır. Qiyam yatırılarkən İmam Hüseynin (ə) türbəsinə Səddam Hüseyn rejimi əsgərləri tərəfindən xəsarət yetirilir. Bəzi mənbələrin qeyd etdiyi məlumatlara görə, qiyamın qarşısı alınarkən İraqda 300-500 min arası vətəndaş qətlə yetirilir və təxminən 2 milyon nəfər didərgin düşür.[51]

Amerika ordusu ilə qarşıdurma

2003-cü ildə İraqın işğalından sonra Amerika koalisiya qüvvələrinin Kərbəlada olması; Bu şəkildə Həzrət Abbasın (ə) hərəminə gedən küçədə bir Amerika əsgəri intihar maşınının yanında dayanıb.

Amerika İraqa 2003-cü ildə hücum edəndə, şəhər əhalisi ilə Amerika əsgərləri arasında İmam Hüseyn (ə)Həzrət Abbasın (ə) türbələrinə gedən prosbektlərdə parakəndə qarşıdurmalar yaranır. Həmçinin 2004-cü ildə Sədr klanına aid, "Ceyşul-Mehdi" adlanan bir qrup şiələrin Nəcəfdə, Bəsrədə və Bağdadın Sədr şəhərində amerikalılarla hərbi qarşıdurmanın ardınca, amerikalılar Kərbəlada Sədr tərəfdarlarının ehtimal edilən hücumunun qarşısını almaq məqsədi ilə zirehli texnikalarla Kərbəlaya daxil oldular və Sədr klanına aid ofisə hücum etməklə yanaşı İmam Hüseynin (ə) ziyarətgahı ətrafındakı prospektləri də bağladılar. Bu qarşıdurmanın əsas səbəbi Amerika işğalçılığına etiraz göstərilirdi.[52] Kərbəlada yaşayan "Ceyşul-Mehdi" tərəfdarları olan şiələr 2007-ci ildə yenidən Amerika hərbiçiləri ilə toqquşdular. Amma bir fərqlə, bu dəfə onlarla qarşı-qarşıya gələn İraq polisi idi, amerikalılar isə yerli polislərə dəstək vermək iddiası ilə şəhərə daxil olmuşdular.[53]

Kərbəlada terror aktları

İraqda Bəəs rejimi süqut etdikdən sonar Əl-Qaidəyə bağlı terrorçu və təkfirçi qruplar Bəəs partiyasına mənsub keçmiş zabitlərin həmkarlığı ilə Kərbəlada müxtəlif terror aktları törətdilər.[54] İraqın digər şəhərlərində də baş verən bu terror aktları böyük maddi və insan itkiləri ilə nəticələndi. Kərbəlada əksər terror aktları İmam Hüseynin (ə) matəm günlərində və Ərbəyin yürüşündə törədildi.[55]

Rituallar

Kərbəla vaqiəsi və İmam Hüseyinin (ə) qiyamı şiə cəmiyyətlərində mədəni təsirlər buraxmışdır. Kərbəla şəhəri Aşura hadisəsindən təsirlənən bir çox mədəni hadisələrin mənşəyidir. Kərbəlada Tuvəyric əzadarlığı, Ərbəin ziyarəti, Ərbəin yürüşü, hüseyniyyələrin inşası, Kərbəla türbətindən namaz möhürlərinin və təsbehlərin hazırlanması, şəbih və s. rituallar buna nümunə sayıla bilər.

Tuvəyric

Kərbəla şiələrinin dini ritualarından biri də dəstə formasında icra edilən Tuvəyric əzadarlığıdır. Tuvəyric Kərbəla şəhərinin 10 km-də yerləşən bir şəhərin adıdır. Kərbəla şiələri Aşura günü əsr çağı Tuvəyric şəhərindən piyada İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) ziyarətgahlarına doğru gedirlər. İmam Hüseynin (ə) hərəminə çatanda Beynul-hərəmeyndən hərəminin içinə qədər qaça-qaça baş və sinələrinə döyüb əzadarlıq edirlər. Bu mərasim sözükeçən kənd camatının Aşura günü əsr çağı Kərbəlaya gec çatmalarını yad etmək məqsədi ilə keçirilir.[56]

Ərbəin ziyarəti

Şiələrin məzhəb rituallarından biri də Kərbəlada ərbəin ziyarətidir. Şiələr ilk əsrlərdən etibarən məsum imamların tövsiyələrinə əsasən, Ərbəin ziyarətinə böyük önəm veriblər.[57] İraqın əksər şiələri, həmçinin İrandan və dünyanın digər ölkələrindən olan şiələr Ərbəin ziyarətində iştirak etmək məqsədi ilə Nəcəfdən piyada Kərbəlaya gedirlər. Bu mərasim Ərbəin yürüşü adlanır. Ərbəin yürüşü İraqın uzaq və yaxın şəhərlərindən və dünyanın müxtəlif ölkələrindən gələn əzadarların iştirakı ilə keçirilir.[58]

Kərbəla türbəti

Kərbəla və ya İmam Hüseyin (ə) türbəti İmam Hüseynin (ə) qəbrindən və ya onun ətrafından götürülmüş torpaq və ya tozdan ibarətdir. Bəzi rəvayətlərdə qeyd edilən fəzilətlərinə görə, şiələr bu türbətə ehtiram göstərirlər.[59] Şiələr Kərbəla türbətindən möhür və ya təsbeh düzəltmək məqsədi ilə istifadə edirlər.[60] Fiqhi qaynaqlarda, Namaz qılarkən Kərbəla türbətinə alnı qoymaq müstəhəb sayılır.[61]

Şəbih

Dini meydan tamaşası sayılan şəbih İraq şəhərlərində, xüsusi ilə Kərbəlada geniş icra edilir. Səddam Hüseyn rejimi dönəmində bu dini tamaşalara qadağa qoyulsa da onun süqutundan sonra yenidən icra edilir.

Dini-elmi ocaqlar

Kərbəlada İslami elmlərin tarixi hicri-qəməri tarixinin ilk əsrlərinə- məsum imamların bəzi səhabələrinin, şiə ravilərinin orada iştirakına qayıdır. Onlar orada bu dövrlərdə dini tələbələr yetişdirirdilər. İmam Hadinin (ə)İmam Həsən Əskərinin (ə) yaxın adamlarından olan Abdulalh ibn Cəfər Humeyri bu şəhərdə bir sıra şagirdlər yetişdirmişdir.[62] Qeybət dövründən sonra Nəcaşi, Seyid ibn Tavus, Şəhid Əvvəl və İbn Fəhəd Hilli bu şəhərdə elm öyrənmişlər.[63]

Hicri-qəməri təqvimi ilə onuncu əsrdə Kərbəlada dini mədrəsə təsis edilir. Bu dini mədrəsənin ilk başçıları Seyid İzzəddin Hüseyn ibn Musaid Hairi və Feyzullah Bərməki Bağdadi olmuşdur.[64] Kərbəla mədrəsəsində iki elmi məktəb- üsulilər və əxbarilər fəaliyyət göstərmişdir. Amma əxbari məktəbinin çoxlu tərəfdarları olmayıb.[65] Səfəvilərin hakimiyyətə gəlişindən sonra əxbari məktəbi Məhəmməd Əmin Əstərabadinin başçılığı ilə dirçəlir. Səvəvilər dövlətinin süqutundan sonra sünnü məzhəbli əfqanlar və Nadir Şahın təzyiqləri altında bəzi din alimləri Kərbəlaya mühacirət etməyə məcbur qalır. Bu dövrdə Kərbəlada Əxbari məktəbi zirvədə dayanırdı. Amma bütün bunlara rəğmən Əxbari məktəbi müxtəlif səbəblərə görə tənəzzül etməyə başlayır.[66]

Xanədanlar və görkəmli şəxsiyyətlər

Kərbəla şəhərində ilk əsrlərdən indiyədək çoxlu xanədanlar yaşayıblar. Ali Təmə, Ali Nəqib kimi xanədanlar ilk əsrlərdən bu şəhərin sakinləri sayılırlar.[67]

İstinadlar

  1. «راهنمای سفر به کربلای معلی», yjc.ir saytı
  2. «کربلا», aljazeera.net saytı
  3. «کربلا», aljazeera.net saytı
  4. Ali Tuməh, Mirase Kərbəla, h.ş 1373, s.84-186
  5. «اعلام جهاد علمای شیعه و سنی», tasnimnews.com saytı
  6. «Major Cities»., citypopulation.de
  7. Ali Tuməh, Terase Kərbəla, h.ş 1373, s.31-36
  8. Ali Tuməh, Terase Kərbəla, h.q 1435, s.31
  9. Ali Tuməh, Terase Kərbəla, h.q 1435, s.36
  10. Ali Tuməh, Mirase Kərbəla,h.ş 1373, s.20-21
  11. Məclisi, Biharul-ənvar, h.q 1403, c.44, s.301
  12. Xəlili, Musuətul-ətəbatil-Muqəddəsə, h.q 1407, c.8, s.197
  13. Diynəvəri, Əxbarut-tival, h.ş 1371, s.297
  14. Bəlazuri, Ənsabul-əşraf, m.1977, c.3, s.157-158; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.36-37
  15. Təbəri, Tarixul-umməmi vəl-muluk, m.1967, c.5, s.381
  16. Təbəri, Tarixul-umməmi vəl-muluk, m.1967, c.5, s.401
  17. Muqərrəm, Məqtəlul-Hüseyn (ə), h.q 1426, s.192
  18. Təbəri, Tarixul-umməmi vəl-muluk, m.1967, c.5, s.417; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.91
  19. Müfid, Əl-İrşad, h.ş 1388, s.509-523
  20. Ali Tuməh, Mirase Kərbəla, h.ş 1373, s.31 və 32
  21. İbn Əsir, Əl-Kamilu fit-Tarix, h.q 1386, c.4, s.178
  22. Təbəri, Tarixul-Təbəri, h.q 1403, c.4, s.456, 457
  23. Ənsari, Əmarətu Kərbəla, m.2005, s.95
  24. Əs-Sədr, Nuzhətu əhlil-Hərəmeyn fi əmarətiş-Məşhədeyn, h.q 1384, s.21, 23, 26
  25. Ənsari, Əmarətu Kərbəla, m.2005, s.96
  26. Ali Tuməh, Mirase Kərbəla,h.ş 1373, s.32-33
  27. Bir qrup yazıçı, Neqahi nu be cərəyane Aşura, h.ş 1387, s.420-421
  28. Ənsari, Əmarətu Kərbəla, m.2005, s.96-97
  29. Seyyid Əli Rza, Hozehaye elmiyyeye şie dər qostəre cəhan, h.ş 1378, s.256
  30. Əmin, Dairətul-məarifil-İslamiyyətiş-şiiyyə, h.q 1413, c.11, s.356
  31. Ənsari, Əmarətu Kərbəla, m.2005, s.99
  32. Musəvi Zəncani, Cəvlətun fi əmakinil-Muqəddəsə, h.q 1405, s.83
  33. Ənsari, Əmarətu Kərbəla, m.2005, s.61-70
  34. John punnett: Nippuar or Explorations and Avcentures on the Euphrates 1880 - 1890, page: 331, Volume II - second compaign 1897.peters
  35. اصلانی، «شهرهای مقدس شیعه», andisheqom.com saytı
  36. İsfəhani, Məqatilut-Talibin, s.118
  37. İbn Qulavəyh, Kamiluz-ziyarat, h.ş 1356, s.173
  38. Şeyx Müfid, Kitabul-məzar, h.q 1413, s.53
  39. İbn Qulavəyh, Kamiluz-ziyarat, h.ş 1356, s.181
  40. «به مناسبت عاشورای حسینی؛ ۳ میلیون زائر در کربلای معلی», mehrnews.com saytı; «حرم حضرت ابوالفضل(ع) در روز تاسوعا», isna.ir saytı
  41. Fəllahzadə, Əhkame fiqhi səfəre ziyarəti ətəbat, Mərkəze təhqiqate Həcc, s.14, 17, 18, 36
  42. Ali Tuməh, Kərbəla və Hərəmhaye Mutəhhər h.ş 1388, s.95 və 94
  43. «روایتی از روزهای جسارت صدام به کربلا», tasnimnews.com saytı
  44. «کربلا بدون حرم و زیارت حضرت ابوالفضل(ع)، کربلا نمی‌شود», asreshia.com saytı; «زیارت حرم حضرت عباس(ع)»., ashora.ir saytı
  45. «حرم حضرت ابوالفضل(ع) در روز تاسوعا», isna.ir saytı
  46. Qumi, Əmakine ziyarəti səyahəti dər İraq, h.ş 1380, s.45-54
  47. Ali Tuməh, Terase Kərbəla, h.q 1435, s.116-121
  48. Ali Tuməh, Terase Kərbəla, h.q 1435, s.125-132; «گزارش یک کشتار؛ روایتی مستند از قتل‌عام ۱۰ هزار نفری شیعیان در حمله به کربلا», tasnimnews.com saytı
  49. Zəmizəm, Kərbəla və XX əsrdə milli hərəkat, h.q 1436 s.63-95
  50. Təbraiyan, Şabaniyyə intifazəsi, h.ş 1391, s.230
  51. «ماجرای انتفاضه شعبانیه چیست؟», fardanews.com saytı
  52. «حضور تانک‌های آمریکایی در کربلا», gettyimages.com saytı
  53. «درگیری نیروهای آمریكایی با شبه‌نظامیان ارتش مهدی در کربلا», isna.ir saytı
  54. «آمریکا چگونه القاعده‌ای‌ها را تکفیری کرد؟/ افسر اطلاعاتی رژیم بعث چگونه داعش را بوجود آورد؟», mashreghnews.ir saytı
  55. «یادداشت‌های یک ایرانی از عاشورای خونین در کربلا», bbc.com/persian
  56. «داستان دسته طویریج چیست؟», vareth.ir saytı
  57. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.52
  58. «چرا پیاده‌روی اربعین ثواب دارد», isna.ir saytı
  59. Məclisi, Biharul-ənvar, h.q 1403, c.98, s.128 və 132
  60. «ساخت مهر، تسبیح و انگشتری‌های عقیق در شهرهای مذهبی», smtnews.ir saytı
  61. «فضیلت تربت امام حسین(ع) و آداب استفاده از آن», makarem.ir saytı
  62. Seyyid Əli Rza, Hozehaye elmiyyeye şie dər qostəreye cəhan, h.ş 1378, s.256
  63. Seyyid Əli Rza, Hozehaye elmiyyeye şie dər qostəreye cəhan, h.ş 1378, s.258-261
  64. Pakətçi, Hozeye elmiyye, s.475
  65. «بررسی جمعیت‌شناختی علمای نجف و کربلا», mobahesat.ir saytı
  66. «بررسی جمعیت‌شناختی علمای نجف و کربلا», mobahesat.ir saytı
  67. Ali Tuməh, Terase Kərbəla, h.q 1435, s.306-308

Ədəbiyyat