Muxtar ibn Əbi Ubeyd Səqəfi

wikishia saytından
(Muxtar ibn Əbi Ubeyd səhifəsindən yönləndirilmişdir)
Muxtar ibn Əbi Ubeyd Səqəfi
Muxtar ibn Əbi Übeyd Səqəfinin məzarı
Muxtar ibn Əbi Übeyd Səqəfinin məzarı
LəqəbiƏbu İshaq - Kisan
Doğum günüHicrətin 1-ci ili - Kufə
Yaşadığı yerTaif - Mədinə - Kufə
Qohum əqrəba arasında tanınmış şəxslərSəd ibn Məsud Səqəfi (əmisi) - Əbu Ubeyd Səqəfi (atası) - Abdullah ibn Ömər (bacısının həyat yoldaşı)
Şəhadət günü və tarixiHicrətin 67-ci ili Ramazan ayının 14-ü - Kufə
Şəhadətinin necəliyiMüsəb ibn Zübeyrin əli ilə şəhadətə çatdı
Önəmli işləriKərbəla hadisəsinin səbəbkarlarından intiqamı
Başqa fəaliyyətləriƏməvilər əleyhinə qiyam, Müslim ibn Əqili himayə etmək


Muxtar ibn Əbi Ubeyd Səqəfi (المختار بن أبي عبيد الثقفي) - (hicri 1-67) İmam Hüseynin (ə) qanı uğrunda ayağa qalxan tabeinlərdən idi. Kərbəla hadisəsi zamanı Muxtar Kufədə İmam Hüseynin (ə) elçisi Müslim ibn Əqili qonaq etmiş və Müslümün şəhadətinə qədər onunla əməkdaşlıq etmişdir. Sonra Übeydullah ibn Ziyad onu zindanda saxladığı üçün Aşura günü Kərbəlada olmamışdır.

Muxtar hicri 66-cı ildə Kufə hökmdarına qarşı qiyam qaldırdı, Kərbəla hadisəsini törədənlərin çoxu onun qiyamında öldürüldü. 18 ay Kufəyə hökmranlıq etdikdən sonra Muxtar Musəb ibn Zübeyr tərəfindən öldürüldü. Ona aid edilən qəbir Kufə məscidinin yanında, Müslim ibn Əqilin məqbərəsinin yaxınlığında yerləşir.

Muxtarın şəxsiyyəti, qiyamı, rəftarı haqqında müxtəlif fikirlər var və bu haqda çoxlu əsərlər yazılıb. Bəziləri Muxtarın İmam Hüseynin (ə) qanını almaq motivi və İmam Zeynul-Abdinin (ə) icazəsi ilə qiyam etdiyinə inanır, bəziləri isə onu hakimiyyətə çatmaq məqsədi ilə qiyam etmiş vəzifəpərəst şəxsiyyət hesab edir. Bəziləri də Muxtarın şiə olduğuna, amma onun işinin təsdiqlənmədiyinə inanırlar. Lakin bununla belə, onun, cəhənnəmə getməyəcəyini bildirirlər. Bu fikirlərin mənbəyi Muxtarın tərif və tənqid olunduğu iki növ rəvayətlərin olmasıdır. Abdullah Mamqani və Ayətullah Xoi kimi şiənin bəzi Rical alimləri onun tərifi barədə olan rəvayətlərinə üstünlük veriblər.


Nəsli və ləqəbi

Muxtar ibn Əbi Ubeyd ibn Məsud Səqəfi "Səqif" qəbiləsindən idi.[1] Atası Əbu Ubeyd Peyğəmbərin (s) səhabələrindən idi.[2] O, ikinci xəlifənin dövründə Qadisiyyə döyüşlərində şəhid oldu.[3] Babası Məsud Səqəfi Hicazın böyüklərindən idi. Həmçinin ona Əzimul-Qəryətəyn (Məkkə və Taifin böyüyü) ləqəbi vermişdilər.[4] Anası Dumə binti Əmr ibn Vəhəbdir. İbn Tayfur tərəfindən yazılmış "Bəlağətun-Nisa" kitabında onun adı çəkilib.[5] Qəməri təqvimi ilə 7-ci əsrin tarixçisi İbn Əsirin dediyinə görə, Muxtar səhabələrdən deyildi.[6]

Lakin onun tərcümeyi-halı səhabələr barədə yazılan mənbələrdə qeyd olunub.[7] Muxtarın künyəsi Əbu İshaq,[8] ləqəbi isə Keysan (zirək və zəkalı) idi.[9] Əsbəğ ibn Nəbatədən nəql olunur ki, Muxtar uşaq olduğu zaman İmam Əli (ə) onu dizinin üstünə oturtdu və "kəyyis" (zirək) adlandırdı.[10]

Qadisiyyə döyüşlərində iştirak etmək

Muxtar hicrətin birinci ilində dünyaya göz açıb.[11] Deyilənə görə, o, 13 yaşında Qadisiyyə döyüşlərindən olan "Cisr" döyüşündə iştirak edib və döyüş meydanına girməyə çalışıb. Amma əmisi Səd ibn Məsud ona mane olub.[12] Bu müharibədə Muxtarın atası və qardaşı şəhid olub.[13]

Muxtarın əmisi Səd ibn Məsud Səqəfi İmam Əlinin (ə) tərəfindən Mədainin valisi idi.[14] Xəvariclərlə münaqişə zamanı Muxtarı Mədainə canişin təyin etdi və özü onlarla döyüşə çıxdı.[15]

Müslim ibn Əqillə yoldaşlıq

Şəmsüddin Zəhəbiyə görə, Muxtar Müaviyənin dövründə Bəsrəyə gedib camaatı İmam Hüseynin (ə) yanına getməyə çağırıb. O zaman Müaviyənin tərəfindən Bəsrə valisi olan Übeydullah ibn Ziyad onu həbs edib Taif şəhərinə sürgün etdi.[16]

Muxtar Kufədə İmam Hüseynin (ə) elçisi Müslim ibn Əqillə əməkdaşlıq edirdi. Müslüm Kufəyə daxil olduqdan sonra Muxtarın evinə getdi.[17] Übeydullah ibn Ziyad Müslümün harada olduğunu biləndən sonra Müslüm Hani ibn Ürvənin evinə köçdü.[18] Həmçinin tarixi məlumatlara görə, Muxtar Müslüm ibn Əqil ilə beyət etdi.[19] O, Müslümün şəhid olduğu gün Kufədən kənarda idi və orada Müslümün vaxtından əvvəl baş verən qiyam xəbərini eşitmişdi; Lakin Kufəyə çatdıqda artıq Müslüm və Hani şəhid olmuşdular.[20]

Onun Kərbəlada olmaması

Muxtar Aşura günü zindanda idi. Buna görə də o, Kərbəlada olmayıb. Müslümün şəhadətindən sonra İbn Ziyad Muxtarı öldürmək niyyətində idi, lakin Əmr ibn Hüreysin vasitəçiliyi ilə onu öldürməkdən çəkindi. Amma onu həbsə atdı. Muxtar Kərbəla hadisəsindən sonra da zindanda idi.[21] Kərbəla hadisəsindən sonra Muxtarın bacısı Səfiyyənin əri olan Abdullah ibn Ömərin,[22] Yezid ibn Müaviyənin yanında vasitəçilik etməsi ilə Muxtar azad olundu.[23] Əbdür-Rəzzaq Muqrəmin verdiyi xəbərə görə, Kərbəla əsirləri İbn Ziyadın məclisinə gətiriləndə İbn Ziyad da məhbus olan Muxtarı yanına çağırdı. Bu görüşdə Muxtarla İbn Ziyad arasında qarşılıqlı ağır sözlər söylənildi.[24] Bu xəbərə görə, Muxtar Abdullah ibn Əfifin şəhadətindən sonra həbsdən azad edildi; Amma Übeydullah ibn Ziyad onunla şərt kəsdi ki, Kufədə üç gündən artıq qalmasın. Abdullah ibn Əfifin şəhadətindən sonra Übeydullah bir xütbə oxudu və orada Peyğəmbərin (s) ailəsinə hörmətsizlik etdi. Muxtar ona etiraz etdi və İbn Ziyad onu yenidən həbs etdi; Amma Abdullah ibn Ömərin yenidən vasitəçilik etməsi ilə azad edildi.[25]

Abdullah ibn Züheyrə beyət

Muxtar Abdullah ibn Zübeyrə beyət etdi, bir şərtlə ki, işlərdə onunla məsləhətləşsin.[26] Yezidin ordusunun Məkkəyə hücumu və Abdullah ibn Zübeyrin mühasirəsiyə alınması zamanı Muxtar Abdullahla birlikdə, Yezidin ordusuna qarşı vuruşdu.[27] Yezid ibn Müaviyənin ölümündən sonra Abdullah ibn Zübeyr xilafət iddiası etdi. Muxtar da Kufəyə getdi və öz qiyamının hazırlıqlarına başladı.[28] İbn Zübeyr Abdullah ibn Mütini Kufə valiliyinə təyin etdi. Muxtar onunla vuruşdu və onu məğlub etdi.[29]

Onun Təvvabin (tövbəkarlar) qiyamında iştirak etməməsinin səbəbi

Muxtar Təvvabin qiyamında iştirak etmədi; Çünki o, qiyamı faydasız hesab edirdi və Süleyman ibn Surəd Xuzainin döyüş texnikası və fənlərindən xəbərsiz olduğunu düşünürdü.[30] Muxtarın bu döyüşdən şəkilməsindən sonra Süleymana beyət edən 16.000 nəfərdən 4000 nəfəri müharibədə iştirak etmədi.[31] Muxtar Təvvabin qiyamı ilə eyni vaxtda zindana salındı.​​[32]Təvvabin məğlub olduqdan sonra sağ qalanlara məktub yazıb onlara təsəlli verdi.[33] Təvvabin başçıları onu həbsdən azad etmək istədilər; Amma Muxtar onları bu işdən çəkindirdi və Abdullah ibn Ömərin vasitəçiliyi ilə azad olundu.[34]

Kərbəla hadisəsini törədənlərdən intiqam almaq

Hicri 66-cı ildə Muxtar İmam Hüseynin (ə) qanını almaq adı ilə qiyam etdi və Kufə şiələri də ona qoşuldu.[35] O, qiyamında iki "Ya Ləsarətil-Hüseyn" və ya "Ya Mənsuru əmit" şüarından istifadə etdi.[36] Bu qiyamda Muxtar Şümr ibn Zil-Cövşən, Xuli ibn Yezid, Ömər bin SədÜbeydullah ibn Ziyad kimi Kərbəla hadisəsini törədənlərdən bir neçəsini öldürdü.[37] O, Übeydullah ibn Ziyad və Ömər ibn Sədin başlarını Mədinəyə İmam Səccadın (ə) yanına göndərdi.[38]

İmam Səccad (ə) ilə əlaqə

İmam Səccad (ə) ilə Muxtarın əlaqəsi haqqında müxtəlif xəbərlər vardır. Rical-Kəşydə nəql edilən rəvayətə görə, Muxtar 4-cü İmama 20.000 dinar göndərdi. Bununla o Həzrət, Əqil ibn Əbi Talib və digər Bəni Haşimin dağılmış evini yenidən tikdi. Lakin Muxtar yenə də İmam Səccada (ə) 40.000 dinar göndərdi, lakin İmam qəbul etmədi.[39] O, İmam Səccada (ə) 30.000 dirhəmə aldığı bir kənizi (Zeyd ibn Əlinin anası) də hədiyyə etdi.[40] Muxtar Übeydullahı öldürdükdən sonra başını İmam Zeynul-Abdinin (ə) yanına göndərdi. İmam şükür səcdəsi etdi və məhz bu zaman Bəni-Haşim ailəsinin qadınları İmam Hüseyn (ə) üçün geyindikləri əzadarlıq paltarlarını çıxartdılar.[41]

Başqa bir rəvayətə görə, bir qrup Kufə başçıları İmam Səccadın (ə) yanına gedib Muxtarın vəzifəsi haqqında soruşdular və dördüncü imam onları Muhəmməd ibn Hənəfiyyəyə yönəldib buyurdu: "Ey əmi, əgər bir qul belə, bizə kömək edərsə, camaatın ona kömək etməsi vacibdir. Bu baxımdan nə istəyirsən et, səni bu işdə nümayəndə təyin etdim".[42] Ayətullah Xoi[43] və Mamqani[44] Muxtarın qiyamının İmam Zeynul-Abdinin (ə) icazəsi ilə olduğunu hesab edirlər.

Məhəmməd ibn Hənəfiyyə ilə əlaqə

Bəzi rəvayətlərə görə Muxtar insanları Muhəmməd ibn Hənəfiyyənin imamətinə dəvət etmişdir.[45] Buna görə də bəziləri onu Kisaniyyənin banisi və tərəfdarlarını da Kisaniyyə adlandırırlar.[46] Ayətullah Xoiyə görə bu, doğru deyil, çünki Məhəmməd ibn Hənəfiyyə imamət iddiasında deyildi ki, Muxtar camaatı ona tərəf dəvət etsin.[47] Həmçinin kisaniyyə Muxtarın öldürülməsindən və Məhəmməd ibn Hənəfiyyənin vəfatından sonra yaranmışdır.[48] Mamqaninin fikrincə, sadəcə Muxtarın ləqəbinin "Kisan" olması onun kisaniyyə məzhəbində olduğunu sübut etmir.[49]

Məhəmməd ibn Hənəfiyyənin xilas edilməsi

Abdullah ibn Zübeyr Muxtarın qiyamından xəbər tutandan sonra Məhəmməd ibn Hənəfiyyə və qohumlarına ona beyət etmələri üçün təzyiq göstərdi və onları yandırmaqla hədələdi. Məhəmməd ibn Hənəfiyyə Muxtara məktub yazıb ondan kömək istədi. Muxtar Məkkəyə bir dəstə göndərdi və onları xilas etdi.[50]

Muxtar haqqında müxtəlif rəvayətlər

Muxtar haqqında iki növ müxtəlif hədis rəvayət edilmişdir ki, bəzilərində təriflənir, bəzilərində isə pislənir.


Tərif edən hədislər

  • İmam Sadiq (ə) Muxtarın oğlu Əbul-Hikəmlə görüşdü, ona ehtiram göstərdikdən sonra Muxtarı təriflədi və Muxtarın oğluna buyurdu: "Allah atana rəhmət eləsin".[52] Şiənin Rical elmi üzrə alimi Abdullah Mamqani İmam Sadiqin (ə) Muxtara rəhmət diləməsini onun əqidələrinin doğru olmasına dəlil hesab etmişdir; Çünki İmamiyyə məzhəbində imamların razılığı Allahın razılığına tabedir. Buna görə də İmam Sadiqin (ə) azğın əqidəyə sahib olan şəxsə rəhmət diləməsi məntiqli deyil və sadəcə İmam Hüseynin (ə) qanını almaq buna icazə vermir.[53]


Pisləyən hədislər

İmam Baqirdən (ə) nəql edirlər ki, İmam Səccad (ə) Muxtarın elçilərini qəbul etmədi, hədiyyələrini geri göndərdi və onu yalançı adlandırdı. Mamqani İmam Səccadın (ə) bu reaksiyasını Əbdülməlik ibn Mərvandan ehtiyat və təqiyyə etməsi ilə əlaqələndirmişdir.[54]

  • İmam Sadiq (ə) buyurub: "Muxtar İmam Səccadın (ə) adından yalan danışdı".[55] Ayətullah Xoiyə görə, bu hədis sənəd baxımından zəifdir.[56]
  • Muxtar Səbat məntəqəsində əmisi Səd ibn Məsuda təklif etdi ki, onun mövqeyinin sarsılmaması üçün İmam Həsəni (ə) Müaviyəyə təhvil versin.[57] Ayətullah Xoinin fikrincə, bu hədis mürsəl olduğuna görə etibarlı deyil. Həmçinin səhih olsa belə, demək olar ki, Muxtar sözlərində ciddi deyildi. Daha doğrusu, əmisinin fikrini öyrənmək niyyətində idi.[58]
  • Bir rəvayətə görə, Muxtar cəhənnəm əhli olar, lakin İmam Hüseyn (ə) onun üçün şəfaət edər.[59] Bu hədis Rical elminin alimlərinin nəzərinə görə zəifdir.[60]
  • Bəzi xəbərlərə görə, Muxtar peyğəmbərlik iddiası etmişdir.[61] Abdullah Mamqaninin yazdığına görə, şiə mənbələrində bu iddiadan əsər-əlamət yoxdur. Bu sözü sünnilər onun barəsində söyləyiblər. Çünki o, onların Kərbəla hadisəsində iştirak edən böyüklərindən bəzilərini öldürmüşdü.[62]

Ayətullah Xoi tərif edən və pisləyən hədisləri qeyd etdikdən sonra tərif edən hədislərə üstünlük vermişdir.[63]

Muxtar haqqında fikirlər

Muxtarın şəxsiyyəti ilə bağlı müxtəlif fikirlər var:

Muxtar Əhli-beytin (ə) qanın alan idi.

Baqir Şərif Qureyşi Muxtarın qiyamının şöhrətpərəstlik və vəzifəpərəstlik üçün olmadığını, onun, Peyğəmbərin (s) Əhli-beytinin qanını almaq və onların qatillərindən intiqam almaq üçün qiyam etdiyinə inanır.[64] Nəcməddin Təbəsi də İmam Baqirin (ə) Muxtara rəhmət diləməsini onun İmam Hüseynin qatillərinin öldürülməsi ilə bağlı hərəkətlərinə razılıq verməsi hesab edirdi.[65] İbn Nəmə Hilli bu qənaətdədir ki, İmam Səccadın (ə) Muxtara etdiyi yaxşı dua onun İmam Səccad (ə) tərəfindən paklardan və yaxşılardan sayılmasına dəlildir.[66]

Abdullah Mamqani Muxtarı imamiyyə şiəsi hesab edirdi, lakin onun ifadəsi və mötəbərliyi sübuta yetirilməmişdir.[67] Onun sözlərinə görə, Əllamə Hili də kitabının birinci hissəsində Muxtarı yad edir. O, mötəbərlik və tərif baxımından kamillik həddinə çatmış olsa belə, qeyri-imami olan heç bir şəxsi kitabına gətirməmişdir.[68]

Muxtar vəzifəpərəst idi

Bəziləri belə hesab edir ki, əldə olan dəlil və sübutlara əsasən, Muxtarın qiyamı güc və hökmranlıq məqsədi daşıyırdı.[69] Bu fikrə görə, Muxtar Əhli-beytdən (ə) bir alət kimi istifadə etmiş və onların vasitəsilə öz məqsədlərinə çatmaq niyyətində olmuşdur.[70] Rəsul Cəfərianın fikrincə, bu sözlər düzgün deyil. Həqiqətdə, əməvilərin və zubeyrilərin anti-muxtar mühitinin təbliğatının nəticəsidir.[71]

Muxtar barədə qəzavət etməkdən çəkinmək

Bir qrup şiə alimi Muxtar haqqında qəti fikir bildirməkdən imtina etdiblər; "Cameur-Ruvat"kitabında Mirzə Məhəmməd Əstarabadiyə nisbət verilir ki, Muxtarı pisliklə yad etmək olmaz; Lakin bununla belə, onun rəvayətlərini etibarlı hesab etmir və onun haqqında danışmaq imtina edir.[72] Əllamə Məclisi Muxtarın imanını kamil hesab etməmiş və onun əməllərini Məsum İmamın (ə) icazəsi olmadan etdiyini bildirmişdir. Buna baxmayaraq, o hesab edir ki, Muxtar çoxlu xeyirxah işlər gördüyü üçün axırı xeyirli bitib. Əlbəttə ki, o da Muxtar haqqında fikrə dalıb.[73] Şərani "Dəmus-Succum" kitabında Muxtarın ağıllı və cəsur ərəblərdən biri olduğuna inanır. Həmçinin onun haqqında ziddiyyətli xəbərlərin olması iddiasını qəbul etmir və deyir ki, bəndələrin hesab-kitab olunması qiyamət günü Allahın öhdəsindədir. Muxtarın da insanların çoxu kimi bir-birinə qarışmış  yaxşı və pis əməlləri olmuşdur.[74]

Sünni alimlərinin fikri

Bəzi sünni mənbələrində Muxtara nasibi (Əhli-beytə (ə) və Əhlibeyt (ə) tərəfdarlarına düşmənçilik edən) və yalançı kimi sifətlər verilmişdir. Peyğəmbərdən (s) bir rəvayət nəql edilir ki, Səqifdən çox yalan danışan və cinayətkar bir şəxs çıxacaq. Bu rəvayəti Abdullah ibn Zübeyrin anası Əbu Bəkrin qızı Əsma nəql etmişdir.[75]

Bu rəvayətdə çox yalan danışandan məqsədin Muxtar olduğu deyilir.[76] Bu ifadəyə irad bildirəndə deyiblər ki, Muxtarın adı bu rəvayətdə qeyd edilməyib. Onun adı rəvayəti nəql edən şəxs tərəfindən əlavə edilib. Həmçinin digər insanların yalançı və cinayətkar kimi təqdim edildiyi başqa rəvayətlərlə də ziddiyyət təşkil edir.[77] Bir xəbərə görə, Həccac ibn Yusif insanlara Əli (ə) və Muxtarı lənətləməyi əmr edir.[78] Muqrizi də Muxtarı xəvariclərdən hesab edir.[79]

Həyat yoldaşı və övladları

Muxtar Səqəfinin dörd həyat yoldaşı var idi: Səmurə ibn Cundəbin qızı Ümmü Sabit,[80] Noman ibn Bəşirin qızı Ümrə (İslamda başı kəsilən ilk qadın),[81] Səid ibn Zeyd ibn Əmrin qızı Ümmü Zeyd Əs-Suğra[82] və Ümeyr ibn Rəbahın qızı Ümmü Vəlid.[83] Ümmü Sabit Məhəmməd və İshaqı[84] və Ümmü Vəlid Ümmü Sələməni[85] onun üçün dünyaya gətirdi. Ümmü Sələmə Abdullah ibn Abdullah ibn Ömər ibn Xəttabla evləndi.[86]

Əbul-Hikəm,[87] Cəbr,[88] Üməyyə,[89] Bilal[90] və Ömər (Əbu Müslim Xorasani tərəfindən Reyin valisi idi)[91] onun digər övladları idi.

Ölümü və məzarı

Muxtar 18 aylıq hakimiyyətdən sonra hicri 67-ci ilin Ramazan ayının 14-də[92] 67 yaşında Musəb ibn Zübeyr tərəfindən öldürüldü.[93] Musəbin göstərişi ilə Muxtarın əli kəsilərək Kufə məscidinin divarına vuruldu. Həccac ibn Yusif Səqəfi Kufəyə nəzarəti ələ keçirdikdə onun dəfn edilməsini əmr etdi.[94] Muxtarın qəbri Kufə məscidinin yanındadır. Şəhid Əvvəlin "Əl-Məzar" kitabında onun üçün ziyarətnamə qeyd olunub.[95]

Muxtar haqqında yazılan əsərlər

Muxtar haqqında əsərlər yazılıb. Bu kitablarda onun şəxsiyyəti və qiyamının məqsədi araşdırılıb. Ağa Bozorg Tehrani "Əz-Zəriə" kitabında Muxtar haqqında yazılan 37-dən çox kitab qeyd etmişdir.[96] Onlardan bəziləri bunlardır:

  • İbn Nəma Hilli tərəfindən yazılmış "Şərhül-Əs-Sar fi Əhvalil-Muxtar" kitabıdır.[97] Əllamə Məclisi bu kitabı Biharul-Ənvarın 45-ci cildinə gətirmişdir.[98]
  • Fars dilində yazılmış "Rəvzətul-Mücahidin" kitabı: Bu kitabda Muxtarın döyüşləri və qəhrəmanlıqları haqqında xəbərlər var ki, o, şeir və hekayədən nəsrə və dastana çevrilib. Bu əsər (hicri 10-cu əsrdə) Vaiz Hərvi tərəfindən yazılmışdır. O, bi kitabdakı mətləbləri məhərrəm ayında minbərdə camaata rəvayət edərdi. Bu kitab uzun müddət rövzə məclislərində oxunurmuş. "Qəqnus" nəşriyyatı bu kitabı 520 səhifədə çap edib.

Muxtarnamə serialı

"Muxtarnamə" - rejissor Davud Mirbaqiri tərəfindən çəkilmiş Muxtar Səqəfinin həyatı və qiyamından bəhs edən teleserialdır. Bu serial 2009 və 2010-cu illərdə İran İslam Cümhuriyyətinin Radio və Televiziyasında 60 dəqiqə və 40 seriyada yayımlanmışdır.[99] Bu serialda Muxtar rolunu Fəriborz Ərəbniya oynamışdır.

Qalereya

İstinadlar

  1. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.346
  2. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
  3. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.231
  4. İbn Qüteybə, Əl-Məarif, m. 1992, s.400
  5. İbn Tayfur, Bəlağətun-nisa, h.q 1326, c.1, s.128
  6. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
  7. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.346-347; İbn Həcər, Əl-İsabə, h.q 1415, c.6, s.275
  8. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.346
  9. Əxbaru dulətil-Abbasiyyə, h.q 1391, s.165
  10. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.127
  11. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
  12. İbn Nəma Hilli, Zəvbun-nizar, h.q 1416, s.61
  13. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.7, s.223
  14. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.205
  15. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.205
  16. Zəhəbi, Seyru əlamin-nübəla, h.q 1414, c.3, s.544
  17. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.231
  18. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.233
  19. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.569; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.6, s.376
  20. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.6, s.377; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.569
  21. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.6, s.377; İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.6, s.29
  22. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.247
  23. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.6, s.29
  24. Muqərrəm, Məqtəlul-Hüseyn, h.q 1426, s.347
  25. Muqərrəm, Məqtəlul-Hüseyn, h.q 1426, s.347
  26. Müqəddəsi, Əl-Bida vət-tarix, c.6, s.15
  27. Müqəddəsi, Əl-Bida vət-tarix, c.6, s.15
  28. Müqəddəsi, Əl-Bida vət-tarix, c.6, s.18
  29. Müqəddəsi, Əl-Bida vət-tarix, c.6, s.20
  30. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.6, s.29
  31. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.6, s.35
  32. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.6, s.30
  33. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.6, s.51
  34. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.6, s.51
  35. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
  36. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.6, s.20
  37. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
  38. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.127
  39. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.128
  40. Əbul-fərəc İsfahani, Məqatilut-talibin, Darul-mərifə, s.124
  41. Qumi, Tətimmətul-müntəha, s.85-86, 3-cü çap, h.q 1397
  42. Məclisi, Biharul-ənvar, c.45, s.365
  43. Xoi, Mucəmur-rical, h.q 1410, c.18, s.101
  44. Mamqani, Tənqihul-məqal, h.q 1349, c.3, s.206
  45. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.128
  46. Əxbaru dulətil-Abbasiyyə, h.q 1391, s.165
  47. Xoi, Mucəmur-rical, h.q 1410, c.18, s.101
  48. Xoi, Mucəmur-rical, h.q 1410, c.18, s.102-103
  49. Mamqani, Tənqihul-məqal, h.q 1349, c.3, s.205-206
  50. Əxbaru dulətil-Abbasiyyə, h.q 1391, s.100-104; Müqəddəsi, Əl-Bida vət-tarix, c.6, s.21
  51. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.127
  52. Mamqani, Tənqihul-məqal, h.q 1349, c.3, s.205
  53. Mamqani, Tənqihul-məqal, h.q 1349, c.3, s.205
  54. Mamqani, Tənqihul-məqal, h.q 1349, c.3, s.205
  55. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.125
  56. Xoi, Mucəmur-rical, h.q 1410, c.18, s.96-97
  57. Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.221
  58. Xoi, Mucəmur-rical, h.q 1410, c.18, s.97
  59. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.1, s.466-467
  60. Xoi, Mucəmur-rical, h.q 1410, c.18, s.96-97
  61. İbn Həzm, Cəmhurətul-ənsabil-ərəb, h.q 1403, s.268
  62. Mamqani, Tənqihul-məqal, h.q 1349, c.3, s.205-206
  63. Xoi, Mucəmur-rical, h.q 1410, c.18, s.95
  64. Baqir Şərif Qureyşi, Həyatul-İmamil-Hüseyn (ə), h.q 1413, c.3, s.453-454
  65. پایگاه اطلاع‌رسانی شیخ نجم‌الدین طبسی, velaseddighah.com saytı
  66. Məclisi, Biharul-ənvar, c.45, s.346
  67. Mamqani, Tənqihul-məqal, h.q 1349, c.3, s.206
  68. Mamqani, Tənqihul-məqal, h.q 1349, c.3, s.206
  69. جوانمرد ثقفی, kalbasi.ir saytı
  70. جوانمرد ثقفی, kalbasi.ir saytı
  71. «داستان قیام مختار داستان مبهمی در تاریخ اسلام نیست», abna24.com saytı
  72. Ərdəbili, Cameur-ruvat, h.q 1403, c.2, s.221
  73. Məclisi, Biharul-ənvar, c.45, s.339
  74. Şerani, Dəmus-Succum, s.343-373 (tərcümə)
  75. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.909
  76. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.909
  77. «فصل دوم: بررسي مطالب مطرح شده بر ضد مختار در كتب اهل‌سنت», valiasr-aj.com saytı
  78. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.6, s.168
  79. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.14, s.157
  80. İbn Qüteybə, Əl-Məarif, m. 1992, s.401
  81. Yaqubi, Tarixul-Yaqubi, c.2, s.264
  82. İbn Həbib, Əl-Muhəbbər, s.70
  83. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.345
  84. İbn Qüteybə, Əl-Məarif, m. 1992, s.401
  85. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.346
  86. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.345
  87. Zəhəbi, Tarixul-İslam, c.17, s.105
  88. İbn Həzm, Cəmhurətul-ənsabil-ərəb, h.q 1403, s.268
  89. İbn Həzm, Cəmhurətul-ənsabil-ərəb, h.q 1403, s.268
  90. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.568
  91. Əxbaru dulətil-Abbasiyyə, h.q 1391, s.262
  92. İbn Cəvzi, Əl-Muntəzəm, c.6, s.68
  93. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
  94. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.6, s.110
  95. Şəhid Əvvəl, Əl-Məzar, h.q 1410, s.284
  96. Ğulaməli və Ğərib, Muxtar Səqəfi dər qostəreye asare ricaliyyan, s.77
  97. Ağabozorq Tehrani, Əz-Zəriə, c.1, s.370
  98. Məclisi, Biharul-ənvar, c.45, s.346-390
  99. Muxtarnamə, Simafilm, 3 Azər, h.ş 1387

Ədəbiyyat

  • Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Əz-Zəriə, 3-cü çap, h.q 1403
  • Əbul-fərəc İsfahani, Məqatilut-talibin, Beyrut, Darul-mərifə
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, Təhqiq: Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412
  • İbn Həbib, Məhəmməd ibn Həbib, Əl-Muhəbbər, Beyrut, Darul-afaqil-cədidə
  • İbn Həcər Əsqəlani, Əjməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Həzm, Cəmhurətul-ənsabil-ərəb, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1403
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Məalimul-üləma, Məşhəd, Alul-beyt (ə) müəssisəsi, h.ş 1390
  • İbn Tayfur, Əhməd ibn Əbi Tahir, Bəlağətun-nisa, Qahirə, h.q 1326
  • İbn Qüteybə, Abdullah bin Muslim, Əl-Məarif, Qahirə, m. 1992
  • İbn Nəma Hilli, Cəfər ibn Məhəmməd, Zəvbun-nizar, Qum, h.q 1416
  • Əxbaru dulətil-Abbasiyyə, Beyrut, h.q 1391
  • Ərdəbili, Məhəmməd ibn Əli, Cameur-ruvat, Beyrut, h.q 1403
  • جوانمرد ثقفی, kalbasi.ir saytı
  • Xoi, Seyyid Əbül-Qasim, Mucəmur-ricalil-hədis, Qum, h.q 1410
  • Diynəvəri, Əhməd ibn Davud, Əxbarut-tival, Qum, h.ş 1368
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Seyru əlamin-nübəla, Beyrut, h.q 1414
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Məzar, h.q 1410
  • Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, h.ş 1385
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, h.q 1387
  • Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Qum, h.q 1407
  • Baqir Şərif Qureyşi, Həyatul-İmamil-Hüseyn (ə), Qum, 4-cü çap, h.q 1413
  • Kəşşi, Məhəmməd ibn Ömər, Ricalul-Kəşşi, h.q 1409
  • Mamqani, Abdullah, Tənqihul-məqal, Nəcəf, h.q 1349
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Təhqiq: Məhəmməd Baqir Mahmudi və Əbdüz-Zəhra Ələvi, Beyrut, h.q 1403
  • Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-Bida vət-tarix
  • Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma, Beyrut, Daru-kutubil-elmiyyə, h.q 1420
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Daru Sadir, Beyrut

Xarici keçid