İslahu zatil-bəyn

wikishia saytından
(Barışdırmaq səhifəsindən yönləndirilmişdir)

İslahu zatil-bəyn (ərəbcə: إصلاح ذات البين) insanları barışdırmaq və onlar arasında münasibətləri yaxşılaşdırmaqdır. İslahu-zatil-bəyn əxlaqi fəzilətlərdən sayılır. Digər tərəfdən isə başqaları haqqında pis danışmaq, qeybət etmək, söz gəzdirmək, insanlar arasında ikitirəlik və düşmənçilik yaratmaq əxlaqi rəzalətlərdəndir.

Quran ayələrindərəvayətlərdə insanları barışdırmaq, ixtilaf və mübahisələrə son qoymaq üçün həll yolları təklif edilib. Ailə mübahisələrində tərəflər tərəfindən hakim seçilməsi, düzgün vəsiyyət etməklə mübahisələrin baş verməsinin qarşısını almaq və dini hisslərin stimullaşdırılması bu qəbildəndir. Dini təlimlərdə xəsislik, şeytana tabe olmaq, dünyapərəstlik kimi xüsusiyyətlərə sahib olmaq tərəflər arasında barışıq etməyə maneə kimi göstərilir.

Konseptologiya

İslahu-zatil-bəyn fərdlər və ya qruplar arasında[1] münaqişə, ədavət və s. ucbatından yaranmış çəkişmələri və pis münasibətləri düzəltməkdir.[2] Bu söz “Ənfal” surəsinin birinci ayəsindən götürülüb.[3] İslahu-zatil-bəyn dedikdə iki fərd və iki qrupun barışdırılması nəzərdə tutulur.

İslahu-zatil-bəyn əxlaqi fəzilətlərdəndir, onun müqabili isə başqalarının ardınca pis danışmaq və söz gəzdirməkdir.[4]

Əhəmiyyət və mövqe

Qurani-kərim bir neçə ayədə insanların arasını düzəltmək haqqında söhbət açıb və onun həyata keçirilməsini əmr edib.[5] Həmçinin, İmam Əli (ə) İmam Həsənə (ə) və İmam Hüseynə (ə) etdiyi vəsiyyətdə onlara insanların arasında barışıq yaratmağı əmr edib.[6] Həmçinin, Quran ayələrinə əsasən, camaat arasında barışıq istəyənlərə Allahın rəhməti və əfvi şamil olur.[7] Bəzi rəvayətlərdə insanların arasını düzəltmək namazdan, orucdan[8]sədəqə verməkdən[9] üstün sayılır. Həmçinin, bir rəvayətə görə, iki nəfər arasında barışıq etmək üçün hərəkət edən şəxs mələklərin salamına nail olur və onun üçün Qədr gecəsini yaşamağın savabı yazılır.[10]

İmam Sadiqdən (ə) gələn rəvayətə görə, insanların arasını düzəltmək üçün yalan danışmaq icazəlidir.[11] Həmçinin, Quran pıçıldaşmağı insanların arasını düzəltmək üçün caiz hesab edir.[12] Baxmayaraq ki, bu, başqa yerdə pis (şeytani) əməl[13] hesab olunur.[14] Quran insanların arasını vurmaq üçün and içməyi etibarlı hesab etmir.[15]

Rəvayətə görə, Müfəzzəl ibn Ömərdə İmam Sadiqin (ə) verdiyi müəyyən məbləğdə pul var idi və ondan şiələrin arasında barışıq yaratmaq üçün istifadə edirdi. Məsələn, o, həmin məbləği Əbu Hənifə Sabiqul-Həcc ilə kürəkəni arasında olan mübahisəni həll etmək üçün istifadə etdi.[16]

Həll yolları və maneələr

Xalq arasında barışıq yaratmaq üçün bir sıra yollar bəyan edilib:

  • Mübahisələrin qarşısının alınması: Təfsirçilərin fikrincə, varislər arasında mübahisələrin qarşısını almaq “Bəqərə” surəsinin 182-ci ayəsinin məzmunudur.[17] Belə ki, vəsiyyət edənə ixtilaflara səbəb olan vəsiyyətin qarşısını almaq üçün ədalətə riayət etmək və vəzifəsini yerinə yetirmək əmr edilməlidir.[18]
  • Ailə münaqişələrində ər və arvadın hakim seçməsi: Ər və arvad ayrılıqdan qorxduqları zaman ailədaxili mübahisələri həll etmək və barışıq yaratmaq üçün ər-arvadın hər birinin bir hakim seçməsi tövsiyə olunur.[19]

İxtilafların kökünü tapmaq, emosional məsələlərdən istifadə etmək, səbirli olmaq və tərəf tutmamaq insanları barışdırmağın digər üsulları kimi göstərilib.[20] Söz gəzdirmək və təfriqə salmaq insanlar arasında xoş münasibətin pozulmasının ən mühüm amillərindəndir və onunla mübarizə aparmağın yolu söz gəzdirənə etimad göstərməmək və onu rədd etməkdir.[21]

Mərhələlər və metod

Xalq arasındakı mübahisəni həll etmək hökumətin və möminlərin vəzifəsidir. “Nümunə” təfsirində deyildiyi kimi, əgər ara düzəltmək dialoq yolu ilə aparılırsa, şəriət hakiminin icazəsinə ehtiyac yoxdur. Amma barışıq yaratmaq üçün şiddət lazımdırsa, şəriət hakimindən icazə alınmalıdır.[22] “Hücürat” surəsinin 9-cu ayəsinə əsasən, möminlərin iki qrupu arasında qarşıdurma yaransa, əvvəlcə onlara nəsihət verməklə, Qurana və Allahın əmrinə dəvət etməklə barışdırmaq lazımdır. Ancaq bir qrup barışmaqdan imtina etsə, onlarla döyüşmək lazımdır.[23]

Maneələr

Təfsir kitablarında Şeytana tabe olmaq,[24] dünyapərəstlik[25] və xəsislik[26] insanların arasında barışığa maneə kimi göstərilmişdir.

Fiqhi hökmlər

Fəqihlər ara düzəltməklə bağlı bir neçə fiqhi hökm qeyd ediblər:

  • Aralarında bir-birinə nifrət və düşmənçilik olan iki və ya daha çox insan arasında barışıq yaratmaq müstəhəbdir. Əgər müsəlmanların canını qorumaq ondan asılıdırsa, vacibdir.[27] Təqlid mərcələrindən Ayətullah Məkarimə görə, aralarında düşmənçilik olan iki müsəlman dəstə arasında barışıq yaratmaq kifai vacibdir.[28]
  • Zəkatı insanların arasında barışıq yaratmaq üçün sərf etmək icazəlidir.[29]
  • Müstəhəbdir ki, hakim hökm çıxarmazdan qabaq tərəfləri barışığa dəvət etsin və tərəflər barışmaqdan imtina etdiyi təqdirdə hökm çıxarsın.[30]
  • “Cəvahir”in müəllifinin sözlərinə görə, ər-arvad arasında barışıq yaratmaq üçün həm qadın, həm də kişi tərəfindən bir hakim seçilməsi vacibdir. Hərçənd, Əllamə Hillinin “Təhrir” kitabından bunun müstəhəb olması nəql olunub.[31]

İstinadlar

  1. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.6
  2. Baxın: Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.798
  3. Dəhxoda, Lüğətnamə, İslahu Zati beyn sözünün şərhi
  4. Məkarim Şirazi, Əxlaq dər Quran, h.ş 1377, c.3, s.314
  5. Nümunə üçün baxın: Hucurat surəsi, ayə 10
  6. Nəhcül-bəlağə, Sübhi Saleh, 47-ci məktub
  7. Nisa surəsi, ayə 129
  8. Səduq, Səvabul-əmal, h.q 1406, s.148
  9. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.18, s.441
  10. Deyləmi, Əlamuddin, h.q 1408, s.419
  11. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.341
  12. Nisa surəsi, ayə 114
  13. Mücadilə surəsi, ayə 10
  14. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.127
  15. Bəqərə surəsi, ayə 224
  16. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.209, hədis 4
  17. Təbərsi, Məcməul-bəyan, h.ş 1371, c.1, s.485
  18. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.5, s.236-239
  19. Tusi, Ət-Tibyan, c.3, s.192; Təbərsi, Məcməul-bəyan, h.ş 1371, c.3, s.70
  20. Məkarim Şirazi, Əxlaq dər Quran, h.ş 1377, c.3, s.317-318
  21. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.75, s.268
  22. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.22, s.170
  23. Təbəri, Cameul-bəyan, h.q 1412, c.26, s.80-81; Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.5, s.50
  24. Muğniyə, Əl-Kaşif, h.q 1424, c.1, s.311
  25. Haşimi Rəfsəncani, Təfsire rahnəma, h.ş 1386, c.6, s.302
  26. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.151
  27. Kaşiful-ğita, Vəcizətul-əhkam, h.q 1366, c.2, s.16
  28. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.22, s.170
  29. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.15, s.361-362
  30. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.40, s.145
  31. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.31, s.213

Ədəbiyyat

  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1409
  • Dəhxoda, Əli Əkbər, Lüğətnamə, Tehran, Tehran universiteti, h.ş 1377
  • Deyləmi, Həsən ibn Məhəmməd, Əlamuddin, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1408
  • Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Qum, Daruş-şərif, h.q 1406
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1371
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifət, h.q 1412
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
  • Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Təfsirus-Safi, Tehran, Məktəbətus-Sədr, h.q 1415
  • Kaşiful-ğita, Məhəmməd Hüseyn, Vəcizətul-əhkam, Nəcəf, Kaşiful-ğita müəssisəsi, h.q 1366
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Muğniyə, Məhəmməd Cavad, Əl-Kaşif, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Əxlaq dər Quran, Qum, İmam Əli (ə) mədrəsəsi, h.ş 1377
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.q 1404
  • Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Qum, Hicrət, h.q 1413
  • Haşimi Rəfsəncani, Əkbər, Təfsire rahnəma, Qum, Bustane kitab, h.ş 1386

Xarici keçidlər