Ləvvamə nəfs
Ləvvamə nəfs (ərəbcə: النفس اللوامة) "danlayan nəfs" mənasında olan nəfsin elə bir halıdır ki, insan o halda olarkən özünü etdiyi xətalar ucbatından danlayır. Bu termin Qiyamət surəsinin ikinci ayəsindən götürülmüşdür. Müsəlman alimlər bu ayənin barəsində danışarkən, “ləvvamə nəfsin” haqqında müxtəlif təfsirlər açıqlamışdır.
Ləvvamə nəfs, əmmarə və mütməinnə nəfsin müqabilində yerləşir. Müsəlman alimlərin fikrincə insanın yalnız bir şəxsiyyəti vardır. İnsanın şəxsiyyəti ağıla tabe olan zaman ona ləvvamə nəfs deyilir. Ağılın hökmünün əksinə əməl etdiyi zaman ona əmmarə nəfs deyilir. Ruhi aramlığa çatan zaman isə mütməinnə nəfs adlanır.
Etimologiya
Mürtəza Mütəhhərinin dediyinə əsasən danlayan nəfs mənasında olan ləvvamə nəfs əmmarə nəfsdən yuxarıda, mütməinnə nəfsdən aşağıda yerləşən nəfsin bir mərtəbəsidir.[1] Məhəmməd Təqi Misbah Yəzdi də qeyd edir ki, bu nəfs, nəfsin elə bir halıdır ki, insan o halda olarkən öz səhvlərindən peşman olur və özünü danlayır.[2] Bu termin Qiyamət surəsinin ikinci ayəsində işlədilmişdir: “Və la uqsimu bin-nəfsil-ləvvaməh - yəni and olsun danlayan nəfsə”.
Deyilənə görə ləvvamə nəfs, günah etdikdən sonra insanı danlayan və ona əzab verən vicdanın özüdür.[3]
Ləvvamə nəfsin əmmarə və mütməinnə nəfs ilə fərqləri
Ləvvamə nəfs, əmmarə və mütməinnə nəfsin müqabilində yerləşir.[4] Əmmarə nəfs, nəfsin elə bir halıdır ki, insan o halda olarkən ağılın sözünə qulaq asmır və günaha tərəf gedir.[5] Mütməinnə nəfs isə, təkrar olaraq ağılın sözünə qulaq asmaq və ona tabe olmaq nəticəsində yaranan mələkə və adətə çevirilən nəfsin bir halıdır. Bu halda insan aramlığa qovuşur.[6]
Nəfslərin çoxluğunun insanın vahid şəxsiyyəti ilə ziddiyyəti olmaması
Müsəlman alimlərin fikrincə, insanın əmmarə, ləvvamə və mütməinnə kimi müxtəlif nəfslərinin olması onun vahid şəxsiyyətə malik olması ilə ziddiyyətli deyildir. Onların fikrincə, insanın birdən artıq “nəfsi” və ya “şəxsiyyəti” və ya “özü” yoxdur. Bu terminlər nəfsin müxtəlif hallarının və mərtəbələrinin göstəricisidir.[7]
Məhəmməd Təqi Misbah Yəzdinin yazdığına əsasən, nəfs bəzən pis işlərə əmr edir. Bu zaman ona əmmarə deyilir. Bəzən özünü xətalara görə danlayır. Bu halda bu danlamaya ləvvamə nəfs deyilir.[8]
Mürtəza Mütəhhərinin sözlərinə əsasən, insan iki “mən” və ya “öz”-dən ibarət deyil. Əksinə insan müxtəlif mərtəbələri olan bir “öz”-ə malikdir. O, bəzən ağıla tabe olmayan aşağı mərtəbədə yerləşir. Bu onun əmmarə nəfsidir. Yuxarı mərtəbədə daha ayıqdır və pis bir iş gördüyü zaman özünü mühakimə edir. Bu nəfsə ləvvamə nəfs deyilir.[9]
Ləvvamə nəfs təfsir kitablarında
Təfsir kitablarında ləvvamə nəfsin barəsində müxtəlif fikirlər qeyd edilmişdir. Onlardan bəzisi aşağıdakılardır:
- Ləvvamə nəfsdən məqsəd günah etdiyi və ya xeyir işlərə qarşı tənbəllik etdiyi üçün özünü danlayan mömin insanın nəfsidir.[10] Əllamə Təbatəbayi bu görüşün tərəfdarıdır.[11]
- Ləvvamə nəfsdən məqsəd bütün insanların - istər günahkar olsun istərsə də xeyirxah - Qiyamət günündə olan nəfsidir. Çünki, o gündə günahkarlar özünü təqvalı olmadıqları üçün, xeyirxahlar isə özünü daha çox ibadət etmədiyi üçün danlayacaqlar. Bu fikiri Abdullah ibn Abbasa aid ediblər.
- Ləvvamə nəfsdən məqsəd yalnız günahkarların Qiyamət günündə olan nəfsləridir. Çünki, onlar Qiyamət günündə özlərini günahları üzündən danlayacaqlar.
Ləvvamə nəfsin ədəbiyyatda işlənməsi
Ləvvamə nəfsin barəsində fars ədəbiyyatında da danışılmışdır. Səkkizinci əsrin şairlərindən olan Mahmud Şəbüstəri “Kənzul-həqaiq” kitabında bu barədə şeir yazmışdır.[13] Mövləvi də Məsnəvi kitabında[14] ləvvamə nəfsə işarə etmişdir.
Əlaqədar məqalə
İstinadlar
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.595-596
- ↑ Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.26
- ↑ Məhfuzi, Nəfse ləvvame, s.12
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.37; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.595-596; Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.26-27
- ↑ Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.27; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.595-596
- ↑ Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.27
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.36-37; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.595; Misbah Yəzdi, Əxlaq və irfane İslami, s.8
- ↑ Misbah Yəzdi, Əxlaq və irfane İslami, s.8
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.594-596
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1418, c.20, s.103; Fəxr Razi, Məfatihul-ğəyb, h.q 1420, c.30, s.720
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1418, c.20, s.103
- ↑ Fəxr Razi, Məfatihul-ğəyb, h.q 1420, c.30, s.720-721
- ↑ شبستری، کنزالحقایق، وبگاه گنجور., ganjoor.net saytı
- ↑ مولوی، مثنوی معنوی، دفتر پنجم، بخش ۸۱، وبگاه گنجور., ganjoor.net saytı
Ədəbiyyat
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, 5-c çap, h.q 1417
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğəyb, Beyrut, Darut-terasil-ərəbi, h.q 1420
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- شبستری، محمود، کنزالحقایق، وبگاه گنجور، تاریخ بازدید: ۲۷ آبان ۱۳۹۹ش., ganjoor.net saytı
- محفوظی، عباس، «نفس لوامه»، ماهنامه پاسدار اسلام، ش۲۰۶، بهمن ۱۳۷۷ش., ensani.ir saytı
- مولوی، جلالالدین محمد، مثنوی معنوی، دفتر پنجم، بخش ۸۱، وبگاه گنجور، تاریخ بازدید: ۲۸ اردیبهشت ۱۳۹۶ش., ganjoor.net saytı
- Misbah Yəzdi, Məhəmməd Təqi, "ƏXlaq və İrfane İslami", h.ş 1387
- Misbah Yəzdi, Məhəmməd Təqi, Ayine pərvaz, Qum, İmam Xomeyni adına müəssisə, 9-cu çap, h.ş 1399
- Mütəhhəri, Mürtəza, Məcmue asar, Sədra nəşri, h.ş 1389