Təkasür surəsi
Əsr Təkasür Hüməzə | |
Cüz | 30 |
---|---|
Ayə | 8 |
Məkkə\Mədinə | Məkkə |
Nazil olma sırası | 16 |
Surənin nömrəsi | 102 |
Söz | 28 |
Hərf | 123 |
Təkasür surəsi (ərəbcə: سورة التكاثر) Qurani-Kərimin 102-ci surəsi və Məkkədə nazil olan surələrdən biridir. Bu surə Quranın 30-cu cüzündə yerləşir. "Təkasür" sözü birinci ayədə keçdiyinə görə bu surə, bu adla adlandırılmışdır. Təkasür, sərvət toplamaqda və özünü böyük göstərməkdə bir-biri ilə yarışmaq mənasını verir. Bu surə, mal-dövlət, övlad və tərəfdar baxımından bir-biri ilə öyünən insanları qınayır və yaxın gələcəkdə onlara verilmiş nemətlər barəsində sorğu-sual olunacaqlarını bildirir. Bu surəni oxumağın fəziləti haqqında nəql olunub ki, onu qiraət etmək Quranın min ayəsini oxumağa bərabərdir.
Surənin tanıtımı
- Adlandırılması
Bu surə "Təkasür" adlandırılmışdır, çünki bu söz birinci ayədə keçmişdir.[1] Təkasür, mal və sosial nüfuz baxımından bir-biri ilə yarışmaq və öyünmək deməkdir.[2] Süyuti "Əd-Dürrul-Mənsur" əsərində Peyğəmbərin (s) səhabələrinin bu surəyə "Əl-Muğeyrə" də dediklərini nəql etmişdir.[3]
- Nazilolma sırası və yeri
Təkasür surəsi Məkkə surələrindən olub, nazil olma sırasına görə Peyğəmbərə (s) nazil olan 16-cı surədir. Hazırkı Quran düzülüşündə isə 102-ci surədir[4] və 30-cu cüzdə yerləşir. "Əl-Mizan" təfsirində surənin üslubu və nizamına əsasən Məkkə və Mədinədə nazil olması ehtimalı irəli sürülmüşdür.[5]
- Ayələrin sayı və digər xüsusiyyətləri
Təkasür surəsi 8 ayədən, 28 sözdən və 123 hərfdən ibarətdir. Həcmi baxımından qısa ayələrdən ibarət olan "Müfəssəlat surələr"i qrupuna aiddir.[6]
Surənin məzmunu
"Təkasür" surəsi insanları mal, övlad və tərəfdar toplamaq üçün yarışdıqlarına görə qınayır; bu xüsusiyyət onları Allahdan və həqiqi xoşbəxtlikdən qafil edir. Bu surə həmçinin xəbərdarlıq edir ki, belə insanlar çox tezliklə bu faydasız məşğuliyyətlərin nəticəsini görəcəklər və yaxın gələcəkdə onlara verilmiş nemətlər haqqında sorğu-sual olunacaqlar.[7]
Təkasür sözü Quranda iki dəfə işlədilmişdir: həm "Təkasür" surəsində, həm də "Hədid" surəsinin 20-ci ayəsində. Əllamə Müstafəvi "Ət-Təhqiq" əsərində bu fikirdədir ki, "təkasür" sözündə davamlılıq nəzərdə tutulmuşdur.[8] Buna əsasən, "Təkasür" surəsində şiddətlə qınanan şey, var-dövlət və insan sayının çoxluğu ilə öyünmək, bu vasitələrlə izzət və ictimai mövqe qazanmaqda davamlılıqdır.
Nazilolma səbəbi
Məcməül-Bəyan təfsirində bu surə haqqında bir neçə nazilolma səbəbi qeyd edilmişdir. Bunlardan birində qeyd edilir ki, bu surə Qüreyşin iki qəbiləsi, Əbdü Mənaf ibn Quseyy və Səhm ibn Ömərin oğulları haqqında nazil olmuşdur. Onlar bir-biri ilə fəxrlə danışaraq, "Bizim əyan-əşraflarımız daha çoxdur" demişlər. Sonra hər biri öz əyan-əşraflarını saymağa başlamış və Əbdü Mənafın oğulları daha çox olmuşdu. Buna görə də Səhmin oğulları ölülərini saymağa qərar verib qəbir daşlarını saymağa getmişlər. Bundan sonra, Səhmin oğulları Əbdü Mənafın oğullarından daha çox oldular, çünki onlar cahiliyyət dövründə daha çox idilər.[9]
"Əl-hakumut-Təkasür" ayəsi İmam Əlinin (ə) kəlamında
İmam Əli (ə) Nəhcül-Bəlağənin bir xütbəsində "Əl-hakumut-Təkasür" ayəsini şərh edib. İmam (ə) "Təkasür" surəsinin ilk iki ayəsini oxuduqdan sonra onların ölülərdən ibrət almaq əvəzinə onları fəxr və öyünməyə çevirdiklərinə təəccübləndiyini bildirdi. O, ölümdən qafil olan insanlar atalarının məzarlarına və ölən çoxlu sayda insana baxmaq əvəzinə onlardan və onların vəziyyətindən ibrət götürsünlər, təkəbbür və lovğalıq etmək əvəzinə, təvazökarlıq etsinlər. İmam (ə) ölülərin vəziyyətindən ibrət almaq üçün bunu kafi hesab edir ki, bu ölüləri ilə fəxr edənlər onların kəllələri üstündə yeriyir və cəsədləri üzərində əkin əkirlər. Həmçinin onlardan qalanları yeyirlər, onların dağılmış evlərində məskunlaşıblar. Halbuki bu ölülər bir zamanlar davamlı izzət və yüksək şərəfə malik idilər. Onlar hakim padşahlar və ya başıuca rəiyyət (mülkədardan asılı, onun torpağını icarəyə götürən) idilər və sonda bərzəxə getdilər. Yer onları uddu, ətlərini yedi və qanlarını içdi. İndi onlar məzarların yarıqlarında cansız və hərəkətsiz qalıblar.[10]
Əhli-Beyt neməti və onun barəsində sual olunmaq
Təkasür surəsinin sonuncu ayəsində axirətdə nemətlər barədə soruşulacağı bildirilir (yəni insanın bu nemətləri hansı yolda sərf etdiyi). İmam Sadiq (ə) tərəfindən nəql olunan bir hədisdə, bu ayədəki "nemət" kəlməsindən məqsədin Əhli-Beyt (ə) olduğu bildirilmişdir. Hədisdə deyilir ki, Əbu Hənifə – sünni alimlərindən biri – bu ayənin mənasını İmam Sadiqdən (ə) soruşduqda, İmam (ə) ona buyurdu: "Səncə, bu ayədəki "nəim" kəlməsindən məqsəd nədir?" Əbu Hənifə cavab verdi: "Məqsəd qida və sudur". İmam Sadiq (ə) buyurdu: "Əgər Allah yediyin hər bir tikə və içdiyin hər bir qurtum su barədə səndən sual etmək üçün səni Qiyamət günü öz hüzurunda saxlamaq istəsə, o zaman orada çox dayanmalısan. Əslində, "nəim" kəlməsindən məqsəd biz Əhli-beytik (ə) ki, Allah bizim vasitəmizlə insanlar arasında dostluq və əlaqə yaratdı, halbuki əvvəlcə onlar bir-biri ilə ixtilaf içində və düşmən idilər. Həmçinin bizim vasitəmizlə onları İslama hidayət etdi. Bu, Allahın insanlardan soruşacağı bir nemətdir, yəni Peyğəmbər (s) və Onun Əhli-beytidir".[11] Böyük şiə müfəssiri Əllamə Təbətəbai "Əl-Mizan" təfsirində belə qeyd edir: "Axirətdə nemətlər barədə sual soruşulması o baxımdandır ki, insan bu nemətlərdən hər hansı birini insanın kamillik və Allaha yaxınlaşması üçün bəndəlik yolunda istifadə edib-etmədiyi barədə soruşulacaq. Əslində, nemətə dair sual, həyatın bütün sahələrində dinə əməl etmək barədə verilən sualdır və bu sual, Peyğəmbər (s) və Onun İmamları (ə) haqqında verilən sualdır. Allah Özünə çatmaq üçün onlara itaət etməyi vacib etmişdir və bu yolda irəliləmək, Peyğəmbər (s) və İmamların (ə) göstərdiyi kimi, Allahın nemətlərindən istifadə etməkdir. Ayədəki neməti (nəim) vilayət neməti hesab edən rəvayətlər də bu sözü təsdiqləyir.[12]
Surənin fəzilət və xüsusiyyətləri
Təkasür surəsinin tilavətinin fəziləti barədə rəvayətlərdə deyilir ki, bu surəni oxuyan şəxs üçün Allah dünya həyatında verdiyi nemətləri hesaba çəkmir və sanki Quranın min ayəsini oxumuş kimi olur.[13] Həmçinin İmam Sadiqdən (ə) rəvayət olunub ki, hər kəs bu surəni vacib namazlarında oxusa, Allah ona yüz şəhidin savabını yazır, əgər müstəhəb namazlarında oxusa, əlli şəhidin savabını yazır və vacib namazında qırx sıra mələklər onunla namaz qılırlar.[14] Bəzi rəvayətlərdə bu surə üçün başqa bir sıra xüsusiyyətlər də qeyd olunub. Onlardan biri budur ki, onu oxuyan şəxs sonrakı günün axşamına qədər qorunmuş olar.[15] Habelə "Əl-Durrul-Mənsur" kitabında Peyğəmbərdən (s) belə bir rəvayət nəql olunub ki, kim "Təkasür" surəsini yuxuya getməzdən əvvəl xalis niyyətlə oxuyarsa, ona yetmiş min yaxşılıq yazılar, yetmiş min günahı bağışlanar və yetmiş min dərəcə verilər. Bu surəni oxuyan şəxs öz ailəsi, qonşuları və dostları üçün şəfaət edə bilər və Allah, Nəkir və Munkir mələkləri ilə qarşılaşma çətinliklərini onun üçün asanlaşdırar.[16] Dəfn gecəsi namazının növlərindən biri də odur ki, birinci rükətdə "Həmd"dən sonra iki dəfə "Tövhid" surəsi, ikinci rükətdə isə "Həmd"dən sonra on dəfə "Təkasür" surəsi oxunur.[17]
Təkasür surəsinin mətni və tərcüməsi
Təkasür surəsi
Tərcümə | Ərəbcə mətn |
---|---|
Bağışlayan və mehriban Allahın adı ilə
1. (Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı. 2. O vaxta qədər ki, qəbiristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz). 3. Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz. 4. Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz. 5. Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz, 6. Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz). 7. Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz. 8. Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətilər barəsində sorğu-sual olunacaqsınız. |
İstinadlar
- ↑ Daneşnameye Quran və Quranpejuhi, c.2, s.1267
- ↑ Rağib İsfahani, Əl-Müfrədat, کثر sözünün mənası
- ↑ Siyuti, Əd-Durrul-mənsur, c.8, s.509
- ↑ Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.166
- ↑ Təbatəbai, Əl-mizan, c.20, s.351
- ↑ Daneşnameye Quran və Quranpejuhi, c.2, s.1267
- ↑ Təbatəbai, Əl-mizan, c.20, s.351-352
- ↑ Müstəfəvi, Həsən, Ət-Təhqiqu fi kəlmatil-Quranil-kərim, c.10, s.27
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.811
- ↑ Nəhcül-bəlağə, xütbə 221, farsca tərcümə: Məhəmməd Dəşti
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.813
- ↑ Təbatəbai, Əl-mizan, c.20, s.354
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.810
- ↑ Şeyx Səduq, Səvabul-əmal, h.q 1406, s.125
- ↑ Bəhrani, Əl-Burhan, h.q 1416, c.5, s.743
- ↑ Siyuti, Əd-Durrul-mənsur, c.6, s.686
- ↑ Qumi, Məfatihul-cinan, Müstəhəb namazlar
Ədəbiyyat
- Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli
- Bəhrani, Seyyid Haşim, Əl-Burhan fi təfsiril-Quran, Tehran, h.q 1416
- Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, c.2, Nahid- Dustan, Tehran, h.ş 1377
- Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Müfrədatu əlfazil-Quran, Beyrut, 1-ci çap, h.q 1412
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Qum, 2-ci çap, h.q 1406
- Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, m.1974, 2-ci çap
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov nəşriyyatı, 3-cü çap, h.ş 1372
- Qumi, Abbas, Məfatihul-cinan, Qum, Ayine daneş nəşri, 18-ci çap, h.ş 1390
- Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, 1-ci çap, h.ş 1371
Xarici keçidlər
- قرائت سوره تکاثر, Təkasür surəsinin oxunuşu
- مقاله سوره تکاثر در دائرة المعارف بزرگ اسلامی, farsca məqalə
- مقاله سوره تکاثر در دانشنامه جهان اسلام, farsca məqalə