Əmmarə nəfs

wikishia saytından
(Günaha sürükləyən nəfsi səhifəsindən yönləndirilmişdir)

Əmmarə nəfs (ərəbcə: النفس الأمارة), insanı pisliyə və günaha sürükləyən nəfsi haldır. Bu termin Yusif surəsinin 53-cü ayəsindən götürülmüşdür. Həva-nəfsin mənası əmmarə nəfsi ilə eyni hesab olunur. Həmçinin, hədislərdə qeyd olunan nəfslə cihad və ya cihadi-əkbər nəfslə mübarizə mənasına gəlmişdir.

Əmmarə nəfs, ləvvaməmutməinnə nəfslərinin müqabili olaraq, nəfsin ən aşağı mərtəbəsidir. Bundan üstün mərtəbəsi, insanın öz səhvlərinə görə özünü günahlandırdığı ləvvamə nəfsidir. Ən üstünü isə, aramlıq və əminliyə çatdıran mutməinnə nəfsidir.

Konseptologiya

Əmmarə nəfsi pisliklərə çox əmr edən mənasındadır və insanın ağlına tabe olmayaraq günaha və fitnə-fəsada tərəf yönəldiyi nəfsani halıdır.[1] Bu termin, "إِنَّ النَّفْسَ لَأَمَّارَ‌ةٌ بِالسُّوءِ" “Şübhəsiz ki, nəfs pisliyi əmr edər”[2] ayəsindən alınmışdır.[3] Əmmarə nəfs elə həvayi-nəfs hesab olunur.[4]

Əmmarə nəfsi - nəfsin ən aşağı dərəcəsi

Bəziləri nəfsi dərəcələrə bölürlər və əmmarə nəfsini isə onun ən aşağı mərtəbəsi hesab edirlər. Onların fikrincə, nəfsin bir neçə dərəcəsi var: aşağı mərtəbə, yəni, insanın ağıla tabe olmadığı əmmarə nəfsi, bundan bir mərtəbə yüksək dərəcəsi, şəxsin pis əməllərinə görə özünü günahlandırdığı ləvvamə nəfsidir. Ən üstün isə mutməinnə nəfsidir.[5] Bu mərhələdə davamlı şəkildə ağıla tabe olmağın nəticəsində, bu iş adət və ya vərdişə çevrilir və insan inam və rahatlığa çatır.[6]

Nəfslərin müxtəlifliyi ilə insan şəxsiyyətinin bir olmasının ziddiyyət təşkil etməməsi

Müsəlman alimləri deyirlər ki, insanın yalnız bir ruhu vardır və əmmarə, ləvvamə və mutməinnə nəfslərinin varlığı ruhun təkliyinə zidd deyildir. Onların fikrincə, bu terminlər ruhun müxtəlif hallarını və səviyyələrini göstərir,[7] yəni nəfs pis əməlləri əmr etdikdə biz ona “Əmara” nəfsi deyirik, xəta etməkdə özünü günahlandırırsa , biz onu "Ləvvamə" nəfsi adlandırırq.[8]

Əmmarə nəfsi ilə mübarizə

İslam Peyğəmbərinin (s) bir hədisində hərbi müharibəyə Cihadi-Əsğər (kiçik cihad) nəfslə mübarizəyə isə Cihad Əkbər (böyük cihad) deyilir.[9] Əllamə Təbatəbai bu hədisdə nəfslə mübarizənin mənasını əmmarə nəfslə mübarizə hesab etmişdir.[10] Həmçinin, Əllamə Məclisi "sənin ən böyük düşmənin sənin nəfsindir"[11] hədisinə istinad edərək insanın “ən böyük düşməni”ni onun nəfsi hesab edirdi.[12]

Mürtəza Mutəhhəri həmçinin المُجاهِد مَن جاهَدَ نَفْسَه "Mücahid nəfsi ilə vuruşandır” hədisinə istinad edərək[13] yazırdı ki, nəfs ilə cihad, əmmarə nəfsi ilə mübadizə deməkdir.[14]

Xaca Nasirəddin Tusinin nəzərində, əmmarə nəfs insan ruhunun heyvani mərhələsidir. Nəfsin bu mərtəbəsinin məsuliyyəti bədəni saxlamaq üçün şəhvət və instinktlərə nail olmağa çalışmaqdır. Heyvani ruhu tərbiyə etmək olmur, ona görə də qəzəbin gücü ilə idarə olunmalıdır ki, onun çox istəməyi ruhun özünü məhv etməsinə səbəb olmasın.[15]

Ədəbiyyatda əmmarə nəfs termini

Əmmarə nəfs termini fars ədəbiyyatında işlədilmişdir. Məsələn, Sə'di bir şeirində Əmmarə nəfsinə tabe olmağın nəticəsini zillət kimi təsvir etmişdir:

Əmmarə nəfs edər insani bil xar ! *** Əziz tutma! Şə'nin üçün olar ar ![16]

Hicri-qəməri 8-ci əsrin arif şairi Mahmud Şəbistəri əmmarə və ləvvamə nəfsini belə tərif və müqayisə etmişdir:


Dərk etsən əgər nəfs ilə şeytanı, bilərsən! *** Hər iksi də küfrün ilə nəfsin zühurudur
Olmuşsa da nəfsin sənin əmmarəyə cilvə, *** Şeytandı, fikir eylə ki, qəlbin qürurudur.
Nəfsin ki, sənin gər ola ləvvaməyə peyman, *** Ol vəqt deyilər nami-şərifinə müsəlman !
Pisdirsə, onun isminə əmmarə deyərlər, *** Gər ram edə bilsən ona ləvvamə deyərlər.[17]

Əlaqəli məqalə

İstinadlar

  1. Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.27
  2. Yusif surəsi, ayə 53
  3. Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.37
  4. Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.36; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.23, s.592
  5. Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.26-27; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.595-596
  6. Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.27
  7. Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.36-37; Misbah Yəzdi, Əxlaq və irfane İslami, s.8
  8. Misbah Yəzdi, Əxlaq və irfane İslami, s.8
  9. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.12
  10. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.14, s.411
  11. Məcmue Vərram, h.q 1410, c.1, s.59
  12. Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.36-37
  13. Seyyid Rəzi, Əl-Məcazatun-Nəbəviyyə, h.ş 1380 \ h.q 1422, s.194
  14. Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.23, s.592
  15. Xacə Nəsirəddin Tusi, Əxlaq Nasiri, h.q 1413, c.1, s.41
  16. سعدی، مصلح‌الدین، بوستان، باب ششم در قناعت، بخش ۴، تاریخ بازدید: ۲۸ اردیبهشت ۱۳۹۶ش., ganjoor.net saytı
  17. شبستری، کنزالحقایق، وبگاه گنجور، تاریخ بازدید: ۲۷ آبان ۱۳۹۹ش., ganjoor.net saytı

Ədəbiyyat

Xarici keçid