Əsmayi-hüsna

wikishia saytından
Əsmayi-hüsnanı özündə cəmləyən bir tablo

Əsmayi-hüsna (ərəbcə: الأسماء الحسنى) – Allahın gözəl adları mənasını verən Quran termini. Məlum ifadə Qurani-Kərimin dörd surəsində keçməkdədir. Ayələrin birində Allahı bu adla çağırmağa əmr edilmişdir. Müsəlman alimlərinin fikrincə, əsmayi-hüsnada məqsəd Allahın yüksək məzmuna malik gözəl adları və sifətləridir (atributlarıdır). Habelə, qeyd edilir ki, sözükeçən ayəyə əsasən, əsmayi-hüsna ancaq Allaha məxsusdur.

Bəzi rəvayətlərdə isə Əhli-beyt (ə) əsmayi-hüsnanın nümunəsi kimi tanıtdırılmış və onların vasitəsi ilə Allaha yaxınlaşmaq sifariş edilmişdir.

Allahın gözəl adları

Əsmayi-hüsna Qurani-Kərimdən əxz edilmiş bir məfhumdur və mənası Allahın gözəl adları deməkdir.[1] Bu ifadə Qurani-Kərimdə dörd surədə keçmişdir: “Taha” surəsi, 8-ci ayə, “Həşr” surəsi, 24-cü ayə, “Əraf” surəsi, 180-ci ayə“İsra” surəsi, 110-cu ayə. Bu ayələrdə deyilir: “Ən gözəl isimlər (əsmayi-hüsna) Ona məxsusdur!”[2] Əraf surəsində isə bu ayənin davamında “Onu bu adlarla çağırın”, - deyilir.[3]

Əsmayi-hüsnaya dair qənaətlər

Müsəlman müfəssirləri əsmayi-hüsnaya dair fərqli qənaətlərə malikdirlər. “Məcməül-Bəyan” kitabının müəllifi Şeyx Fəzl ibn Həsən Təbərsiyə görə, Allahın adlarının əsmayi-hüsna adlandırılmasının səbəbi, bu adların gözəl məna kəsb etməsi ilə əlaqədardır, məsələn Cəvad, Rəhim, Rəzzaq, Kərim kimi adlar gözəl mənalar ifadə edir.[4] Şeyx Tusi “Ət-Tibyan” kitabında yazır ki, əsmayi-hüsnada məqsəd Allahın gözəl məna ifadə edən sifətləridir (atributlarıdır).[5] “Nümunə” təfsirinin müəllifləri də bi izahları dəstəkləmişlər.[6]

Əllamə Təbatəbaiyə görə isə əsmayi-hüsnada məqsəd Allahın vəsfedici adlarıdır, yəni həmin adlar Onun hansısa xüsusiyyətinə dəlalət edirlər, məsələn, Cavad, Adil, Rəhim kimi adlar. Allahın zatına dəlalət edən adlar (əgər belə adlar varsa) əsmaiyi-hüsnaya daxil deyildir. Misal üçün, Zeyd, Əmr kimi adlar fərdin hansısa xüsusiyyətini əks etdirmir, yalınız ona dəlalət edir. Vəsfedici məna deyərkən məqsəd gözəllik ehtiva edən vəsflərdir, hətta bu vəsfvlər Allahda ən gözəl mənanı ifadə etməlidirlər. Yəni onlar Allahın zatına və şanına uyğun vəsf olmalıdır. Buna görə də şücaət, iffət kimi adlar gözəl adlar hesab edilsə də Allahın zatına uyğun vəsf sayılmır çünki, özlərində cismi xüsusiyyətləri əks edirlər, halbuki, əsmayi-hüsna hər bir nöqsandan pak olmalıdır.[7]

Gözəl adlar Allaha məxsusdur

Bəzi şiəsünni müfəssirlərinə görə, «لِلَّهِ الْأَسْماءُ الْحُسْنی» (Gözəl adlar Allaha məxsusdur)[8] ayəsi gözəl adların yalınız Allaha məxsus olmasına dəlalət edir. Çünki, «لله» (lillah) ayənin əvvəlində qeyd edilmişdir və bu da ərəb dilində məfhumun istisnalığına dəlalət edir. Bundan əlavə, ayədə “əsma” sözünün “əlif-lam” artiklı ilə gəlməsi onun ümumi məna ifadə etməsini göstərir.[9] Əllamə Təbatəbaiyə görə, ayənin mənası budur ki, dünyada mövcud olan bütün ən gözəl və ən yaxşı adlar Allaha məxsusdur və heç kəs həmin adlarda Allahla şərik deyil. Əlbəttə bu söz, Allahın özünə aid olan, məsələn, elm, mərhəmət kimi bəzi sifətləri başqalarına nisbət verməsi ilə ziddiyyət təşkil etmir. Çünki, əslində bu adların həqiqəti Allaha məxsusdur.[10]

Əhli-beyt - əsmayi-hüsnanın nümunələri

Bəzi hədislərdə Əhli-beyt (ə) əsmayi-hüsnanın nümunələri kimi təqdim edilmişdir. Məhəmməd ibn Yaqub Küleyni “Əl-Kafi” kitabında “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırın” ayəsinin izahında İmam Sadiqdən (ə) belə bir rəvayət nəql etmişdir: “And olsun Allaha, əsmayi-hüsna bizik və Allah bizi tanımayan heç bir bəndənin əməlini qəbul etməz”.[11] Şiə müfəssiri Məhəmməd ibn Məsud Əyyaşi (ö. 932) sözü keçən ayənin təfsirində İmam Rzadan (ə) belə nəql etmişdir: “Çətinlik vaxtı bizdən kömək istəyin və bu, Allahın həmin sözüdür: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırın”.[12]

Bəzi tədqiqatçılar bu rəvayətlərə istinad edərək, “Əraf” surəsinin 180-cı ayəsində keçən “Allahı çağırmaq” ifadəsində məqsədin Əhli-beytə (ə) təvəssül etmək olduğunu bildirmişlər.[13]

İstinadlar

  1. Məkarim Şirazi, Peyame Quran, h.ş 1369, c.4, s.40
  2. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.15, a.412
  3. Əraf surəsi, ayə 180
  4. Təbərsi, “Məcməül-Bəyan”, h.ş 1372, c.4, s.773
  5. Şeyx Tusi, Ət-Tibyan, c.5, s.39-40
  6. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.23
  7. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.8, s.342-343
  8. Əraf surəsi, ayə 180
  9. Razi, Ət-Təfsirul-kıbir, h.q 1420, c.15, s.414; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.8, s.343; Züheyli, Ət-Təfsirul-kəbir, h.q 1418, c.9, s.175
  10. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.8, s.449
  11. Küleyni, Əl-Kafi, h.q 1407, c.1, s.143-144
  12. Məsud Əyyaşi, Kitabut-təfsir, h.q 1380, c.2, s.42
  13. İsfəhani, Simat duasının şərhi, h.ş 1385, s.28-35

Ədəbiyyat

  • Dəhkordi İsfəhani, Seyyid Əbül Qasim və Məcid Cəlali, Simat duasının şərhi, Qum, Bustane kitab, h.ş 1385
  • Züheyli, Vəhbəh, Ət-Təfsirul-munir, Beyrut, Darul-fikril-muasir, h.q 1418
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan Təhqiq: Əhməd Quseyr Amili, Beyrut
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Kitabut-təfsir, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, Elmiyyə çapxanası, h.q 1380
  • Təbətəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məkarim Şirazi, Nasir, Peyame Quran, Qum, Əmirə-möminin (ə) mədrəsəsi, h.ş 1369
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374