Xatircəm nəfs

wikishia saytından
(Nəfsul-mutməinnə səhifəsindən yönləndirilmişdir)

Xatircəm nəfs (ərəbcə: النفس المطمئنة) insan nəfsinin aramlıq və xatircəmliyə çatdığı və günaha meylli olmadığı bir vəziyyətə aiddir. Bu söz "Fəcr" surəsinin 27-ci ayəsində qeyd edilmişdir.

Əllamə Təbatəbai xatircəm nəfsi Allahı zikr etmək nəticəsində aramlıq tapan, Allahın razı olduğu hər şeydən razı qalan, özünü heç bir xeyir və ya şər, mənfəət və ya zərərin sahibi saymayan nəfs hesab edir. Həmçinin deyilib ki, xatircəm nəfs, insanın Allahın qarşısında öz yoxluğunu müşahidə etməsi sayəsində özündən azad olduğu və özünü Allaha təslim etdiyi nəfs mərhələsidir. İmam Xomeyninin (r.ə) fikrincə də, xatircəm nəfs, yəni artıq heç bir istəkləri olmayan nəfsdir. Xatircəm olmayan nəfsin də əlaməti odur ki, bütün dünyanı bir tikə şəklində edib ona versələr, yenə də onu az hesab edər və ondan başqasını istəyər.

Xatircəm nəfs, əmmarələvvamə nəfsin qarşısında, nəfsin ən yüksək mərtəbəsi hesab olunur. Əmmarə nəfsdə insan günaha sövq edilir. Ləvvamə nəfs də səhvlərinə görə insanı danlayır. Müsəlman alimlərinin fikrincə, insanın yalnız bir nəfsi vardır. Əmmarə, ləvvamə və xatircəm nəfsin varlığı nəfsin bir olması ilə ziddiyyət təşkil etmir; Daha doğrusu, bu terminlər nəfsin müxtəlif hallarını və mərtəbələrini göstərir.

Bəzi hədislərdə xatircəm nəfs ayəsini bəyan etməklə onun üçün nümunələr qeyd edilmişdir. İmam Əli (ə), İmam Hüseyn (ə)Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) iman gətirənlər o nümunələrdəndir.

Tərifi

Xatircəm nəfs, nəfsin elə bir halıdır ki, günahdan uzaq durmaq üçün ağıldan itaət etməkdə davamlı olmaq nəticəsində bu iş, insanın vərdişinə çevrilir. Habelə onun nəfsində xatircəmlik və aramlıq yaranır.[1] Bu termin, Qurandan bir kəlmədir və "Fəcr" surəsinin 27-ci ayəsində gəlmişdir.

Nəfsin bir neçə dərəcəyə malik olduğunu hesab ediblər. Həmçinin xatircəm nəfsi, əmmarələvvamə nəfs ilə müqayisədə nəfsin ən yüksək dərəcəsi olduğunu bildiriblər. Nəfsin ən aşağı mərtəbəsi əmmarə nəfsdir ki, insan onda ağlına tabe olmur və günaha meyl edir. Ondan üstün mərtəbədə ləvvamə nəfs durur ki, onda nəfs ayıq-sayıqdır və pis bir iş görsə, özünü danlayır. Bundan da üstün mərtəbədə xatircəm nəfs qərar tutur.[2] Əl-Mizanda Əllamə Təbatəbai xatircəm nəfsi Allahı zikr etmək nəticəsində aramlıq tapan, Allahın razı olduğu hər şeydən razı qalan, özünü heç bir xeyir və ya şər, mənfəət və ya zərərin sahibi saymayan nəfs hesab edir. Həmçinin o, dünyanı keçid yeri hesab edir və hər bir yoxsulluq və ehtiyacsızlığı ilahi imtahan hesab edir; Bu səbəbdən o, həmişə bəndəlik sərhədində qərar tutub. Dünya nemətləri onu fəsad və təkəbbürlü olmağa tərəf çəkmir. Həmçinin fəqirlik və yoxsulluq da onu küfrə və şükrü tərk etməyə sövq etmir.[3] Seyid Məhəmməd Mehdi Bəhrul-Ulum "Seyr və Suluk" risaləsində xatircəm nəfsi üzma (böyük) hicrətə daxil olmaq mərhələsi hesab edir. O da öz vücudundan hicrət edib, onu buraxıb tərk etmək, mütləq varlıq aləminə səfər etməkdən və ona tam diqqət yetirməkdən ibarətdir. Həmçinin "ya əyəttuhən-nəfsul-mütməinnə" ibarətini ən böyük cihaddan çıxıb, xatircəmlik məkanı olan zəfər və qələbə aləminə qədəm qoyan və nəfsini Allaha təslim edən bir nəfsə xitab edərək demişdir. Habelə böyük İslamı dərk etmiş və Allahın varlığı qarşısında öz yoxluğunu müşahidə etmək vasitəsi ilə və bu məsələni qəlbən etiraf edərək, xatircəmlik və əmin-amanlıq yeri olan böyük iman dərəcəsinə daxil olmuş və orada qərar tutmuş şəxsə müraciət edərək söyləmişdir. Eləcə də, "ircii ilə rəbbiki" (Rəbbinə qayıt) ifadəsi öz vücudundan Rəbb və Pərvərdigar olan Allahın varlığına doğru hicrət etmək üçün verilən göstərişdir. Bu hicrətdən sonra da Allahın təşrii və təkvini qəza və qədərinə razı olacaq. Həmçinin ondan heç bir pis əməl və günah baş verməyəcək.[4]

İmam Xomeyninin (r.ə) nəzərinə görə, xatircəm nəfs, yəni artıq heç bir istəkləri olmayan nəfsdir. Xatircəm olmayan nəfsin də əlaməti odur ki, bütün dünyanı bir tikə şəklində edib ona versələr, yenə də fikirləşdiyi zaman onu az hesab edər və ondan başqasını istəyər. o; Onun istəyi başqadır. Onun fikrincə, nəfs mütləq kamilliyə çatdıqda xatircəmlik əldə edir. Mütləq kamal da o zamandır ki, yalnız Allah olsun, Ondan başqa heç nə olmasın. Rəhbərliyə fikir vermək, səltənətə fikir vermək, maddə aləminə diqqət yetirmək, başqa aləmlərə, qeybə, şəhadətə diqqət yetirmək heç bir şey olmamalıdır. Yalnız Allah yad edilməlidir, Ondan başqa heç bir şey deyil.[5]

Müxtəlif nəfslərin insan şəxsiyyətinin bir olması ilə ziddiyyət təşkil etməməsi

Müsəlman alimləri deyirlər ki, insanın yalnız bir nəfsi və ya özü vardır. Əmmarə, ləvvamə və xatircəm nəfsin varlığı nəfsin bir olması ilə ziddiyyət təşkil etmir; Daha doğrusu, bu terminlər nəfsin müxtəlif hallarını və mərtəbələrini göstərir.[6] Yəni nəfs pis əməlləri əmr etdikdə biz ona nəfsi əmmarə nəfs deyirik, səhv etdiyi zaman özünü danladığına görə isə onu ləvvamə nəfs adlandırırıq.[7]

Hədislərdə xatircəm nəfsin nümunələri

Hədislərdə "Fəcr" surəsinin 27-ci ayəsində qeyd olunan "xatircəm nəfs" kəlməsi üçün nümunələr qeyd edilmişdir. Kuleyni  də "Əl-Kafi" kitabında bir hədis nəql etmişdir ki, orada Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) iman gətirən nəfsi "xatircəm nəfs" hesab etmişdir.[8] "Şəvahidut-Tənzil" kitabındakı bir rəvayətə əsasən, İmam Əli (ə)[9] "Təfsiri Qummi"dəki başqa bir rəvayətə görə isə İmam Hüseyn (ə) onun nümunəsidir.[10] Hüseyn Əli Müntəzərinin nəzərinə əsasən, bu təfsirinin dəlili odur ki, İmam Hüseyn (ə) Allah yolunda əzmkarlığı ilə xatircəm bir nəfsə malik olduğunu və Allahın xitabına layiq olduğunu gözəl nümayiş etdirdi.[11]

Əxlaqda xatircəm nəfs

Bəzi mütəfəkkirlər insanın xatircəm nəfs mərhələsindəki aramlığını əxlaqi məsələlərlə bağlı hesab edirlər. Seyyid Məhəmmədhüseyn Təbatəbai "Rəd" surəsinin 28-ci ayəsinin təfsirində xatircəm nəfsin aramlığını Allahı hər şeyin sahibi hesab etməsi ilə əlaqədar hesab edir; Nəticə etibarilə, nə dünya nemətlərindən bəhrələnmək onun tüğyan etməsinə və üsyankar olmasına səbəb olur, nə də əliboş olmaq onu küfr edib şükürdən əl çəkməyə sövq edir.[12] Feyz Kaşani də xatircəm nəfsi şəhvani instinktlərlə mübarizə nəticəsində çaşqınlığı aradan getmiş və aramlığa çatmış bir nəfs bilir.[13]

Əlaqəli məqalələr

İstinadlar

  1. Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.27
  2. Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.26-27; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.595-596
  3. Təbatəbai, Əl-Mizan, h.q 1394, c.20, s.285
  4. «رساله سیر و سلوک منسوب به بحرالعلوم», maarefislam.com saytı
  5. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.14, s.206, 207
  6. Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.36-37; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.595; Misbah Yəzdi, Əxlaq və İrfane İslami, s.8
  7. Misbah Yəzdi, Əxlaq və İrfane İslami, s.8
  8. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.127-128
  9. Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.2, s.429
  10. Qummi, Təfsirul-Qummi, h.q 1404, c.2, s.422
  11. Müntəziri, İslam dine fitrət, c.1, s.317
  12. Təbatəbai, Əl-Mizanın farsca tərcüməsi, h.ş 1378, c.20, s.477
  13. Feyz Kaşani, Rahe ruşən, c.5, s.16

Ədəbiyyat

  • Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Tehran, 1-ci çap, h.q 1411
  • İmam Xomeyni, Seyyid Ruhullah, Səhifeye İmam, Tehran, 5-ci çap, h.ş 1389
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizanın farsca tərcüməsi, Qum, Dəftəre entaşarate İslami, 5-ci çap, h.ş 1378
  • Qummi, Əli ibn İbrahim, Təfsirul-Qummi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Əxlaq və İrfane İslami, h.ş 1387
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Əxlaq və İrfane İslami, Qum, 9-cu çap, h.ş 1399
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra nəşriyyatı, h.ş 1389