Namaz qılanın paltarı

wikishia saytından
(Namaz qılanın libası səhifəsindən yönləndirilmişdir)

Namaz qılanın paltarı (ərəbcə: لباس المصلي), namaz qılan şəxsin namazda geyindiyi paltardır. Fəqihlər namaz qılan şəxsin paltarı və onun əhatə dairəsi üçün bir sıra qayda və şərtləri qeyd ediblər. Onlar yekdilliklə deyiblər ki, naməhrəm olub-olmamasından asılı olmayaraq, qadınlara namazda üzün yuvarlaq şəkli və əllərin biləkdən barmaqların ucuna qədər olan hissəsi istisna olmaqla, bədənlərinin digər hissələrini və başlarının tüklərini örtmək vacibdir. Namazda kişilərin cinsiyyət orqanlarından başqa bədənlərini örtməsi vacib deyildir.

Namaz qılanın paltarının başqa bir şərti də odur ki, o, pak olsun və nəcis olmasın, mübah olsun və oğurluq olmasın. Əti haram olan heyvanın hissələrindən və həmçinin əti haram və halal (şəri qaydaya uyğun kəsilməyən əti halal heyvan) olan heyvanların murdar hissələrindən olmasın.

Fəqihlərin fətvasına əsasən, qızıldan tikilmiş və ya qızılişləməli paltar geymək, eləcə də ipəkdən paltar geyinmək kişilərə haramdır və onların o paltarlarla qıldıqları namaz batildir. Fəqihlər namaz qılanın paltarı ilə bağlı müstəhəbməkruh hökmləri də bəyan ediblər.

Əhəmiyyəti

Namazda namaz qılanın geyindiyi paltarın hökmləri və şərtləri olmalıdır. Fəqihlər təharət və namaz kimi bəzi fiqh fəsillərində, onun hökmlərini bəyan ediblər.[1] Hürr Amuli “Vəsailuş-Şiə” kitabında “namaz qılanın paltarının fəsilləri” adlı müstəqil bölmə hazırlamış və 64 fərqli fəsildə namaz qılmağın müxtəlif hökmlərinin bəyan edilməsi ilə bağlı nəql olunan rəvayətləri toplamışdır.[2]

Namazda örtünmə miqdarı

Fəqihlərə görə, namazda kişi və qadın üçün örtünün miqdarı fərqlidir:

Qadının örtünməsi

Bəzi fəqihlərin dediyinə görə, fəqihlər arasında icma (yekdil fikir) vardır[3] ki, naməhrəm olub-olmamasından asılı olmayaraq,[4]  qadınlara namazda üzün yuvarlaq şəkli və əllərin biləkdən barmaqların ucuna qədər olan hissəsi istisna olmaqla, bədənlərinin digər hissələrini və başlarının tüklərini örtmək vacibdir.[5] Əlbəttə, bir qrup şiə fəqihləri namazda saçlarını örtməyin vacibliyinə şəkk etmişlər.[6] Dördüncü qəməri əsrinin fəqihlərindən olan İbn Cüneydin fətvasına əsasən, qadınların onları görən naməhrəm olmayan yerdə başı açıq namaz qılmalarının heç bir eybi yoxdur.[7]

Bəzi fəqihlər bu qənaətdədirlər ki, namazda üz və əllərdən başqa, ayağın üstünün (topuqdan aşağı) açıq olmasının heç bir eybi yoxdur.[8] Yəzdi Təbatəbai (Sahib-Urvə) demişdir ki, namazda ayaqların içlərinin açıq olmasının da eybi yoxdur.[9]

Kişinin örtünməsi

Fəqihlərin icmasına[10] (yekdil rəyinə) görə, namazda kişinin cinsiyyət orqanından başqa bədənini örtməsi vacib deyil.[11] Təbatəbai Yəzdinin fikrincə, namazda göbəkdən dizə qədər örtmək ehtiyat-müstəhəbdir.[12] Sahib Cəvahir dediyinə görə, kişilərin sadəcə cinsiyyət orqanı örtülü halda namaz qılması icazəli olsa da, bu, məkruhdur (xoşagəlməzdir).[13]

Digər hökmlər

Namaz qılanın paltarının bəzi digər hökmləri isə belədir:

Paklıq və təharət

Şiə fəqihlərinin icmasına əsasən, namaz qılanın paltarı pak olmalıdır[14] və əgər nəcis olsa, onun nəcisliyini aradan aparmaq vacibdir.[15]

Əlbəttə ki, fəqihlər yara, çiban və qanayan yaralar vasitəsi ilə qana bulaşmış paltarı, həmçinin bir dirhəmdən az olan qanı (heyz, nifas (doğuşdan sonra görülən qan) və istihazə qanından başqa) istisna etmişlər.[16]

Həmçinin deyiblər ki, corab, papaq, araqçın, əlcək kimi namazın onlarla bitmədiyi (yəni onlarla cinsiyyət orqanını örtmək mümkün olmayan) kiçik paltarlar əgər nəcis olsalar, namazda eybi yoxdur.[17] Bəzi fəqihlərin dediyinə görə, namaz qılan şəxsin yanında olan üzük, açar, saat və sikkə kimi xırda cisim və alətlər nəcis olsa, eybi yoxdur.[18]

Şiə fəqihlərinin məşhur nəzərinə görə,[19] uşağın tərbiyəçi və baxıcısı olan (istər uşağın anası olsun, istərsə də başqası olsun) və yalnız bir paltarı olan qadın, əgər bu paltar həmin uşağın sidiyi ilə nəcis olmuşsa, onu gün ərzində yalnız bir dəfə yumalıdır və hər namaz üçün onu pak etmək lazım deyil.[20]

Paltarın mübah olması

Fəqihlərin icmasına əsasən, namaz qılanın paltarı mübah olmalıdır; yəni oğurluq olmamalıdır.[21] Deməli, əgər namaz qılan şəxs qəsb edilmiş paltardan istifadə etməyin haram olduğunu bildiyi halda qəsdən onunla namaz qılarsa, namazı batildir.[22] Əlbəttə ki, namaz qılan şəxs paltarının qəsb edildiyini bilməsə və ya unutsa və onunla namaz qılsa, namazı səhihdir.[23] Amma namazın ortasında yadına düşsə, cinsiyyət orqanını örtməklə və oğurluq olmayan paltarla namazı davam etdirmək imkanı olarsa, dərhal oğurluq paltarı çıxartmalıdır. Hətta bir rükəti belə vaxtında oxuya bilsə, qəsb olunmuş paltarı çıxartmalıdır. Əlbəttə ki, canını və ya qəsb olunmuş malını qorumaq üçün onunla namaz qılmağa məcbur olsa, namazı düzgündür.[24] Namaz qılan xumsunuzəkatını vermədiyi pulla paltar alsa və onunla namaz qılarsa, namazı batildir.[25] Digər bir fətva da budur ki, üzük, telefon və kəmər kimi qəsb edilmiş əşyalardan istifadə etmək haramdır. Amma onların namazda yanınızda olması namazı batil etmir.[26]

Paltarın materialı

Fəqihlərin fətvalarına əsasən, namaz qılan şəxsin paltarı əti haram olan heyvanın hissələrindən olmamalıdır. Deməli, əgər onun paltarı əti haram olan heyvanın dərisindən, tükündən, yunundan və s.-dən olsa və ya bu əşyalardan hər hansı biri namazda onun yanında olsa və ya paltarına yapışsa, namazı batildir.[27] Bundan əlavə demişlər ki, əgər paltarın üzərində əti haram olan heyvanların və quşların tüpürcəyi, nəcisi kimi şeylər varsa, onunla qılınan namaz batildir.[28] Həmçinin namaz qılanın paltarı əti haram və ya halal olan (şəri qanuna uyğun kəsilməyən) heyvanın murdar hissələrindən olmamalıdır.[29]

Kişiyə qızıldan tikilmiş və ya qızılişləməli paltar geyinmək haramdır və onunla qıldığı namaz da batildir.[30] Həmçinin qızıl zəncir asmaq, qızıl üzük taxmaq, qızıl qol saatı vurmaq kişilərə haramdır. Habelə bəzi fəqihlərin fətvasına əsasən, namaz qılarkən ondan çəkinmək vacibdir.[31]

Fəqihlərin fətvalarına görə, kişinin üzərinə ipək paltar geyməsi haramdır və onunla qıldığı namaz batildir.[32] Araqçın, corab, papaq, paltarın astarları və bu kimi şeylər, əgər xalis ipəkdən olsa, bəzi fəqihlərin nəzərinə əsasən, namazı batil edir.[33]

Müstəhəb və məkruhlar

Məsum imamların (ə) rəvayətlərinə əsasən, fəqihlər namaz qılan şəxsin paltarında lazım olan şərtlərdən başqa, bu barədə müstəhəb və məkruh hökmləri də bəyan ediblər:[34]

Müstəhəblər

Namaz qılanın paltarında müstəhəbb sayılan şeylərdən bəziləri:

  • Ağ paltar geymək;
  • Kişi əba, qadın isə çarşaf geyinməlidir;
  • Ən təmiz paltarı geyinmək;
  • Xoş iyli ətirdən istifadə etmək;
  • Əqiq üzük taxmaq.[35]

Məkruhlar

Sahibi-Ürvə namaz qılanın paltarının məkruhları ilə bağlı 33 məsələni qeyd etmişdir ki, onlardan bəziləri aşağıdakılardır:

  • Qara paltar geymək;
  • Çirkli paltar geymək;
  • İnsan və ya heyvan şəkli olan paltar geyinmək;
  • Qadınların niqab taxması;
  • Dar paltar geyinmək;
  • Yalnız nazik paltar geymək;
  • Şöhrət paltarı geymək.[36]

İstinadlar

  1. Bəhrani, Hədaiqun-nazirə, h.ş 1363, c.5, s.290; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.327
  2. Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.4, s.343-465
  3. Mühəqqiq Hilli, Əl-Mutəbər, h.q 1407, c.2, s.101; Həkim, Mustəmsəkul-ürvətil-vüsqa, h.q 1387, c.5, s.250
  4. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.318
  5. Mühəqqiq Hilli, Əl-Mutəbər, h.q 1407, c.2, s.101; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.318; Həkim, Mustəmsəkul-ürvətil-vüsqa, h.q 1387, c.5, s.250
  6. Ərdəbili, Məcməul-faidə vəl-burhan, h.q 1403, c.2, s.105; Musəvi Ərdəbili, Mədarikul-əhkam, h.q 1429, c.3, s.189; Həkim, Mustəmsəkul-ürvətil-vüsqa, h.q 1387, c.5, s.255
  7. İbn Cüneyd, Məcmueye fətavaye İbn Cüneyd, h.q 1416, s.51
  8. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.87; Mühəqqiq Hilli, Əl-Mutəbər, h.q 1407, c.2, s.101; Şəhid Əvvəl, Əl-Əlfiyyə, h.q 1408, s.50
  9. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.319
  10. Səbzivari, Muhəzzəbul-əhkam, c.5, s.243
  11. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.8, s.175
  12. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.319
  13. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.8, s.175
  14. Səbzivari, Muhəzzəbul-əhkam, c.5, s.262
  15. Şəhid Sani, ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.1, s.289; Bəhrani, Hədaiqun-nazirə, h.ş 1363, c.5, s.290
  16. Şəhid Sani, ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.1, s.289; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.210
  17. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.219
  18. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.219; Həkim, Mustəmsəkul-ürvətil-vüsqa, h.q 1387, c.1, s.582
  19. Bəhrani, Hədaiqun-nazirə, h.ş 1363, c.5, s.345
  20. Bəhrani, Hədaiqun-nazirə, h.ş 1363, c.5, s.345; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.221
  21. Həkim, Mustəmsəkul-ürvətil-vüsqa, h.q 1387, c.5, s.278
  22. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.328
  23. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.328-329
  24. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.232
  25. Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.1, s.151
  26. https://makarem.ir/ahkam/fa Makarem.ir saytı, Ayətullah Məkarim Şirazinin dəftərinin rəsmi internet saytı
  27. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.337
  28. Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.1, s.151
  29. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.334
  30. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.341; Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.1, s.152
  31. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.341-342
  32. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.343-344; Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.1, s.153
  33. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.343-344
  34. Səbzivari, Muhəzzəbul-əhkam, c.5, s.347
  35. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.361
  36. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.2, s.360

Ədəbiyyat

  • İbn Cüneyd, Məhəmməd ibn Əhməd, Məcmueye fətavaye İbn Cüneyd, Təhqiq: Əli Pənah İştihardi, Qum, h.q 1416
  • Bəhrani, Yusif, Hədaiqun-nazirə, Qum, h.ş 1363
  • Həkim, Seyyid Möhsin, Mustəmsəkul-ürvətil-vüsqa, Beyrut, h.q 1387
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, h.q 1416
  • Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Tehran, 1-ci çap, h.q 1434
  • Səbzivari, Seyyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, Darut-təfsir
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Əlfiyyə, Qum, h.q 1408
  • Şəhid Sani, Zeynuddin ibn Əli, ər-Rövzətul-bəhiyyə, Qum, Davəri nəşriyyatı, h.q 1410
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, 3-cü çap, h.q 1387
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Qum, İslami nəşr müəssisəsi, h.q 1417
  • Mühəqqiq Ərdəbili, Əhməd ibn Məhəmməd, Məcməul-faidə vəl-burhan, Qum, İslami nəşr müəssisəsi, h.q 1403
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Əl-Mutəbər, Qum, Seyyidüş-Şühəda, 1-ci çap, h.q 1407
  • Musəvi Ərdəbili, Seyyid Məhəmməd, Mədarikul-əhkam, Qum, İslami nəşr müəssisəsi, h.q 1429
  • Nəcəfi, məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.ş 1362