Zilhiccə ayının ilk ongünlüyünün namazı

wikishia saytından

Zilhiccə ayının ilk ongünlüyünün namazı (ərəbcə: صلاة الليالي العشر الأولى من ذي الحجة) bu ayın ilk ongünlüyündə hər axşam iki rükət qılmaq müstəhəbdir. Bu, Zilhiccə ayının ilk ongünlüyü namazı adlanır. Namazda Həmd və surədən sonra "Əraf" surəsinin 142-cı ayəsi oxunur. Sözükeçən ayə Həzrət Musanın (ə) Turi-Sina dağına "Lövhələr"-i almaq məqsədi ilə getdiyi qırx günlük görüşdən bəhs edir. Bu qırx günün son on günü zilhiccə ayının ilk on gününə təsadüf etmişdir. Bir rəvayətə əsasən, zilhiccə ayının ilk ongünlüyündə bu namazı qılan adam hacıların savabına şərik sayılır.

Namazı qılmaq qaydası

Zilhiccə ayının ilk ongünlüyünün namazı bu ayın ilk on axşamı məğribişa namazı arası qılınır.[1] Bu namaz iki rükətdir. Hər rükətdə Həmd və surədən sonra "Əraf" surəsinin 142-ci ayəsi oxunur:[2]

وَ واعَدْنا مُوسی‏ ثَلاثِینَ لَیلَةً وَ أَتْمَمْناها بِعَشْرٍ فَتَمَّ مِیقاتُ رَبِّهِ أَرْبَعِینَ لَیلَةً وَ قالَ مُوسی‏ لِأَخِیهِ هارُونَ اخْلُفْنِی فِی قَوْمِی وَ أَصْلِحْ وَ لا تَتَّبِعْ سَبِیلَ الْمُفْسِدِینَ

Oxunuşu: Və və ‘ədnə Musə sələsinə ləylətən və ətməmnəhə bi’əşrin fətəmmə miqatu rabbihi ərbə’inə ləylətən və qalə Musə liəxihi Hərunəxlufni fi qavmi və əslih və lə təttəbi' səbiləl-mufsidin.

("Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə” ).

Sözükeçən namaz haqqında "Məfatihul-cinan" kitabında "Zilhiccə ayının əməlləri" bölümündə məlumat verilir.[3]

Ayə həzrət Musanın (ə) Sina dağında "Lövhələr"-i almaq məqsədi ilə getdiyi qırx günlük görüşdən bəhs edir. Bu müddət ərzində qardaşı Harun onun canişini olaraq Bəni-İsrailə rəhbərlik edir.[4] Ayəyə əsasən, Musa əvvəl Turi-Sinada 30 gün qalır, sonra bu müddətə 10 gün də əlavə edilir.[5] Bəzi rəvayətlərdə 30 gün zilqədə ayına, 10 gün isə zilhiccə ayının ilk ongünlüyünə təfsir edilmişdir.[6]

Bu əməlin mükafatı və rəvayətin kökü

"İqbalul-əmal" kitabında nəql edilən rəvayətə görə, İmam Baqir (ə) oğlu İmam Sadiqə (ə) zilhiccə ayının ilk ongünlüyündə bu namazı qılmağı tövsiyə edir. Çünki, sözü keçən ibadəti bu ongünlükdə yerinə yetirməklə, həccə getməsə belə, hacıların savabına şərik olacaq.[7] Seyid ibn Tavus bunu İbn Uşnasın kitabına istinadən nəql edib.[8] "Vəsail əş-Şiə" kitabına görə, İbn Uşnasın kitabının adı "Əməl-e zilhiccə" adlanır.[9]

İstinadlar

  1. Qumi, Məfatihul-cinan, h.ş 1384, Zilhiccə ayının əməlləri, s.401
  2. Qumi, Məfatihul-cinan, h.ş 1384, Zilhiccə ayının əməlləri, s.401
  3. Qumi, Məfatihul-cinan, h.ş 1384, Zilhiccə ayının əməlləri, s.401
  4. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.239
  5. "Əraf" surəsinin 142-ci ayəsi
  6. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.239
  7. Seyyid ibn Tavus, Əl-İqbal, h.q 1409,c.1, s.317
  8. Seyyid ibn Tavus, Əl-İqbal, h.q 1409,c.1, s.317
  9. Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.8, s.183

Ədəbiyyat

  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə, Qum, Alul-Beyt (ə) müəssisəsi, 3-cü çap, h.q 1416
  • Seyyid ibn Tavus, Əli ibn Musa, İqbalu bil-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1409
  • Qumi, Abbas, Məfatihul-Cinan, Qum, h.ş 1384
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qummi, Düzəliş: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, h.q 1404