Məzmuna keç

Müqavimət iqtisadiyyatı

wikishia saytından
(İqtisadi müqavimət səhifəsindən yönləndirilmişdir)

Müqavimət iqtisadiyyatı, (farsca: اقتصاد مقاومتی) iqtisadiyyat sahəsində işlədilən və İslam iqtisadiyyatı ilə birbaşa əlaqəli olan bir termindir. Bu yanaşmaya görə, böhran dövrlərində ölkəyə yönələn iqtisadi təzyiqlər idarə olunur və digər tərəfdən, bu model ölkənin iqtisadiyyatına müsbət təsirlər göstərərək sahibkarlığın inkişafına, iqtisadi transformasiyaya, artıma və sosial kapitalın yüksəlməsinə səbəb olur.

Bu ideya ilk dəfə şəmsi təqvimi ilə 1376-cı ildə (1997) iranlı filosof və nəzəriyyəçi Abbas Məarif (vəfatı: h.ş 1381-2002) tərəfindən irəli sürülmüşdü. Lakin şəmsi təqvimi ilə 1389-cu ildən (2010) etibarən İran İslam Respublikasının rəhbəri Seyid Əli Xameneinin vurğuları ilə xarici ölkələrin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların təsirlərini zərərsizləşdirmək üçün iqtisadi bir strategiya kimi gündəmə gətirildi. Bu iqtisadi konsepsiya haqqında çoxsaylı əsərlər yazılmışdır.

Əhəmiyyəti və mövqeyi

Müqavimət iqtisadiyyatının əsas funksiyalarından biri iqtisadiyyata yönələn şoklara qarşı dayanmaqdır. Bu modelin iqtisadi elastikliyi böhran şəraitində ölkənin çətinlikləri aşmasına imkan yaradır və uzunmüddətli iqtisadi proqram kimi ölkənin iqtisadi infrastrukturunu dəyişdirə bilər.[1] İslam iqtisadiyyatının bəzi göstəriciləri müqavimət iqtisadiyyatı ilə üst-üstə düşdüyü üçün bəzi tədqiqatçılar hesab edirlər ki, İslam iqtisadiyyatının əsasları müqavimət iqtisadiyyatı prinsiplərinə dayanır. “Nəfyi səbil”, “nizamın pozulmasının qadağan olunması”, “israf, təbzirlüksün qadağan edilməsi” bu əsaslara misal göstərilir.[2]

İslam İnqilabının Rəhbəri Seyid Əli Xamenei ilk dəfə “müqavimət iqtisadiyyatı” ifadəsini şəmsi təqvimi ilə 1389-cu ilin şəhrivər ayının 16-da (2010) işlətmişdir.[3] Bundan əvvəl, şəmsi təqvimi ilə 1376-cı ildə (1997) Abbas Məarif bu adı daşıyan bir layihəni həmin dövrdəki İran İslam Respublikasının hökumətinə təqdim etmişdi.[4] Rəhbərin bu terminə xüsusi diqqət yetirməsi mövzunun geniş kütlələr tərəfindən qəbul edilməsinə səbəb oldu və bu istiqamətdə müxtəlif institutlar və əsərlər meydana gəldi. Müqavimət iqtisadiyyatı üzrə virtual və xalq universitetinin yaradılması,[5] məhkəmə sistemində bu siyasətlərin icrasını izləyən mərkəzi qərargahın formalaşdırılması[6] və sözügedən mövzu ilə bağlı çoxsaylı siyasət və əsərlərin yazılması bu istiqamətdə görülən işlərdəndir.[7]

Müqavimət iqtisadiyyatının nəticələri arasında işsizlik səviyyəsinin azalması, işçi qüvvəsinin yüksək məhsuldarlığı, cəmiyyətin birqütblü olması, sosial kapitalın artması, iqtisadi artımın sabitləşməsi və ixrac gəlirlərinin şaxələndirilməsi göstərilir.[8] İranda müqavimət iqtisadiyyatı siyasətlərinin şəmsi təqvimi ilə 1390-cı ildən (2011) sonra rəsmi şəkildə elan edilməsindən bu yana aparılan qiymətləndirmələr iqtisadi göstəricilərdə nisbi artımın bu siyasətlərin müsbət təsirini göstərdiyini ortaya qoyur. Maliyyə və bank sisteminin inkişafı, iqtisadiyyatın xalqlaşması, bilik əsaslı şirkətlərin genişlənməsi və daxili istehsalın güclənməsi bu siyasətin ən mühüm nailiyyətlərindəndir.[9] İrana qarşı tətbiq olunan sanksiyalarla mübarizə də bu siyasətin əsas səbəblərindən biri idi və bu sahədə daxili imkanlara söykənmək və xaricdən asılılığın azalması kimi uğurlar əldə olunmuşdur.[10]

Tərif və nümunələri

Müqavimət iqtisadiyyatı anlayışı müxtəlif şəkildə tərif olunmuşdur. Seyid Əli Xameneinin baxışına görə, müqavimət iqtisadiyyatı elə bir iqtisadiyyatdır ki, düşmənin təxribatlarına qarşı dayanmaqla yanaşı, ölkənin inkişafına və çiçəklənməsinə səbəb olur. Bu iqtisadiyyatın əsas xüsusiyyətlərindən biri onun daxili möhkəmliyidir; yəni beynəlxalq səviyyədə baş verən dəyişikliklər ona zərər vura bilmir.[11] Qum Elmi Hövzəsinin “İslamı əsas alan Müqavimət İqtisadiyyatı Strateji Araşdırmalar Mərkəzi” müqavimət iqtisadiyyatını belə tərif edir: “İnqilabi və islami mədəniyyətdən qaynaqlanan, hegemon sistemin təhdidlərinə qarşı iqtisadiyyatı möhkəmləndirməklə yanaşı, iqtisadi artımı təmin edən iqtisadiyyat”.[12] İran İslam Respublikasında yerli, mədəni və elmi model əsasında həyata keçirilən iqtisadi siyasətlər toplusu da “müqavimət iqtisadiyyatı” adlandırılır.[13]

Müqavimət iqtisadiyyatı bir neçə aspektdə izah olunmuşdur. İran İslam İnqilabının Rəhbəri Seyid Əli Xameneinin çıxışlarında karafərinlik (sahibkarlıq) müqavimət iqtisadiyyatının əsas təfsirlərindən biri kimi təqdim edilir. Aşağıdakı nümunələr bu iqtisadi modelin əsas göstəriciləri kimi qeyd olunur: - iqtisadi proqramların icra müddətinin qısaldılması - qəfil və düşünülməmiş qərarlardan çəkinmək - xaricdən asılılığı azaltmağa yönəlmiş qanunların qəbulu və icrası - neftdən asılılığın azaldılması - uzunmüddətli proqramlara daha çox diqqət - bilik əsaslı şirkətlərə yönəlmiş siyasətlər - daxili istehsalın daha geniş istifadəsi[14] Müqavimət iqtisadiyyatı baxışının banilərindən olan Seyid Əli Xamenei bu iqtisadi modeli İran üçün uyğun elmi çərçivə hesab edir. Onun fikrincə, bu iqtisadiyyat dəruni-za (daxili qaynaqlara söykənən) bir modeldir, lakin dəruni-gəra (daxilə qapanmış) deyil və inkişafı hədəfləyir.[15] İmam Sadiq Universitetinin müəllimi Adil Peyğami isə belə hesab edir ki, müqavimət iqtisadiyyatı mütləq müdafiə mövqeyindən doğmur. Ayətullah Xameneinin bu model daxilində bilik əsaslı iqtisadiyyatı izah etməsi göstərir ki, müqavimət iqtisadiyyatı hücum xarakterli, yəni təşəbbüskar və irəliyə yönəlmiş də ola bilər.[16]

Monoqrafiya

İran İslam İnqilabının Rəhbəri Seyid Əli Xamenei, müqavimət iqtisadiyyatı nəzəriyyəsini izah etdikdən sonra universitetlərin iqtisad müəllimlərindən bu nəzəriyyəni akademik şəkildə tədqiq və təhlil etmələri istənildi.[17] İslam iqtisadiyyatı sahəsində çoxsaylı əsərlər yazılmışdır və bu əsərlər müqavimət iqtisadiyyatı kimi nəzəriyyələrin izahında mənbə kimi istifadə olunur.[18] Onlardan bəziləri bunlardır:

  • “Müqavimət İqtisadiyyatı Sistemi” kitabı, bu əsərin müəllifi Əhmədəli Yusifidir. Bu əsərdə müəllif müqavimət iqtisadiyyatının tərifini verərək İslam iqtisadiyyatının əsaslarını araşdırır.[19]
  • “Ümidverici Üfüq (Müqavimət İqtisadiyyatı; Rəhbərin Siyasətləri və Gözləntiləri)” kitabı, bu əsərin müəllifi Nasir Abedidir. Müəllif bu kitabda Seyid Əli Xameneinin müqavimət iqtisadiyyatı barədə çıxış və bəyanatlarını toplamışdır.[20]
  • “Əməl və Fəaliyyət Səngəri” kitabı, müqavimət iqtisadiyyatı mövzusunu araşdıran digər bir əsərdir.[21]
  • “Müqavimətli və Davamlı İqtisadiyyat” kitabı, bu mövzuda yazılan digər əsərdir. Onun müəllifi Behruz Xeştzərdir. Bu kitab Müqəddəs Müdafiə dəyərlərini qoruma və nəşretmə fondu tərəfindən çap edilmişdir.[22]
  • “Amerikada Müqavimət İqtisadiyyatı” kitabı, bu mövzuda yazılan digər bir əsərdir. Bu əsər ABŞ-da iqtisadiyyatın tarixi və müqavimət iqtisadiyyatı nümunələrini araşdırır.[23]
  • “Müqavimət iqtisadiyyatının strategiyalarına giriş” kitabı, bu əsərin müəllifləri Hadi Əbdülməliki və Səttar Sadiqidir. Kitabda müqavimət iqtisadiyyatı nəzəriyyədən praktikaya qədər araşdırılır.[24]
  • “Müqavimət iqtisadiyyatı dərsliyi” kitabı, Əhmədəli Yusifinin qələmi və Müctəba Qəffari və Sacid Səmədi Qurbaninin elmi əməkdaşlığı ilə bu mövzuda yazılmışdır.[25]

İstinadlar

  1. Kavyani və Seyyid Şukri, İqtisade müqaviməti, s.1
  2. Kavyani və Seyyid Şukri, İqtisade müqaviməti, s.8-9
  3. Yusifi, Nizame iqtisadi müqaviməti, h.ş 1395, s.32
  4. Tərhe mərhum Abbas məruf be Xatəmi dərbareye iqtisade müqaviməti, Əlif xəbər agentliyi
  5. Nəxostin daneşqahe mərdomi istisade müqaviməti rahəndazi şod, Daneşcu xəbər agentliyi
  6. Bərqozari nohhomin neşəste setade mərkəzi peygiri siyasəthaye iqtisade müqaviməti dər Qüvveye Qəzaiyye, Daneşcu xəbər agentliyi
  7. Bərresiye qozareşe icraye bənde dovvom siyasəthaye kulli iqtisade müqaviməti dər heyəte ali nəzarəte məcmə, Daneşcu xəbər agentliyi
  8. Kavyani və Seyyid Şukri, İqtisade müqaviməti, s.12-14
  9. Şəqqaqi Şəhri, Ərziyabi vəziyyəte icraye iqtisade müqaviməti, s.79-82
  10. Mikyan və Zəngi Abadi, Təhrimha və ilzamate iqtisade müqaviməti, s.41 və 55
  11. Yusifi, Nizame iqtisade İslami, h.ş 1395, s.32
  12. Yusifi, Nizame iqtisade İslami, h.ş 1395, s.33
  13. Yusifi, Nizame iqtisade İslami, h.ş 1395, s.33
  14. Kavyani və Seyyid Şukri, İqtisade müqaviməti, s.3-8
  15. Yusifi, Nizame iqtisade İslami, h.ş 1395, s.33
  16. Rahbordiye kalan be anme istisade müqaviməti, Bankdariye İslami
  17. Rahbordiye kalan be anme istisade müqaviməti, Bankdariye İslami
  18. Yusifi, Nizame iqtisadi müqaviməti, h.ş 1395, s.97
  19. Yusifi, Nizame iqtisadi müqaviməti, h.ş 1395, s.25
  20. Ketabe siyasəthaye iqtisade müqaviməti dər bəyane rəhbəre inqilab çap şod, Mehr Xəbər Agentliyi
  21. Xakrize iqdam və əməl müntəşir şod, Sədo sima xəbər agentliyi
  22. Ketabe İqtisade müavim və paydar müntəşir şod, Diyar Mirza
  23. Raze pişrəft və ufule itisade Amrika dər ketabe "İstisade müqaviməti dər Amrika", İsna xəbər agentliyi
  24. Dər Amədi bər rahbordhaye iqtisade müqaviməti, Dünyaye iqtisad xəbər agentliyi
  25. Ketabe dərsnameey iqtisade müqaviməti runəmayi mi şəvəd, Mehr Xəbər Agentliyi

Ədəbiyyat