Uşaqlıqda imamət
Uşaqlıqda imamət (ərəbcə: الإمامة في الصغر) şərii yetkinlik yaşına çatmamış şəxsin imaməti deməkdir. Şiələrin inancına əsasən, 12 imamçı şiələrin imamlarından İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Mehdi (ə.f) 5-8 yaşlarında imamətə çatıblar. İmamiyyə, imaməti ilahi bir məqam hesab edir ki, yetkinlik yaşı onda şərt deyil.
Şiələr öz əqidələrinə müxalif olan şəxslərə cavab olaraq Quran ayələrinə istinad edirlər ki, onlarda Həzrət Süleyman (ə), Həzrət Yəhya (ə) və Həzrət İsanın (ə) uşaqlıqda peyğəmbərliyə yetişmələrindən bəhs edilir. Onlar həmçinin öz əqidələrini sübut etmək üçün uşaqlıqda imamların elmi qabiliyyəti və Həzrət Əlinin (ə) Peyğəmbərin (s) vəsiyyəti ilə Yəvmud-Darda təyin edilməsi kimi dəlillər gətirmişlər.
Uşaqlıqda imamət haqqındakı şiə əqidəsini izah edən və onun əleyhdarlarına cavab verən əsərlər də yazılmışdır.
Şiə əqidəsində məsələnin əhəmiyyəti
Uşaqlıqda imamət kəlam kitablarında imamətlə bağlı bəhs edilən mövzulardan biridir.[1] Bu bəhs, daha çox şiəyə müxalif olan şəxslərin 5-8 yaşlarında imamətə çatmış bir neçə şiə imamının (İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Mehdinin (ə.f)) imamətinə dair etirazlarına cavab olaraq qeyd olunur.[2] Bu məsələ, bir sıra şiələrin İmam Cavadın (ə) imamətini qəbul etməkdə tərəddüd etməsinə səbəb oldu. Çünki o vaxta qədər həddi-büluğa çatmağın İmam üçün şərt olduğuna inanmaq adi hal idi.[3] Sünni alimlərinə görə həddi-büluğa çatmaq imamətin əsas şərtlərindəndir.[4]
Amma şiə alimləri imaməti ilahi bir məqam hesab edirlər ki, Allah onu lazımlı şərtlərə sahib olan şəxsdə qərar verir.[5] Onlar imamda məsumluğu, üstünlüyü və nəssin (dini mətn və dəlilin) olmasını şərt hesab edirlər.[6] İmamiyyəyə görə imam üçün yetkinlik yaşına çatmağın şərt olmamasına inam, şiəyə müxalif olan şəxslər tərəfindən iradların edilməsinə və şiə mütəkəllimlərinin onlara cavab vermələrinə səbəb olmuşdur.[7]
İbn Teymiyyə (vəfatı: h. 728), İbn Həcər Hitəmi (vəfatı: h. 974) və Əhməd Əl-Katib uşaqlıqda imamətlə bağlı irad edən şəxslərdəndirlər. Yetim uşağın himayə altında olması,[8] yetim uşağın məhcur olması (öz malını xərcləmək haqqına sahib olmaması),[9] uşağın vilayətinin olmaması,[10] uşağın mükəlləf (dini vəzifəsi) olmaması[11] və öyrənmək fürsətinə malik olmaması[12] uşağın imamətinin əsassız olması üçün gətirilən bəzi dəlillərdir.
Uşaqlıqda imamətə çatan imamlar
İmam Cavad (ə): Təxminən səkkiz yaşında ikən imamətə çatdı.[13] Həsən ibn Musa Nobəxtinin (vəfatı: hicri 310-cu il) verdiyi xəbərə görə, İmam Rzanın (ə) şəhadəti zamanı İmam Cavadın (ə) yaşının az olması şiələrin çaşqınlığına səbəb oldu.[14] Buna görə də bir sıra şiələr onun imamətini qəbul etmədilər.[15]
İmam Hadi (ə): Səkkiz yaşında ikən imam oldu.[16] İraqlı tarixçi Casim Hüseynin dediyinə görə, İmam Cavadın (ə) imaməti dövründə şiələr üçün uşaqlıqda imamət məsələsi həll olunduğu üçün İmam Hadinin (ə) imaməti heç bir problem olmadan qəbul edilmişdir.[17]
İmam Mehdi (ə): O, beş yaşında imamətə çatmışdır.[18] Deyilib ki, İmam Cavad (ə) və İmam Hadinin (ə) uşaqlıqda imamətə çatması, İmam Mehdinin (ə.f) uşaqlıqda imamətə çatmasını qəbul etməyə hazırlıq yaratmaqla bağlı ola bilər.[19]
Şiələrin uşaqlıqda imamət üçün gətirdikləri arqumentləri
İmamiyyə mütəkəllimləri belə izah ediblər ki, əqlin kamilliyi cismi kamilliyə bağlı deyil və əgər bir şəxsin imaməti qəti bir dəlillə isbat olunarsa, onun məsumluğu və ilahi elmi də sübuta yetirilir və imamın yaşının bu məsələdə heç bir təsiri yoxdur. Həmçinin şəriətin uşaqlıq dövrü üçün müxtəlif məsələlərə qoyduğu qadağalar, yaşa dolmaqla əqli və elmi inkişafa çatan adi insanlara aiddir, lədunni elmə malik olan məsum imama deyil.[20]
İmamların uşaqlıqda elmi qabiliyyəti
Şeyx Müfidin (vəfatı: hicri 413-cü il) nəql etdiyi bir rəvayətə görə, İmam Cavad (ə) Yəhya ibn Əksəmlə mübahisədə Yəhyanın sualını elə cavablandırdı ki, orada olanları təəccübləndirdi.[21] Məmun, ətrafındakılara deyirdi ki, İmam Cavadın (ə) uşaq olması onun elm və zəkasının azlığına dəlil deyildir.[22]
Şeyx Müfidin dediyinə görə, Həsəneynin (ə) (İmam Həsən və İmam Hüseyn) Peyğəmbərin (s) Nəcran xristianları ilə etdiyi mübahilədə iştirak etməsi insanın hələ uşaq ikən böyük ilahi vəzifələr daşıya biləcəyini göstərir.[23] Həmçinin Həzrət Əlinin (ə) uşaq yaşında Peyğəmbərə (s) iman gətirməsi[24] uşağın yüksək idrak və intellektə malik ola biləcəyini göstərir.[25]
Süleyman (ə), Yəhya (ə) və İsanın (ə) uşaqlıqda peyğəmbərliyə yetişməsinə istinad etmək
Uşaqlıqda imaməti sübut etmək üçün bəzi peyğəmbərlərin uşaqlıqda peyğəmbərliyə yetişmələrinə istinad edilmişdir.[26] Fəxr Razinin dediyinə görə, "Məryəm" surəsinin 12-ci ayəsində hökmdən məqsəd peyğəmbərlikdir ki, Allah onu uşaq ikən Həzrət Yəhya (ə) və Həzrət İsaya (ə) vermişdir.[27] Həmçinin şiə mütəkəllimlərindən Cəfər Sübhaninin dediyinə görə, Həzrət İsanın (ə) uşaqlıqda danışmasını ifadə edən "Məryəm" surəsinin 30-cu ayəsi göstərir ki, Allah iradə etsə, uşaqda imamət üçün lazım olan elm, ağıl və dərrakəni də qərar verə bilər.[28]
Nəql edildiyi kimi, İmam Rza (ə) oğlu İmam Cavadı (ə) üç yaşında ikən imam olaraq tanıtmış və Həzrət İsanı (ə) misal gətirərək uşaqlıqda imam olmağı mümkün hesab etmişdir.[29] Yaxud İmam Cavad (ə) bir rəvayətdə Həzrət Süleymanın (ə) uşaq ikən Davud peyğəmbərin (ə) canişini olmasına istinad edərək belə bir şeyi mümkün hesab etmişdir.[30]
Həzrət Peyğəmbərin (s) "Yəvmud-Dar"dakı əməlinə istinad etmək
Şiə mütəkəllimi Şeyx Müfidin dediyinə görə, Peyğəmbərin (s) "Yəvmud-Dar" hədisindəki hərəkəti göstərir ki, Allah istəsə, uşağı Öz höccəti edə bilər.[31]
Şiə və sünninin yekdil fikrinə əsasən, Peyğəmbər (s) "Yəvmud-Dar"da yetkinlik yaşına çatmamış Həzrət Əlini (ə) özünə vəli və canişin təyin etdi.[32]
Monoqrafiya
Uşaqlıq yaşında imamət məsələsi ilə bağlı əsərlər yazılıb:
- Əli Əsğər Rizvaninin yazdığı "Uşaqlıq yaşında imamət" kitabı: 48 səhifədən ibarət olan bu kitab, 2006-ci ildə Müqəddəs Cəmkəran Məscidinin nəşriyyatı tərəfindən çap edilmişdir.[33]
- Məhəmməd Bamri tərəfindən yazılmış "Hidayət ulduzları: uşaqlıqda imamət" kitabı: 176 səhifədən ibarət olan bu kitab, 2012-ci ildə "Əimmə" nəşriyyatı tərəfindən çap edilmişdir.[34]
- Hadi Türkməninin yazdığı "Uşaqlıqda imamət: Uşaqlıqda imamətə analitik yanaşma" kitabı: 166 səhifədən ibarət olan bu kitab, 2023-cü ildə "Daiyə" nəşriyyatı tərəfindən çap edilmişdir.[35]
İstinadlar
- ↑ Nümunə üçün baxın: Şeyx Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.149-153
- ↑ Baxın: Şeyx Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.149-153; Sübhani, İmamət dər kudəki ?, s.46
- ↑ Nobəxti, Firəquş-şiə, h.q 1404, s.88
- ↑ İyci, Şərhul-məvaqif, c.8, s.350; Taftazani, Şərhul-məqasid, h.q 1412, c.5, s.244
- ↑ Mütəhhəri, İmamət və rəhbəri, h.ş 1390, s.131
- ↑ Əllamə Hilli, Kəşful-murad, h.q 1437, s.492-495
- ↑ Nümunə üçün baxın: Şeyx Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.149-153
- ↑ İbn Teymiyyə, Minhacus-sünnətin-Nəbəviyyə, h.q 1406, c.4, s.89
- ↑ İbn Teymiyyə, Minhacus-sünnətin-Nəbəviyyə, h.q 1406, c.4, s.89; Əl-Katib, Tətəvvurul-fikris-siyasiş-şii, m.1998, s.103
- ↑ İbn Həcər Heysəmi, Əs-Səvaiqul-muhriqə, h.q 1417, c.2, s.483
- ↑ Əl-Katib, Tətəvvurul-fikris-siyasiş-şii, m.1998, s.103
- ↑ Əl-Katib, Tətəvvurul-fikris-siyasiş-şii, m.1998, s.103
- ↑ Nobəxti, Firəquş-şiə, h.q 1404, s.88
- ↑ Nobəxti, Firəquş-şiə, h.q 1404, s.88
- ↑ Nobəxti, Firəquş-şiə, h.q 1404, s.87-88
- ↑ Qumi, Muntəhul-amal, h.ş 1379, c.3, s.1878
- ↑ Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom, h.ş 1385, s.81
- ↑ Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.339
- ↑ Səlimiyan, Həzrəte Mehdi (ə.f) xordsaltərin pişvaye məsum, s.44
- ↑ Şeyx Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.149-153; Bəhrani, Ən-Nəcatu fil-qiyamət, h.q 1417, s.200
- ↑ Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.281-286
- ↑ Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.287
- ↑ Şeyx Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.316
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.384
- ↑ Məclisi, Miraatul-uqul, h.q 1404, c.4, s.252
- ↑ Rizvani, İmamət dər sinine kudəki, h.ş 1386, s.11
- ↑ Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.21, s.516
- ↑ Sübhani, İmamət dər kudəki ?, s.46
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.383
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.383
- ↑ Şeyx Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.316
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.320; Seyyid İbn Tavus, Ət-Təraif, h.q 1400, c.1, s.21; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.543
- ↑ Rizvani, İmamət dər senine kudəki, h.ş 1386
- ↑ Bamri, Setareqane hidayət: İmamət dər kudəki, h.ş 1391
- ↑ Türkməni, Dər amədi təhlili bər imamət dər kudəki, h.ş 1402
Ədəbiyyat
- İbn Həcər Heysəmi, Əhməd ibn Məhəmməd, Əs-Səvaiqul-muhriqə, Beyrut, h.q 1417
- İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sünnətin-Nəbəviyyə, Riyaz, h.q 1406
- Əl-Katib, Əhməd, Tətəvvurul-fikris-siyasiş-şii, Beyrut, Darul-cədid, m.1998
- Bamiri, Məhəmməd, Setareqane hidayət: İmamət dər kudəki, Qum, h.ş 1391
- Bəhrani, Meysəm ibn Əli, Ən-Nəcatu fil-qiyamət, Qum, Məcməul-fikril-İslami, h.q 1417
- Türkməni, Hadi, Dər amədi təhlili bər imamət dər kudəki, Həmədan, h.ş 1402
- Taftazani, Məsud ibn Ömər, Şərhul-məqasid, Qum, h.q 1412
- Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Tehran, h.q 1411
- Hüseyn, Casim, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom, Tərcümə: Seyyid Məhəmməd Təqi, Tehran, Əmir Kəbir, h.ş 1385
- Rizvani, Əli Əsğər, İmamət dər senine kudəki, Qum, Cəmkəran məscidinin nəşriyyatı, h.ş 1386
- Sübhani, Cəfər, İmamət dər kudəki ?, h.ş 1393
- Səlimiyan, Xodamurad, Həzrəte Mehdi (ə.f) xordsaltərin pişvaye məsum, h.ş 1382
- Seyyid İbn Tavus, Əli ibn Musa, Ət-Təraif, Qum, Xəyyam çapxanası, h.q 1400
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1413
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Fusulul-muxtarə, Qum, Darul-mufid, h.q 1413
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, 2-ci çap, h.q 1387
- İyci, Əbdür-Rəhman ibn Əhməd, Şərhul-məvaqif, Qum
- Əllamə Hilli, Həsən ibn Yusif, Kəşful-murad, Qum, 16-cı çap, h.q 1437
- Fəxr Razi, Fəxruddin, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
- Qumi, Şeyx Abbas, Muntəhul-amal, Qum, h.ş 1379
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, DArul-kutubil-İslamiyyə, h.q 1407
- Məclisi, Məhəmməd Baqir, Miraatul-uqul, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1404
- Mütəhhəri, Mürtəza, İmamət və rəhbəri, Qum, Sədra nəşri, h.ş 1390
- Nobəxti, Həsən ibn Musa, Firəquş-şiə, Beyrut, h.q 1404