İmamın üstünlüyü
İmamın üstünlüyü (ərəbcə: أفضلية الإمام) imamətin şərtlərindəndir və imamın insani keyfiyyətlərdə və fəzilətlərdə başqalarından üstün olması deməkdir. İmamiyyə ilahiyyatçılarına görə, imam elmdə, dində, təqvada, səxavət və şücaətdə, eləcə də axirət savabından bəhrələnməkdə və s. başqalarından üstün olmalıdır. İmamın üstünlüyünü sübut etmək üçün “qubhi-tərcihi-bila mürəccih” və “qubhi-təqdimi-məfzul bər əfzəl” prinsiplərin, həmçinin, Peyğəmbərin (s) "Hər kim bir dəstəyə rəhbərlik etsə və onların arasında ondan daha müdrik bir şəxs olsa, o dəstənin işi Qiyamətə qədər daim məhvə doğru gedəcək” rəvayətinə və Quranın bəzi ayələrinə istinad edilir.
Əhli-sünnənin əksəriyyəti imamın üstünlüyünü vacib hesab etmir və maneə və ya məsləhət olarsa, üstün olmayanın imam olmasını caiz hesab edir. Hicri-qəməri 8-ci əsrin əşairə ilahiyyatçısı Səduddin Təftazaninin fikrincə, sünnilərə və əksər İslam firqələrinə görə, imamət hər əsr və zamanda başqalarından üstün olan birinin haqqıdır. Əlbəttə, əgər onun imaməti xaos və fitnə mənbəyinə çevrilməzsə. Əhli-sünnənin dəlillərindən biri alimlərin Raşidi xəlifələrdən sonra aralarında daha üstünün olmasına baxmayaraq, üstün olmayan birinin (bəzi qüreyşilərin) imam olması və ikinci xəlifə tərəfindən xilafətin aralarında daha üstünün olmasına rəğmən altı nəfərlik şuraya həvalə olunması ilə bağlı yekdil fikirdə olmasıdır.
Şiə alimlərinin fikrincə, şiə imamları (ə) İslam peyğəmbərindən (s) sonra Allahın ən üstün məxluqlarıdır. Əllamə Məclisiyə görə, yalnız hədislərdən xəbərsiz olanlar imamların (ə) üstünlüyünü inkar edə bilərlər. İmam Əlinin (ə) imamlığını isbat etmək üçün İmamın üstünlüyünə istinad olunmuşdur ki, bu “üstünlük dəlili” adlanır.
Konseptologiya və əhatə dairəsi
İmamiyyə ilahiyyatçılarının fikrincə, imamın üstünlüyü daha çox imamətin şərtlərindən olan elm, ədalət, şücaət və təqva kimi keyfiyyətlərdə imamın başqalarından üstün olması kimi ifadə edilir.[1] Bəzi kəlam mənbələrində üstünlük ibadətdə və daha çox ilahi mükafatdan bəhrələnməkdə üstünlük mənasında da verilmişdir.[2] Buna görə də imamiyyə ilahiyyatçıları imamı bütün fəzilətlərdə - elm, din, təqva, səxavət,[3] şücaət, axirət savab və mükafatından bəhrələnmək kimi nəfsani və fiziki fəzilətlərdə digər insanlardan üstün hesab edirlər.[4] Onların inancına görə, imam öz dövrünün[5] insanlarının ən müdriki, ən cəsuru, ən səxavətlisi, səbirlisi, təqvalısı və s. olmalıdır ki, insanlar ona daha yaxşı tabe olsunlar.[6]
İmamın mal-dövlət, vəzifə və qüdrət kimi dünyəvi işlərdə başqalarından üstün olması zəruri deyil. Çünki məqsəd imama həqiqi tabe olmaq və həqiqi iman gətirməkdir, ona zahirdə tabe olmaq və itaət etmək deyil.[7]
Şiəliyə görə, imam ən üstün olmalıdır
İmamiyyə şiə kəlam alimləri üstünlüyün imamətin şərtlərindən biri olduğuna inanırlar[8] və bu məsələdə həmfikirdirlər.[9] İmamın üstünlüyünü sübut etmək üçün əqli və nəqli dəlilllər gətirilmişdir.
Əqli dəlillər
- İmam fəzilət və kamilliklərdə ya başqaları ilə bərabərdir, ya onlardan aşağıdır, ya da onlardan üstündür. Əgər başqaları ilə bərabərdirsə, onu imam seçmək tərcihi bila mürəccihdir (iki bərabər şeydən birini, üstün bir səbəb olmadan seçmək). Ağıl bunu qeyri-mümkün hesab edir və Allah belə bir işə yol verməz. Əgər imam başqalarından aşağıdırsa, bu halda ağılın hökmünə əsasən, daha aşağı bir şəxsi üstün şəxsdən üstün tutmaq yanlışdır. Deməli, imam başqalarından üstün olmalıdır.[10]
- İmamın məsum olması vacibdir. Məsum qeyri-məsumdan üstündür. Deməli, imam başqalarından üstündür.[11]
- İmamı İslam peyğəmbəri (ə) təyin edir. Peyğəmbər (s) canişini seçməkdə həmişə üstünlüyə diqqət yetirmişdir.[12]
Nəqli dəlillər
İmamın üstünlüyü üçün “Yunus” surəsinin 35-ci ayəsinə,[13] “Tövbə” surəsinin 119-cu ayəsinə (Sadiqin ayəsi)[14] və “Zumər” surəsinin 9-cu ayəsinə[15] istinad edilmişdir. Bu ayələrdə Haqqa hidayət edənin hidayətə möhtacdan, “dürüstlərlə olmağın” qeyri-dürüstlərlə olmaqdan, alimin isə qeyri-alimdən üstün olması qeyd edilir ki, bütün bunlar üstün olan şəxsin üstün olmayandan öndə olmasını göstərir.[16]
İmamın (ə) üstünlüyünün şərt olmasını sübut etmək üçün hədislərə də istinad edilmişdir.[17] Məsələn, Peyğəmbərdən (s) nəql edilən bir rəvayətdə: "Hər kim bir dəstəyə rəhbərlik etsə və onların arasında ondan daha müdrik bir şəxs olsa, o dəstənin işi Qiyamətə qədər daim məhvə doğru gedəcək”- deyilir.[18] Bu rəvayətdə üstün olmayanın üstündən qabağa çıxması qəbih bir iş sayılıb.[19]
Həmçinin, əhli-sünnə rəvayətində nəql olunur ki, Əbu Dərda Əbu Bəkrin qabağında gedərkən Peyğəmbər (s) ona buyurdu: “Sən dünyada və axirətdə səndən daha üstün olan birinin qabağında gedirsən?”[20] Bəzilərinə görə, bu rəvayət üstün olmayanın üstün birindən öndə yol getməyin qəbih olmasına aydın işarədir. Ona görə də imamət məsələsində üstün olmayanın üstün olandan önə keçməsinin daha qəbih olmasına daha çox dəlalət edir.[21]
Əhli-sünnəyə görə, üstün olmayanın imam olması caizdir
Əhli-sünnənin əksəriyyəti imamın üstünlüyünü şərt və vacib hesab etmir və üstün olmayanın imam olmasını caiz sayır.
Əşairə: Əşairə kəlam alimləri imamın üstünlüyünün zəruri və şərt olmasını qəbul etmirlər. Bu səbəbdən onlar üstün biri olan yerdə üstün olmayanın imam olmasını caiz hesab edirlər.[22] Ancaq hicri-qəməri V əsr əşairə mütəkəllimi Qazi Əbu Bəkr Baqillani bu qənaətdədir ki, ən üstün olmaq imamın vacib şərtidir. Üstün olmayanın imam olması yalnız o halda mümkündür ki, ən üstün şəxsin imam olmasına bu və ya digər bir maneə olsun. O, üstünlüyün vacib olmasını sübut etmək üçün bir çox dəlilə söykənir.[23] Onlardan biri də Peyğəmbərin (s) rəvayətidir. Rəvayətdə deyilir: "Xalq ən üstünləri tərəfindən idarə olunur”.[24] Baqillani hesab edir ki, əgər xaos, fitnə-fəsad, hökmlərin tərk edilməsi və İslam düşmənlərinin hərisliyi qorxusu varsa, bu, ən üstün olanı kənarlaşdırmaq və üstün olmayan birinin imam olması üçün əsaslı səbəbdir.[25] Həmçinin 8-ci əsr əşairə mütəkəllimlərindan olan Səduddin Təftazaniyə görə, əksər sünni və islam məzhəbləri imamətin hər əsrdə və hər zamanda başqalarından daha üstün olanın haqqı olduğuna inanırlar. Bunun əksi yalnız ən üstün olanın imaməti xaos və fitnə mənbəyi olacağı halda mümkündür.[26]
Mötəzilə: Mötəzilə də imamın üstünlüyünü vacib saymır və üstün olmayan şəxsin (başqası ondan üstün olan şəxsin) ən üstün olandan önə keçməsini caiz hesab edir.[27] 4-5-ci əsrin ən görkəmli mötəzilə mütəkəllimi olan Qazi Əbdül-Cəbbara görə, bir neçə yerdə üstün olmayanı üstündən qabağa çəkmək daha yaxşı və daha faydalıdır. Məsələn:
- Əgər üstün olan imamda tələb olunan məsələn, siyasi idrak və elm kimi bəzi xüsusiyyətlərə malik olmasa;
- Əgər üstün şəxs kölədirsə, müəyyən xəstəliyə tutulubsa, fikir pozğunluğu varsa, hüdudu (ictimai cəza tədbirlərini) tətbiq etmək və cihad etmək bacarığına malik deyilsə;
- Üstün şəxs qüreyşdən deyil, lakin üstün olmayan şəxs qüreyşdəndirsə.[28]
Dəlillər
Əhli-sünnə üstün olmayanın imam olmasının caiz olması ilə bağlı bəzi dəlillərə istinad ediblər. Məsələn:
- Alimlərin Raşidin xəlifələrdən sonra ən üstün şəxs olduğu halda üstün olmayan qüreyşlinin imam olması haqqında yekdil rəyi;
- Ömər ibn Xəttab imaməti altı nəfərdən ibarət şuraya həvalə etdi. Halbuki onların arasında Əli (ə) və Osman digərlərindən üstün idilər.
- Üstünlük gizli bir şeydir və onu bilmək çətindir və fikir ayrılığı yaradır.[29]
İmamın axirətdə üstünlüyü
İmamın üstün olması üçün axirət savabına malik olmasını sübut etmək üçün bir neçə dəlilə istinad olunub.[30] Məsələn:
- Məsumluq: İmamın məsum olması vacibdir. Məsum olan hər kəs axirətdə savab baxımından da başqalarından üstündür.[31] Çünki imam məsum olduğu üçün zahiri ilə batini birdir. Buna görə də zahiri üstünlüklə yanaşı, batini üstünlüyə də malikdir və axirətdə daha çox savaba çatacaq.[32]
- Daha ağır vəzifə və daha böyük savab: İmam imamət yükünü daşıdığı üçün vəzifəsi digərlərindən daha ağır və daha çoxdur. Bu səbəbdən onun savabı da daha çoxdur.[33]
- İmamın höccət olması: İmam da Peyğəmbər (s) kimi ilahi höccətdir və Peyğəmbər (s) ilahi savab və mükafat baxımından başqalarından üstün olduğu kimi, imam da onun kimi daha çox və daha üstün savaba malikdir.[34]
Şiə imamlarının üstünlüyü
Şiə alimləri İslam peyğəmbərindən (s) sonra şiə imamlarının (ə) digərlərindən (o cümlədən, peyğəmbərlərdən, mələklərdən və digər insanlardan) daha fəzilətli və üstün olduqlarına inanırlar.[35] İmamların bütün məxluqatdan üstün olduğunu göstərən hədislər müstəfiz, hətta mütəvatir hesab olunmuşdur.[36] Əllamə Məclisi hesab edirdi ki, hədisləri araşdıran hər kəs Peyğəmbərin (s) və imamların üstünlüyünü etiraf edər və onların üstünlüyünü yalnız hədislərdən xəbəri olmayanlar inkar edərlər. Onun sözlərinə görə, bununla bağlı hədislər sayıla bilməyəcək qədər çoxdur.[37]
İmam Rzanın (ə) ata-babaları vasitəsilə İmam Əlidən (ə) və onun da Peyğəmbərdən (s) nəql etdiyi bir rəvayətdə deyilir:
- ... Ya Əli! Həqiqətən, Allah peyğəmbərləri yaxın mələklərdən üstün etdi və məni bütün peyğəmbərlərdən üstün etdi. Ya Əli! Məndən sonra üstünlük səndə və səndən sonrakı imamlardadır. Həqiqətən, mələklər bizim xadimlərimiz və aşiqlərimizdir![38]
İmam Əlinin (ə) digər səhabə və insanlardan üstün olması haqqında çoxsaylı Quran ayələri və rəvayətlər dəlil olaraq gətirilmişdir.[39] Əllamə Hilli “Kəşful-murad”da[40] İmam Əlinin (ə) üstünlüyü haqqında 25 dəlil, İbn Meysəm Bəhrani “ən-Nicah fil-qiyamə” kitabında[41] 22 dəlil qeyd etmişdir. Bu dəlillər arasında Mübahilə ayəsi, Məvəddət ayəsi, Təyr hədisi, Mənzilət hədisi və Rayət hədisi var.[42]
Bildirilib ki, Bağdadın bütün mötəzililəri, o cümlədən “Nəhcül-Bəlağə”nin şərhçisi İbn Əbul-Hədid və Bəsrə mötəzililərindən bəziləri də İmam Əlini (ə) öncəki üç xəlifədən və digər səhabələrdən daha üstün hesab edirdilər.[43]
Üstünlük arqumenti
İmam Əlinin (ə) imamətini sübut etmək üçün imamın üstünlüyünə istinad edilmişdir. Üstünlük arqumenti kimi tanınan bu arqument belədir:
- Birinci müqəddimə: Quran ayələrinə və rəvayətlərə əsasən İmam Əli (ə) səhabələrdən və digər müsəlmanlardan üstün idi.
- İkinci müqəddimə: İmamın şərtlərindən biri odur ki, insani keyfiyyətlərdə və fəzilətlərdə başqalarından üstün olsun.
- Nəticə: Deməli, həzrət Əli (ə) imam və Peyğəmbərin (s) canişini olmuşdur.[44]
İradlar
Bir qrup əhli-sünnə imamın üstünlüyünə bəzi iradlar ediblər.[45] Məsələn:
- Üstünlük tərcih olunmaq və önə keçmək üçün səbəb deyil: Çünki üstün olmayan şəxs bəzi hallarda daha üstün şəxsə tərcih edilə bilər. Məsələn, əgər ən üstün olmayan şəxs cəmiyyəti idarə etməkdə, dini və siyasi işləri idarə etməkdə üstün şəxsdən daha bacarıqlı və layiqli olsa, onun imamətinə üstünlük verilir.[46] Buna belə cavab verilir: Bu iradın ön fərziyyəsi odur ki, imamın üstünlüyü yalnız şəriət hökmlərinə və ibadət məsələlərinə xasdır və belə bir yanaşma düzgün deyil. Çünki imamın üstünlüyünün mütləq meyarı imam üçün zəruri olan keyfiyyətlərdə üstün olmaqdır və siyasi idarəçilik də bu keyfiyyətlərdəndir. Həmçinin, bu iradda nisbi üstünlük nəzərdə tutulub. Bir halda ki, imamın üstünlüyü dedikdə onun imamətin həyata keçirilməsi üçün zəruri olan bütün keyfiyyət və fəzilətlərdə mütləq üstünlüyü və mükəmməlliyi nəzərdə tutulur.[47]
- Üstünlüklə bir araya sığmayan nümunələr: Üstünlük nəzəriyyəsinin imam və ya ordu sərkərdələrinin təyin edilməsi ilə bağlı Peyğəmbər (s) və xəlifələr dövründəki nümunələrlə uzlaşmadığı deyilir.[48] Məsələn, Mutə döyüşündə Cəfər ibn Əbu Talibin orada olmasına baxmayaraq, Zeyd ibn Harisənin sərkərdə təyin olunması,[49] Peyğəmbərin (s) həyatının son günlərində İmam Əli (ə) var ikən Üsamə ibn Zeydin sərkərdə təyin olunması və Ömər ibn Xəttabın Əli (ə) və Osmanın iştirakı ilə xilafəti altı nəfərlik şuraya həvalə etməsi.[50] Buna cavab olaraq bildirilir ki, hərbi komandan təyin edərkən onun mütləq üstünlüyü şərt deyil, yalnız müharibə ilə bağlı məsələlərdə üstünlüyü şərtdir və Zeyd və Üsamə belə bir üstünlüyə sahib idilər. Üsamənin seçimi ilə bağlı deyilir ki, İmam Əli (ə) həmin gün Peyğəmbərin (s) yatağının başında idi və Peyğəmbər (s) İmam Əlinin (ə) Üsamənin ordusuna qoşulmasından bəhs etməmişdi. Buna görə də Əli (ə) Üsamənin ordusunda olmaq məcburiyyətində deyildi.[51] Ömər ibn Xəttabın rəftarının dəlil olması isə səhabələrin əməllərinin dəlil olmasına əsaslanır və şiələr bunu qəbul etmirlər.[52]
Monoqrafiya
“Əfzəliyyəte-emam əz mənzəre-əql və nəql”, Məhəmmədhüseyn Faryab. Müəllif dörd fəsildə üstünlüyün semantikasını, əhatə dairəsini, zərurət və qeyri-zərurət olmasını və İslam məzhəbləri baxımından üstünlük zərurətinin nəticələrini təhlil və tədqiq edir. Bu kitab İmam Xomeyni Tədris və Tədqiqat İnstitutu tərəfindən nəşr edilib.[53]
İstinadlar
- ↑ Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1396, s.188 və 191
- ↑ Mühəqqiq Hilli, Əl-Məsləku fi usulid-din, h.q 1414, s.205; Himməsi Razi, Əl-Munqizu mint-təqlid, h.q 1412, c.2, s.286; Bəhrani, Mənarul-Huda, h.q 1405, s.121
- ↑ Əllamə Hilli, Kəşful-murad, h.ş 1382, s.187; Bəhrani, Ən-Nəcatu fil-Qiyamət, h.q 1417, s.66; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.4, s.237-238
- ↑ Mühəqqiq Hilli, Əl-Məsləku fi usulid-din, h.q 1414, s.205; Himməsi Razi, Əl-Munqizu mint-təqlid, h.q 1412, c.2, s.286; Bəhrani, Mənarul-Huda, h.q 1405, s.121-122
- ↑ Fazil Miqdad, İrşadut-talibin, h.q 1405, s.336; Bəhrani, Ən-Nəcatu fil-Qiyamət, h.q 1417, s.66; Müzəffər, Dəlailus-sidq, h.q 1422, s.66
- ↑ Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.4, s.237
- ↑ Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.4, s.240
- ↑ Mühəqqiq Hilli, Əl-Məsləku fi usulid-din, h.q 1414, s.198; Əllamə Hilli, Kəşful-murad, h.ş 1382, s.187; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.333; Bəhrani, Mənarul-Huda, h.q 1405, s.121
- ↑ Fazil Miqdad, İrşadut-talibin, h.q 1405, s.336; Bəhrani, Mənarul-Huda, h.q 1405, s.122; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.4, s.233
- ↑ Mühəqqiq Hilli, Əl-Məsləku fi usulid-din, h.q 1414, s.206; Əllamə Hilli, Kəşful-murad, h.ş 1382, s.187; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.333; Bəhrani, Mənarul-Huda, h.q 1405, s.125
- ↑ Bəhrani, Ən-Nəcatu fil-Qiyamət, h.q 1417, s.65
- ↑ Bəhrani, Ən-Nəcatu fil-Qiyamət, h.q 1417, s.65
- ↑ Əllamə Hilli, Kəşful-murad, h.ş 1382, s.187; Fazil Miqdad, İrşadut-talibin, h.q 1405, s.336; Bəhrani, Mənarul-Huda, h.q 1405, s.126
- ↑ Bəhrani, Mənarul-Huda, h.q 1405, s.126
- ↑ Bəhrani, Mənarul-Huda, h.q 1405, s.127
- ↑ Bəhrani, Mənarul-Huda, h.q 1405, s.127
- ↑ Bəhrani, Mənarul-Huda, h.q 1405, s.127-130
- ↑ Səduq, Səvabul-əmal, h.q 1406, s.206; Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.56
- ↑ Bəhrani, Mənarul-Huda, h.q 1405, s.130
- ↑ İbn Hənbəl, Fəzailus-səhabə, h.q 1403, c.1, s.152, 154, 423; Əbu Nəim, Fəzailul-xüləfair-raşidin, h.q 1417, s.39
- ↑ Bəhrani, Mənarul-Huda, h.q 1405, s.129
- ↑ İyci-Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.373; Taftazani, Şərhul-məqasid, h.q 1409, c.5, s.246 və 247
- ↑ Baqillani, Təmhidul-əvail, h.q 1407, s.471
- ↑ Baqillani, Təmhidul-əvail, h.q 1407, s.474-475
- ↑ Baqillani, Təmhidul-əvail, h.q 1407, s.475
- ↑ Taftazani, Şərhul-məqasid, h.q 1409, c.5, s.291
- ↑ Qazi Əbdül-Cəbbar, Əl-Muğni, m. 1962-1965, c.20, s.215; İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.1, s.3, c.2, s.296 və c.3, s.328
- ↑ Qazi Əbdül-Cəbbar, Əl-Muğni, m. 1962-1965, c.20, Birinci bölüm: s.227-230
- ↑ Taftazani, Şərhul-məqasid, h.q 1409, c.5, s.247
- ↑ Mühəqqiq Hilli, Əl-Məsləku fi usulid-din, h.q 1414, s.205-206; Himməsi Razi, Əl-Munqizu mint-təqlid, h.q 1412, c.2, s.286-287; Bəhrani, Mənarul-Huda, h.q 1405, s.122; Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1396, s.203-208
- ↑ Mühəqqiq Hilli, Əl-Məsləku fi usulid-din, h.q 1414, s.205; Himməsi Razi, Əl-Munqizu mint-təqlid, h.q 1412, c.2, s.286
- ↑ Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1396, s.204
- ↑ Mühəqqiq Hilli, Əl-Məsləku fi usulid-din, h.q 1414, s.205; Himməsi Razi, Əl-Munqizu mint-təqlid, h.q 1412, c.2, s.286; Bəhrani, Mənarul-Huda, h.q 1405, s.122
- ↑ Mühəqqiq Hilli, Əl-Məsləku fi usulid-din, h.q 1414, s.206; Himməsi Razi, Əl-Munqizu mint-təqlid, h.q 1412, c.2, s.287
- ↑ Səduq, Əl-Etiqadat, h.q 1414, s.93; Mufid, Əvailul-məqalat, h.q 1413, s.70-71; Məclisi, Biharul-ənvar, h.q 1403, c.26, s.297; Şübbər, Həqqul-yəqin, h.q 1424, s.149
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.26, s.297; Şübbər, Həqqul-yəqin, h.q 1424, s.149
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.26, s.297 və 298
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.26, s.267-319; Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.1, s.262, hədis 22
- ↑ Hilli, Kəşful-murad, h.ş 1382, s.211-238; Bəhrani, Ən-Nəcatu fil-Qiyamət, h.q 1417, s.148-165; Rəbbani Qolpayqani, Bərahin və nususe İmamət, h.ş 1396, s.26-48
- ↑ Hilli, Kəşful-murad, h.ş 1382, s.211-238
- ↑ Bəhrani, Ən-Nəcatu fil-Qiyamət, h.q 1417, s.148-165
- ↑ Hilli, Kəşful-murad, h.ş 1382, s.211-238; Bəhrani, Ən-Nəcatu fil-Qiyamət, h.q 1417, s.148-165; Rəbbani Qolpayqani, Bərahin və nususe İmamət, h.ş 1396, s.26-48
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.1, s.7-9
- ↑ Bəhrani, Ən-Nəcatu fil-Qiyamət, h.q 1417, s.148; Rəbbani Qolpayqani, Bərahin və nususe İmamət, h.ş 1396, s.21
- ↑ Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1396, s.194-200
- ↑ Qazi Əbdül-Cəbbar, Əl-Muğni, m. 1962-1965, c.20, s.227-230; İyci-Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.373; Taftazani, Şərhul-məqasid, h.q 1409, c.5, s.246 və 247
- ↑ Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1396, s.197-198
- ↑ Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1396, s.198
- ↑ Mühəqqiq Hilli, Əl-Məsləku fi usulid-din, h.q 1414, s.207
- ↑ Taftazani, Şərhul-məqasid, h.q 1409, c.5, s.247
- ↑ Rəbbani Qolpayqani, Bərahin və nususe İmamət, h.ş 1396, s.199
- ↑ Rəbbani Qolpayqani, Bərahin və nususe İmamət, h.ş 1396, s.199-200
- ↑ «افضلیت امام از منظر عقل و نقل», İmam Xomeyni adına müəssisə
Ədəbiyyat
- İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Qum, 1-ci çap, h.q 1404
- İbn Hənbəl, Əhməd ibn Hənbəl, Fəzailus-səhabə, Beyrut, Ər-Risalə müəssisəsi, 1-ci çap, h.q 1403
- Bəhrani, Meysəm ibn Əli, Ən-Nəcatu fil-Qiyamət, Qum, Məcməul-fikril-İslami, 1-ci çap, h.q 1417
- Əbu Nəim, Əhməd ibn Abdullah, Fəzailul-xüləfair-raşidin, Mədinə, Darul-Buxari, 1-ci çap, h.q 1417
- İyci, İzəddin və Mir Seyyid Şərif Corcani, Şərhul-məvaqif, Qum, Şərifur-Rza, 1-ci çap, h.q 1325
- Baqillani, Əbubəkr Məhəmməd ibn Təyyib, Təmhidul-əvail, Livan, 1-ci çap, h.q 1407
- Bəhrani, Şeyx Əli, Mənarul-Huda, Təhqiq: Əbdüz-Zəhra Zətib, Beyrut, Darul-müntəzir, h.q 1405
- Taftazani, Səduddin, Şərhul-məqasid, Qum, 1-ci çap, h.q 1409
- Himməsi Razi, Əl-Munqizu mint-təqlid, Qum, Muəssisətun-nəşril-İslami, 1-ci çap, h.q 1412
- Rəbbani Qolpayqani, Əli, İmamət dər bineşe İslami, Qum, Bustane kitab, 6-cı çap, h.ş 1396
- Rəbbani Qolpayqani, Əli, Bərahin və nususe İmamət, Qum, 2-ci çap, h.ş 1396
- Şübbər, Seyyid Abdullah, Həqqul-yəqin, Qum, Ənvarul-hüda, 2-ci çap, h.q 1424
- Səduq, Məhəmməd ibn Əli, Əl-Etiqadat, Qum, 2-ci çap, h.q 1414
- Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Qum, 2-ci çap, h.q 1406
- Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza (ə), 1-ci çap, Tehran, h.q 1378
- Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Təhqiq: Həsən Musəvi Xorasan, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Əllamə Hilli, Həsən ibn Yusif, Kəşful-murad, Təhqiq: Cəfər Sübhani, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1382
- Fazil Miqdad, Miqdad ibn Abdullah, İrşadut-talibin, Təhqiq: Seyyid Mehdi Rəcai, Qum, h.q 1405
- Fazil Miqdad, Miqdad ibn Abdullah, Əl-Ləvamiul-İlahiyyə, Təhqiq: Şəhid Qazi Təbatəbai, Dəftəre təbliğate İslami, 2-ci çap, h.q 1422
- Qazi Əbdül-Cəbbar, Əbdül-Cəbbar ibn Əhməd, Əl-Muğni, Qahirə, Darul-Misriyyə, m. 1962-1965
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Əl-Məsləku fi usulid-din, Təhqiq: Rza Ustadi, Məşhəd, 1-ci çap, h.q 1414
- Müzəffər, Məhəmməd Hüseyn, Dəlailus-sidq, Qum, Alul-beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1422
- Mufid, Məhəmməd ibn Məhəmməd, Əvailul-məqalat, Qum, 1-ci çap, h.q 1413
Xarici keçidlər
- «افضلیت امام»، علی ربانی گلپایگانی farsca məqalə
- «افضلیت امام از دیدگاه فرق کلامی»، علیرضا نجفزاده. farsca məqalə
- «برهان افضلیت و امام عصر(عج)»، علی ربانی گلپایگانی. farsca məqalə
- «معناشناسی و گستره افضلیت امام در اندیشه متکلمان»، محمدحسین فاریاب. farsca məqalə