Zina

wikishia saytından
(Zinakar səhifəsindən yönləndirilmişdir)

Zina (ərəbcə: الزنا), kişi ilə qadın arasında nikah əqdi olmadan baş verən cinsi əlaqədir. Zinanı boyük günahlardan və haram olmasını isə aksiomlardan hesab edirlər. Zinanın cəzası onun şəraitinə görə dəyişir. Subay şəxsin zina etməsinin cəzası 100 şallaq, evli şəxsin zinasının cəzası daşqalaq, nəsəbi (qan qohumluğu olan) məhrəmlərlə zinanın və təcavüzün cəzası isə qətldir.

Fəqihlərin fətvasına əsasən, zina yalnız zinakarın öz etirafı və bəyyinə ilə sübuta yetirilə bilər, tibbi analizlərlə isə zinanı isbat etmək olmaz. Zina haqqında müxtəlif fiqhi hökmlər vardır. Onlardan biri budur ki, ərli və ya rici iddə dövründə olan qadınla zina etmək, əbədi harama səbəb olar, yəni o iki nəfər heç vaxt evlənə bilməzlər.

Etimoloji

Fəqihlərin tərifinə əsasən zina, kişi ilə qadın arasında nikah olmadan və ya kişi qadına sahib olmadan, yaxud nikah və ya sahiblik şübhəsi olmadan baş verən cinsi əlaqədir.[1] Əgər kişi cinsiyyət orqanı sünnət yerinə qədər qadın cinsiyyət orqanına və ya anus dəliyinə daxil olsa, bu cür cinsi əlaqə zina sayılır.[2]

Zina - böyük günah

Müsəlman alimləri zinanı böyük günahlardan[3] saymış və haram olmasını isə dini aksiomlardan[4] hesab etmişlər. 13-cü əsrdə yaşamış şiə fəqihi olan Cavahir kitabının sahibinə görə, bütün dinlər zinanın haram olmasında həmfikirdirlər.[5] İncilə əsasən, zinadan çəkinmək, Musanın on əmrindən biridir[6] və bəzi hallarda daşqalaq etməklə cəzalandırılır.[7]

Quranın yeddi ayəsi zina və onun hökmləri haqqındadır.[8] Hədis kitablarında isə bununla bağlı rəvayətlərə bir bölmə ayrılmışdır.[9] Hədislərdə zina, peyğəmbər öldürmək və Kəbəni dağıtmaq kimi günahların cərgəsində qeyd edilir,[10] onun dünya və axirət nəticələrindən bəhs olunur. Ömür boyu bərəkətsizlik,[11] zahiri nuraniyyətin arada getməsi, qısa ömür, yoxsulluq[12] və qəfil ölüm[13] zinanın dünyəvi nəticələrindəndir. Hesab verməyin çətinliyi, Allahın qəzəbi və cəhənnəmdə əbədi qalmaq da onun axirətdəki nəticələrindəndir.[14]

Nəsillərin qarışmasının qarşısını almaq, nəsilləri qorumaq, xəstəliyin yayılmasının qarşısını almaq, cəmiyyətdə əmin-amanlıq ve təhlükəsizlik yaratmaq kimi məsələlər zinanın haram olma fəlsəfəsi hesab edilir.[15]

Cəza

Fiqhi mətnlərdə zina üçün üç cəza bəyan olunur ki, onların hər biri zinanın bir və ya bir neçə növlərində icra olunur: şallaq, qətl və daşqalaq.

* Şallaq: Həddi-büluğa çatmış, aqil, azad və evli olmayan zinakar kişi və ya qadının cəza həddi, yüz şallaqdır.[16] Bu hökm, Nur surəsinin 2-ci ayəsində gəlmişdir. Bu ayəyə əsasən, bir qrup mömin cəza həddi icra olunarkən, orada iştirak etməlidir.[17]

* Qətl: Nəsəbi məhrəmlərlə (məsələn ana, bacı və öz qızı kimi) zinanın, təcavüzün,[18] müsəlman olmayan kişinin müsəlman qadınla zina etməsinin və qamçılandıqdan sonra olunan bir neçə dəfə təkrar zinanın cəzası, qətldir.[19]

* Daşqalaq: Evli şəxsin zinasının cəza həddi, daşqalaqdır.[20] Evli və azad kişi və ya qadının, həddi-büluğa çatmış və aqil bir şəxslə zinasına "Muhsinəh zina" deyilir.[21] Daşqalaq cəzasına məhkum edilmiş şəxs qüsl almalıdır. Sonra kişini belinə, qadını isə sinəsinə qədər torpağa basdırıb ölənə qədər daşqalaq edirlər.[22] Zina edən, azad və evli qoca kişi və ya yaşlı qadının cəzası, yüz şallaq vurulduqdan sonra daşqalaqdır.[23]

Müqəddəs zaman və məkanda, o cümlədən məsciddə, din böyüklərinin hərəmində və Ramazan ayında olunan zinanın cəzası daha da şiddətlənir və o zinanın cəza həddindən əlavə təziri də var. Həmçinin, kişi ilə ölü qadın arasında olan zinanın hökmü də belədir.[24]

Zinanın İslami cəzası İran, Səudiyyə Ərəbistanı və Pakistan kimi İslam ölkələrinin cəza qanunlarında öz əksini tapmışdır.[25]

Sübut yolları

Fəqihlərin fətvasına əsasən, zinanı sübut etməyin iki yolu vardır: zinakarın etirafı və bəyyinə.

  • Etiraf: Etiraf vasitəsi ilə zinanın sübutu zamanı, ümumi şərtlərindən (həddi-büluğa çatmaq, ağıl, ixtiyar və azadlıq) əlavə, zina edənin dörd dəfə etiraf etməsi şərtdir.[26]
  • Bəyyinə: Bəyyinə ilə zinanın isbatı zamanı, dörd kişi və ya dörd kişi olmadıqda, məşhur qövlə əsasən, üç kişi və iki qadının şahidliyi şərtdir.[27] İki kişi və dörd qadının şahidliyiylə isə daşqalaq deyil, yalnız şallaqlamaq sübuta yetirilir.[28] Şahidlərin ifadəsi o zaman cəza həddinin sübuta yetirilməsi ilə nəticələnir ki, zinanın baş verməsi, onun bir yerdə və bir zamanda müşahidə edilməsinə dair verdikləri şəhadətləri aydın olsun. Əks halda, nahaq nisbətə görə şahidin özünə həddi-qəzf cari olar.[29]

Fiqhi fətvalara əsasən, şahidlərin zina haqqında ifadə verməkdən çəkinmələri müstəhəbdir. Həmçinin, qazinin onları eyham və istehza ilə ifadə verməkdən çəkindirməyə rəğbətləndirməsi müstəhəbdir.[30]

Zinanın bəzi fiqhi hökmləri

Zinanın fiqhi hökmlərindən bəziləri bunlardır:

  • Məşhur nəzərə görə, zina ilə nəsəb (qohumluq əlaqəsi) yaranmır. Buna görə də şəri cəhətdən, zinadan doğulan uşaq nə kişiyə, nə də qadına mənsub deyil.[31] Əlbəttə, İmam XomeyniAyətullah Xoyi kimi bəzi müasir fəqihlərin nəzəri fərqlidir.[32]
  • Əgər ərli qadın, əri təlaq vermədən öncə zina edərsə, fəqihlərin məşhur fətvasına əsasən, həmin qadın onunla zina edən kişiyə əbədi haram olar.[33] Əlbəttə, Seyyid Musa Şübeyri Zəncani kimi bəzi mərcələr, həmin qadının zina etdiyi kişiyə əbədi haram olmadığına inanırlar.[34]
  • Fəqihlər arasında olan məşhur nəzərə əsasən, bir qadının anası və ya qızı ilə zina etmək, həmin qadınla nikahın haram olmasına səbəb olur. Bu şərtlə ki, zina nikahdan əvvəl baş versin.[35]
  • Məşhur nəzərə əsasən, zina etmiş subay qadının iddəsi yoxdur,[36] lakin zinadan hamilə qalan, sonra ərindən təlaq alan ərli qadın, iddəsi bitdikdən sonra uşağını doğmamış olsa belə, evlənə bilər.[37]
  • Əgər kişi öz xanımını zina etməkdə ittiham edərsə və bir-birlərinə lənət oxuyarlarsa, [1-ci qeyd] qadın kişiyə əbədi olaraq haram olar.[38]
  • Əgər cəza həddi icra edilərkən zinakar şəxs qaçarsa, onun cəzası etirafla sübuta yetirilən daşqalaq olsa, məşhur nəzərə görə, daha cəzalandırılmayacaq, amma cəzası bəyyinə yolu ilə sübuta yetirilən şallaq və ya daşqalaq olsa, cəza üçün qaytarılacaq.[39]
  • Şallaq və daşqalaq cəzası o zaman icra edilə bilər ki, zinakar zina zamanı onun haram olmasından xəbərdar olsun.[40]
  • Bu hallarda zinanın cəzası ləğv edilər: Şübhə ilə zina etmək (məsələn, zinakarın öz arvadı ilə yaxınlıq etdiyini zənn etməsi), evli olduğunu iddia etmək, icbari (zina etməyə məcbur olmaq)[41] və zina hakimin qarşısında sübuta yetirilməzdən öncə zinakarın tövbə etməsi.[42]
  • Zinanın cəza həddi haqqullahdır. Ona görə də onun icrası heç kimin tələbindən asılı deyildir və hakim onu öz elmi əsasında həyata keçirə bilər.[43] Həmçinin, Təbərrui şəhadət (hakim tələbi olmadan) də onun üçün qəbul edilir.[44]

İstinadlar

  1. Mühəqqiq Hilli, Şərayeul-İslam, h.q 1408, c.4, s.136; Tusi, Ət-Tibyan, c.6, s.475
  2. Mühəqqiq Hilli, Şərayeul-İslam, h.q 1408, c.4, s.136
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.258; Tusi, Ət-Tibyan, c.6, s.475; Xomeyni, Təhrirul-vəsilə, h.q 1408, c.1, s.274
  4. Sədr, Əl-Fətaval-vazihə, s.19
  5. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.258
  6. Müqəddəs kitab, Çıxış kitabı, bab 20, ayə 1-18-ə kimi
  7. Müqəddəs kitab, Təsniyə kitabı, 22:23-24; Müqəddəs kitab, Levililer Kitabı, 20: 11-12
  8. Nisa surəsi, ayə 15-16; İsra surəsi, ayə 32; Nur surəsi, ayə 2-3; Furqan surəsi, ayə 68; Mumtəhənə surəsi, ayə 12
  9. Məclisi, Biharul-ənvar, h.q 1403, c.76, s.17 (babuz-zina)
  10. Məclisi, Biharul-ənvar, h.q 1403, c.76, s.20
  11. Məclisi, Biharul-ənvar, h.q 1403, c.76, s.19
  12. Məclisi, Biharul-ənvar, h.q 1403, c.76, s.22
  13. Məclisi, Biharul-ənvar, h.q 1403, c.76, s.23
  14. Məclisi, Biharul-ənvar, h.q 1403, c.76, s.21
  15. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.13, s.88; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.12, s.102-103
  16. Şeyx Səduq, Əl-Muqənnə, h.q 1415, s.428
  17. Nur surəsinin 2-ci ayəsi
  18. Mühəqqiq Hilli, Şərayeul-İslam, h.q 1408, c.4, s.141
  19. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.309-313; Xomeyni, Təhrirul-vəsilə, h.q 1408, c.2, s.462-463
  20. Şeyx Səduq, Əl-Muqənnə, h.q 1415, s.428
  21. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.318-322
  22. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.347-358
  23. Şəhid Sani, Ər-rovzətul-bəhiyyə, h.q 1410, c.9, s.85-86; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.318-320
  24. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.373-374 və 644-645; Xomeyni, Təhrirul-vəsilə, h.q 1408, c.2, s.468
  25. Heydəri, Zina, s.600
  26. Mühəqqiq Hilli, Şərayeul-İslam, h.q 1408, c.4, s.138-139; Xomeyni, Təhrirul-vəsilə, h.q 1408, c.2, s.459
  27. Mühəqqiq Hilli, Şərayeul-İslam, h.q 1408, c.4, s.139
  28. Mühəqqiq Hilli, Şərayeul-İslam, h.q 1408, c.4, s.139
  29. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.154-158 və 296-302; Xomeyni, Təhrirul-vəsilə, h.q 1408, c.2, s.461; Xoyi, Təkmilətu minhacis-salihin, h.q 1407, s.25
  30. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.307
  31. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.29, s.256-257 və c.31, s.236; Xomeyni, Təhrirul-vəsilə, h.q 1408, c.2, s.264-265
  32. Şəriəti, Nəsəb naşi əz zina və asare mədəniye an ba ruykərdi bər didqahe İmam Xomeyni, h.ş 1394
  33. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.29, s.446
  34. Şübeyri Zəncani, Tozihul-məsail risaləsi, h.ş 1388, s.517, məsələ: 2407
  35. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.29, s.363-368; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1420, c.5, s.549-550
  36. Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.23, s.504
  37. Şəhid Sani, Məsalikul-əfham, c.9, s.262-263; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.32, s.263-264
  38. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.30, s.24-25
  39. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.349-351
  40. Mühəqqiq Hilli, Şərayeul-İslam, h.q 1408, c.4, s.136
  41. Mühəqqiq Hilli, Şərayeul-İslam, h.q 1408, c.4, s.137-138
  42. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.293 və 307-308
  43. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.366
  44. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1369, c.41, s.106

Ədəbiyyat

  • Şəhid Sani, Zeynud-din ibn Əli, Ər-rovzətuı-bəhiyyə, Qum, h.q 1410
  • Şəhid Sani, Zeynud-din ibn Əli, Məsalikul-əfham, h.q 1417-1413
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Muqənnə, Qum, İmam Hadi (ə) müəssisəsi, h.q 1415
  • Yəzdi Təbatəbai, Məhəmməd Kazim, Qum, h.q 1417-1420
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Möhsin, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.q 1417
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Darul-kutubil-İslamiyyə, 32-ci çap, Tehran
  • Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə, Qum, Dəftəre enteşarate İslami, h.q 1409
  • Heydər, Abasəli, زنا
  • Şəriəti, İlham, «نسب ناشی از زنا و آثار مدنی آن با رویکردی بر دیدگاه امام خمینی»
  • Xomeyni, Ruhullah, Təhrirul-vəsilə, Darul-kutubil-elmiyyə, İsmailiyyan, h.q 1408
  • Xoyi, Əbül-Qasim, Təkmilətu minhacis-salihin, Qum, h.q 1407
  • Şübeyri Zəncani, Seyyid Musa, Tozihul-məsail risaləsi, Qum, h.ş 1388

Xarici keçid