Taslim:İstibra
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
| Fiqhi və əməli əhkamın bir hissəsi |
|---|
İstibra (ərəbcə: الاستبراء) sidik və ya məni xaric olduqdan sonra sidik kanalının onların qalıqlarından təmizlənməsi məqsədilə edilən müstəhəb əməldir. Fiqhi hökmlərə əsasən, istibradan sonra sidik kanalından şübhəli bir maye xaric olarsa, həmin maye pak sayılır və dəstəmazı və ya qüslü pozmur.
Fiqhdə istibranın digər tətbiq sahələri də vardır. Bunlara nəcasətlə qidalanan heyvanın istibrası (insan nəcisini yeməyə adət etmiş halal ətli heyvanın ət və südünün pak olması məqsədilə müəyyən müddət ərzində nəcasətdən uzaq saxlanılması), bətnin istibrası (kənizin alınıb-satılması zamanı onun hamilə olmadığından əmin olmaq üçün onunla cinsi əlaqədən çəkinmək) və heyz istibrası (heyz qanı kəsildikdən sonra qadının övrət yerini yoxlaması) daxildir.
Anlayış və tətbiqləri
İstibra əsasən kişinin sidik və məni xaric olduqdan sonra sidik kanalında qalıq sidik və ya məni qalmamasını təmin etmək məqsədilə etdiyi müstəhəb əməl kimi işlədilir.[1] Fiqhdə “istibra” sözü yuxarıda qeyd olunan digər mənalarda da istifadə olunur: nəcasətlə qidalanan heyvanın istibrası, bətnin istibrası və heyz istibrası.
İstibra üsulu
Sidikdən istibra zamanı kişi sidik ifraz etdikdən sonra sol əlin orta barmağı ilə üç dəfə anusdan cinsiyyət orqanının kökünə qədər çəkir. Daha sonra sol əlin baş barmağını cinsiyyət orqanının üstünə, başqa bir barmağını isə altına qoyaraq həmin yerdən sünnət yerinə qədər çəkir. Ardınca cinsiyyət orqanının ucunu üç dəfə sıxır.[2]
Mənidən (sperma) istibra da sidikdən istibra ilə eyni qaydada edilir, lakin bundan əvvəl sidiyə çıxmaq lazımdır. Bununla belə, bəzi fəqihlərə görə mənidən (sperma) istibra üçün sidiyə çıxmaq kifayətdir. Əgər şəxs sidiyə çıxa bilmirsə, bu halda sidikdən istibra qaydasında istibra etməsi kifayətdir.[3]
İstibradan sonra şübhəli mayenin paklığı
Fiqhi fətvalara əsasən, kişilərdə istibradan sonra sidik kanalından şübhəli bir maye xaric olarsa, həmin maye pak sayılır və dəstəmazı və ya qüslü pozmur.[4] Lakin bir şəxs sidikdən sonra istibra etməzsə və ondan şübhəli bir maye xaric olarsa, həmin maye nəcis hesab edilir və dəstəmaz da pozulur.[5] Məşhur fətvaya əsasən, əgər kişi məni xaric olduqdan sonra istibra etmədən qüsl edərsə və bundan sonra sidik kanalından məni olub-olmadığını bilmədiyi bir maye xaric olarsa, yenidən cənabət qüslü etməlidir.[6]
İstibra qadınlara da aiddirmi?
Fəqihlər istibranın qadınlara da aid olub-olmaması məsələsində fərqli fikirdədirlər. Onların əksəriyyəti istibranın müstəhəb olmasını yalnız kişilərə aid hesab edir.[7] Buna görə də qadınlarda sidik və ya məni ifrazından sonra, istibra edilməsə belə, sidik kanalından xaric olan mayeni pak hesab etmişlər.[8] Bununla belə, qadınların sidikdən sonra bir qədər gözləmələri, daha sonra tənəhnüh (qəsdən öskürmək) etmələri və cinsiyyət orqanlarını sıxmaları daha yaxşı hesab edilmişdir.[9] Əllamə Hilli istibranın qadınlar üçün də keçərli olduğunu düşünür,[10] lakin onun necə yerinə yetirilməli olduğunu açıqlamamışdır.[11]
Nəcasətlə qidalanan heyvanın istibrası
İstibra insan nəcisini yeməyə adət etmiş halal ətli heyvanlara da tətbiq olunur. Buna əsasən, insan nəcisini yeməyə adət etmiş halal ətli heyvanın südünün və ətinin halal olması üçün müəyyən müddət ərzində onun bu işdən qarşısı alınmalıdır.[12] Heyvanın növündən asılı olaraq istibra müddəti fərqlidir. Şeyx Tusinin dediyinə görə:
- Dəvə: 40 gün
- İnək: 20 gün
- Qoyun: 10 və ya 7 gün
- Toyuq: 3 gün[13]
Heyz qanından istibra
Heyz qanı kəsildikdən sonra uşaqlığın yoxlanılması: Fiqhi hökmlərə əsasən, əgər heyz qanı on gündən əvvəl kəsilərsə və qadın uşaqlığında hələ qan qaldığını ehtimal edərsə, vaginasına bir parça pambıq yerləşdirməlidir.[14] Daha sonra onu çıxarmalıdır. Əgər pambıq qana bulaşmayıbsa, qadın heyz halından pak sayılır. Əks halda isə tamamilə paklanana qədər gözləməlidir.[15]
İstinadlar
- ↑ Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, c.1, s.323
- ↑ Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, c.1, s.322
- ↑ Həkim, Mustəmsəkul-ürvə, c.3, s.109
- ↑ Əllamə Hilli, Muntəhul-mətləb, c.1, s.255; Nəcəfi, Cəvahirul-kəlam, c.3, s.122
- ↑ Əllamə Hilli, Muntəhul-mətləb, c.1, s.255
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, c.3, s.126
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, c.2, s.57-58; c.3, s.112
- ↑ Həkim, Mustəmsəkul-ürvə, c.2, s.228
- ↑ Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, c.1, s.323
- ↑ Əllamə Hilli, Muntəhul-mətləb, c.1, s.256
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, c.2, s.58
- ↑ Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, c.1, s.278
- ↑ Şeyx Tusi, Əl-Xilaf, c.6, s.85-86
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, c.3, s.189
- ↑ Şəhid Sani, Rəvzul-cinan, s.73; Nəcəfi, Cəvahirul-kəlam, c.3, s.189-190
Ədəbiyyat
- Əllamə Hilli, Həsən ibn Yusif, Muntəhul-mətləb fi təhqiqil-məzhəb, İslami araşdırmalar cəmiyyətində fiqh bölməsinin düzəlişi, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1412
- Həkim, Seyyid Möhsin, Mustəmsəkul-ürvətil-vüsqa, Qum, Darut-təfsir müəssisəsi, h.q 1416
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şəraiil-İslam, Düzəliş: Abbas Quçani və Əli Axundi, Beyrut, Daru ihyait-turasil-ərəbi, h.q 1404
- Şəhid Sani, Zeynuddin ibn Əli, Rəvzul-cinan fi şərhi irşad, Qum, Alul-beyt (ə) müəssisəsi, Tarixsiz
- Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa fima bihil-bəlva, Düzəliş: Əhməd Möhsini Səbzivari, Qum, Qum-elmi-hövzəsinin müəllimlər cəmiyyətinə bağlı İslami nəşriyyat ofisi, h.q 1419
- Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Düzəliş: Əli Xorasani və başqaları, Qum, Qum-elmi-hövzəsinin müəllimlər cəmiyyətinə bağlı İslami nəşriyyat ofisi, h.q 1407