Taslim:Qəbir ziyarəti
Qəbir ziyarəti, (ərəbcə: زيارة القبور) dünyasını dəyişmiş insanların məzarları önünə gedərək onlara hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Müsəlman alimləri Qurandakı ayələrə və hədislərə əsaslanaraq, xüsusilə peyğəmbərlərin, saleh insanların və övliyaların qəbirlərini ziyarət etməyi məşru (şəriətə uyğun) bilmiş və onun üçün müxtəlif fəzilətlər və faydalar qeyd etmişlər. Bununla belə, vəhhabi məzhəbi qəbir ziyarətini haram hesab edir.
Müsəlman fiqh alimləri, vəhhabi alimlər istisna olmaqla qəbir ziyarətinin kişilər üçün müstəhəb olduğunda həmfikirdirlər. Lakin qadınların qəbir ziyarəti barədə fikir ayrılığı mövcuddur. İmamiyyə alimlərinin çoxu qadınlar üçün də qəbir ziyarətinin kişilər kimi müstəhəb olduğuna fətva vermişdir. Əhli-sünnə alimlərinin məşhur görüşünə görə isə qadınların qəbir ziyarəti məkruh sayılır.
Məfhum və mövqeyi
Qəbir ziyarəti ölənlərin məzarları önünə gedərək onlara hörmət və ehtiram göstərməkdir. Dini terminologiyada isə peyğəmbərlərin, imamların, imamzadələrin və saleh insanların məzarlarını ziyarət etməyi nəzərdə tutur və bu, onlara ehtiram göstərmək, təvəssül etmək və bərəkət diləmək kimi xüsusi ayinlərlə həyata keçirilir.[1] Bildirilir ki, ölənlərin, xüsusilə böyük şəxsiyyətlərin məzarlarına hörmət göstərmək çox qədim tarixə malikdir və dünyanın müxtəlif xalqları əsrlər boyu öz ölülərini uca tutmuş, onların məzarlarını ziyarət etmişlər.[2] İslam mədəniyyətində də Cəfər Sübhaninin dediyinə əsasən Peyğəmbərin (s), onun Əhli-beytinin və möminlərin qəbirlərini ziyarət etmək İslam mədəniyyətinin əsas prinsiplərindən sayılır.[3]
Hənbəli fəqihi və tarixçisi Ziyaəddin Müqəddəsidən (vəfatı: 663 h.q.) nəql olunur ki, bəzi rəvayətlərə əsaslanaraq o, müsəlmanların bütün zamanlarda və məkanlarda qəbir ziyarətinə getdiyini və ölüləri üçün Quran oxuduğunu bildirmişdir. O, bu ənənənə haqqında icma olduğunu bildirmiş və heç kimin bunu inkar etmədiyini qeyd etmişdir.[4] Bəzi İslam ölkələrində, o cümlədən İranda cümə axşamı və cümə günləri qəbiristanlığa getmək geniş yayılmış bir adətdir. Fatihə oxumaq, Quran tilavət etmək, məzar daşlarını yumaq, şam yandırmaq, məzar üstünə gül qoymaq, ehsan və nəzir paylamaq və savabını ölülərə hədiyyə etmək kimi adətlər də qəbir ziyarəti zamanı bəzi insanlar tərəfindən yerinə yetirilən əməllərdəndir.[5]
Qəbir ziyarətinin şəriiliyi və təsirləri
Müsəlman alimləri Qurandakı ayələrə və hədislərə əsaslanaraq, xüsusilə peyğəmbərlərin və saleh insanların qəbirlərini ziyarət etməyi məşru bilmiş və onun üçün müxtəlif fəzilətlər və faydalar qeyd etmişlər.[6] Ölümü və axirəti xatırlamaq,[7] Allaha yaxınlaşmaq,[8] qəlbin yumşalması[9] bu faydalar arasındadır. Həmçinin bildirilir ki, qəbir ziyarəti insanı həyatın qısalığını xatırlamağa sövq edir və bu xatırlatma onu əxlaqi prinsiplərə daha çox riayət etməyə təşviq edə bilər. Bundan əlavə, ölülər də ziyarətçilərin onlar üçün etdikləri dua və bağışlanma istəklərindən bəhrələnirlər.[10]
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: “Mömin kişi və qadınların qəbirlərini ziyarət edin. Çünki onlar sizinlə ünsiyyət qururlar və əgər onlardan uzaqlaşsanız, vahiməyə düşərlər”.[11] Başqa bir rəvayətdə isə belə gəlmişdir: “Ölülərinizi ziyarət edin. Çünki onlar sizin ziyarətinizlə sevinirlər. Sizdən hər kəs ata-anasının qəbrini ziyarət etdikdə, onlar üçün dua etdikdən sonra öz hacətlərini istəsin”.[12]
Qəbir ziyarətinin məşru olmasına dair dəlillər
Müsəlman alimləri qəbir ziyarətinin, xüsusilə Peyğəmbərin (s) və möminlərin qəbirlərini ziyarət etməyin məşru olduğunu sübut etmək üçün aşağıdakı dəlillərə istinad etmişlər:
- Quran: “Tövbə” surəsinin 84-cü ayəsində Peyğəmbərə (s) münafiqlərin cənazə namazını qılmaq və onların qəbirləri yanında dayanıb dua etmək qadağan edilir.[13] Müfəssirlərin fikrincə, bu qadağa göstərir ki, qəbir yanında dayanmaq və dua etmək əslində ibadət olaraq məqbuldur, əks halda Allah yalnız münafiqlərin qəbirləri barədə qadağa qoymazdı.[14]
- Peyğəmbərin (s) sünnəsi: Qəbir ziyarəti İslamın ilk dövrlərindən etibarən məşru və yayğın bir əməl olmuşdur. İbn Şəbbənin “Tarixul-Mədinətil-Münəvvərə” əsərində nəql olunur ki, Peyğəmbər (s) Məkkənin fəthindən Mədinəyə qayıdarkən anası Aminənin qəbrini ziyarət etmiş və buyurmuşdu: “Bu, anamın qəbridir. Allahdan onun ziyarətini istəmişdim və O, bunun üçün mənə icazə verdi”.[15] Həmçinin nəql olunur ki, Peyğəmbər (s) Ühüd şəhidlərinin qəbirlərini[16] və Bəqi qəbiristanlığında möminlərin qəbirlərini ziyarət edərdi.[17]
- Məsum imamların (ə) davranışı: Tarixi mənbələrdə İmamların (ə) qəbirləri ziyarət etməkdə əməli davranışları ilə bağlı çoxsaylı məlumatlar mövcuddur.[18] Misal üçün Həzrət Fatimə (s) hər cümə günü Həmzə ibn Əbdülmüttəlibin qəbrini ziyarət edir, orada namaz qılır və ağlayardı.[19]
İmam Baqirdən (ə) nəql olunan hədisə əsasən, İmam Hüseyn (ə) hər cümə gecəsi İmam Həsənin (ə) qəbrini ziyarət edərdi.[20] İmam Rzadan (ə) nəql olunan rəvayətdə də deyilir ki, İmam Səccad (ə) İmam Əlinin (ə) qəbrini ziyarət edər, yanında dayanıb ağlayar və salam verərdi.[21] Həmçinin Şiə rəvayət mənbələrində Peyğəmbərin (s), imamların (ə) və möminlərin qəbirlərini ziyarət etməyin fəziləti və müstəhəbliyi barədə çoxlu hədislər mövcuddur.[22]
- Səhabə və tabeinlərin əməli: Tarixi və rəvayət mənbələrində bəzi səhabə və tabeinlərin də qəbirləri ziyarət etdikləri qeyd olunur ki, bu da onların nəzərində qəbir ziyarətinin caiz olduğunu göstərir.[23]
- Alimlərin icması: Peyğəmbərin (s), möminlərin və saleh insanların qəbirlərini ziyarət etməyin şəri baxımdan doğru olması barədə həmçinin müsəlman alimləri arasında icma mövcuddur.[24] Maliki məzhəbindən olan alim Qazi Əyyaz (vəfatı: 544 h.q.) “Əş-Şifa bi tərifi hüquqi əl-Mustafa” əsərində yazır ki, Peyğəmbərin (s) qəbrinin ziyarəti İslamın fəzilətli və sabit sünnələrindəndir və bütün müsəlmanlar onun şəri baxımdan doğru olması barədə icma ediblər.[25]
- Müsəlmanların tarixi ənənəsi: Peyğəmbər (s) dövründən bəri müsəlmanların adəti belə olmuşdur ki, möminlərin qəbirlərini ziyarət etməyə gedər və onlar üçün dua edərdilər.[26] Hicri-qəməri təvimi ilə 6-cı əsrdə yaşamış əhli-sünnə fəqihi Əbu Bəkr Kaşani, Peyğəmbərin (s) “sizi qəbir ziyarətindən çəkindirmişdim, indi isə ziyarət edin”[27] hədisinə istinad edərək bildirir ki, Peyğəmbər (s) icazə verdikdən sonra müsəlmanlar qəbirləri ziyarət etməyi məşru bilib və o vaxtdan bu günə qədər ona əhəmiyyət veriblər.[28]
Qəbir ziyarətinin ədəb və qaydaları
Müsəlman alimləri, Peyğəmbərin (s) və məsum imamların sünnəsinə əsaslanaraq, qəbir ziyarəti üçün bir sıra ədəb və müstəhəb əməllər qeyd ediblər. Onlardan bəziləri bunlardır: -
- Cümə axşamı günü, xüsusilə həmin günün axşamçağı qəbir ziyarətinə getmək.[29]
- Qəbirin üzərinə əli qoymaq və qibləyə tərəf dayanmaq.[30]
- Qədr surəsini yeddi dəfə oxumaq.[31]
- Ayətül-Kürsini və İxlas surəsini üç dəfə tilavət etmək.[32]
- Fatihə və Muəvvəzətəyni (Fələq və Nas surələri) oxumaq.[33]
- Qəbirin üzərinə su səpmək.[34]
- Qəbir sahibinə dua etmək və Allahdan onun üçün rəhmət diləmək.[35]
- Ölülərə salam vermək: Əllamə Məclisi Biharul-Ənvar əsərində möminlərin ziyarət ədəblərini sadalayarkən bir hədis nəql edir ki, İmam Əli (ə) qəbiristanlığı ziyarət edərkən belə deyərdi:
[36]«بِسْمِ اَللّٰهِ اَلرَّحْمٰنِ اَلرَّحِیمِ اَلسَّلاَمُ عَلَی أَهْلِ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ مِنْ أَهْلِ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ یا أَهْلَ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ بِحَقِّ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ کَیفَ وَجَدْتُمْ قَوْلَ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ مِنْ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ یا لاَ إِلَهَ إِلاَّ اَللَّهُ بِحَقِّ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ اِغْفِرْ لِمَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ وَ اُحْشُرْنَا فِی زُمْرَةِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ مُحَمَّدٌ رَسُولُ اَللَّهِ عَلِی وَلِی اَللَّهِ».
Qadınların qəbirləri ziyarət etməsi
Kişilər üçün qəbir ziyarətinin caiz və müstəhəb olması barədə müsəlman alimləri arasında heç bir ixtilaf yoxdur. Lakin qadınların qəbirləri ziyarət etməsinin şəri baxımdan caiz olub-olmaması barədə fikir ayrılığı mövcuddur:
- İmamiyyənin (şiə) baxışı: İmamiyyə fiqh alimlərinə görə, qadınlar üçün də qəbir ziyarəti müstəhəbdir və Sahib Hədaiq bu barədə icma olduğunu bildirmişdir.[37] Lakin Mühəqqiq Hilli “Əl-Mötəbər” əsərində, həmçinin Əllamə Hilli “Müntəhəl-Mətləb” kitabında qadınların qəbir ziyarətini məkruh hesab ediblər.[38] Şəhid Əvvəl “Zikrəş-Şiə” əsərində Mühəqqiq Hillinin bu fikrinə işarə edərək bildirir ki, qadınların qəbirləri ziyarət etməsinin məkruh sayılması onların örtülü və naməhrəmdən qorunmuş olmaları ilə bağlı ola bilər. Əgər bu məsələlərlə ziddiyyət təşkil etmirsə, qadınlar üçün də kişilər kimi qəbir ziyarəti caiz və müstəhəbdir.[39]
- Əhli-sünnənin baxışı: Təqiyyüddin Sübki “Şifaüs-səqam” əsərində və sünni fiqhinin ensiklopediyası olan “Əl-Məvsuətul-fiqhiyyətil-Küveytiyyə” kitabından sitat gətirdiyinə əsasən, əhli-sünnə fiqh alimlərinin məşhur görüşü budur ki, qadınların qəbirləri ziyarət etmələri məkruhdur.[40] Bununla belə, bəzi əhli-sünnə alimləri qadınların qəbirləri ziyarət etmələrini kişilər kimi müstəhəb hesab ediblər.[41]
- Vəhhabilərin baxışı: Məhəmməd ibn Əbdülvəhhab və onun ardıcılları “لَعَنَ اللَّهُ زَوَّارَاتِ الْقُبُورِ” Allah qəbir ziyarətinə gedən qadınları lənət etsin”[42] hədisinə əsaslanaraq, qadınların qəbirləri ziyarət etmələrinin haram olması ilə bağlı qərar veriblər.[43] Bəzi vəhhabi alimləri hədisdəki “lənət” ifadəsini bu əməli haram və hətta böyük günah saymaq üçün dəlil kimi göstəriblər.[44] Lakin bu görüş bir çox müsəlman alimləri tərəfindən tənqid olunmuşdur. Tirmizi və Hakim Nişapuri kimi əhli-sünnə hədisçiləri bildiriblər ki, bu hədis Peyğəmbərin (s) qəbir ziyarətini qadağan etdiyi ilk dövrlərə aiddir. Amma sonradan bu hökm nəsh edilmiş və qadınlara da ziyarət etmək üçün icazə verilmişdir.[45] Bəzi alimlərə görə, hədis yalnız o hallara aiddir ki, qadınların qəbir ziyarəti günaha və ya haram davranışa səbəb olsun.[46] Qurtubi (vəfatı: 671 h.q.) kimi Maliki alimlərindən nəql olunub ki, hədisdəki “zəvvarat” sözü mübaliğə (hadisə və ya fikrin şişirdilmiş şəkildə verilməsi) üçün istifadə edilmişdir. Bundan məqsəd də qəbir ziyarətinə çox gedən qadınlardır. Buna görə də hədisdəki “lənət” sözü bütün qadınlara aid edilə bilməz.[47] Misir “Darul-İfta”sının fətvasına görə, qadınlar üçün də, kişilər üçün də qəbir ziyarəti müstəhəbdir və hədis yalnız o hallara aiddir ki, ziyarət qadınlarda kədərin yenilənməsinə, fəryad və naləyə səbəb olsun.[48]
İbn Teymiyyə və vəhhabilərin qəbir ziyarətinə qarşı çıxması
Əsas məqalə: Şəddü rihal hədisi
İbn Teymiyyə və vəhhabilər “şəddü rihal” (qəbir ziyarəti məqsədilə səfərə çıxmağı) hədisinə əsaslanaraq, hətta Peyğəmbərin (s) qəbrini ziyarət etmək üçün səfər etməyi belə haram hesab ediblər. Həmçinin bəzi hallarda bunu bidət və şirkə aparan əməl kimi qiymətləndiriblər.[49] Onların fikrincə, bu hədisə əsasən səfərə çıxmaq yalnız üç məscidin ziyarəti üçün caizdir: Məscidül-Həram, Məscidül-Əqsa və Məscidün-Nəbi.[50]
Bununla belə, əgər səfərin məqsədi birbaşa qəbir ziyarəti deyilsə, bəzi vəhhabi alimləri kişilərin qəbir ziyarətini caiz biliblər. Məsələn, bir şəxs namaz qılmaq üçün Mədinəyə gedərsə və orada Peyğəmbərin (s) qəbrini ziyarət etmək istəsə, bunu caiz sayıblar.[51]
Müsəlman alimlərinin böyük əksəriyyəti bu baxışı tənqid ediblər. Nəvəvi,[52] İbn Həcər Əsqəlani[53] Qəzzali[54] Molla Əli Qari Hənəfi[55] Şəmsəddin Zəhəbi[56] Cəssas[57] Hənəfi fəqihi İbn Abidin[58] Maliki fəqihi Zərqani[59] Hənbəli fəqihi İbn Qudamə[60] və digərləri kimi əksər sünni alimləri “şəddü rihal” hədisinin qəbirləri, xüsusən də Peyğəmbərin (s) qəbrini ziyarət etməyin qadağan olduğu mənasına gəlmədiyini, əksinə, bu üç məscidin fəzilətinin ifadəsi olduğunu düşünürlər.
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Kiyani Fərid, Ziyarət, s.847
- ↑ Məkarim Şirazi, Şie pasox mi quyəd, s.89
- ↑ Sübhani, Mənşure əqaide İmamiyye, s.254
- ↑ Mubarəkfuri, Tuhfətul-əhuzi, c.3, s.275
- ↑ «یاد از دست رفتگان؛ رسم ارزشمند ایرانیان/ برخی اعتقادات پنجشنبه آخر سال»، سایت خبرگزاری مهر., Mehr xəbər agentliyi
- ↑ Sübhani, Ayin və vəhhabiyyət, s.102
- ↑ Müslim, Səhih-Müslim, c.2, s.671; Əd-Darəqutni, Sunənud-Darəqutni, c.5, s.467
- ↑ Seyid ibn Tavus, Fərhətul-ğəri, s.104-105; Əllamə Məclisi, Biharul-ənvar, c.100, s.120-121
- ↑ Müttəqi Hindi, Kənzul-ummal, c.15, s.646
- ↑ Abrahamof, Tocihe fəlsəfi Fəxruddin Razi əz ziyarəte qubur, s.86
- ↑ Kuleyni, Əl-Kafi, c.3, s.228
- ↑ Kuleyni, Əl-Kafi, c.3, s.230
- ↑ Təbatəbai, Əl-Mizan, c.9, s.360; Tövbə surəsi, ayə 84
- ↑ Təbərsi, Məcməul-bəyan, c.5, s.100; Təbatəbai, Əl-Mizan, c.9, s.360
- ↑ İbn Şəbbə, Tarixul-Mədinətil-Munəvvərə, c.1, s.120
- ↑ Səmhudi, Vəfaul-vifa, c.3, s.112
- ↑ Səmhudi, Vəfaul-vifa, c.3, s.78
- ↑ Fərmaniyan, Ziyarəte qubur və dəlaile almimane şie bər məşruiyyəte an, s.151
- ↑ Hakim Nişaburi, Əl-Mustədrəku ələs-səhiheyn, c.1, s.533
- ↑ Hürr Amili, Vəsailuş-şiə, c.14, s.408
- ↑ İbn Qulaveyh, Kamiluz-ziyarat, s.36-37
- ↑ Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, c.4, s.579; Hürr Amili, Vəsailuş-şiə, c.14, s.319-600
- ↑ Nümunə üçün baxın: Malik ibn Ənəs, Əl-Muvəttə, c.1, s.166; Sənani, Musənnəf, c.3, s.570-576; Təqiyuddin Subuki, Şifaus-siqam, s.166-168; Mürtəza, Əs-Səhihu min siyrətin-nəbiyyil-əzəm, c.6, s.283
- ↑ Təqiyuddin Subuki, Şifaus-siqam, s.186; Mubarəkfuri, Tuhfətul-əhuzi, c.3, s.275
- ↑ Əyyaz, Əş-Şifa bi tərifi hüquqi əl-Mustafa, c.2, s.194
- ↑ Zarei Səbzivari, Ziyarət dər neqahe şəriyət, s.21
- ↑ Müslim, Səhih-Müslim, c.2, s.672
- ↑ Kaşani, Bədaius-Sənai, c.1, s.320
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, c.4, s.321
- ↑ Şəhid Əvvəl, Əl-Məzar, s.221; Nəcəfi, Cəvahirul-kəlam, c.4, s.319-322
- ↑ Şəhid Əvvəl, Əl-Məzar, s.221; Nəcəfi, Cəvahirul-kəlam, c.4, s.322
- ↑ İbn Əbi Yəla, Təbəqatul-hənabilə, c.1, s.264
- ↑ İbn Əbi Yəla, Təbəqatul-hənabilə, c.1, s.264
- ↑ Şeyx Tusi, Təhzibul-əhkam, c.1, s.320; Nəcəfi, Cəvahirul-kəlam, c.4, s.316-318
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, c.4, s.323
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, c.99, s.301
- ↑ Bəhrani, Əl-Hədaiqun-nazirə, c.4, s.169
- ↑ Mühəqqiq Hilli, Əl-Mötəbər, c.1, s.339; Əllamə Hilli, Muntəhul-mətləb, c.7, s.430
- ↑ Şəhid Əvvəl, Zikruş-şiə, c.2, s.63
- ↑ Təqiyuddin Subuki, Şifaus-siqam, s.186; Bir qrup yazıçı, Əl-Musuətul-fiqhiyyətil-Kuveytiyyə, c.24, s.88
- ↑ Nümunə üçün baxın: Şərənbəlali, Məraqil-fəlah, s.228-229
- ↑ Tirmizi, Sunənut-Tirmizi, c.3, s.362
- ↑ Əbdül-Vəhhab, Ət-Təvhid, s.65; İbn Baz, Fətava nuri ələd-dərb, c.1, s.184
- ↑ İbn Baz, Fətava nuri ələd-dərb, c.1, s.184; İbn Useymin, Əl-Qəvlul-Mufid, c.1, s.430
- ↑ Tirmizi, Sunənut-Tirmizi, c.3, s.362; Hakim Nişaburi, Mustədrəkun ələs-səhiheyn, c.1, s.529-530
- ↑ Mubarəkfuri, Tuhfətul-əhuzi, c.4, s.137
- ↑ Nümunə üçün baxın: Əsqalani, Fəthul-bari, c.3, s.149; Şukani, Neylul-əvtar, c.4, s.134
- ↑ «حكم زيارة النساء للقبور»، سایت دار الإفتاء المصریة., Dar-alifta saytı
- ↑ Nümunə üçün baxın: İbn Teymiyyə, Minhacus-sunnə, c.2, s.440; İbn Baz, Fətava nuri ələd-dərb, c.1, s.185
- ↑ İbn Teymiyyə, Minhacus-sunnə, c.2, s.440; İbn Baz, Fətava nuri ələd-dərb, c.1, s.185
- ↑ İbn Baz, Fətava nuri ələd-dərb, c.1, s.185
- ↑ Nəvəvi, Səhih-Muslim məə şərhil-İmam Əl-Nəvəvi, c.9, s.167-168
- ↑ Əsqalani, Fəthul-bari, c.3, s.65
- ↑ Ğəzzali, İhyau ulumiddin, c.1, s.244
- ↑ Hərəvi Əl-Qari, Mirqatul-məfatih, c.2, s.589
- ↑ Zəhəbi, Siyəru əlamin-Nübəla, c.9, s.368
- ↑ Cəssas, Əhkamul-Quran, c.1, s.295
- ↑ İbn Abidin, Rəddul-Muxtar, c.2, s.627
- ↑ Zərqani, Şərhur-Rəzqani, c.1, s.396-397
- ↑ İbn Qudamə, Əl-Muğni, c.2, s.195
Ədəbiyyat
- Abrahamof, Bünyamin, Tocihe fəlsəfi Fəxruddin Razi əz ziyarəte qubur, Məarif fəslnaməsində, nömrə 54, h.ş 1380
- İbn Əbi Yəla, Məhəmməd ibn Məhəmməd, Təbəqatul-hənabilə, Beyrut, Darul-mərifə, Tarixsiz
- İbn Həcər Əsqalani, Fəthul-bari Şərhu Səhihil-Buxari, Beyrut, Darul-mərifə, h.q 1379
- İbn Baz, Əbdül-Əziz, Fətava nuri ələd-dərb, Məkanı məlum deyil, Əş-Şeyx ibn Baz Əl-Xeyriyyə müəssisəsi, Tarixsiz
- İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sunnətin-Nəbəviyyə, Ərəbistan, Caməətul-imam Məhəmməd ibn Suudil-İslamiyyə, h.q 1406
- İbn Şəbbə, Əbu Zeyd Ömər, Tarixul-Mədinətil-Munəvvərə, Qum, Darul-fikr nəşriyyatı, h.q 1410
- İbn Abidin, Məhəmməd Əmin ibn Ömər, Rəddul-Muxtar, Beyrut, Darul-fikr, h.q 1412
- İbn Useymin, Məhəmməd ibn Saleh, Əl-Qəvlul-Mufid, Riyad, Darul-asimə, h.q 1424
- İbn Qudamə, Abdullah ibn Əhməd, Əl-Muğni, Qahirə, Məktəbətul-Qahirə, h.q 1388
- İbn Qulaveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Düzəliş edən: Behrad Cəfəri, Mətbəətus-Səduq, Tarixsiz
- Əd-Darəqutni, Əbul-Həsən Əli ibn Ömər, Sunənud-Darəqutni, Beyrut, Ər-risalə müəssisəsi, h.q 1424
- Bəhrani, Yusuf, Əl-Hədaiqun-nazirə, Qum, Ən-Nəşrul-İslami müəssisəsi, Tarixsiz
- Tirmizi, Məhəmməd ibn İsa, Sunənut-Tirmizi, Misir, Şirkətu məktəbə və mətbəətu Mustafa Əl-Babil-Hələbi, h.q 1395
- Cəssas, Əhməd ibn Əli, Əhkamul-Quran, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
- Bir qrup yazıçı, Əl-Musuətul-fiqhiyyətil-Kuveytiyyə, Küveyt, Vəzarətul-əvqaf və şuunil-İslamiyyə, Tarixsiz
- Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Mustədrəkun ələs-səhiheyn, Beyrut, Darul-mərifə, h.q 1411
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Təhqiq: Seyid Məhəmməd Rza Cəlali, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1416
- «حکم زیارة النساء للقبور» (Qadınların qəbirləri ziyarət etməyin hökmü), Darul-iftail-Misriyyə, Baxış
- Zəhəbi, Məhəmməd ibn Əhməd, Siyəru əlamin-Nübəla, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1414
- Zarei Səbzivari, Əbasəli, Ziyarət dər neqahe şəriyət, Tehran, Məşər nəşri, h.ş 1387
- Zərqani, Məhəmməd ibn Əbdül-Baqi, Şərhur-Zərqani, Qahirə, Məktəbətus-səqafətid-diniyyə, h.q 1424
- Sübhani, Cəfər, Ayin və vəhhabiyyət, Qum, Came müdərrisin hozeye elmiyyeye Qum, h.ş 1386
- Sübhani, Cəfər, Mənşure əqaide İmamiyye, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1376
- Subuki, Təqiyuddin Əli ibn Əbdül-Kafi, Şifaus-siqam fi ziyarəti xeyril-ənam, Təhqiq: Seyid Məhəmməd Rza Cəlali, Qum, Məşər nəşri, 4-cü çap, h.q 1419
- Səmhudi, Əli ibn Abdullah, Vəfaul-vifa bi-əxbari daril-Mustafa, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
- Seyid ibn Tavus, Seyid Əbdül-Kərim, Fərhətul-ğəri fi təyini qəbri Əmiril-Muminin (ə), Qum, Əl-Ğədir lid-dərasatil-İslamiyyə mərkəzi, 1-ci çap, h.q 1419
- Şərənbəlali, Həsən ibn Əmmar, Məraqil-fəlah, Məkanı məlum deyil, Əl-Məktəbətul-Əsriyyə, h.q 1425
- Şukani, Məhəmməd ibn Əli, Neylul-əvtar, Misir, Darul-hədis, h.q 1413
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Məzar, Qum, Düzəliş: Məhəmməd Baqir Müvəhhid Əbtəhi, İmam Mehdi (ə) mədrəsəsi, 1-ci çap, h.q 1410
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Zikruş-şiə fi əhkamiş-şəriə, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1419
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-islamiyyə, 4-cü çap, h.ş 1364
- Sənani, Əbubəkr Əbdür-Rəzzaq ibn Həmmam, Musənnəf, Hindistan, Əl-Məclisul-elmi, h.q 1403
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, İsmailiyyan nəşriyyatı, h.ş 1363
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, Əl-Ələmi lil-mətbuat müəssisəsi, h.q 1415
- Əllamə Hilli, Yusif ibn Həsən, Muntəhul-mətləb, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1412
- Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Əl-Vəfa müəssisəsi, h.q 1403
- Əyyaz, Əyyaz ibn Musa, Əş-Şifa bi tərifi hüquqi əl-Mustafa, Oman, Darul-fiyha, h.q 1407
- Ğəzzali, Əbu hamid, İhyau ulumiddin, Beyrut, Darul-mərifət, Tarixsiz
- Kaşani, Əlauddin Əbi Bəkr ibn Məsud, Bədaius-Sənai, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əliəkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Kiyani Fərid, Məryəm, Ziyarət, İslam dünyası ensiklopediyasında, Tehran, Dairətul-maərif islami mərkəzi, h.ş 1395
- Fərmaniyan, Mehdi, Sədaqət, Müctəba, Ziyarəte qubur və dəlaile almimane şie bər məşruiyyəte an, Şiəşünaslıq məcəlləsində, nömrə 41, h.ş 1392
- Malik ibn Ənəs, Beyrut, Əl-Muvəttə, Daru ihyait-turasil-ərəbi, h.q 1406
- Mubarəkfuri, Məhəmməd Əbdür-Rəhman ibn Əbdür-Rəhim, Tuhfətul-əhuzi, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1410
- Müttəqi Hindi, Əlauddin ibn Həsam Əd-Din, Kənzul-ummal, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1401
- Mühəqqiq Hilli, Şeyx Nəcmuddin Cəfər ibn Əl-Həsən, Əl-Mötəbər, Qum, Seyyidüş-Şühəda müəssisəsi, h.q 1407
- Məhəmməd Əbdül-Vəhhab, Ət-Təvhid, Riyad, Caməətul-imam Məhəmməd ibn Səud, Tarixsiz
- Mürtəza Amili, Seyid Cəfər, Əs-Səhihu min siyrətin-nəbiyyil-əzəm, Qum, Elmi fərhəngi darul-hədis müəssisəsi, h.q 1426
- Müslim, Müslim ibn Həccac Nişaburi, Səhih-Müslim, Beyrut, Daru ihyait-turasil-ərəbi, Tarixsiz
- Məkarim Şirazi, Nasir, Şie pasox mi quyəd, Qum, İmam Əli ibn Əbi Talib (ə) mədrəsəsi, h.ş 1389
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Daru ihyait-turasil-ərəbi, 7-ci çap, h.ş 1362
- Nəvəvi, Yəhya ibn Şərəf, Səhih-Muslim məə şərhil-İmam Əl-Nəvəvi, Beyrut, Daru ihyait-turasil-ərəbi, h.q 1392
- Hərəvi Əl-Qari, Əli ibn Məhəmməd, Mirqatul-məfatih, Beyrut, Darul-fikr, h.q 1422