İstirca ayəsi
Ayənin adı | İstirca (qayıdış) |
---|---|
Yerləşdiyi surə | Bəqərə |
Ayənin nömrəsi | 156 |
Cüz | 2 |
Nazil olma səbəbi | İmam Əli (ə) əmisi Həmzənin və ya qardaşı Cəfərin şəhadət xəbərini eşidib dedi: “İna lillah və inna iləyhi raciun”. |
Nazil olma məkanı | Mədinə |
Mövzu | Etiqadi - Əxlaqi |
Barəsində | İnsanların Allaha tərəf qayıtması |
Sair | Bir-birini müsibətlərə səbirli olmağa çağırmaq |
Başqa ayələr ilə bağlılığı | Bəqərə surəsinin 155 və 157-ci ayələri |
İstirca ayəsi (ərəbcə: آية الاسترجاع) (Bəqərə surəsi, ayə 156) insanların Allaha qayıdışından bəhs edir. Bu ayə müsibət və sıxıntı zamanı deyilən müstəhəb zikrdir. “Ət-Tibyan” və “Məcməul-Bəyan” kimi şiə təfsirlərində bu ayə Allahın bəndəliyinə etiraf etməyin və qiyamət gününü qəbul etməyin əlaməti kimi qiymətləndirilmişdir. Əllamə Təbatəbai də “istirca” (qayıdış) ayəsinin mənası haqqında deyir ki, əgər insan həqiqi mülkün Allaha məxsus olduğunu və insanın mülkünün zahiri və qeyri həqiqi olduğunu bilsə, nə bir şey əldə etmək onun sevincinə və məğrur olmasına səbəb olmaz, nə də bir şeyi itirmək onun təəssüf etməsinə və narahat olmasına səbəb olar.
Əllamə Hili və İbn Şəhr Aşubun öz kitablarında nəql etdikləri rəvayətlərə görə, “istirca” ayəsi o zaman nazil oldu ki, İmam Əli (ə) əmisi Həmzənin və ya qardaşı Cəfərin şəhadət xəbərini eşidib dedi: “İna lillah və inna iləyhi raciun”.
İmam Sadiqin (ə) rəvayətinə görə, çətinlik zamanı “istirca” ayəsini oxuyan cənnətə gedəcək şəxslərdəndir. Fəzl ibn Həsən Təbərsi “istirca” ayəsinin təfsirində belə bir rəvayət qeyd etmişdir ki, ona əsasən, Allah “istirca” edən, yəni müsibət baş verdiyi zaman Allahdan olduqlarını və Ona tərəf qayıdacaqlarını xatırlayan şəxslərin müsibətlərinin əvəzini verər və onların axirətlərini gözəlləşdirər.
Ayənin mətni və tərcüməsi
İnsanları Allah tərəfindən bilən və onların Allaha qayıdışından bəhs edən “Bəqərə” surəsinin 156-cı ayəsi “istirca” (qayıdış) ayəsi kimi tanınır.[1]
الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən, biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən, Ona tərəf qayıdacağıq» deyərlər.[2]
(Bəqərə, 156)
Ayənin mənaları və təfsiri
Hicri 11-ci əsrin təfsirçisi Feyz Kaşani “Safi” təfsirində bir rəvayətə istinad edərək “istirca” ayəsindəki müsibətin mənasını mömini incidən hər şey kimi təyin etmişdir.[3] Hicri 5-ci əsrin təfsirçisi Şeyx Tusi “Ət-Tibyan” və 6-cı əsrin şiə təfsirçilərindən Fəzl İbn Həsən Təbərsi “Məcməul-Bəyan” təfsirində, “istirca” ayəsinin Allahın bəndəliyinə etiraf etmək və qiyamət gününü qəbul etmək kimi məfhumları ehtiva etdiyini bildirirlər. Həmçinin müsibət və çətinliklərdə bu ayəni dilə gətirməyi Allahın iradəsini qəbul etmək və Onun planından razı olmaq üçün bir vasitə kimi təqdim ediblər.[4]
Fəzl ibn Həsən Təbərsi “istirca” ayəsinin təfsirində belə bir rəvayət qeyd etmişdir ki, ona əsasən, Allah “istirca” edən, yəni müsibət baş verdiyi zaman Allahdan olduqlarını və Ona tərəf qayıdacaqlarını xatırlayan şəxslərin müsibətlərinin əvəzini verər və onların axirətlərini gözəlləşdirər.[5] O, həmçinin İmam Sadiqdən (ə) belə bir rəvayət nəql etmişdir ki, ona görə də müsibət zamanı tövbə edənlər cənnətə gedən dörd dəstədən biridir.[6] İmam Əli (ə) bir rəvayətdə “istirca” (qayıdış) ayəsini belə təhlil etmişdir ki, “inna lillah” (hamımız Allaha məxsusuq) dedikdə, Allaha məxsus olduğumuzu və Onun bizim sahibimiz olduğunu etiraf etmiş oluruq. Habelə “inna iləyhi raciun” (bizim qayıdışımız Ona tərəfdir) dedikdə, məhv olduğumuzu və həlak olacağımızı etiraf etmiş oluruq.[7] Bu cümlənin “istirca” adlandırılmasının səbəbi onun ikinci “inna iləyhi raciun” hissəsidir ki, Allaha tərəf qayıtmağa etiraf etməkdir.
Əllamə Təbatəbai də “istirca” (qayıdış) ayəsinin mənası haqqında deyir ki, əgər insan həqiqi mülkün Allaha məxsus olduğunu və insanın mülkünün zahiri və qeyri həqiqi olduğunu bilsə, nə bir şey əldə etmək onun sevincinə və məğrur olmasına səbəb olmaz, nə də bir şeyi itirmək onun təəssüf etməsinə və narahat olmasına səbəb olar.[8] Təbatəbai öz ustadı Seyyid Əli Qazidən nəql edir ki, o, nəfsani məqsəd və niyyətləri aradan aparmaq üçün yandırma üsulunu tövsiyə edirdi və bu üsulu “istirca” ayəsi kimi Quran ayələrindən ilham alıb. Bu yolla gedən bilməlidir ki, hər şey Allahın mütləq mülküdür və onun öz zatında yoxsulluq var və bu təfəkkür onun bütün niyyət və sifətlərinin yanmasına səbəb olur, ona görə də buna yandırmaq deyilir.[9]
Şəriət baxımından müstəhəb zikr
Hicri 8-ci əsrdə şiə fəqihi olan Şəhid Əvvəlin dediyinə görə, müsibət zamanı “istirca” (inna lillah və inna iləyhi raciun) zikrini oxumaq müstəhəbdir.[10] Çoxsaylı rəvayətlər ondan xəbər verir ki, Peyğəmbər (s) və Məsumlar (ə) müsibətlər zamanı “istirca” ayəsini oxumağı tövsiyə ediblər.[11] Hicri 13-cü əsrdə şiə fəqihi olan Sahib Cəvahirin dediyinə görə, ölüləri dəfn edərkən də “istirca” zikrini demək müstəhəbdir.[12]
Ayənin nazil olma səbəbi
Əllamə Hilli “Nəhcül-həqq və Kəşfus-Sidq” kitabında “istirca” ayəsinin nazil olma səbəbi barədə nəql etdiyi bir hədisə əsasən, qeyd edib ki, İmam Əli (ə) əmisi Həmzənin şəhadət xəbərini eşidəndən sonra “inna lillah və inna iləyhi raciun” dedi və bundan sonra qeyd olunan ayə nazil oldu.[13] Hicri 6-cı əsrdə şiə mühəddisi və müfəssiri olan İbn Şəhr Aşubun “Mənaqibu Ali Əbi Talib” kitabında nəql etdiyi başqa bir rəvayətə görə, Peyğəmbər (s) Cəfər ibn Əbi Talibin “Mutə” döyüşündə şəhadətə çatması xəbərini İmam Əliyə (ə) verdikdən sonra o Həzrət dedi: “İnna lillah və inna iləyhi raciun”. Bundan sonra sözügedən ayə nazil oldu.[14]
İstinadlar
- ↑ Əllamə Hilli, Nəhcül-həqq, m. 1982, s.209
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.1, s.204
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.1, s.437; Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.2, s.39-40
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.1, s.437
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.1, s.437
- ↑ Nəhcül-bəlağə, hikmət 99
- ↑ Təbatəbai, Əl-Mizan, h.ş 1390, c.1, s.353-354
- ↑ Hüseyni Tehraninin şərhi, Risaleye seyre suluk, s.147-148; Hüseyni Tehrani, Risaleye Lubbul-lubab, s. 124-125
- ↑ Şəhid Əvvəl, Zikruş-şiə, h.q 1418, c.2, s.49
- ↑ Şəhid Əvvəl, Zikruş-şiə, h.q 1418, c.2, s.49
- ↑ Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, c.4, s.310
- ↑ Əllamə Hilli, Nəhcül-həqq, m. 1982, s.209
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, Əllamə nəşri, c.2, s.120
Ədəbiyyat
- Qurani-Kərim
- İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Qum, Əllamə nəşri
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Təhqiq və düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Beyrut, Darul-mərifə, h.q 1408
- Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-həqq, Beyrut, Darul-kitabil-Lubnani, m. 1982
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.ş 1390
- Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Təfsirus-Safi, Tehran, Məktəbətus-Sədr, h.q 1415