Şüeyb ibn Saleh
Şüeyb ibn Saleh (ərəbcə: شعيب بن صالح) Bəni-Təmim qəbiləsindən olan bir şəxsdir ki, bəzi rəvayətlərə görə İmam Zamanın (ə.f) zühurundan əvvəl qiyam edəcək. Onun qiyamı zühurun qəti olmayan əlamətlərindən sayılır. O, qara bayraqlı və ağ paltarlı 4000 nəfərlik ordu ilə Süfyani ilə vuruşaraq onu məğlub edəcək. Onun qiyamı ilə İmam Zamanın (ə.f) zühuru arasındakı fasilənin bəzi hədislərdə 72 ay olduğu bildirilir.
İslam məzhəbləri üzrə tədqiqatçı Nəcməddin Təbəsinin fikrincə, Şüeyb ibn Saleh və onun qiyamı haqqında nəql olunan rəvayətlər o qədərdir ki, onları mənəvi mütəvatir və ya ən azı müstəfiz saymaq olar. Lakin onun qiyamının xüsusiyyətləri və keyfiyyətinə dair olan rəvayətlər o qədər də mötəbər deyil. Bu barədə yalnız İmam Rzadan (ə) nəql olunan bir rəvayət səhihdir ki, ona əsasən də Şüeyb ibn Salehin qiyamı zühurun qəti olmayan əlamətlərindən biridir.
İran İslam İnqilabından sonrakı dövrdə bir çox şəxsiyyətlər, o cümlədən Haşimi Rəfsəncani, İran-İraq müharibəsinin bəzi döyüşçüləri, eləcə də keçmiş prezident Mahmud Əhmədinejadın bəzən Şüeyb ibn Saleh və ya ona bənzədildiyi bildirilib. Ayətullah Sistani bu cür bənzətmələri cəmiyyətin inanclarını zəiflətdiyini bildirib.
Qiyamın xüsusiyyətləri və keyfiyyəti
İmam Zamanın (ə.f) zühuru ilə bağlı rəvayətlərdə Şüeyb ibn Salehin adı çəkilir və qeyd olunan rəvayətlərin bəzilərində onun qiyamı zühurun əlamətlərindən hesab edilmişdir.[1] Şüeyb ibn Saleh haqqında nəql olunmuş rəvayətlərdə bəzən onun şəxsi xüsusiyyətlərindən, zühur baş verməzdən əvvəl qiyamının keyfiyyətindən, İmam Zamanın (ə.f) zühuru zamanı bayraqdar olmasından bəhs edilir. Onlar aşağıdakılardan ibarətdir:
- Şəxsi xüsusiyyətlər
Şüeyb ibn Saleh hədislərdə cavan,[2] sarımtıl,[3] buğdayı,[4] orta boylu,[5] az saqqallı[6] kimi təsvir edilmişdir. Onun Bəni-Təmimdən[7] ya da Bəni-Təmimdən bir qul olduğu bildirilir.[8]
- Qiyamın keyfiyyəti
Rəvayətlərdə Şüeyb ibn Saleh Bəni-Haşimdən olan Xorasani üsyanının komandanı kimi təqdim edilir[9] ki, onun başçılığı ilə Xorasandan bir qiyam başlayar.[10] Onun qiyamının Səmərqənd,[11] Rey[12] və ya Taleqan şəhərindən başlayacağı[13] bildirilmişdir.
Hədislərdə onun ordusunun sayı dörd min nəfər olaraq qeyd edilmişdir.[14] Onlar əllərində qara bayraqlar tutar,[15] qara kəmər bağlayar[16] və ağ paltar geyinərlər.[17] Onlar Süfyani ilə birlikdə İstəxr adlı məntəqədə[18] döyüşərlər[19] və Süfyaninin ordusunu məğlub edib Beytül-müqəddəsdə qərarlaşarlar.[20] O, hər kəslə döyüşsə, ona qalib gələr.[21]
Bəzi rəvayətlərə görə, Şüeyb ibn Salehin qiyamı Əvf Səlminin qiyamından sonra və Süfyaninin qiyamından əvvəl baş verəcək.[22] Onun qiyamı ilə İmam Zamanın (ə.f) zühuru arasında olan fasilə 72 aydır.[23]
- Onun zühurdakı rolu
Rəvayətlərdə deyildiyi kimi, Şüeyb ibn Salehin ordusu Süfyaninin ordusuna qalib gəldikdən sonra Suriyadan 300 nəfər ona qoşular, onlar Qüdsə gedib və o Həzrətin zühuru üçün zəmin hazırlayarlar.[24] Onun qiyamından 72 ay sonra İmam Zaman (ə.f) zühur edər və Şüeyb ibn Saleh İmama beyət edər. Bir neçə rəvayətdə o, şiənin 12-ci imamının ordusunun bayraqdarı kimi təqdim edilmişdir.[25]
Rəvayətlərin araşdırılması
İslam məzhəbləri üzrə tədqiqatçı Nəcməddin Təbəsi, Şüeyb ibn Saleh haqqında nəql olunan rəvayətləri araşdıraraq bu nəticəyə gəlib ki, Şüeyb ibn Saleh və onun qiyamı ilə bağlı rəvayətləri mənəvi mütəvatir və ya ən azı müstəfiz saymaq olar. Lakin onun qiyamının xüsusiyyətləri və keyfiyyətinə dair olan rəvayətlər müstəfiz həddində deyil.[26] Onun fikrincə, Şüeyb ibn Salehin xüsusiyyətlərinə dair rəvayətlər arasında yalnız İmam Rzadan (ə) nəql olunan rəvayət səhihdir.[27] İmam Rzanın (ə) rəvayətinin məzmunu yalnız buna dəlalət edir ki, zühurdan əvvəl baş verəcək Şüeyb ibn Salehin qiyamı zühurun qəti olmayan əlamətlərindən biridir. Nəcməddin Təbəsi, Şüeyb ibn Saleh haqqında olan başqa rəvayətlərin sənədlərini problemli hesab edir.[28] Onun dediyinə görə, dörd hədis kitablarında məhdəviyyət haqqında 300-ə yaxın rəvayət olsa da, Şüeyb ibn Salehdən bəhs edilmir.[29]
Onun Şüeyb peyğəmbərlə (ə) bağlılığı
Şeyx Səduq "Ən-Nübüvvət" kitabında bir rəvayəti qeyd etmişdir ki, ona əsasən, Şüeyb ibn Saleh adlı şəxs, Şüeyb peyğəmbərin (ə) elçilərindən biridir ki, öz tayfası tərəfindən şəhid edilmişdir.[30] Buna əsasən, Qütb Ravəndi hesab edir ki, Şüeyb ibn Saleh İmam Zamanın (ə.f) zühur etdiyi zamanda qiyam edəcək, Bu həmin Şüeyb ibn Salehdir ki, xalqı onu şəhid edib və sonra o, rəcət etmişdir.[31] Lakin bununla belə, müasir tədqiqatçılardan Şeyx Məhəmməd Sənd, Ravəndinin fikri ilə razılaşmayıb və deyib: "Şeyx Səduqun rəvayətindəki Şüeyb ibn Saleh, ehtimal var ki, Xızr (ə) və İlyasla (ə) birlikdə rəcət edən Şüeyb (ə) peyğəmbərdir. Amma o, Xorasan ordusunun komandiri olan Şüeyb bin Salehdən başqasıdır.[32]
İddia edilən Şüeyb ibn Salehin nümunələri
Şəmsi təqvimi ilə 1389-cu ildə İranda geniş yayılmış "Zühur çox yaxındır" adlı CD-də o vaxtkı İran prezidenti Mahmud Əhmədinejad ilə Şüeyb ibn Saleh arasında çox oxşarlığın olduğu iddia edilirdi.[33] Mərcəyi-təqlidlərdən olan Ayətullah Seyid Əli Sistani bu cür bənzətmələrə reaksiya vermiş və bunun cəmiyyətin inanclarını zəiflətdiyini bildirmişdir.[34] Bəzi məlumatlara görə, hətta ondan əvvəl Əkbər Haşimi Rəfsəncani və İran-İraq müharibəsinin bəzi iranlı generalları da Şüeyb ibn Saleh adlanırdı.[35]
Əlaqədar məqalə
İstinadlar
- ↑ Numani, Əl-Ğeybə, h.q 1426, bab 14, s.262, hədis 12
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.53
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.54
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.54
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.54
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.54; İbn Həmmad, Əl-fitən, Darul-fikr, s.189
- ↑ İbn Həmmad, Əl-fitən, Darul-fikr, s.189
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.53
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.53
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.52
- ↑ Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.444; Ravəndi, Əl-xəraicu vəl-cəraih, h.q 1409, c.3, s.1155, hədis 61; Mucəmu əhadisil-İmamil-Mehdi (ə.f), h.q 1411, c.4, s.495
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.53
- ↑ Mucəmu əhadisil-İmamil-Mehdi (ə.f), h.q 1411, c.4, s.34
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.53
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.52; İbn Həmmad, Əl-fitən, Darul-fikr, s.188
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.52; İbn Həmmad, Əl-fitən, Darul-fikr, s.188
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.52
- ↑ Mucəmu əhadisil-İmamil-Mehdi (ə.f), h.q 1411, c.4, s.105
- ↑ İbn Həmmad, Əl-fitən, Darul-fikr, s.192
- ↑ İbn Həmmad, Əl-fitən, Darul-fikr, s.188; İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.52; Əl-Müqəddəsiş-Şafei, İqdud-durər, h.q 1410, s.195, hədis 199
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.54
- ↑ Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.444
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.52; İbn Həmmad, Əl-fitən, Darul-fikr, s.165 və 188
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.52; İbn Həmmad, Əl-fitən, Darul-fikr, s.213
- ↑ İbn Tavus, Əl-Məlahimu vəl-fitən, s.53 və 127; İbn Həmmad, Əl-fitən, Darul-fikr, s.192; Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.463-464; Mucəmu əhadisil-İmamil-Mehdi (ə.f), h.q 1411, c.2, s.105; Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.14, s.588, hədis 39667 və 39666
- ↑ «درس خارج مهدویت- بحث شعیب بن صالح – سال ۹۰», velaseddighah.com saytı
- ↑ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ هَمَّامٍ قَالَ حَدَّثَنِي جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ مَالِكٍ قَالَ حَدَّثَنِي عَلِيُّ بْنُ عَاصِمٍ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ أَبِي نَصْرٍ عَنْ أَبِي الْحَسَنِ الرِّضَا(ع) أَنَّهُ قَالَ قَبْلَ هَذَا الْأَمْرِ السُّفْيَانِيُّ وَ الْيَمَانِيُّ وَ الْمَرْوَانِيُّ وَ شُعَيْبُ بْنُ صَالِحٍ فَكَيْفَ يَقُولُ هَذَا هَذَا , Numani, Əl-Ğeybə, h.q 1426, bab 14, s.262, hədis 12
- ↑ «درس خارج مهدویت- بحث شعیب بن صالح – سال ۹۰», velaseddighah.com saytı
- ↑ «درس خارج مهدویت- بحث شعیب بن صالح – سال ۹۰», velaseddighah.com saytı
- ↑ Şeyx Səduq, Ən-Nubuvvət, h.ş 1381, s.139
- ↑ Ravəndi, Əl-Xəraicu vəl-cəraih, h.q 1409, c.2, s.552, c.3, s.1167
- ↑ Sənəd, Fiqhu əlaimuz-zuhur, h.q 1425, s.44-46
- ↑ «ادعای تشابه شعیب بن صالح و جناب رئیس جمهوری!», aftabnews.ir saytı (Farsca)
- ↑ «انتقاد آیت الله سیستانی از "ظهور نزدیک است"», tabnak.ir saytı (Farsca)
- ↑ «حامیان مستند انحرافی ظهور، به دنبال مقاصد سیاسی هستند», icana.ir saytı (farsca)
Ədəbiyyat
- İbn Tavus, Əl-Məlahimu vəl-fitən, Qum, Ər-Rza nəşriyyatı
- İbn Həmmad, Nəim, Əl-fitən, Beyrut, Darul-fikr
- ادعاي تشابه شعيب ابن صالح و جناب رئيس جمهوري!, h.ş 1397
- «انتقاد آیت الله سیستانی از "ظهور نزدیک است", h.ş 1397
- «حامیان مستند انحرافی ظهور، به دنبال مقاصد سیاسی هستند» h.ş 1397
- Sənəd, Məhəmməd, Fiqhu əlaimuz-zuhur, Nəcəf, h.q 1425
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Ən-Nubuvvət, Tehran, h.ş 1381
- Şeyx Tusi, Əl-Ğeybə, Təhqiq: Abdullah Tehrani, Qum, h.q 1411
- Mucəmu əhadisil-İmamil-Mehdi (ə.f), Qum, h.q 1411
- Ravəndi, Əl-xəraicu vəl-cəraih, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, h.q 1409
- Müttəqi Hindi, Əlaəddin Əli, Kənzul-ummal, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1401
- Əl-Müqəddəsiş-Şafei, Yusif ibn Yəhya, İqdud-durər, h.q 1410
- Numani, Məhəmməd ibn İbrahim, Əl-Ğeybə, Təhqiq: Fars Həsən Kərim, Qum, h.q 1426