Həzrət Fatimənin (s) şəhadəti

wikishia saytından
(Həzrət Zəhranın (ə) şəhadəti səhifəsindən yönləndirilmişdir)
Həzrət Fatimənin (s) şəhadəti
ZamanH.q 11, 3 Cəmadius-sani
MəkanMədinə, Həzrət Fatimənin (ə) evi
SəbəbHəzrət Fatimə (s) təbii ölümlə deyil, Peyğəmbərin (s) bəzi səhabələrinin səbəb olduğu xəsarətlər nəticəsində şəhid olmuşdur
SəbəbkarlarÖmər ibn Xəttab, Qunfuz
ZərərlərHəzrət Möhsinin (ə) şəhadəti
ƏlaqəliHəzrət Fatimənin (ə) evinə hücum


Həzrət Fatimə (ə)
RoluMəsum - Kisa əshabı
KünyəsiÜmmi Əbiha - Ümmil-əimmə - Ümmil-Həsən - Ümmil-Hüseyn - Ümmil-Möhsin
Təvəllüd günü20 Cəmadius-sani, Besətin 5-ci ilində
Doğulduğu məkanMəkkə
Şəhadəti3 Cəmadius-sani, h.q 11
Dəfn olunduğu məkanBilinmir.
Yaşadığı məkanMəkkə - Mədinə
LəqəbləriZəhra - Siddiqə - Tahirə - Raziyə - Mərziyyə - Mübarəkə - Bətül - Seyyidətu nisail-aləmin - Kövsər
Atasıİslam peyğəmbəri (s)
AnasıHəzrət Xədicə (ə)
Həyat yoldaşıİmam Əli (ə)
ÖvladlarıHəsən - Hüseyn - Möhsin - Zeynəb - Ümmul Kulsum
Ömür müddətiİxtilaflıdır. Şiələr arasında məşhur fikir: 18 il


Həzrət Fatimənin (s) şəhadəti (ərəbcə: شهادة السيدة فاطمة (ع)) şiələr arasında hakim və uzun müddətdir mövcud olan əqidələrdəndir. Buna əsasən, İslam Peyğəmbərinin (s) qızı Həzrət Fatimə (s) təbii ölümlə deyil, Peyğəmbərin (s) bəzi səhabələrinin səbəb olduğu xəsarətlər nəticəsində şəhid olmuşdur. Sünnilər onun vəfatını Peyğəmbərin (s) rehlətinin kədəri ilə əlaqədar hesab edirdilər. Amma şiələr Ömər ibn Xəttabı onun şəhadətinin əsas səbəbkarı hesab edir və Fatimiyyə günlərində Həzrət Fatimə (s) üçün əzadarlıq edirlər.

Şiələr Həzrət Zəhranın (s) şəhadəti ilə bağlı bəzi məsələlərə istinad ediblər; O cümlədən, İmam Kazimdən (ə) nəql olunan rəvayətə görə, Həzrət Fatimə (s) üçün "Siddiqə Şəhidə" adı işlədilib. Həmçinin hicri 3-cü əsrin şiə mütəkəllimi Muhəmməd ibn Cərir Təbəri "Dəlayilul-İmamət" kitabında İmam Sadiqdən (ə) bir rəvayət nəql etmişdir ki, bu rəvayətdə Həzrət Fatimənin (s) şəhadətinin səbəbi onun aldığı zərbə nəticəsində uşaq salması hesab edilmişdir.

Şiə və sünni mənbələri Həzrət Fatimənin (s) vəfatına səbəb olan hadisələrin təfərrüatlarını qeyd ediblər. O cümlədən, Həzrət Fatimənin (s) və İmam Əlinin (ə) evinə hücum, onun uşaq salması (Möhsün) və həmçinin ona şillə və qamçı vurulmasına işarə ediblər. Şiələrin bununla bağlı istinad etdikləri ən qədim mənbə hicri birinci əsrdə yazılmış Süleym ibn Qeys Hilalinin kitabıdır. Şiələr həmçinin Həzrət Fatimənin (s) şəhadətini sünni mənbələrində də mövcud olan rəvayətlərə əsaslandırıblar. "Əl-Hücum əla beyti Fatimə" kitabı bu barədə sünni mənbələrində 84 ravidən rəvayətlər nəql etmişdir.

Həzrət Zəhranın (s) şəhadətinə iman gətirməklə bağlı şübhələr qeyd olunmuş və onlara cavablar verilmişdir. O cümlədən, o dövrdə Mədinədə evlərin qapısının olmamasına cavab olaraq, şiə tarixçisi Seyid Cəfər Mürtəza Amuli (hicri 1441-ci ildə vəfat edib) Mədinədə evlərin qapısının olmasının adi hal olduğuna dair rəvayətlərə istinad edib. Həmçinin əgər Həzrət Fatiməyə (s) hücum edilibsə, nə səbəbə görə, İmam Əli (ə) və başqaları susublar və onu müdafiə etməyiblər sualına cavab olaraq, İmam Əlinin (ə) İslam Peyğəmbərinin (s) əmri ilə müsəlmanların mənafelərini qorumaq üçün səbirli olmasının lazım olduğunu bildirməkdən əlavə, deyilib: Süleymin kitabındakı rəvayətə görə, Ömər ibn Xəttabın hərəkətindən sonra Əli (ə) ona hücum edərək onu yerə yıxdı, lakin Ömər başqalarından kömək istədi və onlar İmam Əlini (ə) bağladılar. Sünni yazıçıları İmam Əli (ə) və Həzrət Zəhranın (ə) üç xəlifə ilə müsbət münasibətlərindən bəzi nümunələri o Həzrətin şəhadətini rədd etmək üçün dəlil hesab ediblər. Amma şiə yazıçılarının fikrincə, xəlifələrin Əli (ə) ilə məşvərət etməsi o Həzrətin onlarla əməkdaşlıq və həmrəylik etməsinə dəlil deyil, çünki dinin hökmləri haqqında yol göstərmək hər bir alim üçün vacibdir. Həmçinin xəlifələr Həzrət Əlini (ə) təcrid etmiş və çətin zamanlarda çarəsizlikdən onunla məsləhətləşirdilər. Yoxsa o Həzrət, onların məsləhətçisi deyildi. Habelə şiələr İmam Əlinin (ə) qızı Ümmü Külsümün Ömər ibn Xəttabla evlənməsi barədə deyiblər ki, bu evlilik məcburi olub və bu, İmam Əli (ə) ilə xəlifələr arasında yaxın əlaqənin göstəricisi ola bilməz.

Mövzunun əhəmiyyəti

Həzrət Fatimənin (s) şəhadətindən məqsəd budur ki, İslam Peyğəmbərinin (s) qızı Fatimə (s) təbii ölümlə deyil, Peyğəmbərin (s) bəzi səhabələrinin vurduğu xəsarətlər nəticəsində vəfat etmişdir. Həzrət Fatimənin (s) şəhadəti və ya təbii ölümü məsələsi şiələrsünnilər arasında mübahisə doğuran məsələlərdəndir.[1] Şiələr İslam Peyğəmbərinin (s) vəfatından sonra baş verən hadisələrin nəqlində bəzi ixtilaflara baxmayaraq, Həzrət Fatimeyi-Zəhranın (s) şəhid olduğunu bildirirlər. Həmçinin onlar bu hadisənin baş verməsinin səbəbini o Həzrətin böyrünə vurulan zərbə və uşağının düşməsi hesab edirlər. Əksinə, sünnilər o Həzrətin Allah Rəsulunun (s) vəfatından sonra xəstəlik və narahatlıq səbəbiylə təbii ölümlə vəfat etdiyinə inanırlar.[2]

Şiələr hər il Fatimiyyə günləri adlanan günlərdə Həzrət Zəhranın (s) şəhadəti münasibəti ilə əzadarlıq edirlər.[3] Buna görə də, daha məşhur rəvayətə əsasən, Həzrət Fatimənin (s) şəhadət günü olan Cəmadius-Sani ayının üçüncü günü[4] İranda rəsmi tətildir.[5] Həmçinin əzadarlıq dəstələri küçələrdə əza saxlayırlar.[6] Şiələr Ömər ibn Xəttabı Həzrət Fatimənin (s) şəhadətinin əsas səbəbkarı hesab etdikləri üçün bir çox əzadarlıq məclislərində onu qınayan sözlər[7] deyilir və bəziləri onu lənətləyir. Bu məsələ şiələr və sünnilər arasında ixtilaflı olan sahələrdən biridir.[8] Həzrət Fatimənin (s) şəhadəti məsələsi hətta səbəb olub ki, bəzi şiələr bir nəqlə əsasən, Ömər ibn Xəttabın öldürüldüyü gün olan 9 Rəbiul-əvvəl|rəbiul-əvvəl ayının doqquzuncu]] gününü “eyduz-Zəhra” (Zəhra (s) bayramı) adlandırır və o gün şadlıq edirlər.[9]

Hadisənin tarixi

Fatimeyi-Zəhranın (s) şəhadəti və ya təbii vəfatı məsələsi ətrafında ixtilaf uzun bir mübahisədir. Bəzi tədqiqatçıların fikrincə, 2-ci əsrdə yaşamış Zərrar ibn Əmrin yazdığı “Ət-Təhriş” kitabında şiələrin Həzrət Fatimənin (s) Ömər ibn Xəttabın zərbəsi nəticəsində öldüyünə inandıqları yazılır.[10] Həmçinin 2-ci əsrin mütəkəllimi Abdullah ibn Yezid Fəzari “Ər-Rədud” kitabında şiələrin inancına əsasən, Həzrət Fatimənin (s) bəzi səhabələr tərəfindən zərər gördüyü və o Həzrətin bətnindəki uşağın düşdüyündən bəhs etmişdir.[11] Məhəmmədhüseyn Kaşiful-Qitanın (h.q. 1373-cü ildə vəfat edib) dediyinə görə, Kumeyt Əsədi, Seyid Himyəri və Debel Xuzai kimi ikinci və üçüncü qəməri əsrlərində yaşamış şiə şairləri Həzrət Fatiməyə edilən zülmü nəzmə çəkiblər.[12]

Məşhur sünni məzhəbşünası Əbdülkərim Şəhrəştaninin (hicri 548-ci ildə vəfat edib) dediyinə görə, Nəzzam Mötəzili kimi tanınan İbrahim ibn Səyyar (h.q. 221-ci ildə vəfat edib) Həzrət Fatimənin (s) bətnindəki uşağın Ömərin vurduğu zərbənin nəticəsində düşdüyünə inanırdı.[13] Şəhraştaninin fikrincə, bu əqidə və Nəzzam Mötəzilinin bəzi başqa etiqadları onun eyni məzhəbə inandığı digər şəxslərdən uzaqlaşmasına səbəb olmuşdur.[14] Qazi Əbdül-Cabbar Mötəzili (h.q. 415-ci ildə vəfat etmişdir) “Təsbitu dəlailun-Nübüvvət” kitabında şiələrin Həzrət Fatimənin (s) zədələndiyi və bətnindəki uşağın düşdüyünə dair inanclarına işarə edərək, Misir, Bağdad və Suriyanın bəzi bölgələrindəki bir sıra müasir şiə alimlərinin Həzrət Fatimə (s) və oğlu Möhsün (ə) üçün yas tutduqlarını və ağladıqlarını qeyd etmişdir.[15] Sünni kitablarında Həzrət Zəhranın (s) şəhadətinə iman gətirən şəxslər Rafizi adlanır.[16]

İxtilafın kökü

Həzrət Fatimənin (s) şəhadəti məsələsindəki mübahisənin kökü ondan ibarətdir ki, o Həzrətin vəfatı Peyğəmbərin (s) vəfatından qısa müddət sonra və Həzrət Məhəmmədin (s) canişinliyi ilə bağlı ixtilafların ortasında baş verib. Bir qrup mühacirənsar Bəni Saidə Səqifəsində Əbu Bəkrə beyət etdikdən sonra başqa bir qrup səhabə Peyğəmbərin (s) Əli ibn Əbi Talibin (ə) xilafət və canişinliyi ilə bağlı verdiyi əmrləri nəzərə alaraq Əbu Bəkrə beyət etməkdən imtina etdilər. Bu səbəbdən Əbu Bəkrin göstərişi ilə Ömər ibn Xəttab digər bir dəstə ilə birlikdə beyət almaq üçün Həzrət Əlinin (ə) evinin qapısına getdi və Ömər beyət etmədikləri təqdirdə, Fatimənin (s) evini sakinləri ilə birlikdə yandıracaqla hədələdi.[17] Həmin dövrdə Əbu Bəkrin məmurları tərəfindən Fədəkin müsadirə edilməsinə etiraz olaraq Həzrət Fatimə (s) onunla görüşdü və ondan Fədəki tələb etdi.[18] Həmçinin o Həzrət xilafət aparatı Fədəki qaytarmaqdan imtina etdikdən sonra Mədinə məscidində etiraz xütbəsi oxudu.[19]

Şiə mənbələri təqribən yekdil fikrə sahibdirlər ki, Həzrət Fatimənin (s) bətnindəki uşaq, yəni Möhsün, o Həzrətin evinə edilən hücumun nəticəsində siqt olmuşdur.[20] Bəzi sünni mənbələrinə görə, o, diri doğulub və uşaq ikən dünyadan köçmüşdür.[21] Lakin Nəhcül-Bəlağənin şərhçisi İbn Əbil-Hədid Mötəzili (hicri 656-cı ildə vəfat edib), ustadı Əbu Cəfər Nəqiblə mübahisədə Möhsünün Həzrət Əlidən (ə) beyət almaq hadisəsində siqt olmasına işarə etmişdir.[22] Həmçinin bu fikir, Nəzzam Mötəzili (hicri 221-ci ildə vəfat edib) kimi tanınan İbrahim İbn Səyyara da nisbət verilmişdir.[23]

Çoxsaylı məlumatlara görə, Fatimə gecə dəfn edilmişdir.[24] 15-ci əsrin tarixçisi Yusifi Qərəvinin dediyinə görə, bu gecə dəfn olunma məsələsi Fatimeyi-Zəhranın (s) vəsiyyətinə əsasən olmuşdur.[25] Çünki bir neçə rəvayətdə gəldiyi kimi[26] Həzrət Fatimə (s) ona zülm edən insanların onun dəfnində iştirak etməsini istəmirdi.

Şəhadəti sübut etmək  üçün şiələrin mənbələri və dəlilləri

Şiələr İmam Kazimdən (ə) nəql olunan bir rəvayətdə Fatimeyi-Zəhranın (s) “Siddiqeyi Şəhidə” adlandırılmasına istinad edərək onu şəhid adlandırırlar.[27] Təbəri də “Dəlailul-imamə” əsərində İmam Sadiqdən (ə) nəql etmişdir ki, Fatimeyi-Zəhranın (s) şəhadətinin səbəbi o Həzrətin aldığı zərbə nəticəsində bətnindəki uşağın siqt olması bilinmişdir.[28] Bu rəvayətə görə, bu zərbəni Ömərin qulu Qonfuz onun əmri ilə vurmuşdur.[29] Nəhcül-bəlağədə nəql olunan başqa bir rəvayətə görə, İmam Əli (ə) ümmətin Fatiməyə (s) zülm etmək üçün bir araya gəlməsi haqqında danışmışdır.[30]

Hicri qəməri təqvimi ilə 15-ci əsrin şiə mərcəyi-təqlidlərindən olan Mirzə Cavad Təbrizi, İmam Əlinin (ə) Həzrət Fatiməni (s) dəfn edərkən söylədiyi sözləri, İmam Kazimin (ə) rəvayətini, “Dəlailul-imamə” kitabında İmam Sadiqdən (ə) nəql olunan rəvayəti, Fatimənin (s) qəbrinin məxfi olmasını və o Həzrətin gecə dəfn edilməsi üçün etdiyi vəsiyyəti şəhadəti sübut etməyin dəlillərindən hesab etmişdir.[31]

Şiə mənbələri

15-ci əsr yazıçısı Əbdüz-Zəhra Mehdinin qələmə aldığı “Əl-Hücum” kitabında 150-dən çox şiə ravi və müəllifindən 260 rəvayət və 150-dən çox ravi və şiə yazıçısından tarixi nəql toplanıb ki, onların hər birində Fatimeyi-Zəhranın (s) şəhadətinin Həzrət Fatimənin (s) evinə edilən hücum, o Həzrətin bətnindəki uşağın siqt olması, ona şillə vurmaq və qamçılamaq kimi səbəblərindən bir hissəsi zikr edilmişdir.[32] Şiə yazıçılarının istinad etdikləri ən qədim mənbə hicri 90-cı ildə vəfat etmiş Səlim ibn Qeysin kitabıdır.[33] Şeyx Tusinin (hicri 460-cı ildə vəfat edib) “Təlxisuş-Şafi” kitabında yazdığına görə, şiələr ixtilaf etməyiblər ki, Ömər Həzrət Fatimənin (s) qarnına bir zərbə vurdu və onun bətnindəki uşağının siqt olmasına səbəb oldu.[34] Bu barədə şiənin rəvayətləri müstəfiz sayılır.[35]

Şiələrin sünni mənbələrinə istinad etməsi

Şiələr Fatimeyi-Zəhranın (s) şəhadətinə səbəb olan bəzi hadisələri sübut etmək üçün sünni hədis, tarix və hətta fiqh kitablarından çoxsaylı mənbələrə istinad ediblər; Nümunə olaraq “Əl-Hücum əla beyti Fatimə” kitabı 84 ravi və yazıçını sadalayaraq Həzrət Fatimənin (s) evinə edilən hücumla bağlı sünni kitablarında qeyd olunmuş xəbərlər toplusunu tərtib etməyə çalışmışdır.[36] Bu siyahıdakı ən qədim mənbə Musa ibn Üqbənin (hicri 141-ci ildə vəfat edib) yazdığı Əl-Məğazi adlı kitabdır.[37]

Hüseyn Qeyb Qulami (şəmsi təqvimi ilə1338-ci ildə anadan olub) də “İhraqu beyti Fatimə fil-kutubil-mötəbərəti ində əhlis-sünnə” kitabında sünni kitablarından və ravilərindən 20-dən çox rəvayət toplamışdır.[38] Onun bu kitabdakı ilk rəvayəti “Əl-Musənnəf İbn Əbi Şibə” (hicri 235-ci ildə vəfat etmişdir) kitabından[39] və sonuncu rəvayəti isə Müttəqi Hindi (hicri 977-ci ildə vəfat etmişdir) tərəfindən yazılmış “Kənzul-Ummal” kitabından nəql olunmuşdur.[40] Həmçinin “Anam Zəhranın şəhadəti əfsanə deyil” adlı kitabda Həzrət Fatimənin (s) evinə edilən hücum hekayəsi 18 sünni kitabından nəql edilmişdir.[41] Bu mənbələr İmam Əlidən (ə) beyət almağa cəhd etməyi və beyət almaq günü o Həzrətin evini yandırmaqla hədələmə əhvalatını müxtəlif ibarətlərlə və bir çox ravidən nəql etmişlər.[42]

Hadisə ilə bağlı bəzi suallar

Bir sıra yazıçı və tədqiqatçılar tarixi sual və iradlar bəyan etməklə İmam Əli (ə) və Həzrət Fatimənin (s) evinin yandırılması ilə bağlı rəvayətlərin düzgünlüyünə xələl gətirmişlər; o cümlədən, o zaman Mədinədə evlərin qapısı yox idi, yaxud Əli (ə) və başqalarının Həzrət Fatiməni (s) müdafiə etməməsinin sual olduğunu bildiriblər və ya Fatimeyi-Zəhranın (s) bətnindəki uşağın siqt olmasına şübhə ilə yanaşıblar. Bu iradlara qarşı Seyid Cəfər Mürtəza Amuli (hicri 1441-ci ildə vəfat edib) də olmaqla tarixçi və tədqiqatçılar tərəfindən cavablar verilmişdir.[43]

Mədinənin evləri qapısız idimi?

Bəziləri o vaxt Mədinədə evlərin qapısı olmadığını demişlər[44] və bu səbəbdən Fatimənin (s) evinin yandırılması hekayəsinin doğru ola bilməyəcəyi qənaətinə gəlmişlər. Əksinə, Cəfər Mürtəza “Məsatuz-Zəhra” kitabında bir sıra mənbələri qeyd etmişdir ki, onlara əsasən, evlərin qapılarının olması adi bir hal imiş və Həzrət Fatimənin (s) evinin də qapısı olub.[45]

Əli (ə) və başqaları niyə müdafiə etmədilər?

Həzrət Fatimənin (s) evinə edilən hücum və onun şəhadəti ilə bağlı suallardan biri də budur ki, nə üçün şücaəti ilə tanınan Əli (ə) və digər səhabələr bu hərəkət qarşısında susdular və Fatimeyi-Zəhranı (s) müdafiə etmədilər ?[46] Sünnilərdən əlavə, 14-cü əsrdə şiə mərcəyi-təqlidi olan Məhəmməd Hüseyn Kaşiful-Qita da belə bir sualı gündəmə gətirmişdir.[47] Şiələrin bu mətləbə əsas cavabı budur ki, Əli (ə) İslam Peyğəmbərinin (s) göstərişi ilə və İslamın mənfəətini qorumaq üçün səbr və sükut etməyə məmur olmuşdu.[48] Şairlərin şeirlərində də Həzrət Əlinin (ə) Peyğəmbərlə (s) bağladığı əhd-peymana və o Həzrətdən sonra onun səbr etməyə məmur olduğuna işarə edilir. Seyid Rza Hindi məşhur qəsidəsinin (Raiyə qəsidəsi) bəzi beytlərində belə demişdir:

لو لم تُؤمَر بالصبر و کظم               الغیظ ولَیْتَک لم تؤمر
ما نال الامرَ اخوتیم              و لا تناوله منه حبتر

Tərcüməsi: Əgər sənə səbirli olmaq və qəzəbi boğmaq tapşırılmasaydı! Və kaş ki, sənə bu, tapşırılmasaydı! Əxutim (Əbu Bəkr) insanlara rəhbərlik və xəlifəlik məqamına nail olmazdı və sonra Həbtər (Ömər) onun tərəfindən rəhbərliyə təyin olunmazdı.[49] Bundan əlavə, Salman Farsidən Səlimin kitabında nəql olunan rəvayətinə əsasən, (Yusif Qərəvi bunu əhvalatın ən güclü və ən qədim rəvayəti hesab edir) Ömərin Həzrət Fatiməyə (s) hücum etməsindən sonra Əli (ə) Ömərə hücum etdi və onu yerə yıxdı; elə bil ki, onu öldürmək niyyətində idi və sonra ona dedi ki, əgər Allah Rəsulunun (s) mənimlə əhd-peymanı olmasaydı, sən o zaman bilərdin ki, mənim evimə girə bilməzsən. Bu zaman Ömər başqalarından kömək istədi və yoldaşları içəri girdilər və Həzrət Əlini (ə) ondan ayırıb bağladılar.[50]

Möhsinin siqt olmasına şübhə etmək

Bir qrup sünni yazıçısı beyət almaq günündəki baş verən hadisədə Möhsin ibn Əlinin (ə) siqt olmaq hekayəsinə şübhə ilə yanaşır və onun bu gündən əvvəl doğulduğuna və uşaq ikən öldüyünə inanıblar.[51] Lakin şiələrin əksəriyyəti onun Həzrət Əlinin (ə) evinə edilən hücum zamanı və bir zərbə səbəbindən siqt olduğuna inanır.[52] Necə ki, bir neçə sünni mənbəsi də Möhsünün siqt olmasını və ya siqt olunmasını qeyd ediblər.[53] “Əl-Möhsin Əs-Səbt mövludun əm siqtun” kitabının müəllifi kitabın üçüncü fəslində tarixi mətnlərin müqayisəli tədqiqi ilə nəticə almışdır ki, Möhsin ibn Əlinin (ə) siqt olması Həzrət Əlinin (ə) evinə hücum edilən gün baş verib və Həzrət Fatiməyə (s) vurulan zərbə və göstərilən təzyiqdən irəli gəlib.[54]

Tarixi mənbələrdə evin yandırılmasından bəhs edilməməsi

Həzrət Zəhranın (s) şəhadəti ilə bağlı suallar və anlaşılmazlıqlardan biri odur ki, bir çox əhli-sünnə tarixi və hədis kitablarında qeyd olunanlar yalnız evi yandırmaqla hədələmək idi və bunun əslində baş verdiyi göstərilməmişdir.[55] Lakin, bir neçə tədqiqatçı hücumun hekayəsini sübut edən mənbələri toplayıblar; o cümlədən, “Əl-Hücum əla beyti Fatimə”[56] və “İhraqu beyti Fatimə” kitabını qeyd etmək olar.[57] Bu mənbələrdən bəzilərində Həzrət Fatimənin (s) vurulması, evə girilməsi və o Həzrətin bətnindəki uşağın siqt edilməsi açıq şəkildə qeyd edilmişdir.[58]

Bir qrup sünni yazıçısı bu tarixi rəvayətlərin səhihliyinə şübhə ilə yanaşırlar.[59] Lakin bəzi hallarda da onların iradları sənəd cəhətindən deyil; məsələn, “Fatimə bintun-Nəbi” kitabının sünni (vəhhabi) müəllifi Əl-Mudəyhəş hücum və siqt etmək hekayəsini qəbul etməmək üçün Yəqubi tarixinin nəqlini onun müəllifinin rafizi olduğunu və kitabının heç bir elmi dəyərinin olmadığını əsas gətirərək kənara qoyur.[60] Həmçinin İbn Əbdi Rəbbbihin “Əl-Əqdul-Fərid” kitabında nəql etdiyi rəvayəti də sənəd baxımndan heç bir irad olmadan “münkər” rəvayət kimi qələmə verir və deyir ki, bəlkə o da şiədir və bu məqam araşdırılmalıdır.[61] O, habelə “Əl-İmamə vəs-siyasə” kitabının nəqlini də onun müəllifinin İbn Quteybə Diynəvəri olmadığı üçün qəbul etmir.[62] Mudəyhəş hətta İmam Əlinin (ə) sözlərinə istinad edilməməsi üçün Nəhcül-Bəlağənin o Həzrətə aid edilməsini inkar edir.[63] Bununla belə, sünni müəlliflər təhdidlər haqqında mövcud olan çoxlu rəvayətlərə görə, hədə-qorxu gəlmək, İmam Əli (ə) və Həzrət Fatimənin (s) evinin qarşısına toplaşmağı inkar etməmişlər.[64]

Qədim mənbələrdə vəfat ibarətinin işlənməsi

Fatimeyi-Zəhranın (s) şəhadəti ilə müxalif olanların dəlillərindən biri də odur ki, qədim şiə mənbələrində o Həzrətin ölümü üçün şəhadət ibarəti deyil, vəfat ibarəti işlədilir. Bir qrup şiə yazıçısı belə cavab vermişlər ki, vəfat ifadəsi ərəbcə ümumi bir anlayışdır ki, buraya həm təbii ölüm, həm də başqaları tərəfindən zəhərlənmə kimi digər amillər nəticəsində ölüm daxildir. Nümunə olaraq, “Həzrət Zəhranın şəhadəti və ya vəfatı” məqaləsində bu istifadələrdən bəziləri qeyd edilmişdir; məsələn, bəzi əhli-sünnə tarixi mənbələri ÖmərOsmanın ölümünə işarə etmək üçün vəfat ifadəsini işlədiblər, halbuki onların hər ikisi qətlə yetirilmişdir.[65] Necə ki, Təbərsi bir yerdə İmam Hüseynin (ə) şəhadətinə işarə etmək üçün vəfat ifadəsini işlətmişdir.[66]

İmam Əlinin (ə) xəlifələrlə yaxşı münasibəti

Sünnilərin Fatimeyi-Zəhranın (s) şəhadətini inkar etmələrinin dəlillərindən biri də xəlifələrlə İmam Əli (ə) və onun ailəsi arasındakı yaxın münasibətin olmasıdır. “Fatimə bintun-Nəbi” adlı təfərrüatlı kitabda müəllif birinci və ikinci xəlifələrin Fatimeyi-Zəhraya (s.ə) çox məhəbbət bəslədiklərini göstərməyə çalışmışdır.[67] Lakin bütün bunlara baxmayaraq, müəllif sonda nəticə alarkən bildirir ki, Fədək hadisəsindən sonra Fatimə (s) Əbu Bəkrlə əlaqəsini kəsdi və ona beyət də etmədi.[68] Sünni yazıçılarından Məhəmməd Nafi “Ruhəmau bəynəhum” adlı bir kitab yazıb və orada üç xəlifənin Əli (ə) ilə yaxşı münasibəti olduğunu göstərməyə çalışıb.[69] Həmçinin İslam nidası fəslnaməsində bir məqalədə müəllif xəlifələrlə İmam Əlinin (ə) arasındakı əlaqə və onların qadın və qızlarının Həzrət Fatimə (s) ilə olan münasibətindən bəzilərini nəql etməklə çalışıb bu nəticəni alsın ki, bu əlaqə, Fatiməni (s) təhqir etmək və onu vurmaqla uyğun gəlmir.[70] Şiə mütəkəllimi Seyid Mürtəzanın (hicri 436-cı ildə vəfat edib) dediyinə görə, İmam Əlinin (ə) xəlifələrə məsləhət verməsindən onun xəlifələrlə əməkdaşlıq etdiyini istifadə etmək olmaz. Çünki ilahi hökmlər barəsində yo göstərmək və müsəlmanları müdafiə etmək hər bir alimə vacibdir.[71] Həmçinin “Həzrət Əlinin (ə) xəlifələrlə siyasi əlaqələri ensiklopediyası” kitabının müəllifi İmam Əlinin (ə) üç xəlifəyə məsləhət verdiyi 107 hadisəni araşdıraraq belə qənaətə gəlib ki, xəlifələrin imam Əli (ə) ilə məsləhətləşmələri o Həzrətin xəlifələrə rəğbəti və onlarla həmrəyliyinin əlaməti deyil. Çünki bu məşvərətlərin çoxu ümumi fikir soruşulduğu zaman baş verib. Yoxsa xəlifələr Həzrət Əlini (ə) özlərinə vəzir və məşvərətçi qərar verməyiblər. Həqiqətdə, Əli (ə) siyasi təcriddə əkinçiliklə və quyu qazmaqla məşğul idi. Həmçinin əgər bəzi hallarda xəlifələr Əli (ə) ilə məsləhətləşirdilərsə, bu, carəsizlikdən və düyünləri açmaq üçün idi.[72]

İmam Əlinin (ə) qızı Ümmü Külsümün ikinci xəlifə ilə evlənməsi Ömərin Əhli-beytə olan dostluğunu və məhəbbətini sübut etmək üçün istifadə edilən digər nümunələrdəndir ki, bu da onun Fatimənin (s) şəhadətində iştirak etməsinə ziddir.[73] Bəzi yazıçılar bu evliliyin baş verməsini inkar edirlər.[74] Seyid Mürtəza bunun məcburiyyətlə və təhdidlə baş verdiyini hesab edir.[75] Belə olduğu halda bu, iki nəfər arasında səmimi əlaqəyə dəlalət edə bilməz.[76] Həmçinin İmam Sadiqdən (ə) bir rəvayət bu evlilikdəki məcburiyyəti sübut etmək üçün “qəsb” ifadəsi ilə nəql olunur.[77]

Əhli-beytin (ə) övladlarına xəlifələrin adlarını qoyması

Bir qrup əhli-sünnə bu məsələyə təkid edirlər ki, İmam Əli (ə) öz övladlarına xəlifələrin adlarını verdiyi üçün xəlifələrə məhəbbət bəsləyirdi.[78] Bu, Həzrət Zəhranın (s) şəhadət iddiası ilə uyğun gəlmir. Sözügedən məsələ “Əsilətun qadət Şəbabuş-Şiə iləl-Həq” (Şiə gənclərini həqiqətə yönəldən suallar) adlı kitabçada da qeyd edilmişdir.[79]

Seyid Əli Şəhristani (1337-ci ildə anadan olub) “Ət-Təsmiyat bəynət-təsamuhul-ələvi vət-təvziful-əməvi” adlı kitabında İslamın əvvəlindən sonrakı əsrlərə qədər olan adqoymaların ətraflı təhlilini təqdim etmişdir. Həmçinin 29 əsas məqamı qeyd edərkən belə qənaətə gəlmişdir ki, ad qoymamaq düşmənçilik əlaməti ola bilmədiyi kimi, bu cür adqoymaqlar da insanlar arasında yaxşı münasibətin olduğuna dəlalət edə bilməz.[80] Çünki adların olmaması düşmənçilik əlaməti ola bilməz;[81] çünki bu adlar xəlifələrdən əvvəl və sonra da insanlara qoyulurmuş.[82] Bundan əlavə, ikinci xəlifədən gələn rəvayətə görə, İmam Əli (ə) onu yalançı və xain bilirmiş. Ya da ki, Əbu Bəkr adı prinsipcə xüsusi bir şəxsin adı deyil və bir künyədir. Heç kim də künyəni övladı üçün bir ad olaraq seçməz.[83]

Məşhur əhli-sünnə alimi İbn Teymiyyə Hərrani (hicri 728-ci ildə vəfat edib) də hesab edir ki, kimisə bir ad ilə adlandırmaq ona məhəbbət bəsləməyə dəlil deyil. Necə ki, Peyğəmbər (s) və səhabələr kafirlərin adlarından istifadə edirdilər.[84] Seyid Əli Şəhristaninin dediyinə görə, imamların övladlarının xəlifə adları ilə adlandırılması ilə bağlı daha iki kitab yazılmışdır. Onlardan biri Vəhid Behbəhani (hicri 1205-ci ildə vəfat edib), digəri isə “Qisəsül-Üləma” kitabının müəllifi Tunikabuni (hicri 1302-ci ildə vəfat edib) tərəfindən yazılmışdır.[85]

Mövzuya aid kitablar

Həzrət Fatimənin (s) şəhadəti ilə bağlı müstəqil kitablar yazılmışdır, onlardan bəziləri bunlardır:

  • “Beytül-Əhzan fi Məsaibi Seyyidətun-Nisa” kitabı (hicri 1330-cu ildə yazılmış) Şeyx Abbas Qumi tərəfindən ərəbcə yazılmışdır. Kitabın bir hissəsində Həzrət Fatimənin (s) Peyğəmbərin (s) vəfatından sonrakı həyatı ilə bağlı hadisələrdən və o Həzrətin şəhadətindən bəhs edilir.[86] Bu kitab “Fatimənin (s) əziyyətləri və fəryadları” adı ilə fars dilinə tərcümə edilmişdir.
  • “Məsatuz-Zəhra (s), şübəhat və rudud” kitabı Cəfər Mürtəza Amuli (hicri 1441-ci ildə vəfat edib) tərəfindən ərəbcə yazılmışdır. Müəllif bu kitabda Fatimeyi-Zəhranın (s) həyatının sonlarındakı hadisələr və şəhadəti ilə bağlı yaranan şübhələrə cavab verməyə çalışıb. Bu kitab “Həzrət Zəhranın (s) əziyyətləri” adı ilə fars dilinə tərcümə edilmişdir.
  • 15-ci əsrin yazıçısı Əbdüz-Zəhra Mehdi tərəfindən yazılmış “Əl-Hücum” kitabı” 150-dən çox ravi və şiə yazıçısından 260 rəvayət və tarixi nəql toplayıb ki, onların hər birində Fatimeyi-Zəhranın (s) şəhadətinin səbəblərinin bir hissəsi zikr edilmişdir.[87]

Həmçinin sünni yazıçıları xəlifələrlə Əhli-beyt (ə) arasındakı əlaqəni yaxşı göstərmək və Həzrət Fatimənin (s) şəhadətini inkar etmək məqsədi ilə kitablar yazmışlar, o cümlədən:

  • “Fatimətuz-Zəhra binti Rəsulillah və Ümmil-Həsəneyn” kitabı Əbdül-Səttar Əş-Şeyxin yazdığı kitabdır. Müsəlman şəxsiyyətləri tanıtdıran böyük bir kolleksiyanın nömrələrindən biri olan bu kitab, Həzrət Fatimeyi-Zəhranın (s) həyatına həsr olunub. Müəllif bu kitabda beyət günü hadisələrini və Fatimənin (s) evinin yandırılmasını qeyd etməyib. Bu kitabda yalnız Peyğəmbərin (s) irsi adı altında Fədəklə bağlı ixtilafdan bəhs edilir və müəllifin gəldiyi nəticə budur ki, Fatimə ilə Əbu Bəkr arasında Fədək haqqında ixtilaf olmayıb.[88] Hətta Fatimeyi-Zəhranın (s) birinci və ikinci xəlifədən narahat olmasına dair heç bir dəlilin olmadığını bildirir.  Birinci və ikinci xəlifənin Həzrət Fatiməyə (s) dəyməyə gəldikləri gün o Həzrətin onların ikisi ilə danışmaması da bir ravinin zehniyyətinin uydurmasıdır.[89] Müəllifin fikrincə, bu əhvalat şiə alimləri tərəfindən uydurulmuşdur.[90]
  • “Bəynuz-Zəhrai vəs-siddiq həqiqətun və təhqiqun” kitabı Bədrul-Umrani tərəfindən yazılmışdır. Bu kitab, miladi təqvimi ilə ​​2014-cü ildə çap olunub və mövzusu birinci xəlifə Əbu Bəkr ilə Həzrət Fatimə (s) arasındakı münasibətdir.[91]
  • “Difaən ənil-ali vəl-əshab” kitabı var. Bu kitabın müəyyən bir müəllifi yoxdur. O, Bəhreyndə hicri 1431-ci ildə “cəmiyyətul-ali vəl-Əshab” tərəfindən min səhifədən çox olaraq çap olunub.[92] Bu kitabın mövzusu ümumiyyətlə sünnilərin inancları ilə bağlı tənqid və şübhələrə cavabdır. Bu kitabın bəzi hissələri Həzrət Zəhranın (s) şəhadətinə həsr edilmişdir.[93]

İstinadlar

  1. Mehdi, Əl-Hucum, h.q 1425, s.14
  2. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.3, s.431-550
  3. Məzahiri, Fərhənge suge şii, h.ş 1395, s.365
  4. Şübeyri, Şəhadəte Fatimə (ə), c.1, s.347
  5. «ماجرای تعطیل شدن روز شهادت حضرت زهرا»«ماجرای تعطیل شدن روز شهادت حضرت زهرا», aftabnews.ir saytı
  6. «حرکت دسته عزاداری فاطمیه مقدسه زنجان», farsnews.ir saytı
  7. Məzahiri, Fərhənge suge şii, h.ş 1395, s.366
  8. «نظر مراجع تقلید درباره توهین به مقدسات اهل‌سنت», mehrnews.com saytı
  9. Məsaili, Nohome rəbi, Cəhalətha, Xəsarətha, h.ş 1387, s.117-119
  10. «آیا اعتقاد به شهادت و مظلومیت حضرت زهرا سلام الله علیها دارای سابقه تاریخی می‌باشد؟», valiasr-aj.com saytı
  11. Səlimi, Early Ibadi Theology: New Material on Rational Thought in Islam from the Pen of al-Fazārī, s.33
  12. Kaşiful-ğita, Cənnətul-məva, h.q 1429, s.62
  13. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.71
  14. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.71
  15. Qazi Əbdül-Cəbbbar, Təsbitu dəlailin-nübuvvət, m. 2006, c.2, s.595
  16. Səfədi, Əl-Vafi bil-vəfiyyat, h.q 1420, c.6, s.15; Zəhəbi, Seyru əlamin-nübəla, h.q 1405, c.15, s.578; İbn Həcər Əsqəlani, Lisanul-mizan, m. 2002, c.1, s.609
  17. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.202; İbn Əbdrəbbəh, Əl-Əqdul-fərid, h.q 1407, c.5, s.13
  18. Bəlazuri, Futuhul-buldan, m. 1956, s.40, 41
  19. Şəhidi, Zendeqaniye Fatimeyi-Zəhra (ə), h.ş 1362, s.126-135
  20. Allah Əkbəri, Möhsin ibn Əli, s.68-72; Müqəddəs Ərdəbili, Usulu din, h.ş 1387, s.113-114; Mufid, Əl-İxtisas, h.q 1413, s.185
  21. İbn Qüteybə, Əl-Məarif, m. 1960, s.211
  22. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.14, s.192-193
  23. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.71
  24. Yusifi Ğərəvi, Musuətut-tarixil-İslami, h.q 1438, c.4, s.157-162
  25. Yusifi Ğərəvi, Musuətut-tarixil-İslami, h.q 1438, c.4, s.144-147
  26. Fəttal Nişaburi, Rövzətul-vaizin, h.ş 1375, c.1, s.151
  27. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.458
  28. Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.134
  29. Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.134
  30. Nəhcül-bəlağə, Saleh Sübhi, s.319, xütbə 202
  31. Təbrizi, Siratun-nəcat, h.q 1418, c.3, s.440-441
  32. Mehdi, Əl-Hucum, h.q 1425, s.221-356
  33. Mehdi, Əl-Hucum, h.q 1425, s.221
  34. Tusi, Təlxisuş-Şafi, h.ş 1382, c.3, s.156
  35. Tusi, Təlxisuş-Şafi, h.ş 1382, c.3, s.156
  36. Mehdi, Əl-Hucum, h.q 1425, s.154-217
  37. Mehdi, Əl-Hucum, h.q 1425, s.154-155
  38. ĞeybĞulami, İhraqe beyte Fatimə, h.ş 1375, 79
  39. ĞeybĞulami, İhraqe beyte Fatimə, h.ş 1375, 79
  40. ĞeybĞulami, İhraqe beyte Fatimə, h.ş 1375, 192
  41. Bir qrup yazıçı, Şəhadəte madərəm Zəhra əfane nist, h.ş 1388, s.25-32
  42. Bir qrup yazıçı, Şəhadəte madərəm Zəhra əfane nist, h.ş 1388, s.25-32
  43. Amili, Məsətuz-Zəhra, h.q 1418, c.1, s.266-277, c.2, s.229-321
  44. Təbəsi, Həyatus-siddiqəti Fatimə, h.ş 1381, s.197 Kitabın müəllifi bu iddianı tarixdən xəbəri olmayanlara aid edir
  45. Amili, Məsətuz-Zəhra, h.q 1418, c.1, s.266-277, c.2, s.229-321
  46. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.5, s.68-70 və 83
  47. Kaşiful-ğita, Cənnətul-məva, h.q 1429, s.64; Mehdi, Əl-Hucum, h.q 1425, s.446
  48. Amili, Məsətuz-Zəhra, h.q 1418, c.1, s.266-277; Mehdi, Əl-Hucum, h.q 1425, s.446-449 və 452-458; Kövsərani, Şübhətu həvləz-Zəhra, s.15-26
  49. Tehrani, Seyyid Məhəmməd Hüseyn, Məktubatu Xətti, s.109
  50. Yusifi Ğərəvi, Musuətut-tarixil-İslami, h.q 1438, c.4, s.112
  51. Möhsün haqqında sünni mənbələrində tam məlumat üçün bax; Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.3, s.411-414; Əl-Müsəvi Xorasan, Əl-Möhsinus-Sibtu Movludun əm siqtun, h.q 1430, s.105-111
  52. Tusi, Təlxisuş-Şafi, h.ş 1382, c.3, s.156
  53. Əl-Müsəvi Xorasan, Əl-Möhsinus-Sibtu Movludun əm siqtun, h.q 1430, s.119-128
  54. Əl-Müsəvi Xorasan, Əl-Möhsinus-Sibtu Movludun əm siqtun, h.q 1430, s.207
  55. Mehdi, Əl-Hucum, h.q 1425, s.467; Fəzlullah, Əz-Zəhra, h.q 1421, s.109-110
  56. Mehdi, Əl-Hucum, h.q 1425, s.154-217
  57. ĞeybĞulami, İhraqe beyte Fatimə, h.ş 1375
  58. Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, h.q 1420, c.1, s.150; Məsudi, İsbatul-vəsiyyət, h.ş 1384, s.146; Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.134; Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.67
  59. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.5, s.21-35
  60. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.5, s.80
  61. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.5, s.63
  62. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.5, s.79-80
  63. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.5, s.81
  64. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.5, s.21-35
  65. «شهادت یا وفات حضرت زهرا سلام‌الله علیها», rasekhoon.net saytı
  66. Təbərsi, Əl-İhticac, c.2, s.373
  67. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.4, s.357, axıra qədər və c.5, əvvəldən s.89-a qədər
  68. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.4, s.521-523
  69. «رحماء بینهم»
  70. «ارتباط و محبت خلفای ثلاثه با علی و فاطمه رضی‌الله عنهما», sunnionline.us saytı
  71. Seyyid Mürtəza, Əş-Şafi fil-İmamə, h.q 1410, c.3, s.251
  72. Ləbbaf, Daneşnameye rəvabite siyasi Həzrət Əli (ə) ba xüləfa, h.ş 1388, s.73-76
  73. Müdəyhiş, Fatimətu bintin-Nəbi, h.q 1440, c.5, s.54
  74. Allah Əkbəri, İzdivace Ümmü Kulsum ba Ömər əz neqahe firqeyn, s.11-12
  75. Seyyid Mürtəza, Əş-Şafi fil-İmamə, h.q 1410, c.3, s.272-273
  76. Allah Əkbəri, İzdivace Ümmü Kulsum ba Ömər əz neqahe firqeyn, s.11-12
  77. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.346, hədis 1
  78. Hüseyni, Müqəddimeye mütərcim, Name xüləfa bər fərzəndane İmaman, s.11
  79. Şəhristani, Ət-Təsmiyat, h.q 1431, s.12
  80. Şəhristani, Ət-Təsmiyat, h.q 1431, s.477-488
  81. Şəhristani, Ət-Təsmiyat, h.q 1431, s.98-99
  82. Nişaburi, Əl-Musnədus-Səhih, c.3, s.1377
  83. Şəhristani, Ət-Təsmiyat, h.q 1431, s.427-472
  84. İbn Teymiyyə, Minhacus-sünnət, h.q 1406, c.1, s.41-42
  85. Şəhristani, Ət-Təsmiyat, h.q 1431, s.14
  86. Beytül-Əhzan fi Məsaibi Seyyidətun-Nisa, s.60-62
  87. Mehdi, Əl-Hucum, h.q 1425, s.221-356
  88. Əş-Şeyx, Fatimətuz-Zəhra, Darul-qələm, s.299-318
  89. Əş-Şeyx, Fatimətuz-Zəhra, Darul-qələm, s.319-326
  90. Əş-Şeyx, Fatimətuz-Zəhra, Darul-qələm, s.327
  91. «بین الزهراء و الصدیق», alkotoby.com saytı
  92. «اطلاعات کتاب دفاعا عن الآل و الأصحاب»
  93. «کتاب دفاعا عن الآل و الرسول»

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Qahirə, h.q 1404\m.1965
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Lisanul-mizan, Beyrut, Darul-bəşairil-İslamiyyə, m. 2002
  • İbn Əbdrəbbəh, Əhməd ibn Məhəmməd, Əl-Əqdul-fərid, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1407\m.1987
  • İbn Qüteybə, Abdullah ibn Müslim, Əl-Məarif, Qahirə, m. 11960
  • İbn Teymiyyə, Məhəmməd ibn Əbdül-Həlim, Minhacus-sünnət, Riyad, h.q 1406
  • Allah Əkbəri, Məhəmməd, İzdivace Ümmü Kulsum ba Ömər əz neqahe firqeyn, h.ş 1386
  • Müdəyhiş, İbrahim ibn Abdullah, Fatimətu bintin-Nəbi, h.q 1440
  • Təbrizi, Cavad, Siratun-nəcat, Qum, h.q 1418
  • Bir qrup yazıçı, Şəhadəte madərəm Zəhra əfane nist, h.ş 1388
  • Hüseyni, Seyyid Hadi, Müqəddimeye mütərcim, Name xüləfa bər fərzəndane İmaman, Qum, Enteşarate dəlile ma, h.ş 1390
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Seyru əlamin-nübəla, Beyrut, h.q 1405
  • Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, Qum, Əl-Hadi, h.q 1420
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əş-Şafi fil-İmamə, Tehran, İmam Sadiq (ə) müəssisəsi, 2-ci çap, h.q 1410
  • Şəhristani, Seyyid Əli, Ət-Təsmiyat, Məşhəd, h.q 1431
  • Şəhristani, Seyyid Əli, Əl-Miləlu vən-nihəl, Qum, h.ş 1364
  • Əş-Şeyx, Əbdüs-Səttar, Fatimətuz-Zəhra, Dəməşq, Darul-qələm, h.q 1436
  • Səfədi, Əl-Vafi bil-vəfiyyat, Beyrut, h.q 1420
  • Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-İmamə, Qum h.q 1413
  • Təbəsi, Məhəmməd Cavad, Həyatus-siddiqəti Fatimə, Qum, Bustane kitab, h.ş 1381
  • Tusi, Məhəmməd ibn Həsən, Təlxisuş-Şafi, Təhqiq: Hüseyn Bəhrul-ulum, Qum, h.ş 1382
  • Amili, Seyyid Cəfər Mürtəza, Məsətuz-Zəhra, Beyrut, Darus-siyrə, h.q 1418
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, 1-ci çap, h.q 1380
  • ĞeybĞulami, Hüseyn, İhraqe beyte Fatimə, h.ş 1375
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Əz-Zəhra, Beyrut, Darul-melak, h.q 1421
  • Qazi Əbdül-Cəbbbar ibn Əhməd, Təsbitu dəlailin-nübuvvət, Təhqiq: Əbdül-Kərim Osman, Qahirə, Darul-Mustafa, m. 2006
  • Kaşiful-ğita, Məhəmməd Hüseyn, Cənnətul-məva, Təhqiq: Seyyid Məhəmməd Əli Təbatəbai, Qum, h.q 1429
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Ləbbaf, Əli, Daneşnameye rəvabite siyasi Həzrət Əli (ə) ba xüləfa, Tehran, Munir, h.ş 1388
  • Möhsini, Mustafa, «شهادت یا وفات حضرت زهرا سلام‌الله علیها»
  • Məsaili, Mehdi, Nohome rəbi, Cəhalətha, Xəsarətha, 2-ci çap, h.ş 1387
  • Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət, Qum, Ənsariyan, h.ş 1384
  • Məzahiri, Möhsin, Fərhənge suge şii, Tehran, Xeymə nəşri, h.ş 1395
  • Müqəddəs Ərdəbili, Əhməd ibn Məhəmməd, Usulu din, Təhqiq: Möhsin Sadiqi, Bustane kitab müəssisəsi, h.ş 1387
  • Mehdi, Əbdüz-Zəhra, Əl-Hucumu əla eyti Fatimə, Tehran, Bərge rizvan nəşriyyat, h.q 1425
  • Əl-Müsəvi Xorasan, Seyyid Məhəmməd Mehdi, Əl-Möhsinus-Sibtu Movludun əm siqtun, Nəcəf, h.q 1430
  • Yusifi Ğərəvi, Məhəmməd Hadi, Musuətut-tarixil-İslami, Qum, Məcməul-fikril-İslami, 5-ci çap, h.q 1438