Qədr surəsi

wikishia saytından
(Quranın 97-ci surəsi səhifəsindən yönləndirilmişdir)

Qədr və ya İnna Ənzəlna surəsi doxsan yeddinci surədir və Quranın Məkkədə nazil olan surələrindən biridir ki, 30-cu cüzdə qərar tutub. "Qədr" surəsinin adı onun başlanğıc ayələrindən götürülmüşdür ki, Qədr gecəsində Quranın nazil olmasına və həmin gecənin əhəmiyyətinə işarə edir. "Qədr" surəsi, Qədr gecəsinin əzəmət, fəzilət və bərəkətlərindən və rəhmət mələklərinin bu gecədə nazil olmasından bəhs edir. Şiələr bu surənin məzmunundan Qiyamət gününə qədər yer üzündə məsum İmamın (ə) varlığının zəruriliyinə dair dəlil gətiriblər.

Bu surəni gündəlik namazlarda və bəzi müstəhəb namazlarda oxumaq, həmçinin Ramazan ayının Qədr gecələrində min dəfə oxumaq tövsiyə edilmişdir. Bu surənin fəziləti haqqında belə nəql olunmuşdur: "Vacib namazlarda "Fatihə" surəsindən sonra oxunan ən yaxşı surə "Qədr" və "Tövhid" surələridir".

Tanıtımı

  • Adlandırılması

Bu surənin "Qədr" adı ilə adlandırılması Allahın Quranın Qədr gecəsində nazil olması və onun ilk ayələrində həmin gecənin əhəmiyyətinə işarə etməsi ilə bağlıdır. Bu surənin başqa adı "İnna Ənzəlna"dır. Çünki bu sözlə başlamışdır.[1]

  • Nazil olma yeri və sırası

"Qədr" surəsi Məkkədə nazil olan surələrdən biridir və Peyğəmbərə (s) nazil olan 25-ci surədir. Bu surə Quranın indiki düzülüşündə doxsan yeddinci surədir və Quranın 30-cu cüzündə yerləşib.[2]

Bəzi təfsirçilər bir sıra rəvayətlərin mövcudluğuna görə bu surənin Mədinədə nazil olmasını ehtimal etmişlər. İslam Peyğəmbəri (s) yuxusunda Əməvilərin onun minbərinə çıxdıqlarını görəndə çox kədərləndi və narahat oldu. "Qədr" surəsi İslam Peyğəmbərinə (s) təsəlli vermək üçün nazil oldu.[3]

  • Ayələrin sayı və digər xüsusiyyətləri

"Qədr" surəsi 5 ayə, 30 söz və 114 hərfdən ibarətdir. Həcmi baxımından bu surə "Müfəssəlat" (qısa surələr), "Əvsat" qrupundan və Quranın kiçik surələrindəndir.[4]

Surənin məzmunu

"Qədr" surəsinin ümumi məzmunu Quranın Qədr gecəsində nazil olması, Qədr gecəsinin əzəmətinin (min aydan üstün olan) ifadə edilməsi, rəhmət mələklərinin və "Ruh"un enməsi, insanların taleyini təyin etmək və bu gecənin bərəkətlərinə işarə etməkdir.[5] Təfsirçilərin fikrinə əsasən, Qədr gecəsi ibadət baxımından min aydan daha faydalıdır, çünki Quranın məqsədi və xüsusi diqqəti insanları Allaha yaxınlaşdırmaqdır. Buna görə də Qədr gecəsini ibadətlə oyaq qalmaq min ayda ibadət etməkdən daha yaxşıdır.[6]

Surənin nazil olma səbəbi

"Qədr" surəsinin nazil olma səbəbi haqqında gəlib ki, bir gün İslam Peyğəmbəri (s) Bəni-İsraildən olan Allah yolunda min ay döyüş paltarı geyinmiş bir nəfərin əhvalatını öz səhabələrinə danışdı. Səhabələr bu əhvalatdan təəccübləndilər və bundan sonra Allah "Qədr" surəsini nazil etdi ki, Qədr gecəsini əhya saxlamaq Allah yolunda min ay döyüş paltarı geyinməkdən daha üstündür.[7]

Qədr gecəsinin Fatimeyi Zəhra (s) ilə əlaqəsi

Bəzi hədislərdə Qədr gecəsi Həzrət Fatimə (s) ilə əlaqələndirilmişdir. "Ləyl" (gecə) Fatimə (s), "Qədr" Allah, Qədr gecəsi Fatimə (s) hesab edilmişdir. İmam Sadiq (ə) bir rəvayətdə buyurur: “Hər kim Fatiməni (s) layiq olduğu kimi tanısa və onun məqamına mərifət tapsa, şübhəsiz ki, Qədr gecəsini dərk edər və Fatiməni (s) insanlar onu tanıya bilmədiklərinə görə Fatimə adlandırıblar". İmam (ə) sözünün davamlnda əlavə etdi ki, Qədr gecəsi min gecədən daha üstündür, yəni min mömindən daha xeyirlidir və Fatimə (s) möminlərin anasıdır.[8]

İmam Zamanın (ə.f) varlığını "Qədr" surəsi ilə sübut etmək

Şiənin hədis toplularında İslam Peyğəmbərindən (s), İmam Əlidən (ə)İmam Baqirdən (ə) rəvayətlər nəql olunub ki, Qədr gecəsində ilahi mələklər Allah Rəsululundan (s) sonrakı vəlilərə, yəni Əli (ə) və onun on bir övladına nazil olurlar. Həmçinin şiələrdən istəyir ki, İmam Zamanın (ə.f) varlığını və diri olmasını sübut etmək üçün Qədr surəsindən dəlil olaraq istifadə etsinlər. Çünki mələklərin Qədr gecəsində gələn ilin taleyindən xəbər vermək üçün nazil olması Peyğəmbərin (s) dövrünə xas deyil və bütün illərdə aktualdır. Buna görə də mələklər İslam Peyğəmbərindən (s) sonra o Həzrətin canişininə nazil olurlar ki, o, məsum İmam (ə) və Peyğəmbərə (s) ən çox bənzəyən şəxsdir.[9] Şiələr Qədr gecəsinin əbədi və bu gecədə mələklərin enməsinin qəti olduğuna inanırlar. Həmçinin bu eniş üçün layiq bir eniş yerinin olmasının zəruriliyinə etiqad bəsləyirlər. Buna əsasən də onlar Qiyamət gününə qədər bütün dövrlərdə ilahi höccətin varlığını sübut edirlər.[10]

Qədr surəsində "əmr" kəlməsinin mənası

Əllamə Təbatəbai "Qədr" surəsindəki "əmr" kəlməsi ilə bağlı iki ehtimal vermişdir: Biri budur ki, "əmr" kəlməsi "əmr aləmi" mənasındadır. Bu surətdə ayənin mənası belə olur ki,  mələklər və ruh Qədr gecəsində Rəbblərinin izni ilə nazil olmağa başlayır və hər bir ilahi əmri gətirirlər. Bu ehtimalda "min kulli əmrin" cümləsindəki "min" hərfi başlanğıc üçün olacaq və eyni zamanda səbəbiyyəti də çatdıracaq. İkinci ehtimal isə budur ki, "əmr" kəlməsindən məqsəd baş verəcək hadisələrdir. Bu halda ayənin mənası belə olur ki, mələklər və ruh Qədr gecəsində baş verəcək bütün işləri və hadisələri tədbir etmək üçün nazil olurlar. Bu halda "min kulli əmrin" cümləsindəki "min" hərfi səbəbiyyət üçündür.[11] İbn Ərəbi öz təfsirində "min kulli əmrin" cümləsini vücud və varlığa, zat və sifətlərə, xüsusiyyətlərə, hökmlərə, və vəziyyətlərə mərifət tapmaq və hər şeyi tədbir edib və ixtiyarına almaq mənasında bilib.[12]

Ruhdan məqsəd nədir?

  • "Qədr" surəsinin dördüncü ayəsindəki "ruh" kəlməsindən məqsəd nədir? Bu barədə ən azı üç rəy vardır:
  • Bəzi insanlar belə hesab edirlər ki, «و كَذلِكَ أَوْحَيْنا إِلَيْكَ رُوحاً مِنْ أَمْرِنا» "və kəzalikə əvhəyna iləykə ruhən min əmrina"[13] ayəsinə əsasən, "Qədr" surəsindəki "ruh" kəlməsindən məqsəd vəhydir.
  • Üçüncü baxış budur ki, "ruh" mələklərdən daha böyük bir məxluqdur. Bu məna İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə qeyd edilmişdir.[14]

Qədr surəsi haqqında fiqhi məqamlar

Üfüqün birliyi

Bəzi fəqihlər "İnna ənzəlnahu fi ləylətil-qədr" ayəsinə istinad edərək bir bölgədə hilalın görünməsinin dünyanın digər bölgələri üçün də dəlil olduğuna inanırlar. Çünki Qədr gecəsi sadəcə bir gecədir, dünyanın hər yerində insanların taleyinin təyin olunduğu gecədir. Həmçinin Aydındır ki, dünyanın bir yerində Qədr gecəsinin olduğunu, başqa yerlərində isə olmadığını söyləmək olmaz. Buna görə də Qədr gecəsi bütün dünya üçün bir gecədə olur. Əlbəttə, bu iddiaya cavab olaraq deyilmişdir ki, bu ayə yalnız Quranın Qədr gecəsində nazil olması haqqındadır və ayədə Qədr gecəsinin çoxlu və ya bir olmasına dəlil yoxdur.[15]

Vacib namazlarda surələrin oxunması

İmam Sadiq (ə) bir rəvayətdə buyurur ki, vacib namazlardan birində "İna ənzəlnahu" surəsini oxuyan şəxsə qeybi bir səs tərəfindən xitab olunar: "Ey Allahın bəndəsi! Allah indiyə qədər etdiyin hər bir günahı bağışladı, yenidən əməl etməyə başla.[16] Bəzi hədislərdə gəlib ki, İmam (ə) buyurur: "Təəccüb edirəm o kəsə ki, namazlarında Qədr surəsini oxumur, onun namazları necə qəbul olsun?[17] Bəzi fiqh kitablarında təkid edilmişdir ki, hər namazın birinci rükətində Qədr surəsini, ikinci rükətində isə Tövhid surəsini oxumaq müstəhəbdir. Həqiqətdə, hətta bu iki surədən başqasınə oxumağa başladıqdan sonra belə, namaz qılan şəxs onları kəsib və əvəzində bu surələri oxuya bilər. Bununla da hər iki surəni oxumağın savabını əldə edə bilər.[18]

Müstəhəb namazlarda Qədr surəsini oxumaq

Bəzi müstəhəb namazlarda bu surəni oxumaq tövsiyə olunur; o cümlədən:

  1. Həzrət Peyğəmbərin (s) namazı: "Bu namaz iki rükətdir, hər rükətdə bir dəfə "Həmd" surəsi və on beş dəfə "İnna Ənzəlnahu" surəsi oxunur".[19]
  2. Həzrət Fatimənin (s) namazı: "Bu namaz iki rükətdir, birinci rükətdə bir dəfə "Həmd", yüz dəfə "İnna Ənzəlnahu" surəsi oxunur. İkinci rükətdə isə bir dəfə "Həmd" və yüz dəfə "Tövhid" surəsi oxunur".[20]
  3. Vəhşət namazı: "Bu namaz iki rükətdir. Birinci rükətində "Həmd" surəsi və "Ayətül-Kürsi" oxunur.  İkinci rükətdə isə "Həmd" surəsindən sonra on dəfə "İnna ənzəlnahu" surəsi oxunur".[21]
  4. Ayın əvvəlinin namazı: "Bu namaz iki rükətdir. Birinci rükətdə "Həmd" surəsindən sonra otuz dəfə Tövhid surəsi oxunur. İkinci rükətdə isə "Həmd" surəsindən sonra otuz dəfə "İnna Ənzəlnahu" surəsi oxunur".[22]

Qədr surəsini müxtəlif vaxtlarda və yerlərdə oxumaq

İmam Cavaddan (ə) nəql olunur: "Hər kim gündə 76 dəfə müxtəlif vaxtlarda "Qədr" surəsini oxuyarsa, Allah onun üçün min mələk yaradar ki, 360 min il onun savabını yazar. Həmçinin bu mələklər onun üçün bağışlanma diləyirlər ki, iki min il ərzində min dəfə artacaq". Bir gündə 76 dəfə "Qədr" surəsinin oxunma qaydası belədir: 1- Fəcrin doğduğu vaxt və sübh namazından əvvəl yeddi dəfə oxumaqla mələklər ona altı gün salam göndərərlər. 2- Gecəyə qədər Allahın zəmanətində olmaq üçün səhər namazından sonra on dəfə oxumaq. 3- Allahın ona nəzər etməsi və asimanın rəhmət qapılarını onun üzünə açması üçün zöhr vaxtı və zöhrün müstəhəb namazından əvvəl on dəfə oxumaq. 4- Günortadan sonra iyirmi bir dəfə ki, Allahın onun üçün cənnətdə uzunluğu və eni səksən arşın olan bir ev qərar verməsi və Qiyamət gününə qədər onun haqqında bağışlanmaq diləyən mələklər təyin etməsi üçün zöhrün müstəhəb namazından əvvəl iyirmi bir dəfə oxumaq. 5- Bütün məxluqatın əməllərinin savabı ona yazılması üçün əsr namazından sonra on dəfə oxumaq. 6- Səhərə qədər Allahın zəmanətində olmaq üçün işa namazından sonra yeddi dəfə oxumaq. 7- Allahın ona aid böyük (böyük cüssəli) bir mələk təyin etməsi və Qiyamət gününə qədər tüklərinin sayına görə onun haqqında bağışlanma diləməsi üçün yatağına gedərkən on bir dəfə oxumaq.[23] 8- Qədr surəsini Qədr gecəsində oxumaq, həmçinin mübarək Ramazan ayının 23-cü gecəsində min dəfə oxumaq tövsiyə olunub və bunun üçün hədislərdə bir sıra faydalar qeyd edilmişdir.[24] Rəvayət olunur ki, hər kəs möminin qəbrinin yanında "Qədr" surəsini yeddi dəfə oxuyarsa, Allah-taala həmin yerdə Allaha ibadət etmək üçün bir mələk göndərər. Həmçinin oxuyan və ölən üçün həmin mələyin ibadətinin savabı nəzərdə tutular. Allah öləni qəbirdən çıxartdığı vaxt isə o mələyin vasitəsilə onun qorxu və vahiməsini aradan aparar ki, cənnətinə daxil etsin.[25] Mərhum Səduq "Mən la yəhzurhul-fəqih" kitabında Həzrət Rzadan (ə) belə nəql etmişdir ki, buyurur: "Elə bir mömin bəndə yoxdur ki, mömin qardaşının qəbrini ziyarət edib və onun yanında yeddi dəfə "İnna ənzəlnahu fi ləylətil-qədr" surəsini oxusun, ancaq Allah onu və qəbir sahibini bağışlamasın".[26]

Qədr surəsi haqqında əsərlər

İncəsənət əsərləri

Bir çox qarilər ən gözəl qiraətlərini bu surədə icra ediblər. Bu qiraətləri burada dinləyə bilərsiniz.

Təsviri sənət sahəsində də bu surə ilə bağlı əsərlər yaradılmışdır. İranda Qədr surəsi ilə bağlı xəttatlıq əsərlərinin yazılması və nümayişi üçün sərgilər[27] və emalatxanalar[28] təşkil edilmişdir.

Monoqrafiyalar

"Qədr" surəsi bütün Quranın təfsirlər toplusunda təfsir olunmaqla yanaşı, bəzən tək bir surə, bəzən də bir neçə başqa surələrlə birlikdə də təfsir edilir. Bu monoqrafiyalardan bəziləri bunlardır:

  • Hidayətullah Taleqannin  "Qədr"in sahilində (Qədr surəsinin cilvələri ilə) təfsiri[30]
  • Məhəmməd Rza Hacı Şərifi Xansarinin "Qədr" surəsinin təfsiri[31]
  • Əli Səfai Hayirinin vasitəsi ilə "Qədr" surəsinin təfsiri[32]

Fəzilətlər və faydaları

Hədislərdə "Qədr" surəsini oxumağın bir çox savabları qeyd edilmişdir: Vacib namazlarda "Fatihə" surəsindən sonra oxunan ən yaxşı surənin "Qədr" və "Tövhid" surələri olduğu nəql olunub.[34] İmam Muhəmməd Baqirdən (ə) nəql olunur ki, "İnna ənzəlnahu" cümləsinə və onun təfsirinə iman gətirən şəxsin imanının, belə bir imanı olmayanlardan üstünlüyü, insanın heyvanlar üzərində olan üstünlüyü kimidir".[35]

İmam Sadiqdən (ə) başqa bir hədisdə buyurulur: "Hər kim vacib namazlardan birində "İnna ənzəlnahu" surəsini oxuyarsa, qeybdən bir səs ona xitab edər: "Ey Allahın bəndəsi! Allah indiyə qədər etdiyin bütün günahları bağışladı, yenidən əməl etməyə başla".[36]

İmam Sadiqin (ə) bir rəvayətində qeyd olunub ki, bu surə Quranda "ismi-əzəm"in (Allahın böyük adı) zikr edildiyi yerlərdən biri kimi təqdim edilib.[37]

Qədr surəsinin mətni və tərcüməsi

Qədr surəsi

Tərcümə Ərəbcə mətn
Bağışlayan və mehriban Allahın adı ilə

1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23 il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı). 2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir? 3. Qədr gecəsi min aydan daha xeyirlidir. 4. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər. 5. O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir.

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ ١ وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ ٢ لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ ٣ تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ ٤ سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ


İstinadlar

  1. Xürrəmşahi, Sureye Qədr, s.1266
  2. Xürrəmşahi, Sureye Qədr, s.1266
  3. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.330, s.334
  4. Xürrəmşahi, Sureye Qədr, s.1266
  5. Səfəvi, Sureye Qədr, s.786
  6. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.332
  7. Vahidi, Əsbabu nuzulil-Quran, h.q 1411, s.486
  8. Kufi, Təfsiru Kufi, h.q 1410, s.581
  9. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.247-252
  10. Rizvani, Movudşenasi və pasox be şübehat, h.ş 1384, s.287-288
  11. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.332
  12. İbn Ərəbi, Təfsiru İbn Ərəbi, h.q 1422, c.2, s.418
  13. Şura surəsi, ayə 52
  14. Məkarim Şirazi, nümunə təfsiri, h.ş 1374, c.27, s.184
  15. Qumi, Məbani Minhacis-salihin, h.q 1426, c.6, s.231
  16. Şeyx Səduq, Səvabul-əmal, h.q 1406, c.1, s.124
  17. Hürr Amili, Vəsailuş-şiə, c.6, s.79
  18. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, c.2, s.146
  19. Kəfəmi, Əl-Misbah, h.q 1405, s.409
  20. Kəfəmi, Əl-Misbah, h.q 1405, s.410
  21. Məclisi, Zadul-məad, h.q 1423, s.581
  22. Tusi, Misbah-mütəhəccid, h.q 1411, c.2, s.523
  23. Əllamə Məclisi, Biharul-ənvar, h.ü 1403, c.92, s.329
  24. Əl-İqbal, Seyyid ibn Tavus, c.1, s.382
  25. Nuri, Mustədrəkul-vəsail, c.2, s.371
  26. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.181
  27. تصویرسازی سوره قدر در نمایشگاه قران همدان, iqna.ir saytı
  28. نگارش سوره قدر در نگارخانه آفرینش تهران, farhangsara.ir saytı
  29. Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.28, s.685
  30. Taliqani, Bər kiraneye Qədr, h.ş 1377
  31. Hacı Şərifi Xansari, Təfsire sureye Qədr, h.ş 1388
  32. Səfayi Hairi, Təfsire sureye Qədr, h.ş 1388
  33. Sədr, Təfsire Quran, Qədr
  34. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.315
  35. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.250
  36. Şeyx Səduq, Səvabul-əmal, h.q 1406, c.1, s.124
  37. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.90, s.223

Ədəbiyyat

  • Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili, Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev,

Dürdanə Cəfərli

  • İbn Ərəbi, Muhyiddin, Təfsiru İbn Ərəbi, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1422
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Tehran, Darul-kutubil-İslamiyyə
  • Xürrəmşahi, Qivamuddin, Sureye Qədr, Tehran, Dustan -Nahid, h.ş 1377
  • Rizvani, Əli Əsğər, Movudşenasi və pasox be şübehat, h.ş 1384,
  • Seyyid ibn Tavus, Əl-İqbal, Qum, Dəftəre Təbliğate İslami, 1-ci çap, h.q 1376
  • Sədr, İmam Musa, Təfsire Quran, Tehran
  • Sədr, Məhəmməd ibn Əli, Təfsire Quran, Qum, h.q 1406
  • Səfayi Hairi, Əli, Təfsire sureye Qədr, Qum, Leylətul-qədr nəşriyyatı, h.ş 1388
  • Səfəvi, Salman, Sureye Qədr, Qum, Salman Azadə nəşriyyatı, h.ş 1396
  • Taliqani, Hidayətullah, Bər kiraneye Qədr, Qum, Rasixun nəşriyyatı, h.ş 1377
  • Təbatəbai Qumi, Seyyid Təqi, Məbani Minhacis-salihin, Qum, h.q 1426
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
  • Tusi, Məhəmməd ibn Həsən, Misbah-mütəhəccid, Beyrut, h.q 1411
  • Kufi, İbrahim ibn Furat, Təfsiru Kufi, Tehran, h.q 1410
  • Kəfəmi, İbrahim ibn Əli, Əl-Misbah, Qum, Darur-Rza, h.q 1405
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, DArul-kutubil-İslamiyyə, h.q 1407
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məclisi, Məhəmməd Baqir, Zadul-məad, Beyrut, h.q 1423
  • Mütəhhəri, Mütəhhəri, Məcmue asar, Tehran, h.ş 1389
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, çap: 32 h.ş 1374
  • Vahidi, Əli ibn Əhməd, Əsbabu nuzulil-Quran, Beyrut, Darul-kutubil-İslamiyyə, h.q 1411

Xarici keçid