Məzmuna keç

Taslim:Quranın tərk edilməsi

wikishia saytından
Bu məqalə Quranın tərk edilməsi haqqındadır. Bu mövzu ilə eyni məzmunda olan ayə ilə tanış olmaq üçün Furqan surəsinin 30-cu ayəsinə baxın.

Quranın tərk edilməsi (ərəbcə: مهجورية القرآن) anlayışı “Furqan” surəsinin 30-cu ayəsindən götürülmüşdür. Həmin ayədə İslam Peyğəmbəri (s) Allah dərgahında ümmətinin Qurana qarşı biganəliyindən şikayət edir. Bu anlayış şiə rəvayətlərində də vurğulanmış və müxtəlif sahələrdə Quranı tərk etmək — onu düzgün anlamamaq, əməli baxımdan ona diqqətsiz yanaşmaq və yalnız onun zahiri ilə kifayətlənmək kimi mənalarda izah edilmişdir. Quran təfsirçiləri bu termin barədə müxtəlif təhlillər irəli sürüblər; bəziləri bunu Quranı zahirən tərk etmək və ya ona itaətsizlik göstərmək, bəziləri isə onu Əhli-beytdən — yəni Quranın həqiqi təfsirçilərindən — ayırmaq kimi dəyərləndiriblər. İmam Xomeyni (r.ə) Qurani-kərimin siyasi və ictimai yönlərinə xüsusi diqqət çəkərək, məhcuriyyətin (Quranı tərk etməyin) bu yönlərin nəzərə alınmaması və unudulması nəticəsində yarandığını bildirmiş, bunu İslam dünyasının problemlərinin əsas səbəbi saymışdır.

Quranı tərk etmək bir çox sahələrdə özünü göstərir: Quranın tilavətində, dinlənilməsində, əzbərlənməsində, təfəkkür və təfsirində, eləcə də Qurana əməl etməkdə. Quranın yalnız mərasim keçirmək və bəzək məqsədilə istifadəsi və ya onu şəxsi düşüncələrə uyğun şərh etmək də bu Quranı tərk etməyin nümunələrindəndir. Qurandan uzaq düşmənin əsas səbəblərinə Əhli-beytdən ayrılmaq, səthi baxışların üstünlük qazanması, ictihadın dayandırılması və dinin siyasətdən ayrılmasını yaymağa işarə etmək olar.

Onun nəticələri isə məzhəbçilik, gerilik, xurafatın yayılması, yoxsulluq, istibdad və mənəviyyatdan uzaqlaşma kimi mənfi hallardır. Əllamə Təbatəbai, İmam Xomeyni (r.ə)Seyid Cəmaləddin Əsədabadi kimi şəxsiyyətlər Qurani-kərimin tərk edilməsini aradan qaldırmaq üçün səy göstəriblər.

Tərifi və mövqeyi

Qurani-kərimin tərk edilməsi termini “Furqan” surəsinin 30-cu ayəsindən götürülmüşdür; orada Peyğəmbər (s) ümmətinin Qurana qarşı laqeydliyindən Allah dərgahında şikayət edir.[1] Şiə rəvayətlərində də Quranın tərk edilməsi ilə bağlı xəbərdarlıqlar edilmişdir; məsələn, Seyid RəziNəhcul-bəlağə”də[2]KüleyniKafi”də[3] bu barədə İmamların (ə) buyurduqlarını nəql ediblər.

Ümumilikdə, Qurani-kərimin tərk edilməsi — onun əhəmiyyət və mövqeyini düzgün dərk etməmək, onun göstərişlərini tərk etmək, diqqətsiz yanaşmaq və onu yalnız zahiri və mərasim yönləri ilə məhdudlaşdırmaq mənasında işlədilir.[4] Şiə Quranşünası Seyid Məhəmmədəli Əyazi isə bu anlayışı Quranın tanınmaması və gündəlik həyatdan kənarlaşdırılması kimi izah etmişdir.[5]

Quran tədqiqatçıları “Furqan” surəsinin 30-cu ayəsindəki “Quranın məhcur (tərk edilmiş) olması” ifadəsi barədə bir neçə fikir irəli sürüblər:

  • “Məhcur etmək” – onun nəticəsi Qurana qulaq asmamaq, ondan üz çevirmək və zahiri şəkildə onu tərk etmək[6] yaxud Qurana iman gətirməməkdir.[7]
  • “Məhcur saymaq” – Ayədəki “ittəxəzu” sözünə əsasən ayənin mənası belə olur: Müsəlmanlar Qurani oxusalar da, onu düzgün dərk etmədikləri, onun mühüm məsələlərini tərk etdikləri və göstərişlərinə zidd əməl etdikləri üçün, əslində Qurandan uzaq düşmüş, ona biganə olublar.[8] Bu əsasda Həsən MustəfəviƏt-təhqiq fi kəlimatil-Quran” adlı kitabında Quranın tərk edilməsini Qurana zahiri bağlılıq olsa da, əslində onu tərk etmək mənasında izah etmişdir.[9]
  • Quranı Əhli-beytdən ayırmaq – “Səqəleyn” hədisi kimi rəvayətlərə və ikinci xəlifəninBizə Allahın kitabı kifayətdir” (حسبنا كتاب الله) ifadəsini yaymasına istinadən bu fikir yaranmışdır; bu ayrılıq nəticəsində Quranın səhv başa düşülməsi baş vermişdir.[10]

İmam Xomeyni (r.ə)şiə mərcələrindən biri – digər tədqiqatçılardan fərqli olaraq siyasi-ictimai baxış bucağından belə hesab edir ki, Quranın siyasi və ictimai göstərişləri ibadətlə bağlı mövzulardan qat-qat çoxdur.[11] Ona görə də, Quranın məhcur qalması dedikdə onun siyasi-ictimai hökmlərinin unudulması və yalnız ibadi məsələlərlə kifayətlənmək nəzərdə tutulur. İmam Xomeyni (r.ə) İslam cəmiyyətindəki problemlərin səbəbini də Quranın bu hökmlərinə əməl edilməməsində görür.[12]

Quranı tərk etməyin sahələri

Quran tədqiqatçıları Quranın tərk edilməsini müxtəlif sahələrdə araşdırmış və onun üçün bir sıra nümunələr qeyd ediblər: O cümlədən tilavət, dinləmə, hifz etmək, təfəkkür, təfsir və əməl etmək baxımından tərk etmək.[13] Şiə təfsirçisi Məkarim Şirazinin fikrincə, Quranın tərk edilməsi aşağıdakı halları da əhatə edir: Qurandan yalnız mərasim keçirmək və bəzək məqsədilə istifadə etmək (məsələn, dini məkanların bəzədilməsində və ya xəstələrin şəfa tapması üçün oxunmasında), Qərb fikirlərini Quran prinsiplərindən üstün tutmaq və ya qərəzli şəkildə, öz fikrinə uyğun gələn kimi təfsir etmək.[14]

Digər təfsirçilər də Qurana diqqət etməmək – onu oxumamaq, dinləməmək, əzbərləməmək, təfəkkür etməmək və əməl etməməyin – Quranın tərk edilməsinin əlamətləri olduğunu bildirirlər.[15] İmam Xomeyninin (r.ə) fikrincə, Quranın əsas təlimlərini unutmaq və onlara əməl etməmək onun tərk edilməsi deməkdir.[16] O hesab edir ki, yalnız Quranın zahiri cəhətlərinə – məsələn, təcvidə, lüğəvi və ədəbi məsələlərə və ya ecazkar cəhətlərinə diqqət yetirməklə onun məhcurluğu aradan qalxmır.[17]

Quranı tərk etməyin amilləri

Qurani-Kərimin tərk edilməsinin səbəbləri və amilləri arasında bir sıra məsələlər göstərilmişdir. Bunlara aşağıdakılar daxildir: Quranı onun əsas şərhçiləri olan Əhli-beytdən (ə) ayırmaq cəhdləri;[18] müfəssirlərin Qurani-Kərimin zahiri məsələlərinə məşğul olduqlarına görə şəxsi və zövqi təfsirlərin yayılması; durğunluq və ağılın kənara qoyulması; ictihadın tərk edilməsi və əxbarilik düşüncəsinin geniş yayılması; bəzi müsəlmanların dünyapərəstliyi; Quranı sanki təsirsiz və həyatdan uzaq bir kitab kimi göstərmək cəhdləri; Qurandakı siyasi və ictimai göstərişlərə qarşı çıxmaq.[19]

İmam Xomeyni (r.ə), Qurani-Kərimi anlamağı yalnız müfəssirlərlə məhdudlaşdırmaq və şəxsi fikrə əsasən təfsir etmək bəhanəsi ilə insanların ayələr üzərində düşünməsinin (təfəkkürünün) qadağan edilməsini, Quranın məhcur qalmasının amillərindən biri hesab etmişdir.[20] O, həmçinin dinin siyasətdən ayrılması fikrinin təbliğini də Quranın tərk edilməsinin mühüm səbəblərindən saymışdır. Çünki bu fikir vasitəsilə Quran ayələrinə məhdud baxış formalaşdırılır və Quran sanki siyasi və ictimai hökmlərdən məhrum bir kitab kimi təqdim olunur ki, nəticədə, bu da İslam ölkələrində hegemon qüvvələrin hökmranlığını qorumağa xidmət edir.[21]

Tarix tədqiqatçısı Rəsul Cəfərianın fikrincə, Səfəvilər dövründən etibarən şiə dünyasında dini bilik mənbələrinə yanaşma kəskin şəkildə hədislərərəvayət əsaslı təfsirlərə yönəlmiş, bu da Quranla əlaqənin zəifləməsinə səbəb olmuşdur.[22]

Bundan əlavə, əxbarilik düşüncəsinin, təsəvvüf məktəbinin və hökumət siyasətlərinin üçtərəfli təsiri də Qurani-Kərimin tərk edilməsinin digər amillərindən sayılır. Buna görə də, dəfələrlə baş verib ki, müəyyən məktəb və dini ideyaların təsiri altında olan hökumətlər Quranın sosial səhnədəki açıq-aşkar mövcudluğu ilə razılaşmamış və əksinə, özlərini təhlükə altında hiss etmişlər; bu səbəbdən onlar Quranı kənara qoymağa çalışmışlar.[23]

Quranı tərk etməyin nəticələri

Qurani-Kərimin tərk etməyin İslam cəmiyyətində bir sıra mənfi nəticələri qeyd olunur, o cümlədən aşağıdakılara işarə etmək olar:

  • Təriqətçilik və insanlar arasında bölünmə;[24]
  • Xurafi İslamın və saxta hədislərin yayılması;[25]
  • Müsəlmanların qüdrətinin, əzəmətinin və ləyaqətinin itirilməsi[26] və onların geri qalması;
  • Cəmiyyətin mənəviyyatdan uzaqlaşması, əxlaqa zidd və dəyərsiz halların artması;[27]
  • Ləyaqətsiz və bacarıqsız şəxslərin rəhbərliyə gəlməsi, və yoxsulluq və məhrumiyyətin yayılması;[28]
  • Hökmdarların zülmü və xalqın siyasi və sosial işlərdən uzaq düşməsi;[29] İlahi əzaba düçar olmaq.[30]

Qurani-Kərimin tərk edilməsini aradan qaldıran öncüllər

Quran tədqiqatçısı Seyid Məhəmməd Əli Əyazi hesab edir ki, Əllamə Təbatəbaiəl-Mizan” təfsirini yazmaqla və İmam Xomeyni (r.ə) İslamda hökumət və idarəetmə məsələlərini gündəmə gətirməklə, Qurani-Kərimin tərk edilməsinin qarşısını almaqda və onun məfhumlarını diriltməkdə mühüm rol oynamışlar.[31] Həmçinin Seyid Cəmaləddin Əsədabadi (vəfatı: 1314 h.q.) Quranın bərpası və ona dönüş hərəkatının öncüllərindən biri olmuş, bu şüarla 15-ci hicri əsrində baş verən islahat hərəkatlarına ilham vermişdir.[32]

İstinadlar

  1. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.15, s.205; Müdərrisi, Min hudəl-Quran, h.q 1419, c.8, s.423
  2. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 147; məktub 47, s.422
  3. Kuleyni, əl-Kafi, h.q 1407, c.2, s.613; c.8, s.28
  4. Əşrəfi Əmin, Məhcuriyyət amuzehaye dini və Qurani əz dideqahe Əllamə Şeyx Məhəmməd Əbdəh, s.281; Fiqhizadə və Əşrəfi Əmin, Əvamil və zəminehaye məhcuriyyəte Quran dər bude siyasi və ictimai dər əndişeye İmam Xomeyni, s.58
  5. Əyazi, Dər camieyi ke Quran məhcur əst əfrade naşayeste, bi xasiyyət və nasalem bər səre kar mi ayənd, Dər sayte məcmə müdərrisin və muhəqqiqine hozeye elmiyyeye Qum
  6. Tusi, Ət-Tibyan, c.7, s.486; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.263; Zəməxşəri, Əl-Kəşşaf, c.3, s.277
  7. Feyz Kaşani, Əs-Safi, h.q 1415, c.4, s.11; Fəxri Razi, Məfatuhul-ğeyb, h.q 1420, c.24, s.455
  8. Ğəffari, Məhcuriyyəte Quran, s.89-90; Mömini, Dər amədi bə məhcuriyyəte Qurani-Kərim, s.60-61
  9. Müstəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quran, h.ş 1369, c.11, s.240
  10. İxvan Müqəddəm, Neqahi nu be mənaye məhcuriyyəte Quran dər ayeye 30 sureye Furqan, Bər əsase vajehaye həmneşin və siyaq, s.23-28
  11. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1385, c.2, s.255, c.5, s.188
  12. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1385, c.16, s.34; Fiqhizadə və Əşrəfi Əmin, Əvamil və zəminehaye məhcuriyyəte Quran dər bude siyasi və ictimai dər əndişeye İmam Xomeyni, s.58-59
  13. Mömini, Dər amədi bə məhcuriyyəte Qurani-Kərim, s.61-73
  14. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.15, s.77
  15. Musəvi, Məhcuriyyəte Quran, Əsbab və neşaneha, s.14-16
  16. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1385, c.16, s.34
  17. İmam Xomeyni, Adabus-səlat, h.ş 1378, s.198
  18. Mömini, Rabiteye məhcuriyyəte Quran və məhcuriyyəte Əhli-beyt (ə)
  19. Əşrəfi Əmin, Məhcuriyyət amuzehaye dini və Qurani əz dideqahe Əllamə Şeyx Məhəmməd Əbdəh, s.282-283; Fiqhizadə və Əşrəfi Əmin, Əvamil və zəminehaye məhcuriyyəte Quran dər bude siyasi və ictimai dər əndişeye İmam Xomeyni, s.60
  20. İmam Xomeyni, Adabus-səlat, h.ş 1378, s.19
  21. Fiqhizadə və Əşrəfi Əmin, Əvamil və zəminehaye məhcuriyyəte Quran dər bude siyasi və ictimai dər əndişeye İmam Xomeyni, s.65-67
  22. Cəfəriyan, Nəhzəte bazgəşt be Quran bəraye ehyaye əzəməd dər dəste rəfte bud, Mehrinamə nəşriyyatı ilə müsahibədən
  23. Nəbati, Təslise məhcuriyyəte Quran dər came irani, İqna saytında dər olub
  24. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 147, s.205; Əşrəfi Əmin, Vəhdəte müsəlmanan və rabiteye an ba məhcuriyyəte Quran əz dideqahe muslihane dini, s.6
  25. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.5, s.274
  26. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1385, c.16, s.38-39
  27. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1385, c.10, s.530-533
  28. Əyazi, Dər camieyi ke Quran məhcur əst əfrade naşayeste, bi xasiyyət və nasalem bər səre kar mi ayənd, Dər sayte məcmə müdərrisin və muhəqqiqine hozeye elmiyyeye Qum
  29. Əşrəfi Əmin, Məhcuriyyət amuzehaye dini və Qurani əz dideqahe Əllamə Şeyx Məhəmməd Əbdəh, s.284
  30. Səduq, Səvabul-əmal və iqaul-əmal, h.q 1406, s.286
  31. Əyazi Məhcuriyyəte Quran, s.634
  32. Əyazi Məhcuriyyəte Quran, s.634

Ədəbiyyat