Meyit namazı
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Meyit namazı (Ərəbcə: صلاة الميت) müsəlmanların dəfn edilməzdən əvvəl cənazəsinə oxunmalı olan vacib namazdır. Meyit namazında beş təkbir vardır. Bunda birinci təkbirdən sonra kəlmeyi-şəhadət deyilir. İkinci təkbirdən sonra salavat çevrilir. Üçüncü təkbirdən sonra möminlər və müsəlmanlar üçün istiğfar (bağışlanma) edilir. Dördüncü təkbirdən sonra namazı qılınan meyit üçün bağışlanma dilənir. Beşinci təkbirlə namaz sona çatır.
Meyit namaz digər namazlardan fərqlidir. Onun həmd, rüku, səcdə, təşəhhüd və salamı yoxdur. Həmçinin təharət onda şərt deyil; Buna görə də dəstəmazsız və qüslsüz də qılına bilər. Əlbəttə ki, orada digər vacib namazların şərtlərinə riayət etmək daha yaxşıdır.
Meyit namazını həm camaatla, həm də tək qılmaq olar; Amma camaatla qılındıqda məmum (iqtida edən) də təkbirləri və duaları oxumalıdır.
Sünnilərin qıldığı meyit namazı dörd təkbirlə qılınır və salamla bitir.
Tərif
Meyit namazı müsəlmanların qüsl və kəfənləndikdən sonra və dəfn edilməzdən əvvəl müsəlman cənazəsi üzərində oxuması vacib olduğu dua və təkbirlərə deyilir. Fiqhi mənbələrə əsasən, təharət kimi vacib namazların bəzi şərtləri meyit namazında şərt deyildir.[1] Həmçinin meyit namazının salamı yoxdur.[2]
Meyit namazı, namaz deyil
Şəhid Saninin dediyinə görə, fəqihlər arasında məşhur olan rəyə əsasən, meyit namazı, namaz sayılmır. O, əslində meyit üçün edilən bir növ duadır. Çünki rüku və səcdə olmadan namazın heç bir mənası yoxdur. Həmçinin təharətli olmaq hər namazda şərtdir, lakin meyit namazında bunların heç biri yoxdur.[3]
"Fiqhur-Rza" kitabında İmam Rzadan (ə) nəql olunan bir rəvayətdə deyilir ki, meyit namazı, namaz deyil və yalnız təkbirdir; Çünki namaz rüku və səcdəsi olan bir şeydir.[4]
Meyit namazının qılınma qaydası
Meyitə namaz qılmaq üçün meyit üzü qibləyə elə qoyulur ki, onun başı namaz qılanın sağ tərəfində, ayaqları isə sol tərəfində olsun.[5] Namaz qılan üzü qibləyə durmalıdır.[6] Onun meyitlə fasiləsi çox olmamalıdır.[7] Həmçinin namazı ayaq üstə qılmalıdır.[8]
Meyit namazını qılan bu namaz üçün niyyət etdikdən sonra beş təkbir deyir. İlk dörd təkbirin hər birindən sonra xüsusi dualar oxunur və beşinci təkbirlə namaz sona çatır.[9]
Birinci təkbirdən sonra kəlmeyi-şəhadət deyilir. İkinci təkbirdən sonra salavat çevrilir. Üçüncü təkbirdən sonra möminlər və müsəlmanlar üçün istiğfar (bağışlanma) edilir. Dördüncü təkbirdən sonra namazı qılınan meyit üçün bağışlanma dilənir.[10]
Dörd təkbirdən sonra deyilən zikr və dualar bunlardan ibarətdir:
Təkbir | Qısa dua (ərəbcə) | Geniş dua (ərəbcə) | Qısa duanın oxunuşu | Geniş duanın oxunuşu |
---|---|---|---|---|
1-ci təkbir → | ||||
2-ci təkbir → | ||||
3-cü təkbir → | ||||
4-cü təkbir → | ||||
5-ci təkbir → |
Sünni fəqihlərinin rəyi
Sünnilərə görə meyit namazında dörd təkbir vardır. Birinci təkbirlə namaz başlanır və ondan sonra Allaha həmd oxunur. İkinci təkbirdən sonra salavat göndərirlər. Üçüncü təkbirdən sonra meyit üçün dua edirlər. Dördüncü təkbir və salamla isə namaz sona çatır.[11] Əlbəttə ki, bu namazın bəzi təfərrüatlarında sünnilər arasında ixtilaflar vardır.[12]
Hökmlər
Meyit namazının fiqhi hökmlərindən bəziləri bunlardır:
- Meyit namazı vacibi kifaidir; Buna görə də kimsə onu qılsa, onun vacibliyi başqalarının boynundan götürülər.[13]
- Sahib Cəvahirin dediyinə görə məşhur fəqihlərin rəyinə əsasən bir meyitə bir neçə namaz qılmaq məkruhdur.[14] Ayətullah Sistaninin fətvasına əsasən, bu məkruhluq sübuta yetirilməmişdir. Habelə əgər ölən şəxs elm və təqva sahibi olsa, məkruh deyildir.[15]
- Meyit namazı camaatla qılına bilər, lakin məmum (iqtida edən) təkbirləri və duaları özü deməlidir.[16]
- Altı yaşına çatmış müsəlmana meyit namazı qılmaq vacibdir.[17]
- Kafir və ya nasibiyə (Əhli-beyt (ə) düşmənləri) meyit namazı qılınmaz.[18]
- Meyit namazında kiçik hədəs və böyük hədəsdən pak olmaq lazım deyil.[19] Əlbəttə, bu namazda da digər vacib namazların şərtlərinə riayət etmək daha yaxşıdır.[20]
- Meyit namazı, meyit dəfn edilməzdən əvvəl,[21] qüsl və kəfənləndikdən sonra[22] oxunmalıdır.
- Əgər bir müsəlman namazsız dəfn olunarsa, onun qəbri başında namaz qılınmalıdır.[23]
- Bir neçə meyit üzərində birlikdə bir meyit namazını qılmaq olar.[24]
- Məscidlərdə meyit namazı qılmaq məkruhdur.[25] Mərcəyi-təqlidlərin bəzisi Məscidül-Həramı bu hökmdən istisna ediblər.[26] Amma bəziləri isə bu istisnanı qəbul etməyiblər.[27]
- Meyit namazını ayaqqabı ilə də qılmaq olar, hərçənd ki, ayaqqabısız qılmaq müstəhəbdir.[28]
Tarixi meyit namazları
Həzrət Zəhranın (s) və İmam Xomeyninin (rəh) cənazələri üzərində qılınan meyit namazlarının hər biri bir cəhətdən diqqət çəkən meyit namazlarındandır: Tarixçilərin dediyinə görə, həzrət Əli (ə) zövcəsi Fatiməni (s) gecə qüsl etdi[29] və onun cənazəsinə namaz qıldı.[30] Təbərsinin verdiyi məlumata əsasən, İmam Həsən (ə), İmam Hüseyn (ə), Miqdad, Salman Farsi, Əbuzər Qəffari, Əmmar ibn Yasir, Əqil ibn Əbu Talib, Zübeyr ibn Əvam, Boreydə ibn Həsib Əsləmi və bir sıra Bəni-Haşimdən olan şəxslər Həzrət Zəhranın (s) cənazəsinə qılınan namazda iştirak ediblər.[31]
Bunun səbəbi həzrət Fatimənin (s) həzrət Əliyə (ə) onu gecə vaxtı dəfn etməyi vəsiyyət etməsi idi ki, ona zülm edən insanlar onun dəfnində iştirak etməsinlər və cənazəsinə namaz qılmasınlar.[32]
İmam Xomeyninin (rəh) cənazəsi üzərində qılınan meyit namazı izdihamlı şəkildə qılınan namazlardan biri olub. Bu namaz 1989-cu ilin may ayında Ayətullah Qolpayeqaninin imamlığı ilə qılınmışdır. İmam Xomeyninin (rəh) dəfn mərasimi tarixin ən izdihamlı dəfn mərasimi hesab olunur.[33]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.60
- ↑ Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.2, s.75; Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.1, s.429
- ↑ Şəhid Sani, Rəvzul-Cənan, Müəssisə: Alul-Beyt (ə), s.172-173
- ↑ Fiqhur-Rza, h.q 1406, s.179
- ↑ Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.1, s.426
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12 s.53
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12 s.67
- ↑ Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.1, s.425
- ↑ Şəhid Əvvəl, Əd-durusuş-şəriə, h.q 1417, c.1, s.113
- ↑ Şəhid Əvvəl, Əd-durusuş-şəriə, h.q 1417, c.1, s.113; Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.1, s.428
- ↑ Molla Xosrov, Durərul-hikəm Şərhu Ğurəril-hikəm, Daru ihyail-kutubil-ərəbiyyə, c.1, s.163
- ↑ İbn Maze, Əl-Muhitul-Burhani, M.2004, c.2, s.178; Molla Xosrov, Durərul-hikəm Şərhu Ğurəril-hikəm, Daru ihyail-kutubil-ərəbiyyə, c.1, s.163
- ↑ Mucəmu fiqhil-cəvahir, h.q 1417, c.4, s.172
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.100
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.q 1424, c.1, s.336, Məsələ: 606
- ↑ Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.2, s.205
- ↑ Şəhid Əvvəl, Əd-durusuş-şəriyyə, h.q 1417, c.1, s.111
- ↑ Şəhid Əvvəl, Əd-durusuş-şəriyyə, h.q 1417, c.1, s.111
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.60
- ↑ Amuli, Misbahul-hüda, h.q 1380, c.6, s.369
- ↑ Amuli, Misbahul-hüda, h.q 1380, c.6, s.392
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.68
- ↑ Amuli, Misbahul-hüda, h.q 1380, c.6, s.377
- ↑ Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.2, s.67
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.98-99
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.q 1424, c.1, s.339, Məsələ: 612
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.98-99
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.84
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1403, c.2, s.473-474
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1421, c.2, s.125
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.300
- ↑ Səduq, İləluş-şəraye, h.q 1385, c.1, s.185
- ↑ سایت گینس, guinnessworldrecords.com
Ədəbiyyat
- İbn Maze, Mahmud ibn Əhməd, Əl-muhitul-burhani, fil-fiqhin-Nomani, Təhqiq: Əbdül Kərim Sami, Beyrut, Darul-kutubil-elmiyyə, m. 2004
- İrbili, Əli ibn İsa, Kəşful-ğummə fi mərifətil-əimmə, Qum, 1-ci çap, h.q 1421
- Bəni Haşim Xomeyni, Seyyid Muhəmməd Hüseyn, Tozihul-məsail mərace mutabiq ba fətavaye sizdəh nəfər əz mərace, Qum, Dəftəre entaşarate İslami vapeste be Came Mudərrisin, h.q 1424
- Amuli, Mirza Muhəmməd Təqi, Misbahul-hüda fi şərhil-ürvətul-vüsqa, Tehran, h.q 1380
- Şəhid Əvvəl, Muhəmməd ibn Məkki, Əd-durusuş-şəriə fi fiqhil-İmamiyyə, Qum, Dəftəre entaşarate İslami vapeste be Came Mudərrisin, h.q 1417
- Şəhid Sani, Zeynud-din ibn Əli, Ər-ruzətul-bəhiyyə fi şərhil-lumətid-Dəməşqiyyə, Haşiyə: Muhəmməd Kəlantər, Qum, Ketabfuruşi Davəri, h.q 1410
- Şəhid Sani, Zeynud-din ibn Əli, Rəvzul-cənan fi şərhi irşadil-əzhan, Qum, Müəssisə: Alul-Beyt (ə), 1-ci çap
- Səduq, Muhəmməd ibn Əli, İləluş-şərayi, Təhqiq: Seyyid Muhəmməd Sadiq Bəhrul-ulum, Ən-nəcəful-Əşrəf, Əl-məktəbətul-Heydəriyyə, h.q 1385
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, Muəssisətu Alil-Beyt (ə) li-ihyait-teras, h.q 1417
- Təbəri, Muhəmməd ibn Cərir, Tarixul-uməm vəl-muluk, Beyrut, Muəssisətul-ələmi, h.q 1403
- Əllamə Hilli, Həsən ibn Yusuf, Təzkirətul-füqəha, Qum, Muəssisə: Alul-Beyt (ə), h.q 1414
- Fiqhur-Rza, Məşhəd, Muəssisə: Alul-Beyt (ə), h.q 1406
- Molla Xosrov, Durərul-hikəm şərhu ğurəril-hikəm, Daru ihyail-ərəbiyyə
- Nəcəfi, Muhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şəraiil-İslam, Düzəliş: Abbas Quçani və Əli Axundi, Beyrut, Daru ihyait-terasil-ərəbi, h.q 1404