Məzmuna keç

Taslim:İran İslam İnqilabının Rəhbəri

wikishia saytından
İran İslam cümhuriyyətinin üçüncü rəhbəri, Seyid Müctəba Xamenei

İran İslam İnqilabının rəhbəri (farsca: رهبر جمهوری اسلامی ایران) ölkənin ən yüksək rəsmi məqamıdır və konstitusiyaya əsasən, üç hakimiyyət qoluna nəzarət edir. O, dövlətin ümumi siyasətlərini müəyyənləşdirir və ölkənin strateji istiqamətini idarə edir. Bu məqam imamiyyə fiqhindəki vilayəti-fəqih nəzəriyyəsi əsasında tərif olunur. Sözügedən nəzəriyyəyə görə, məsum imamın qeybəti dövründə İslam cəmiyyətinin idarəsi şərtlərə malik olan fəqihə həvalə olunur.

İran İslam Cümhuriyyətinin konstitusiyanın 5, 107, 110 və 177-ci maddələri rəhbərin səlahiyyətlərini, seçim formasını, şərtlərini və prinsiplərini müəyyənləşdirir. Rəhbər üçün tələb olunan şərtlər bunlardır: ictihad, ədalət, təqva, siyasi və ictimai baxış və uzaqgörənlik, idarəçilik qabiliyyəti və rəhbərlik üçün lazım olan səlahiyyət. Rəhbərin seçilməsi, ona nəzarət və lazım gəldikdə vəzifədən kənarlaşdırılması Xobrəqan Məclisinin öhdəsindədir. Şəmsi təqvimi ilə 1368-ci ildə aparılan konstitusiya dəyişikliklərində rəhbər üçün lazım olan “mərcəiyyət” şərti və “rəhbərlik şurası”nın quruluşu ləğv edilmiş, “vilayəti-mütləqeyi-fəqih” prinsipi isə daha qabarıq şəkildə vurğulanmışdır.

Rəhbərin əsas səlahiyyət və vəzifələri bunlardır: dövlətin ümumi siyasətlərini müəyyənləşdirmək, silahlı qüvvələrin baş komandanı olmaq, bəzi yüksək vəzifəli şəxsləri təyin və vəzifədən azad etmək, hakimiyyət qolları arasında ixtilafları həll etmək, prezidentin seçilməsini təsdiqləmək və onun fərmanını imzalamaq

İran İslam Cümhuriyyətinin təsis edilməsinin əvəlindən rəhbərləri İndiyədək üç nəfər bu vəzifəni icra etmişdir: İmam Ruhullah Xomeyni (r.ə) — birinci rəhbər, Seyid Əli Xamenei — ikinci rəhbər, Seyid Müctəba Xamenei — üçüncü rəhbər.

Mövqeyi

İran İslam Respublikasının birinci rəhbəri İmam Xomeyni və ikinci rəhbəri Seyid Əli Xamenei

Bildirilir ki, İran İslam Cümhuriyyətinin konstitusiyasının 5-ci maddəsinə əsasən, İmam Zamanın (ə.f) qeybət dövründə vilayəti-əmrümmətin imaməti camiş-şərait bir fəqihə həvalə olunur.(1) Rəhbər İran İslam Cümhuriyyətinin ən yüksək siyasi və mənəvi məqamı hesab edilir(2) və o, ölkənin üç hakimiyyət qolunun — icraedici, qanunverici və məhkəmə hakimiyyətinin — başında dayanır.(3) Bu məqam dövlətin ümumi siyasətlərinin müəyyənləşdirilməsi və hakimiyyət qolları arasında koordinasiyanın təmin olunması kimi səlahiyyət və məsuliyyətləri baxımından xüsusi əhəmiyyət daşıyır.(4)

Əsas hüquq qaynaqlarının bəzisində Vilayəti-fəqih, İran İslam Cümhuriyyəti quruluşunun əsas rüknlarından biri və onun əsas göstəricisi kimi təqdim olunur. Bu prinsipə əsasən, on iki imamçı şiə məzhəbində imamət təlimi vilayəti fəqih formasında dövlət quruluşunda təcəssüm edir.(5) Bundan əlavə, ölkənin idarə olunması ilə yanaşı, xalqın mənəvi rəhbərliyi və dövlət qurumlarının işlərinin İslam qanunlarına uyğun olmasına nəzarət etməsi də rəhbərin vəzifələrindən sayılır.(6)

İran inqilabının rəhbərləri

İmam Xomeyni (r.ə)(7) şəmsi təqvimi ilə 1368-ci ilin xordad ayının 14-nə qədər və ondan sonra Seyid Əli Xamenei şəmsi 1404-cü ilin isfənd ayının 9-na qədər İran İslam İnqilabının rəhbəri olublar.(8) Seyid Əli Xameneinin terror edilməsindən sonra Xobrəqan məclisi şəmsi təqvimi ilə 1404-cü ilin isfənd ayının 17-də (miladi 2026-cı ilin mart ayının 9-da) Seyid Müctəba Xameneini İran İslam İnqilabının üçüncü rəhbəri olaraq seçdi.(9)

Fiqhi və hüquqi əsaslar

Əsas məqalə: Vilayəti-fəqih

İranda rəhbərlik məqamı fiqhi baxımdan vilayəti-fəqih nəzəriyyəsinə əsaslanır.(10) Bu nəzəriyyə imamiyyə fiqhində həm əqli, həm də şəri dəlillərlə irəli sürülmüş və sübut edilmişdir.(11) Vilayəti-fəqih nəzəriyyəsinə görə, İmam Zamanın (ə.f) qeybət dövründə İslam cəmiyyətinin idarəsi camiüş-şərait (bütün şərtlərə malik olan) fəqihə tapşırılır və İslam cəmiyyətinin bütün işləri vəliyyi-fəqihin səlahiyyətindədir.(12)

İran İslam Cümhuriyyətinin konstitusiyanın 177-ci maddəsinə əsasən imamət məqamı və rəhbərlik vilayəti prinsipi konstitusiyanın dəyişdirilə bilinməyəcək prinsiplərindən sayılır və konstitusiyaya yenidən baxışda belə, heç vaxt dəyişdirilə bilməz.(13) Bəziləri də konstitusiyada bu mətləbə dəfələrlə vurğu edilməsini rəhbərlik və vilayət məqamının xüsusi əhəmiyyətini göstərən əsas hüquqi dəlillərdən biri sayırlar.(14) Həmçinin “hakimiyyət qollarının ayrılığı prinsipi” kimi tanınan 57-ci maddədə(15) belə bildirir ki, üç hakimiyyət qolu öz səlahiyyətlərini rəhbərin nəzarəti altında həyata keçirir.(16)

Rəhbərlik üçün şərtlər

Konstitusiyaya əsasən, rəhbər aşağıdakı şərtlərə malik olmalıdır:

  • Fətva vermək üçün zəruri elmi səlahiyyət — yəni fiqhin müxtəlif bablarında ictihad qabiliyyəti;
  • Rəhbərlik üçün tələb olunan ədaləttəqva;
  • Düzgün siyasi və ictimai baxış, uzaqgörənlik, cəsarət, idarəçilik və rəhbərlik gücü.(17)

Bu şərtlər konstitusiyanın 5-ci və 107-ci maddələrində qeyd olunub.(18) Bildirilib ki, prezidentlik və bəzi digər vəzifələrdən fərqli olaraq, rəhbərlik üçün İran vətəndaşı olmaq şərt kimi qeyd edilməyib. Lakin bəzi hüquqşünaslar hesab edirlər ki, prezidentlik üçün tələb olunan dərin milli bağlılıq nəzərə alınarsa, rəhbərlik üçün də vətəndaşlıq şərtinin “daha güclü ehtimal” əsasında tələb oluna biləcəyi iddia edilə bilər.(19)

Konstitusiyanın yenidən nəzərdən keçirilməsi

Şəmsi təqvimi ilə 1368-ci ildə (1989) İran konstitusiyası yenidən nəzərdən keçirildi. Dəyişdirilən maddələr arasında rəhbərliklə bağlı iki əsas dəyişiklik diqqət çəkir:

  • Birinci dəyişiklik: “Mərcəiyyət” şərtinin çıxarılması Şəmsi təqvimi ilə 1358-ci il konstitusiyasında rəhbər üçün “ictihad”la yanaşı “mərcəiyyət” də şərt idi. Lakin şəmsi 1368-ci ildə konstitusiyaya yenidən baxışda “hazırda mərcə olmaq” şərti ləğv edildi.(20) İran İslam Cümhuriyyətinin banisi İmam Xomeyni (r.ə), şəmsi təqvimi ilə 1368-ci ilin ordibehişt ayının 9-da konstitusiyanın yenidən baxış şurasının sədrinə yazdığı məktubda bildirmişdi ki, o, əvvəldən bu şərtlə razı deyildi; çünki İslam dövlətini rəhbərsiz qoymaq olmaz və ədalətli müctəhid rəhbərlik üçün kifayətdir.(21) Qeyd olunur ki, mərcəiyyət şərtinin çıxarılması fiqh və ictihad səviyyəsinin aşağı salınması demək deyil. Əksinə, cəmiyyətin rəhbərliyinin əhəmiyyəti tələb edir ki, rəhbər həm müctəhid olsun, həm də ölkənin siyasi məsələlərini idarə etməkdə başqalarından daha bilikli və bacarıqlı olsun ki, rəhbərin seçilməsi mərcəyi təqlid olan şəxslər arasında məhdudlaşmasın.(22)
  • İkinci dəyişiklik: “Rəhbərlik Şurası”nın ləğvi və fəqihin mütləq vilayətinin gücləndirilməsi: Yenidən baxış zamanı Konstitusiyadan “Rəhbərlik Şurası” anlayışı çıxarıldı və onun əvəzinə fəqihin mütləq vilayəti başlığı rəhbərin vəzifə və səlahiyyətlərinə əlavə edildi.(23)

Rəhbərin vəzifələri və səlahiyyətləri

Konstitusiyanın 110-cu maddəsinə əsasən, rəhbərin vəzifə və səlahiyyətləri bunlardır:

  1. Məsləhət Şurası ilə məsləhətləşdikdən sonra dövlətin ümumi siyasətlərini müəyyənləşdirmək
  2. Ümumi siyasətlərin düzgün icrasına nəzarət etmək
  3. Ümumxalq referendumunun keçirilməsi barədə əmr vermək
  4. Silahlı qüvvələrin baş komandanı olmaq
  5. Müharibə və sülh elan etmək və qüvvələri səfərbər etmək
  6. Aşağıdakı yüksək vəzifəli şəxsləri təyin etmək, vəzifədən azad etmək və istefasını qəbul etmək: Şuraye Negəhbanın fəqih üzvləri, Məhkəmənin rəhbəri, Radio və Televiziya Təşkilatının (IRIB) rəhbəri, Birləşmiş Qərargah rəisi, Sepahın baş komandanı, Silahlı və polis qüvvələrinin yüksək komandanları
  7. Üç hakimiyyət qolu arasında ixtilafları həll etmək və münasibətləri tənzimləmək
  8. Dövlətin əsas problemlərini Məsləhət Şurası vasitəsilə həll etmək
  9. Prezident xalq tərəfindən seçildikdən sonra onun fərmanını imzalamaq
  10. Ölkənin mənafeyini nəzərə alaraq prezidenti vəzifədən kənarlaşdırmaq
  11. Məhkumların cəzasını əfv etmək və ya yüngülləşdirmək(24)
  12. Məsləhət Şurasının üzvlərini, katibini və sədrini təyin etmək.(25)

Konstitusiyanın 57-ci maddəsinə görə, ölkənin üç hakimiyyət qolu — icraedici, qanunverici və məhkəmə— öz səlahiyyətlərini rəhbərin nəzarəti altında həyata keçirirlər.(26) Konstitusiyanın 5, 107 və 110-cu maddələri də rəhbərin səlahiyyət və şərtlərinə işarə edir.(27) Konstitusiyanın 110-cu maddəsinə əsasən, rəhbər öz vəzifə və səlahiyyətlərinin bir qismini başqa bir şəxsə həvalə edə bilər.(28)

Seçmək və vəzifədən kənarlaşdırılmaq üsulu

Konstitusiyaya əsasən, rəhbərin seçilməsi, vəzifədən azad edilməsi və ona nəzarət edilməsi Xobrəqan Məclisinin öhdəsindədir.(29)

Seçmək

Rəhbər, xalq tərəfindən seçilmiş Xobrəqan Məclisinin nümayəndələri tərəfindən seçilir.(30) Bildirilir ki, rəhbərlik üçün tələb olunan şərtləri xalqın birbaşa müəyyən etməsi çətin olduğundan, rəhbər xalqın birbaşa səsi ilə deyil, xüsusi bilik və ixtisasa malik şəxslər, yəni Xobrəqan Məclisinin nümayəndələri tərəfindən dolayı yolla seçilir.(31) Xobrəqan məclisi rəhbərliyin şərtlərinə sahib fəqihləri elmi, siyasi, ictimai və geniş ictimai məqbuliyyət meyarları əsasında araşdırır və bu şərtlərə sahib olan şəxsi rəhbər seçirlər.(32)

Vəzifədən azad etmək

Əgər rəhbər öz vəzifələrini yerinə yetirə bilməzsə, və ya rəhbərlik üçün tələb olunan şərtlərdən birini itirərsə, məsələnin müəyyən edilməsi və onun rəhbərlikdən kənarlaşdırılması tam şəkildə Xobrəqan məclisinin öhdəsindədir. Həmçinin rəhbərin vəfatı, istefası və ya vəzifədən azad edilməsi halında Xobrəqan məclisi yeni rəhbəri seçməli və təqdim etməlidir.(33)

Müvəqqəti rəhbərlik şurası

Seyid Əli Xameneinin şəhadətindən sonra ilk dəfə Seyid Müctəba Xamenei rəhbər olaraq seçilənədək prezident Məsud Pezeşkian, o vaxtkı məhkəmə rəhbəri Qulamhüseyn Möhseni Ejei və Nigəhban şurasının nümayəndəsi Əlirza Ərafi iclas keçirtdi.

İran İslam Cümhuriyyətinin konstitusiyanın 111-ci maddəsinə əsasən, rəhbərin vəfatı, istefası və ya vəzifədən azad edilməsi halında president, məhkəmə rəhbəri və nigəhban şurasının seçdiyi (konstitusiya mühafizə şurası) fəqih üzvlərindən birindən təşkil tapmış müvəqqəti rəhbərlik şurası bütün rəhbərlik vəzifələrini öz üzərinə götürür.(34) Həmçinin rəhbər hər hansı səbəbdən müvəqqəti olaraq öz vəzifələrini icra edə bilməzsə, bu şura həmin müddətdə rəhbərin bütün səlahiyyətlərini yerinə yetirir. Şəmsi təqvimi ilə 1404‑cü ilində isfənd ayının 9-da Seyid Əli Xameneinin şəhadətindən sonra ilk dəfə bu şura iclas keçirdi və şəmsi 1404‑cü ildə isfənd ayının 17-də Seyid Müctəba Xamenei rəhbər olaraq seçilənədək rəhbərin vəzifələrini icra etdi. Bu şuranın üzvləri həmin dövrdəki prezident Məsud Pezeşkian, o vaxtkı məhkəmə rəhbəri Qulamhüseyn Möhseni Ejei və Nigəhban şurasının nümayəndəsi Əlirza Ərafi idi.

Qaim-məqamlıq

İmam Xomeyninin (r.ə) sağlamlıq vəziyyəti nəzərə alınaraq, Xobrəqan məclisi şəmsi təqvimi ilə 1364-cü ilin aban ayının 18-də Hüseynəli Müntəzirini İmam Xomeyninin (r.ə) qaim-məqamı kimi seçdi.(35) İmam Xomeyni (r.ə) Müntəziri ilə şəxsi məhəbbətinə baxmayaraq,(36) onu rəhbərlik üçün münasib hesab etmirdi, lakin Xobrəqan məclisinin qərarına hörmət edərək ona qarşı çıxmadı.(37) Müntəzirinin sistemin müxtəlif məsələlərinə aid bəzi mövqeləri və Seyid Mehdi Haşiminin onun ofisinə bağlılığı İmam Xomeynidə (r.ə) narahatlıq yaratdı və o, Müntəzirini bununla bağlı xəbərdar etdi.(38) Müntəzirinin mövqeləri davam etdikcə, nəhayət, İmam Xomeyni (r.ə) şəmsi təqvimi ilə 1368-ci ilin fərvərdin ayında yazdığı məktubda onun rəhbərlik üçün səlahiyyət və legitimliyə malik olmadığını bildirdi. Müntəziri də cavab məktubunda qaim-məqamlıqdan istefa verdi.(39) Bu hadisədən sonra qaim-məqamlıq institutu tamamilə ləğv edildi.(40)

İstinadlar

Ədəbiyyat