Üzük bəxşişi

wikishia saytından

Üzük bəxşişi (ərəbcə: التصدق بالخاتم) hadisəsinə xatəmbəxşi deyilir. Bu hadisə şiə və sünni hədis kitablarında nəql edilmişdir. Həmçinin təfsirçilərin fikrincə Vilayət ayəsi bu hadisə haqqında nazil olmuşdur. Xatəmbəxşilik (rükuda kasıba üzük vermək) hadisəsinin İmam Əlinin (ə) fəzilətlərindən biri olduğu bildirilmişdir.

Bəzi şiə fəqihləri İmam Əlinin (ə) Xatəmbəxşilik (rükuda kasıba üzük vermək) hadisəsinə istinad edərək deyiblər: Cüzi bədən hərəkətləri namazı batil etmir. Bəzi insanlar irad olaraq bildiriblər ki, namazda başqalarının səsinə qulaq asmaq Həzrət Əlidən (ə) namaz əsnasında nəql olunan irfani hallarla uyğun gəlmir. Bunun cavabında deyiblər ki, Həzrət Əlinin (ə) namazı da, infaq verməsi də Allah üçündür; Ona görə də ikisi arasında heç bir ziddiyyət yoxdur.

Hadisə

Bəzi rəvayətlərə əsasən, bir gün bir kasıb kişi Peyğəmbər (s) məscidinə girib kömək istədi; Amma heç kim ona bir şey vermədi. O, əlini göyə qaldırıb dedi: İlahi! Şahid ol ki, mən sənin Peyğəmbərinin (s) məscidində kömək istədim; Amma heç kim mənə bir şey vermədi. Bu zaman rüku halında olan Əli (ə) sağ əlinin kiçik barmağını göstərdi. Kasıb kişi yaxınlaşıb onun əlindən üzüyü çıxartdı.[1] Şeyx Müfid bu hadisənin baş verdiyi tarixin Zilhiccə ayının 24-ü olduğunu bildurmişdir.[2] Başqa bir rəvayətə görə, Peyğəmbər (s) imam Əlini (ə) Yəmənə göndərmişdi. O, Məkkəyə çatdıqda namaz qılarkən rüku halında üzüyünü bir kasıba verdi.[3] Feyz Kaşani (hicri 1091-ci ildə vəfat edib) ikinci üzüyün verilməsindən sonra ayənin nazil olduğunu ehtimal verib.[4]

Şairlər Xatəmbəxşi hadisəsi haqqında şeirlər yazmışlar. Məhəmmədhüseyn Şəhriyar məşhur şerinin bir misrasında həzrət Əlinin (ə) Xatəmbəxşiliyindən (rükuda kasıba üzük verməsindən) bəhs etmişdir:

Gedib ey yazıq dilənçi qapısını döy Əlinin
Ki, üzük verib şah eylər kərəmilə hər gədanı[5]

Birinci qəməri əsrinin şairi Həssan ibn Sabit də bu haqda yazmışdır:

أبا حَسَنٍ تَفدیکَ نَفسی ومُهجَتی *** وکُلُّ بَطیءٍ فِی الهُدی ومُسارِعِ


أیَذهَبُ سَعیٌ فی مَدیحِکَ ضائِعا ؟! *** ومَا المَدحُ فی جَنبِ الإِلهِ بِضائِعٍ


فَأَنتَ الَّذی أعطَیتَ إذ کُنتَ راکِعاً *** فَدَتْکَ نُفوسُ القَومِ یا خَیرَ راکِعٍ


[6]فَأَنزَلَ فیکَ اللّهُ خَیرَ وِلایَة *** فَثَبَّتَها فی مُحکَماتِ الشَّرائِعِ


Ey Əbul Həsən! Canım və ailəm sənə fəda olsun, kim hidayət yolundadırsa, mülayim və tələskəndir. Dostlarının sənin haqqında olan tərifi məhv olacaqmı? Bu tərif, Allah dərgahında heç vaxt aradan getməz. Sən rükuda sədəqə verən şəxssən. Əli! Hər kəsin canı sənə fəda olsun, ey ən yaxşı rüku edən! Allah ən yaxşı vilayəti sənin barəndə göndərdi və onu dinin möhkəm qanunları ilə izah etdi.

Vilayət ayəsinin nazil olması

Əsas məqalə: Vilayət ayəsi
«إِنّما وَلیکُمُ اللهُ و رَسولُهُ والّذینَ ءَامَنوا الَّذینَ یقِیمُونَ الصَّلوةَ و یؤتُونَ الزَّکوة و هُم راکِعونَ»

"Sizin vəliniz və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namazı bərpa edir və rüku halında zəkat verirlər."[7] Təfsirçilər "Vilayət" ayəsi kimi məşhur olan bu ayənin nazil olma səbəbini Həzrət Əlinin (ə) xatəmbəxşlik (rükuda kasıba üzük vermək) hekayəti hesab edirlər.[8] sünni mütəkəllimlərindən Qazi Əzududdin İcinin dediyinə əsasən, təfsirçilər bu ayənin həzrət Əlinin (ə) fəziləti barədə nazil olmasında icma ediblər (həmfikirdirlər);[9] Baxmayaraq ki, bəzi sünni təfsirlərində vilayət ayəsinin başqa şəxslər haqqında nazil olduğu bildirilir.[10]

İbn Abbas,[11] Əmmar,[12] Əbuzər,[13] Ənəs İbn Malik,[14] Əbu Rafi Mədəni[15]Miqdad[16] kimi bir çox səhabə "Vilayət" ayəsinin Həzrət Əlinin fəziləti barədə və o həzrətin Xatəmbəxşiliyindən (rükuda kasıba üzük verməsindən) sonra nazil olduğunu bildiriblər. Həzrət Əlinin (ə) Xatəmbəxşilik (rükuda kasıba üzük vermək) hekayəsi şiə və sünnilərin rəvayət və təfsir kitablarında qeyd edilmişdir.[17]

Üzüyün xüsusiyyətləri

İmam Sadiqdən (ə) nəql olunur ki, Həzrət Əlinin (ə) kasıb kişiyə verdiyi üzüyün çəkisi dörd misqal, üzüyün qaşının çəkisi beş misqal idi. Həmçinin üzüyün qaşı qırmızı yaqut idi. O üzüyün qiyməti Şam şəhərinin vergisi ilə eyni idi. (300 dəvə gümüş və 4 dəvə qızıl) bərabər olmuşdur. Bu üzük Həzrət Əli (ə) tərəfindən müharibədə öldürülən Mərvan İbn Tuqa aid idi. Həzrət Əli (ə) üzüyü döyüş qəniməti olaraq Peyğəmbərə (s) verdi. Peyğəmbər (s) də onu o həzrətə hədiyyə etdi.[18] İmam Əlinin (ə) bağışladığı üzüyün dəyərinə gəlincə, "Məcməul-bəyan"da nəql olunan bir rəvayətdə üzüyün yalnız gümüş olması qeyd olunub.[19]

Fiqhi istifadələr

Bəzi şiə fəqihləri kiçik bədən hərəkətlərinin namazı batil etmədiyini sübut etmək üçün rükuda Həzrət Əlinin (ə) üzük verməsinə istinad ediblər.[20] Bəziləri də niyyətin qəlb əməli olduğunu və danışmağa ehtiyac olmadığını sübut etmək üçün bu hadisəyə istinad ediblər.[21] Həmçinin ayədə üzük vermək əməlinin zəkat adı ilə qeyd olunduğunu nəzərə alaraq, bundan belə nəticə çıxarıblar ki, zəkat müstəhəb sədəqəni də ehtiva edir.[22]

Bəziləri deyirlər ki, namazda kasıba diqqət yetirmək və onun səsini eşitmək Həzrət Əlidən (ə) nəql olunan irfani hallarla uyğun gəlmir. Cavabında deyirlər ki, Həzrət Əlinin namazı da, sədəqəsi də Allah üçündür; Buna görə də, namaz qılarkən fəqirin səsini eşidib və Allah rizası üçün ona infaq etməyin eybi yoxdur; Necə ki, Peyğəmbər (s) namaz qılarkən uşağın ağlamaq səsini eşidəndə, namazı həmişəkindən tez bitirirdi ki, uşağın anası onun yanına getsin.[23] Əllamə Məclisi deyir ki, namaz qılarkən başqa bir ibadətə diqqət yetirmək namazın kamilliyi və hüzuri-qəlb ilə ziddiyyəti yoxdur.[24]

Bəzi ariflər də İmam Əlinin (ə) işini belə əsaslandırıblar ki, güclü ruha sahib olanlar namazda birdən çox işi kamil surətdə və diqqətlə görə bilər. Elə buna görə də o həzrətə infaq etmək anında ibadət halından və Allaha tam və kamil diqqətdən çıxmamışdır.

İstinadlar

  1. Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.209-239
  2. Şeyx Müfid, Məsarruş-şiə, h.q 1414, s.41
  3. İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.454
  4. Feyz Kaşani, Təfsiru Safi, h.q 1416, c.2, s.46
  5. گنجور؛ غزلیات، غزل شماره۲., Gəncur, Ğəzəliyyat, Qəzəl, nömrə 2
  6. Tustəri, İhqaqul-həqq, və izhaqul-batil, c.2, s.402
  7. Maidə surəsi, ayə 55
  8. Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.209-239
  9. İci, Şərhul-məvafiq, Aləmul-kutub, s.405
  10. Təbəri, Cameul-bəyan, h.q 1408, c.10, s.425
  11. Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.232
  12. Syuti, Əd-dürrül-mənsur, h.q 1403, c.3, s.106
  13. İbn Teymiyyə, Təfsirul-kəbir, h.q 1408, c.12, s.26
  14. Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.225
  15. Təbrani, Əl-mucəmul-kəbir, c.1, s.320-321, Hədis 9559
  16. Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.228
  17. Syuti, Əd-dürrül-mənsur, h.q 1403, c.3, s.105; İbn Əbi Hatəm, Təfsirul-Quranil-Əzim, h.q 1419, c.4, s.1162; Təbəri, Cameul-bəyan, h.q 1408, c.4, c.6, s.390
  18. Bəhrani, Əl-Burhan, h.ş 1374, c.2, s.326-327; Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.7, s.259-260
  19. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.3, s.363
  20. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.1, s.158; Şəhid Sani, Məsalikul-əfham, c.1, s.244
  21. Məclisi, Biharul-ənvar, h.q 1410, c.81, s.281; Əstirəbadi, Ayatul-əhkam, h.q 1394, s.244
  22. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.1, s.158
  23. Təbəsi, Nişane vilayət və cərəyane xatəmbəxşi, h.ş 1379, s.49; Səduq, İləluş-şəraye, c.2, s.344; Təbatəbai, Sünənun-Nəbi, h.q 1416, s.307
  24. Məclisi, Biharul-ənvar, h.q 1410, c.81, s.281

Ədəbiyyat

  • İbn Əbi Hatəm, Əbdür-Rəhman ibn Məhəmməd, Təfsirul-Quranil-Əzim, Təhqiq: Əsəd Məhəmməd, Beyrut, Əl-Məktəbətul-Əsriyyə, h.q 1419
  • İbn Teymiyyə, Əhməd, Təfsirul-kəbir, Təhqiq: Əbdür-Rəhman Ümeyrə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1408
  • İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1409
  • Əstərabadi, Məhəmməd ibn Əli, Ayatul-əhkam, Düzəliş: Məhəmməd Baqir Şərifzadə, Tehran, h.q 1394
  • İyci, Əbdür-Rəhman, Əl-Məvafiqu fi elmil-kəlam, Beyrut, Alimul-kutub
  • Bəhrani, Seyyid Haşim ibn Süleyman, Əl-Burhan, Qum, Besət müəssisəsi, h.ş 1374
  • Hakim Həskani, Übeydullah, Şəvahidut-tənzil, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Qum, h.q 1411
  • «درس خارج فقه آیت‌الله نوری همدانی», eshia.ir saytı
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Qum, Mürtəzəvi nəşriyyatı, h.q 1425
  • Siyuti, Cəlaləddin, Əd-Durrul-mənsur, Beyrut, Darul-fikr, h.q 1403
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Məsarruş-şiə, Beyrut, Darul-mufid, h.q 1414 \ m 1993
  • Təbatəbai, Sunənun-Nəbi, Təhqiq: Məhəmməd Hadi Fiqhi, Qum, Muəssisətun-nəşril-İslami
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-fikr, h.q 1408
  • Təbəsi, Məhəmməd Cavad, نشان ولایت و جریان خاتم‌بخشی
  • Fazil Kazimi, Cavad ibn Səd Əsədi, Məsalikul-əfham ila ayatil-əhkam
  • Məclisi, Məhəmməd Baqir, Beyrut, h.q 1410
  • Nuri, Hüseyn ibn Məhəmməd Təqi, Mustədrəkul-vəsail, Qum, Alul-Beyt (ə) müəssisəsi, h.q 1408