Xəyrul-Bəriyyə ayəsi
Ayənin adı | Xəyrul-Bəriyyə |
---|---|
Yerləşdiyi surə | Bəyyinə |
Ayənin nömrəsi | 7 |
Cüz | 30 |
Nazil olma məkanı | Mədinə |
Mövzu | Etiqadi |
Barəsində | İmam Əli (ə) və şiələrinin uca məqamı olması barədə |
Xəyrul-Bəriyyə ayəsi (ərəbcə: آية خير البرية) (Bəyyinə surəsi, ayə 7) İmam Əlinin (ə) şərəfinə nazil olan ayələrdəndir. Şiə və sünni mənbələrində Peyğəmbərdən (s) nəql olunan rəvayətlərə görə, “Xəyrul-Bəriyyə” məxluqatın ən yaxşısı mənasındadır ki, o da İmam Əli (ə) və onun tərəfdarlarıdır.
Bəzi təfsirçilər bu ayədən belə nəticəyə gəlmişlər ki, mömin və saleh insanlar mələklərdən daha üstündürlər; Çünki “bəriyyə” sözü bütün məxluqları ehtiva edir.
Ayənin mətn və tərcüməsi
Bəyyinə surəsinin yeddinci ayəsi “Xəyrul-Bəriyyə” ayəsi kimi tanınır.[1]
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ
Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.[2]
(Bəyyinə surəsi, ayə 7)
Ayənin məqamı və əhəmiyyəti
“Xəyrul-Bəriyyə” ayəsi İmam Əlinin (ə) fəzilətlərindən sayılır.[3] İbn Abbasdan nəql olunur ki, bu ayə İmam Əli (ə) haqqında nazil olmuşdur.[4] Şiə alimlərinin dediyinə əsasən, İmam Əli (ə) altı nəfərlik məclisdə öz həqqaniyyətini sübuta yetirmək üçün bu ayəyə və onun nazil olma səbəbinin özü haqqında olmasına istinad etmişdir.[5]
Şiə təfsirçilərindən Ayətullah Məkarim Şirazi (doğulub: h.ş. 1305), bu ayənin nazil olma səbəbi haqqında Peyğəmbərdən nəql olunan rəvayətlərə istinad edərək deyib ki, şiə sözü Peyğəmbərin (s) zamanından bəri mövcuddur. O rəvayətlərdə Əli (ə) və onun şiələrindən söz açılıb.[6] Həmçinin bu hədislərdə şiə sözündən məqsəd İmam Əlinin (ə) xüsusi ardıcıllarıdır.[7]
Xəyrul-Bəriyyənin mənası
Şiə və sünni rəvayət kitablarında Peyğəmbərin (s) hədisləri nəql olunmuşdur ki, burada Xəyrul-Bəriyyə (məxluqatın ən yaxşısı) İmam Əliyə (ə) və onun şiələrinə təfsir edilmişdir.[8] Sünni alimlərindən olan Hakim Həskani (vəfatı: hicri 490-cı il) “Şəvahidut-Tənzil” kitabında bu haqda müxtəlif sənədlərlə iyirmidən çox rəvayət nəql edir.[9]
O cümlədən, İbn Abbasdan nəql edir ki, bu ayə nazil olan zaman Peyğəmbər (s) İmam Əliyə (ə) xitab edərək buyurdu: “O (Xəyrul-Bəriyyə) sən və sənin şiələrindir”. Qiyamət günü sən və şiələrin Allahdan, Allah da sizdən razı olduğu halda gələcəksiniz”.[10]
Təfsir nöqtələri
Təfsirçilərin ayədən əldə etdikləri təfsir nöqtələrindən biri də mömin və saleh insanların mələklərdən üstün olmasıdır; Çünki “Xəyrül-bariyyə” (yaradılmışların ən yaxşısı) ifadəsindəki “əl-bəriyyə” sözü bütün məxluqatı əhatə edir.[11]
Ayənin Məkkədə nazil olması
Bəzi rəvayətlərə görə, “Xəyrul-Bəriyyə” ayəsi Peyğəmbər (s) Məkkədə Məscidül-Həramda olduğu zaman nazil olmuşdur.[12] “Nümunə” təfsirinin yazdığına əsasən, bu məsələ surənin Mədinədə nazil olması ilə ziddiyyət təşkil etmir; Çünki bu surə, Mədinədə nazil ola bilər və bu ayə Peyğəmbərin (s) Mədinədən Məkkəyə etdiyi səfərləri zamanı nazil ola bilər.[13]
İstinadlar
- ↑ Əllamə Hilli, Nəhcül-Həqq, h.q 1402, s.189
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.27, s.213
- ↑ Həskani, Şəvahidut-tənzil, h.q 1410 - 1411, c.2, s.473; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.20, s.27
- ↑ Təbəri, əl-Müstərşid, h.q 1415, s.354; Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.803
- ↑ Siyuti, Əd-durrul-mənsur, h.q 1404, c.8, s.589; Əmini, Əl-Ğədir, h.q 1416, c.2, s.57-58
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.27, s.213-214
- ↑ Siyuti, Əd-durrul-mənsur, h.q 1404, c.6, s.379; Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.800-803; Alusi, Ruhul-məani, h.q 1415, c.15, s.432
- ↑ Həskani, Şəvahidut-tənzil, h.q 1410 - 1411, c.2, s.459-473;
- ↑ Həskani, Şəvahidut-tənzil, h.q 1410 - 1411, c.2, s.461
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.340; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.27, s.209
- ↑ Həskani, Şəvahidut-tənzil, h.q 1410 - 1411, c.2, s.467
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.27, s.212
Ədəbiyyat
- Alusi, Mahmud ibn Abdullah, Ruhul-məani, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
- Əstirabadi, Seyyid Əli, Təvilul-ayatiz-zahirə, Qum, Nəşre İslami, h.q 1409
- Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Qum, h.q 1416
- Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Təhqiq: Məhəmməd Qadir Mahmudi, Beyrut, Tehran, h.q 1410 - 1411
- Siyuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Əd-durrul-mənsur, Qum, h.q 1404
- Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, h.q 1409
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Enteşarate İslami, h.q 1417
- Təbəri, Məhəmməd ibn Cərir, əl-Müstərşid, Düzəliş: Əhməd Mahmudi, Kuşanpur, h.q 1415
- Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-Həqq, Beyrut, Darul-kitabil-Lübnani, h.q 1402
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374