Bəraət ayələrinin çatdırılması

wikishia saytından
Bu məqalə Bəraət ayələrinin çatdırılması barəsindədir. Bəraət ayələri haqda məlumat almaq üçün adı keçən məqaləyə daxil olun.

Bəraət ayələrini çatdırmaq (ərəbcə: ابلاغ آیات برائت), “Tövbə” surəsinin başlanğıc ayələrini 9-cu qəməri ilinin zil-hiccə ayında Məkkədə müşriklərin məclisində İmam Əlinin (ə) vasitəsi ilə oxunmasıdır. Peyğəmbər (s) bu işi əvvəl Əbu Bəkr ibn Əbi Quhafəyə həvalə etmişdi. Amma Allahın əmri ilə ondan geri alıb onu oxumağı İmam Əliyə (ə) tapşırdı. Bu hadisəni bəyan edən hədis şiəsünni mənbələrində mütəvatir şəklində gəlib.

Bu hadisə mənbələrdə İmam Əlinin (ə) fəzilətlərindən sayılır. Həmçinin şiə və sünni mənbələrində nəql olunan rəvayətlərə əsasən, İmam Əli (ə) bu hadisəni özünün digər səhabələrdən üstünlüyünü və xilafətə daha layiq olduğunu sübut etmək üçün bu hadisəni dəlil olaraq gətirmişdir.

Əhəmiyyət və mövqeyi

Həzrət Əlinin (ə) 9-cu qəməri ilində Məkkə müşriklərinin məclisində bəraət ayələrini oxuması İmam Əlinin (ə) fəzilətlərindən sayılır.[1] Əllamə Əmini “Əl-Qədir” kitabında qeyd edib ki, bu hadisə şiə və sünninin müxtəlif mənbələrində nəql edilmişdir.[2]

Hadisənin şərhi

Bəraət ayələri hicri 9-cu ilin sonunda nazil oldu[3] və Peyğəmbərə (s) həmin ilin zil-hiccə ayında Məkkədə toplaşdıqları zaman müşriklərə ayələri çatdırmaq tapşırıldı.[4] Şiə və sünninin tarix və hədis mənbələrində bu xəbərin necə çatdırılması barədə gəlib ki, “Bəraət” surəsinin on ayəsi Peyğəmbərə (s) nazil olanda Peyğəmbər (s) Əbu Bəkr ibn Əbi Qəhafəni çağırıb onu bu ayələri Məkkə əhalisinə oxumaq üçün göndərdi. Sonra Peyğəmbər (s) İmam Əlini (ə) yanına çağırıb, Əbu Bəkrin arxasınca getməsini və ona harda çatsa, yazını ondan alıb Məkkə əhlinə aparıb onlara oxumasını istədi. İmam Əli (ə) Cuhfədə Əbu Bəkrə çatdı və yazını ondan aldı. Əbu Bəkr Peyğəmbərin (s) yanına qayıdıb dedi: Ey Allahın Peyğəmbəri (s), mənim haqqımda bir şey nazil oldumu? O Həzrət buyurdu: Xeyr, lakin Cəbrayıl mənim yanıma gəldi və dedi: Sənin tərəfindən olan (mesajı) sən özün və ya [ailəndən] bir kişidən başqası çatdırmamalıdır.[5]

Əllamə Əmininin dediyinə görə, bu hadisə müxtəlif ravilər tərəfindən mütəvatir şəklində nəql edilmişdir.[6] Əlbəttə, bu rəvayətlər arasında kiçik fərqlər də vardır; Məsələn, Peyğəmbər (s) bu xəbəri əvvəlcə Əbu Bəkrə və Ömərə (təkcə Əbu Bəkrə deyil) verdi, sonra Həzrət Əlini (ə) onların ardınca göndərdi[7] və ya İmam Əlinin (ə) Əbu Bəkrə çatdığı yer Zül-Hüleyfə idi.[8]

Bəraət ayələrinin nazil olma səbəbi

Peyğəmbərin (s) qarşısında şirkin ən böyük qərargahı olan Məkkə[9] hicri səkkizinci ildə Məkkənin fəthi zamanı müsəlmanların əlinə keçdi,[10] Bununla belə, bəzi qəbilələr İslama qarşı müqavimət göstərdilər.[11] Nəhayət “sənətul-vufud” adı ilə məşhur olan hicri 9-cu ildə[12] bir çox qəbilələr Peyğəmbərin (s) yanına nümayəndələr göndərərək İslamı qəbul etdiklərini bəyan etdilər.[13]

Siyasi tənliyin İslamın xeyrinə dəyişməsi ilə şirkin varlığını qəbul etməyən və onu dözülməz adlandıran “Bəraət ayələri” nazil oldu.[14] Bu ayələrin nazil olma səbəbi haqqında da deyiblər ki, müşriklər Hudeybiyyə sülhündə Peyğəmbərlə (s) bağladıqları əhd-peymanı sındırdılar. O əhd-peyman bundan ibarət idi ki, üç gün Məkkəni müsəlmanların Həcc əməlini yerini yetirmək üçün boşaltsınlar.[15] Həmçinin Həcc mövsümündə çılpaq şəkildə təvaf etdilər.[16] “Nümunə” təfsirində bu ayələrin təfsiri barədə müşriklərin dəfələrlə əhdi pozmasından bəhs edilir.[17]

Peyğəmbərin (s) mesajının məzmunu

İmam Əli (ə) Qurban bayramının günortadan sonrası Məkkəyə çatdı və özünü Peyğəmbərin (s) elçisi kimi təqdim etdi. O Həzrət “Tövbə” surəsinin başlanğıc ayələrini oxudu və sonra buyurdu: “Bundan sonra heç kəs çılpaq təvaf etməməlidir. Habelə heç bir müşrikin haqqı yoxdur ki, gələn il ziyarətə gəlsin və müşriklərdən hər kim Allah Rəsulu (s) ilə əhd bağlamışsa, dörd ay müddətində etibarlıdır”.[18] Yəqubinin tarix kitabında gəlib ki, İmam Əli (ə) Məkkə əhalisinə ayələri oxudu, onlara aman verdi və sonra buyurdu: “Kimin Allahın Rəsulu (s) ilə dörd aylıq əhd-peymanı varsa, o Həzrət öz əhd-peymanına sadiqdir və hər kəsin əhd-peymanı yoxdursa, ona əlli gecə möhlət verilmişdir”.[19]

Deyilib ki, müşriklərdən amanın götürülməsi onların əhdi pozmaları ilə bağlıdır. Çünki Allah “Tövbə” surəsinin başlanğıc ayələrinin davamında buyurur ki, müddəti bitənə qədər əhdi pozmayan müşriklərlə əhd-peymanı davam etdirin.[20]

İmam Əlinin (ə) fəzilətlərindəndir

Şiə alimlərindən Təbərsinin “Əl-İhticac” kitabında[21] və sünni alimlərindən İbn Məğazilinin “İmam Əli ibn Əbi Talibin (ə) Mənaqibi (fəzilətləri)” kitabında[22] gəlib ki, İmam Əli (ə) özünün digər səhabələrdən üstünlüyünü və xilafətə daha layiq olduğunu sübut etmək üçün bu hadisəni dəlil olaraq gətirmişdir.

Həmçinin “Bəraət ayələri”nin çatdırılması şiə və sünni əsərlərində İmam Əlinin (ə) fəzilətlərindən biri kimi qeyd edilmişdir. Şiələrin əsərləri arasında Şeyx Müfidin (hicri 413-cü ildə vəfat edib) “Əl-İrşad”,[23]  Əllamə Hillinin (hicri 726-cı ildə vəfat edib)[24] “Kəşful-yəqin” və İbn Şəhr Aşubun (hicri 588-ci ildə vəfat edib) “Mənaqib” kitablarını qeyd etmək olar.[25] Həmçinin sünnilərin əsərləri arasında İbn Kəsirin “Əl-Bidayə vən-Nihayə”[26] və Müvəffəq İbn Əhməd Xarəzminin (hicri 568-ci ildə vəfat edib) “Əl-Mənaqib”[27] kitablarını qeyd edə bilərik.

Bəzi sünni alimləri deyiblər ki, bu hadisədə Əbu Bəkrin bu vəzifənin icrasından alınması və Həzrət Əlinin (ə) göndərilməsi İmam Əlinin (ə) üstünlüyünə dəlil deyil. Çünki bu ezam olunmağın səbəbi budur ki, o zaman ərəblər arasında müqavilənin ləğvinin onu bağlayan şəxs və ya onun qohumlarından biri tərəfindən həyata keçirilməsi adəti idi.[28] Lakin şiə alimləri bu qənaətdədirlər ki, Həzrət Əlinin (ə) bu vəzifənin icrasına məmur olması İmam Əli (ə) və Peyğəmbərin (s) ortaq missiyaya sahib olmalarına dəlildir. Çünki bu missiya təkcə müşriklərdən bəraət etmək deyil ki, bütün möminlərin vəzifəsi və missiyası olsun. Həqiqətdə, həm də yeni ilahi hökmlərin elanı və çatdırılması idi.[29]

İstinadlar

  1. Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.65; Xarəzmi, Əl-mənaqib, h.q 1411, c.1, s.165
  2. Əmini, Əl-Ğədir, h.ş 1368, c.6, s.338-341
  3. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.3; İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, c.2, s.545; Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.73
  4. Daneşnameye İmam Əli (ə), h.ş 1380, c.8, s.209; Baxın: İbn Kəsir, Əl-Bidayə, h.ş 1398, c.5, s.36-37
  5. İbn Hənbəl, Musnəd, h.q 1421, c.2, s.427; İbn Hənbəl, Fəzailus-səhabə, h.q 1403, c.2, s.703, hədis 1203; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.348, hədis 8929; İbn Səd, Ət-Təbəqatul-kübra, Beyrut, c.1, s.168; Mufid, Əl-Əmali, Qum, s.56
  6. Əmini, Əl-Ğədir, h.ş 1368, c.6, s.338-341
  7. Baxın: Hakim Nişaburi, Əl-Mustədrəku ələs-səhiheyn, h.q 1420, c.5, s.1652, hədis 4374
  8. İbn Hənbəl, Fəzailus-səhabə, h.q 1403, c.2, s.562, hədis 946; İbn Hənbəl, Musnəd, h.q 1421, c.4, s.423, hədis 13213
  9. Daneşnameye İmam Əli (ə), h.ş 1380, c.8, s.209
  10. Təbəri, Tarixul-uməmi vəl-muluk, Beyrut, c.3, s.42
  11. Daneşnameye İmam Əli (ə), h.ş 1380, c.8, s.209
  12. Ayəti, Tarixe Peyambəre İslam Muhəmməd, h.ş 1378, s.537
  13. Ayəti, Tarixe Peyambəre İslam Muhəmməd, h.ş 1378, s.537
  14. Daneşnameye İmam Əli (ə), h.ş 1380, c.8, s.209
  15. Yaqubi, Tarixul-Yaqubi, Daru sadir, c.2, s.54
  16. İbn Kəsir, Təfsirul-Quranil-əzim, h.q 1419, c.4, s.89-90
  17. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.272
  18. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.74; Baxın: İbn Kəsir, Əl-Bidayə, h.ş 1398, c.5, s.37
  19. Yaqubi, Tarixul-Yaqubi, Daru sadir, c.2, s.76
  20. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.147
  21. Təbərsi, Əl-İhticac, c.1, s.144
  22. İbn Məğazili, Mənaqibu Əmiril-muminin, h.q 1424, s.170
  23. Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.65
  24. Hilli, Kəşful-yəqin, h.q 1411, s.172
  25. İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, c.2, s.126
  26. İbn Kəsir, Əl-Bidayə, h.ş 1398, c.7, s.357
  27. Xarəzmi, Əl-Mənaqib, h.q 1411, c.1, s.165
  28. Fəxr Razi, Ət-Təfsirul-Kəbir, h.q 1411, c.15, s.523; Rəşid Rza, Təfsirul-mənar, m.1990, c.10, s.139
  29. Daneşnameye İmam Əli (ə), h.ş 1380, c.8, s.210; Həmçinin baxın: Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.164-168

Ədəbiyyat

  • Ayəti, Məhəmməd İbrahim, Tarixe Peyambəre İslam Muhəmməd, 6-cı çap, Tehrab, h.ş 1378
  • İbn Hənbəl, Əhməd, Fəzailus-səhabə, Təhqiq: Vəsiyullah Məhəmməd Abbas, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1403
  • İbn Hənbəl, Əhməd, Musnəd, Təhqiq: Adil Mürşid və başqaları, Ər-Risalə müəssisəsi, h.q 1421
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Beyrut, Daru Beyrut
  • İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, Mənaqibu Ali Əbi Talib, Düzəliş: Haşim Rəsuli və Məhəmməd Hüseyn Aştiyani, Qum, Əllamə nəşri
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Təhqiq: Əli Şiri, Beyrut, Darul-fikr, h.q 1415
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə, Beyrut, Darul-fikr, h.ş 1398
  • İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-əzim, Təhqiq: Məhəmməd Hüseyn Şəmsuddin, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
  • İbn Məğazili, Əli ibn Məhəmməd, Mənaqibu Əmiril-muminin, Təhqiq: Əbdür-Rəhman Torki ibn Abdullah, Səna, Darul-asar, 1-ci çap, h.q 1424
  • İbn Hişam, Əbdül-Məlik ibn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Düzəliş: İbrahim Abyari, Mustafa Səqqa, Beyrut, Darul-mərifə
  • Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1368
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrəku ələs-səhiheyn, Beyrut, Əl-Məktəbətul-əsriyyə, h.q 1420
  • Hilli, Həsən ibn Yusif, Kəşful-yəqin, Tehran, h.q 1411
  • Xarəzmi, Müvəffəq ibn Əhməd, Əl-mənaqib, Təhqiq: Şeyx Malik Əl-Mahmudi, İslami nəşr müəssisəsi, h.q 1411
  • Daneşnameye İmam Əli (ə), Əli Əkbır Rəşadın nəzarəti altında, Tehran, 1-ci çap, h.ş 1380
  • Rəşid Rza, Məhəmməd, Təfsirul-mənar, Qahirə, m.1990
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, 2-ci çap, h.q 1390
  • Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, Düzəliş: Məhəmməd Baqir Musəvi Xorasan, Məşhəd, Nəşrul-mürtəza
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Düzəliş: Fəzlullah Yəzdi Təbatəbai və Hişam Rəsuli, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Beyrut
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Təhqiq: Hişam Rəsuli, Tehran, Məktəbətul-elmiyyətil-İslamiyyə, 1-ci çap, h.q 1380
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-Kəbir, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, h.q 1413
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
  • Yaqubi, Əhməd ibn İshaq, Tarixul-Yaqubi, Beyrut, Daru sadir