Məzmuna keç

Bəqərə surəsinin 216-cı ayəsi

wikishia saytından
Bəqərə surəsinin 216-cı ayəsi
Yerləşdiyi surəBəqərə
Ayənin nömrəsi216
Cüz2
Nazil olma məkanıMədinə
MövzuCihadın vacibi-kifai olması, Allahın elminin mütləq şəkildə olması, bəşərin elminin məhdud olması və Peyğəmbərlərin göndərilməsinin lazım olması
Başqa ayələr ilə bağlılığıBəqərə surəsinin 190 və 255 ci ayələri, Ali-İmran surəsinin 5-ci ayəsi


Bəqərə surəsinin 216-cı ayəsi (ərəbcə: الآية 216 من سورة البقرة) müsəlmanlara cihadın vacib olmasından bəhs edir. Müfəssirlər bu ayədə cihadın vacibliyindən məqsədin “kifayi vacib” (yəni, bir qrupun yerinə yetirməsi ilə hökmün digərlərindən götürülməsi) olduğunu bildirirlər. Müfəssirlərin sözlərinə görə, bu ayədə insanın biliyinin azlığı səbəbilə bəzi şeyləri xoş qarşılamadığına, halbuki onların onun üçün xeyir və məsləhətli olduğuna diqqət çəkilmişdir. Əksinə, bəzi işləri xoşladığı halda, onların əslində onun üçün ziyanlı və şər olduğuna da işarə olunmuşdur.

Müfəssirlər bu ayənin məzmununa əsaslanaraq demişlər ki, hərçənd cihad müsəlmanlar üçün çətinliklər və narahatlıqlar yaradır, lakin cihad vasitəsilə əldə olunan bəhrələr müharibənin təbii əziyyətlərini kompensasiya edir. Ayədən çıxarılan digər bir nəticə də budur ki, insanın məhdud biliyi onun həyat proqramını müəyyən etməyə kifayət etmir. Buna görə də insan sonsuz ilahi elmə arxalanmalıdır.

Müsəlmanlara cihadın kifayi vacib olması

Bəqərə surəsinin 216-cı ayəsi cihad və onun müsəlmanlara kifayi vacib olması haqqında danışır.[1] “Dəaimül-İslam” adlı kitabda nəql olunan bir rəvayətdə İmam Əli (ə) buyurur ki, cihad müsəlmanlara kifayi vacibdir.[2] Şiə müfəssirlərindən olan Məkarim Şirazi deyir ki, bu ayə Bəqərə surəsinin 215-ci ayəsinin – yəni, maldan infaq etməyi əmr edən ayənin – davamı olaraq, Allah yolunda can verməyi vurğulayır.[3] “Ənvari derəxşan” təfsirində gəlib ki, bu ayə bir qrup müsəlmanı, müharibənin çətinliyinə görə cihada etiraz etdiklərinə görə danlayır. Amma onlar unudurdular ki, Allah İslam cəmiyyətinin mənfəətini və İslam dininin yayılmasına mane olan amilləri aradan qaldırmaq məqsədilə bu hökmü vermişdi.[4]

Həmçinin müfəssirlərin sözlərinə görə, Bəqərə surəsinin 216-cı ayəsində bu məsələyə də toxunulub ki, insan həyatın gerçəkliklərini, o cümlədən Allah yolunda cihadı düzgün qiymətləndirə bilmədiyinə görə, ziyanlı şeyləri xeyirli, xeyirli şeyləri isə ziyanlı hesab edir.[5] Qurani-Kərimin təfsirini yazan Fəzl ibn Həsən Təbərsi qeyd edir ki, yalnız Əta ibn Əbi Riyah bu ayədə cihadın vacibliyini səhabələrə aid bilmişdir, digər bütün müfəssirlər isə bu ayənin bütün müsəlmanlara xitab etdiyində ittifaq ediblər.[6]

«كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْ ۖ وَعَسَىٰ أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَعَسَىٰ أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ»
“Sizin üçün (kafirlərlə) döyüş yazıldı və qərara alındı, halbuki (bu,) sizin xoşunuza gəlmir. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz” [7]



(Bəqərə, 216)


Müsəlmanlar niyə müharibəni xoşlamırdılar?

Təfsirçilərdən, məsələn, Əllamə Təbatəbai, Cəvadi Amuli və Seyid Məhəmməd Hüseyn Fəzlullahın fikrincə, müsəlmanlar müharibənin sərt və kobud təbiətinə görə onu xoşagəlməz hesab edirdilər və yalnız Allahın razılığını qazanmaq üçün cihada qatılırdılar.[8] Əksinə, Məhəmməd Cavad Müğniyə isə hesab edir ki, əgər Peyğəmbərin (s) səhabələrinin davranışlarına baxsaq, görərik ki, cihad onlar üçün nə çətin, nə də xoşagəlməz idi, həqiqətdə, onlar böyük bir həvəslə bu işin ardınca gedirdilər; o qədər ki, əgər döyüşdə şəhid olmurdularsa, özlərini ziyana uğramış sayırdılar. Onun fikrincə, müsəlmanların müharibəni sevməmələrinin səbəbi onun sərtliyi deyildi, əksinə, müsəlmanların kafirlərlə müqayisədə azlıqda olması və təchizat çatışmazlığı ucbatından məğlubiyyət ehtimalı idi.[9]

İnsanın elm və əməli nəfsani meyillərə əsaslanır

Mühəmməd Əli Rzayi İsfahani “Mehr Quran təfsiri” əsərində Bəqərə surəsinin 216-cı ayəsinin iki orta hissələri barəsində “çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir” qeyd edir ki, adətən insanlar elm və əməllərini öz nəfsani istəkləri əsasında qururlar. Halbuki bu ayəyə görə bu yanaşma yanlışdır. Onun fikrincə, insan bir çox şeyləri sevir, halbuki onlar onun üçün şərdir. Məsələn, tənbəllik, rahatlığa düşkünlük, haram yeməklər və günahlar. Əvəzində bəzi şeylərə nifrət edir, halbuki onlar onun üçün xeyirlidir. Necə ki, acı və xoşagəlməz bir dərmanı həkim şəfa üçün yazır.[10] Şiə təfsirçilərindən Əkbər Haşimi Rəfsəncani də demişdir ki, xeyir və şər ölçüsü insanın xoşuna gəlib-gəlməməsi deyil və insanın hissləri ilahi hökmlərin yerinə yetirilməsinə və ya tərk edilməsinə mane olmamalıdır.[11]

Allahın xeyir və şərə dair elminə olan güvən

Seyid Məhəmməd Hüseyn Fəzlullah “Bəqərə” surəsinin 216-cı ayəsinə əsaslanaraq yazır ki, mömin ilahi qanunlara güvənməlidir; çünki Allah gizli işlərə və hər şeyin batininə agahdır və bu elmə əsasən qanunlar qoyur. Onun fikrincə, möminin Allahın qanunlarına olan etimadı insanın xeyir qazanmasına və şərdən uzaq qalmasına səbəb olacaq.[12] Məkarim Şirazi bu ayəni ümumi bir prinsip kimi təqdim edərək bildirir ki, insanlar talelərini öz məhdud elmlərinə bağlamamalıdırlar və xüsusilə şəriət qanunlarında özlərini Allahın sonsuz elminə bağlamalıdırlar.[13] Bəzi təfsirçilər də bu ayənin insanın elm baxımından məhdudiyyətlərini dərk etməsini, Allahın qanunları qarşısında təvazö və təslim ruhunun güclənməsi üçün vacib sayırlar.[14]

Şeyx Tusi isə ayənin son cümləsi olan “Allah bilir, siz bilmirsiniz” ifadəsini izah edərək, bu fikrin cəbrçilərin (deterministlərin) baxışını rədd etdiyini deyir. Çünki Allah müsəlmanların xeyrinə və mənafeyinə görə cihadı əmr etmişdir.[15] Həmçinin Haşimi Rəfsəncani də bu ayəyə əsaslanaraq deyir ki, qanun qoyan şəxs işlərin həqiqi məsləhət və zərərlərindən agah olmalıdır ki, cəlbedici və ya iyrənc sosial davranışların zahirinə aldanmasın.[16]

İstinadlar

  1. Tusi, Ət-tibyan, c.2, s.202; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.549; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.164; Fəzlullah, Min vəhyil-Quran, h.q 1439, c.2, s.220; Cavadi Amuli, Təsnim təfsiri, c.10, s.236
  2. İbn Həyyun, Dəaimul-İslam, h.ş 1342, c.1, s.341
  3. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.130
  4. Hüseyni Həmədani, Ənvare derəxşan, h.q 1404, c.2, s.191
  5. Haşimi Rəfsəncani, Təfsire rahnəma, h.ş 1386, c.2, s.65; Rezayi İsfahani, Təfsire Qurane mehr, h.ş 1387, c.2, s.176-177; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.131
  6. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.549
  7. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  8. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.164; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.132-133; Fəzlullah, Min vəhyil-Quran, h.q 1439, c.2, s.220-221; Cavadi Amuli, Təsnim təfsiri, c.10, s.541-547; Rezayi İsfahani, Təfsire Qurane mehr, h.ş 1387, c.2, s.176-177
  9. Muğniyə, Əl-Kaşif, h.q 1424, c.1, s.322-323
  10. Rezayi İsfahani, Təfsire Qurane mehr, h.ş 1387, c.2, s.177
  11. Haşimi Rəfsəncani, Təfsire rahnəma, h.ş 1386, c.2, s.66
  12. Fəzlullah, Min vəhyil-Quran, h.q 1439, c.2, s.221
  13. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.131-132
  14. Haşimi Rəfsəncani, Təfsire rahnəma, h.ş 1386, c.2, s.66; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.132; Rezayi İsfahani, Təfsire Qurane mehr, h.ş 1387, c.2, s.177
  15. Tusi, Ət-tibyan, c.2, s.203
  16. Haşimi Rəfsəncani, Təfsire rahnəma, h.ş 1386, c.2, s.66

Ədəbiyyat

  • İbn Həyyun, Numan ibn Məhəmməd, Dəaimul-İslam, Qahirə, h.ş 1342
  • Cavadi Amuli, Abdullah, Təsnim təfsiri, Qum, İsra müəssisəsi, h.ş 1387
  • Hüseyni Həmədani, Məhəmməd, Ənvare derəxşan, Tehran, Lütfi nəşri, h.q 1404
  • Rezayi İsfahani, Məhəmməd Əli, Təfsire Qurane mehr, Qum, 1-ci çap, h.ş 1387
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-tibyan, Beyrut
  • Fəzlullah, Məhəmməd Hüseyn, Min vəhyil-Quran, Beyrut, 3-cü çap, h.q 1439
  • Muğniyə, Məhəmməd Cavad, Əl-Kaşif, Qum, Darul-kutubil-İslami, 1-ci çap, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslami, 32-ci çap, h.ş 1371
  • Haşimi Rəfsəncani, Əkbər, Təfsire rahnəma, Qum, Bustane kitab, 5-ci çap, h.ş 1386