Riza ayəsi

wikishia saytından
Riza ayəsi
Ayənin adıRiza ayəsi
Yerləşdiyi surəBəqərə
Ayənin nömrəsi233
Cüz2
Nazil olma məkanıMədinə
MövzuFiqh
BarəsindəKörpəyə süd vermək barəsində məsələlər


Riza ayəsi (ərəbcə: آية الرضاع) körpəyə süd vermək, onu tərbiyə etmək və xərclərini ödəməyin hökmləri ilə bağlı məsələləri bəyan edən Quranın fiqhi ayələrindəndir. Təfsirçilər bu ayədən körpəyə süd verməyin vacib olması qənaətinə gəliblər. Həmçinin süd vermək məsələsində ananın, hətta yoldaşından ayrıldığı təqdirdə belə, digərlərindən daha öndə dayandığına inanırlar.

Təfsirçilərin sözlərinə görə, bu ayədə anaya iki il müddətinə qədər körpəyə qəyyumluq haqqı verilib və ananın körpəni saxlamağa meyli olduğu təqdirdə, atanın o ikisi arasında ayrılıq salmağa ixtiyarı yoxdur. Həmçinin körpəyə süd verdiyi müddət ərzində ananın xərclərinin təmin olunması atanın yaxud onun varislərinin öhdəsindədir.

Ayənin digər göstərişlərindən bəziləri bunlardır: Valideynlərin, aralarındakı ixtilaflar səbəbi ilə körpəyə zərər vurması yaxud bir-birinə zərər vurmaq üçün körpədən istifadə etmələri qadağandır. Valideynlər körpənin süddən ayrılma zamanı barəsində bir-biri ilə məsləhətləşməlidirlər.

Ayənin ümumi nöqtələri

Bəqərə surəsinin 233-cü ayəsini Riza ayəsi adlandırıblar.[1] Bu ayə əhkam ayələrindən sayılır.[2] Seyid Əbdül-əla Səbzəvari Məvahibur-Rəhman adlı təfsirində yazır: Riza ayəsi təbiətdə mövcud olan ənənələrdən birini bəyan edir, hansı ki, onun nəticəsi yaradılış aləmində insan növünün qorunub-saxlanılmasıdır.[3] Təfsirçilərin sözlərinə əsasən, Riza ayəsi əvvəlki ayələrdə barəsində söhbət açdığı təlaqla (boşanmaq) bağlı bəhslərin davamında körpəyə süd vermək, onu tərbiyə etmək və xərcləri ödəməklə əlaqədar olan məsələləri kamil, amma qısa və yığcam şəkildə çatdırır.[4] Bu ayəyə əsasən, ana boşanmış olsa belə, iki il ərzində körpəyə süd verməkdə digərlərindən öndə dayanır.[5] Həmçinin Riza ayəsinin məfhumuna görə, uşağa süd vermə dövründə ananın yaşayış xərcləri adət üzrə hesablanır və qadını boşamasına baxmayaraq, imkan daxilində atanın öhdəsinə düşür. Əgər ata dünyasını dəyişərsə, atanın varisləri bu xərcləri təmin etməlidirlər.[6]

Ayənin mətni və tərcüməsi

وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِهِ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَلِكَ فَإِنْ أَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا وَإِنْ أَرَدْتُمْ أَنْ تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُمْ مَا آتَيْتُمْ بِالْمَعْرُوفِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Analar öz övladlarına iki il tamam süd verməlidirlər. Bu (göstəriş), (körpənin) süd əmmə müddətini kamil etmək istəyən kəs üçündür. Onların ruzi və geyimi(ni) orta həddə (təmin etmək) körpənin sahibinin (atasının) öhdəsinədir. Heç kəsin boynuna qüdrətindən artıq vəzifə qoyulmur. Nə ana övladına görə ziyana düşməlidir və nə də körpənin sahibi körpəsinə görə (nə ana havayı süd verməyə məcbur edilməlidir, nə də ata artıq pul ödəməlidir). Ata-ana (öz aralarındakı ixtilafa görə) öz övladlarına zərər və ziyan vurmamalıdırlar. Belə bir vəzifə həm də (atanın) varisin(in) öhdəsinədir (ki, əgər ata ölsə və miras həmin körpəyə qalsa, yuxarıda deyilən şərtlərlə ananın dolanışığı həmin maldan ödənilməlidir). İndi əgər ata və ana aralarındakı razılıq və məsləhətləşmə əsasında (körpəni nəzərdə tutulan zamandan qabaq) süddən ayırmaq istəsələr, onlara günah yoxdur. Və əgər övladlarınıza süd vermək üçün dayə (tutmaq) istəsəniz, verməli olduğunuz şeyi yaxşılıqla və gözəl bir şəkildə ödəyəcəyiniz təqdirdə sizə bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiklərinizi görəndir. [7]



Bəqərə, 233


Körpəyə süd vermək vacibdir yoxsa müstəhəb?

Körpənin ehtiyaclarının təmin edilməsi və ona süd verilməsi Bəqərə surəsinin 233-cü ayəsində gələn "analar övladlarına süd verməlidirlər" ifadəsinə əsasən, vacib hesab edilib.[8] Təbərsinin "Məcməul-Bəyan" təfsirindəki etiqadına görə, bu cümlə xəbər cümləsi olmasına baxmayaraq, körpəyə süd verməyin vacibliyinə dəlalət edir. Amma onun sözlərinə görə, bu iş anaya vacib deyil, müstəhəbdir. Yəni analar övladlarına süd verməkdə digərləri ilə müqayisədə daha uyğundurlar. Əgər onlara çətin olarsa yaxud hər hansı bir səbəbə görə öz övladlarına süd verə bilməsələr, körpəyə başqa yolla süd təmin olunması vacibdir.[9] Məhəmməd Cavad Muğniyə də "əl-Kaşif" təfsirində bu vəzifəni ana üçün müstəhəb sayıb. Yəni ana digərləri ilə müqayisədə daha uyğundur.[10] Müqəddəs Ərdəbilli "Zubdətul-Bəyan" kitabında deyir: Əgər körpə öz anasının südündən başqa bir şeylə sağ qalmazsa ya onun üçün bir dayə tapılmazsa və ya atasının körpəyə dayə tapmağa gücü çatmazsa, anaya vacibdir ki, öz uşağına süd versin.[11]

Körpənin qəyyumluq (himayəçilik) haqqı

Təfsirçilər bu ayəyə əsasən, 2 yaşına qədər körpənin qəyyumluq haqqını ananın öhdəsində olduğunu bildirirlər.[12] Əllamə Təbatəbainin sözlərinə görə, bu ayədəki "(Bu hökm) süd vermə dövrünü tamamlamaq istəyən kəs üçündür" cümləsi boşanmış ananın iki ilə qədər öz uşağına nisbətdə qəyyumluq haqqına işarə edir. Həyat yoldaşının da bu müddət ərzində uşağı anasından almağa haqqı yoxdur. Çünki, bu, ayənin qadağan etdiyi anaya zərər vurmağın bariz nümunəsidir. Təbii ki, ata və ana razılığa gəldikləri yaxud ana öz haqqından keçdiyi təqdirdə, qəyyumluq haqqı anadan alınacaq.[13] Həmçinin şiə təfsirçilərindən olan Məkarim Şirazi ayənin bu hissinə istinad edərək qəyyumluq (himayəçilik) haqqı kimi ifadə edilən uşağa iki ilədək süd vermək və onu saxlamaq haqqının anaya verildiyinə etiqad bəsləyir. Hərçənd ki, kiçik uşaqlara vilayət haqqı atanın üzərinə düşür.[14] O, yazır: Körpənin bu müddət ərzində cisminin və ruhunun qidalanması ananın südü və emosiyaları ilə sıx bağlı olduğundan bu haqq anaya verilib. Bundan əlavə, ananın duyğuları da gözlənilməlidir. Buna görə də, anaya himayəçilik və süd vermək haqqının verilməsi iki tərəfli bir haqqdır; həm övladın və həm də ananın halını nəzərə almaqdır.[15]

Süd verən ananın yaşayış xərclərinin təmin olunması

Təfsirçilər bu ayəyə əsasən, süd verən ananın yaşayış xərclərinin ödənilməsinin körpənin atasına yaxud atanın varislərinə vacib olduğunu bildirmişlər.[16] Bəzi təfsirçilər ayəni sitat gətirərək deyiblər ki, süd vermə dövründə ananın qida və geyiminə şamil olan yaşayış xərclərinin ödənilməsi adi formada və atanın gücü çatdığı həddə vacibdir.[17] Məhəmməd Cavad Muğniyə qadının qida və geyimindən başqa şeylərə də şamil olması mümkün olan sosial şənini də nəzərə almağın şərt olduğunu bildirib.[18]

Həmçinin qeyd olunub ki, ayədə deyilən xərclərin təmin olunması təlaq verilmiş və öz həyat yoldaşlarının övladlarına süd verən qadınlara aiddir. Çünki, təlaq verilməyən qadınların xərcləri, istər övladları olsun, istərsə də olmasın, evlilik vasitəsilə qadının həyat yoldaşına vacib olur.[19] Məkarim Şirazinin sözlərinə görə, Quranın süd vermə dövründə ata tərəfindən ananın yaşayış xərclərinin ödənilməsini vurğulaması ona görədir ki, ana rahat şəkildə övladına süd verə bilsin və ata da qeyd olunan vəzifəni yerinə yetirməkdə öz duyğularını səfərbər etsin.[20]

Körpənin, atanın və ananın zərər çəkməməsi

Qeyd ediblər ki, Riza ayəsinin şiddətli şəkildə qadağan etdiyi məsələlərdən biri körpənin, valideynlərin ixtilafları səbəbindən zərər çəkməsi yaxud da valideynlərin bir-birinə zərər yetirmələri üçün körpəni alətə çevirmələridir.[21] Əllamə Təbatəbainin fikrincə, körpəyə himayəçilik və süd vermək haqqı anaya verildiyindən ata zor gücünə ana və uşaq arasında ayrılıq sala bilməz. Yaxud məsələn, qadın atanı uşağı görməkdən məhrum edə bilməz. Çünki, bunlar qadın və kişinin uşaqdan sui-istifadə edərək zərər vurmağın bariz nümunələridir.[22] Həmçinin Təbərsi və Məkarim Şirazinin nəzərlərinə görə, ata və ana aralarında olan ixtilaf səbəbi ilə körpəni "vəchul-musalihə" qərar verməməli və onun cisminə, ruhuna zərər yetirməməlidirlər. Məsələn, ana həyat yoldaşına olan qəzəbinə xatir uşağa süd verməkdən boyun qaçıra yaxud ata anaya ziyan vurmuraqdan ötrü ana və körpə arasında ayrılıq sala.[23]

Məkarim Şirazinin sözlərinə əsasən, Allah ayənin sonunda körpə uşaqla bağlı işlər barəsində təqvaya riayət etməyi tövsiyə etməklə kişi və qadına xəbərdarlıq edir ki, (bir-birindən) intiqam almaq üçün körpənin taleyini təhlükəyə atmasınlar. Allah onların əməllərini diqqətlə izləyir.[24]

Qadın və onun həyat yoldaşının körpəyə süd vermə müddəti barəsində məşvərət etmələri

Valideynlərin körpəni süddən ayırmaq barəsində məsləhətləşmələrinin zəruriliyi Riza ayəsinin işarə etdiyi digər bir göstərişdir.[25] Təfsirçilərin fikrincə, ayənin bu hissəsi "beləliklə, əgər (ata və ana) bir-birinin razılğı və məsləhəti ilə uşağı süddən (daha tez) ayırmaq istəsələr" ata-ananın razılığını, onların eyni fikrirdə olmalarını və bir-birləri ilə məşvərət etmələrini, hətta iki ildən az olsa belə körpənin süddən ayrılması üçün şərt hesab edir. Çünki, onların məşvərəti və eyni fikirdə olmamaları körpəyə zərər yetirə bilər.[26]

Muhəmməd Cavad Muğniyənin sözlərinə əsasən, bu ayədə kişi və qadının bir-biri ilə məsləhətləşməsinin zəruriliyi körpənin məsləhəti üçündür.[27] Əllamə Təbatəbai bu hökmün Allah tərəfindən qoyulmasının səbəbinin, qadınların haqqının aradan getməməsi və tərəflərin körpənin işləri barəsində hər hansı bir iş görməyə məcbur olmamaları olduğunu bildirib. Çünki, məşvərətin nəticəsi atanın öz övladını süd verməsi üçün başqa birinə verməsi ola bilər. Çünki, ya kişinin həyat yoldaşı süd verməyə razı deyil yaxud da süd verməyə gücü çatmır.[28]

Hamiləliyin ən az müddəti

Şeyx Mufid "əl-İrşad" kitabında İmam Əlidən (ə) bir hədis nəql edir ki, o həzrət Bəqərə surəsinin 223-cü ayəsi (Riza ayəsi) və Əhqaf surəsinin 15-ci ayəsinə (süd vermə və hamiləlik dövrünün ümumilikdə 30 ay olduğunu bildirir) istinad edərək hamiləliyin ən az müddətinin 6 ay olduğunu bəyan edib.[29] Məhəmməd Əli Bar da "Xalqul insani bəynət-tibbi vəl- Quran" kitabında qeyd edib ki, tibbdə ən qısa hamiləlik müddəti 6 aydır və tibbi baxımdan bu müddətdən öncə körpənin sağlam olma ehtimalı sıfıra yaxındır.[30]

İstinadlar

  1. Xorasani, Ayate namdar, s.384
  2. Müqəddəs Ərdəbili, Zubdətul-bəyan, s.556-561
  3. Səbzivari, Məvahibur-Rəhman, h.q 1428, c.4, s.56
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.586; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.185-186
  5. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.186; Qiraəti, Nur təfsiri, h.ş 1383, c.1, s.365
  6. Qiraəti, Nur təfsiri, h.ş 1383, c.1, s.365
  7. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  8. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.587
  9. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.586
  10. Muğniyə, Əl-Kaşif, h.q 1424, c.1, s.356
  11. Müqəddəs Ərdəbili, Zubdətul-bəyan, s.556
  12. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.240; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.186
  13. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.240
  14. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.186
  15. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.186
  16. Müqəddəs Ərdəbili, Zubdətul-bəyan, s.556; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.587; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.240
  17. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.587; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.240; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.187
  18. Muğniyə, Əl-Kaşif, h.q 1424, c.1, s.358
  19. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.587
  20. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.187-188
  21. Muğniyə, Əl-Kaşif, h.q 1424, c.1, s.359
  22. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.241
  23. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.587; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.188-189
  24. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.190-191
  25. Müqəddəs Ərdəbili, Zubdətul-bəyan, s.560
  26. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.588; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.189
  27. Muğniyə, Əl-Kaşif, h.q 1424, c.1, s.360
  28. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.241
  29. Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.206
  30. Bar, Xuliqəl-insanu beynət-tibbi vəl-Quran, h.q 1412, s.451

Ədəbiyyat

  • Bar, Məhəmməd Əli, Xuliqəl-insanu beynət-tibbi vəl-Quran, Ciddə, h.q 1412
  • Xorasani, Rza, Ayate namdar, Dər dairətul-məarife Qurane Kərim, Qum, Bustane kitab,
  • Səbzivari, Seyyid Əbdül-Əli, Məvahibur-Rəhman, Qum, Darut-təfsir, h.q 1428
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Qiraəti, Möhsin, Nur təfsiri, Tehran, h.ş 1383
  • Muğniyə, Məhəmməd Cavad, Əl-Kaşif, Tehran, Darul-kutubil-İslami, h.q 1424
  • Müqəddəs Ərdəbili, Əhməd ibn Məhəmməd, Zubdətul-bəyan, Tehran
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1413
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371