Ənfal ayəsi
- Bu məqalə Ənfal ayəsi barəsindədir. Ənfal surəsi haqda məlumat almaq üçün adı keçən məqaləyə baxın.
Ayənin adı | Ənfal |
---|---|
Ayənin nömrəsi | 1 |
Cüz | 9 |
Nazil olma səbəbi | Bədr müharibəsinin qənimətlərinə görə müsəlmanların münaqişəsi |
Nazil olma məkanı | Mədinə |
Mövzu | Fiqhi və əxlaqi |
Barəsində | Qənimətləri necə bölmək və "İslahu zatəl-bəyn" - (yəni, insanları barışdırmaq və onlar arasında münasibətləri yaxşılaşdırmaqdır.) |
Ənfal ayəsində (ərəbcə: آية الأنفال) Allah və Rəsulunun (s) bütün sahibsiz mallara, o cümlədən döyüş qənimətləri üzərində hakimliyi olmasına işarə edilir. Şiə təfsirçilərindən Əllamə Təbatəbai və Məkarim Şirazi döyüş qənimətlərini “ənfal”ın nümunələrindən biri hesab etmişlər, lakin Molla Fəttullah Kaşani bunu “ənfal”ın yeganə nümunəsi kimi tanıyır.
Şiə təfsirçilərinin “ənfal” ayəsinin nazil olması ilə bağlı məşhur rəyi budur ki, bir qrup mühacir və ənsar Bədr döyüşündə qələbə çaldıqdan sonra qənimət əldə etmək üçün ixtilaf etmiş və bu ixtilafın həll etmək üçün Peyğəmbərin (s) hüzuruna getmişdilər. Qeyd olunmuş ayə, onların bu barədəki sualına cavab vermək üçün nazil oldu. Mücahid ibn Cəbr də daxil olmaqla bir neçə müsəlman təfsirçisi, Xums ayəsinin nazil olması ilə "ənfal" ayəsinin nəsx edilməsinə inanmışlar. Lakin bir çox şiə və sünni təfsirçiləri bu nəsx iddiasına qarşı çıxıblar. Çünki onlar hesab edirlər ki, bu nəsxin heç bir dəlili yoxdur və qeyd olunan iki ayə bir-biri ilə ziddiyyət təşkil etmir.
Ənfal ayəsinin mətni və tərcüməsi
“Ənfal” surəsinin ilk ayəsinə “Ənfal ayəsi” deyilir.[1]
يَسْأَلُونَكَ عَنِ الْأَنْفَالِ ۖ قُلِ الْأَنْفَالُ لِلَّهِ وَالرَّسُولِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».[2]
(Ənfal,1)
Ayənin nazil olma səbəbi
Şiə təfsirlərində “ənfal” ayəsinin hansı şəraitdə nazil olması və nazil olmasının səbəbinin nədən ibarət olması barədə iki nəzər vardır; Təfsirlərin çoxu ayənin nazil olma səbəbini bəzi müsəlmanların daha böyük pay əldə etmək məsələsində ixtilafı hesab etmişdir. Bəzi təfsirlərdə isə bir dəstə mühacirin mallarının xumsunu verməmək istəyi də qeyd edilmişdir:
- Fəzl ibn Həsən Təbərsi tərəfindən yazılmış “Məcməül-Bəyan”, Şeyx Tusi tərəfindən təlif edilmiş Ət-Tibyan, Molla Fətullah Kaşaninin əsəri olan “Mənhəcus-Sadiqin” təfsiri və Məkarim Şirazi tərəfindən yazılmış “Nümunə” təfsirinə əsasən, qeyd olunan ayə “Bədr” döyüşünün qənimətləri barəsindədir. Həmçinin o, bundan sonra nazil oldu ki, bir qrup müsəlman mühacir və ənsar qənimət əldə etmək üçün mübahisə etdilər və onların hər biri daha böyük pay almaq istədi. Onlar problemi həll etmək üçün Peyğəmbərin (s) yanına getdilər.[3]
- Yalnız Təbərsinin “Məcməul-Bəyan” və Şeyx Tusinin “Ət-Tibyan” kitablarında qeyd olunan nazil olma səbəbinə əsasən, “ənfal” ayəsi mühacirlərdən bəzilərinin öz mallarının xumsunu verməmək qərarına gəlmələrindən sonra nazil olmuşdur.[4]
Ənfal sözünün məfhumu
Şiə təfsirçilərindən Əllamə Təbatəbai və Məkarim Şirazi hesab edirlər ki, “ənfal” xüsusi sahibi olmayan bütün malları ehtiva edir və onların sahibləri Allah, Peyğəmbər (s) və onun canişinləridir.[5] Buna əsasən, döyüş qənimətləri “ənfal”ın nümunələri sayılır.[6]
Səfəvilər dövründə yaşamış hicri 10-cu əsrin şiə təfsirçisi Molla Fəthullah Kaşani “Mənhəcus-Sadiqin” təfsirində “ənfal” və “nəfl” kəlmələrini müharibə qənimətləri kimi qəbul etmiş və qeyd olunan qənimətləri Allahın mücahidlərə hədiyyəsi hesab etmişdir.[7]
“Ənfal” sözü lüğətdə, “nəfl” sözünün cəmidir, bir şeyə əlavə edilmə (artırılma) mənasına gedir. Buna görə də, hər bir şeyə ki, özündən əlavə nəsə ona artırıla, nəfl və ya nafilə deyilir, məsələn, vacib namazlarından əvvəl və ya sonra qılınan namazlar vacib namazlarından əlavə olduğu üçün nafilə adlanır.[8]
Ənfal ayəsinin xums ayəsi ilə nəsx olub və ya olmaması
Şeyx Tusinin “Ət-Tibyan” təfsirində nəql etdiyinə əsasən, sünni təfsirçilərindən bəziləri, o cümlədən İbn Abbasın Quran təfsiri üzrə tələbələrindən olan Mücahid ibn Cəbr (21-104) və mötəzili mütəkəllimi Əbu Əli Cəbai (235-303) “Ənfal” surəsinin birinci ayəsinin xums ayəsi ilə nəsx edildiyinə inanırdılar.[9] Lakin digər şiə və sünni təfsirçiləri “ənfal” ayəsi ilə bağlı nəsx hökmünü qəbul etməkdən imtina etmişlər.[10]
Şeyx Tusi “ənfal” ayəsinin nəsx olmasını qəbul etməmişdir, çünki o, nəsxin qəbul edilməsinin dəlilə ehtiyacı olduğuna inanır. Həmçinin bundan əlavə, “ənfal” ayəsi ilə “xums” ayəsi arasında heç bir ziddiyyət yoxdur ki, sonuncunun nəsx olunduğunu qəbul etməyimiz lazım gəlsin.[11]
Fəzl ibn Həsən Təbərsi, Nasir Məkarim Şirazi və Seyid Məhəmmədhüseyn Təbatəbai kimi təfsirçilər də iki ayə arasındakı ziddiyyəti qəbul etməyiblər.[12]
Əllamə Təbatəbai hesab edir ki, “xums” ayəsi kimi tanınan “Ənfal” surəsinin 41-ci ayəsi “Ənfal” surəsinin birinci ayəsinin təfsiri və şərhidir; Çünki birinci ayədə “ənfal”ın malikliyi ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılmışdır: Beləliklə heç kəs “ənfal”ın maliki deyil və “ənfal”ın nümunələrindən biri olan müharibə qənimətləri Allaha və Rəsuluna məxsus bilinmişdir, lakin 41-ci ayədə qənimətlərin beşdə dörd hissəsində müsəlmanların istifadə etməsinə icazə verilmişdir. Habelə onun beşdə biri də Allah və Rəsuluna məxsus edilmişdir.[13] Əllamə Təbatəbainin nəzərinə əsasən, belə bir təfsirlə bu iki ayənin məzmunu ilə bağlı heç bir ziddiyyət və qeyri-müəyyənlik yaranmır ki, onun nəsx olunmasına inanmaq lazım olsun.[14] Bəziləri də bütün bu malların İslam hökmdarının ixtiyarında olduğuna inanırlar və o, bu qənimətlərin beşdə dördünü döyüşçülərə verir.[15]
İstinadlar
- ↑ İmam Xomeyni, Kitabul-bey, h.ş 1379, c.3, s.22
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.796; Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.5, s.72; Qumi Kaşani, Mənhəcus-Sadiqin, h.ş 1330, c.4, s.167; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.80
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.797; Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.5, s.72
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.6; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.81
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.6; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.81
- ↑ Qumi Kaşani, Mənhəcus-Sadiqin, h.ş 13330, c.4, s.167
- ↑ Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.5, s.73; Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.5; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.81
- ↑ Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.5, s.73-74
- ↑ Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.5, s.74
- ↑ Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.5, s.74
- ↑ Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.5, s.73-74; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.81-82; Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.9-10; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.798
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.9-10
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.9-10
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.83
Ədəbiyyat
- Qurani-Kərim
- İmam Xomeyni, Ruhullah, Kitabul-bey, Tehran, Mərkəze nəşr asare İmam Xomeyni, h.ş 1379
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Düzəliş: Əhməd Həbib Amili, Beyrut,
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, h.ş 1372
- Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
- Qumi Kaşani, Molla Fəthullah, Mənhəcus-Sadiqin, Ketabfuruşiye İslamiyyə, h.ş 1330
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371