Bəraət ayələri

wikishia saytından
Bu məqalə Bəraət ayələri barəsindədir. Bəraət ayələrinin çatdırılması haqda məlumat almaq üçün adı keçən məqaləni mütaliə edin.
Bəraət ayələri
Ayənin adıBəraət ayələri
Yerləşdiyi surəTövbə
Ayənin nömrəsiİlk ayələri
Cüz10 - 11
Nazil olma məkanıMədinə
MövzuFiqhi və etiqadi
BarəsindəMüşriklərlə əhd-peymandan nifrət etmələrinin elanı


Bəraət ayələri (ərəbcə: آيات البراءة) “Tövbə” surəsinin ilk ayələridir ki, müsəlmanlarmüşriklər arasındakı əlaqəyə dair son hökmləri bəyan edir. Allah bu ayələrdə Peyğəmbərə (s) və müsəlmanlara əmr edir ki, müşriklərə nifrətlərini aşkar etsinlər, onlarla bağladıqları əhd-peymanlardan əl çəksinlər və və İslamı qəbul etməsələr, onlarla müharibə etsinlər. Bu ayələri Qurban bayramı günü İmam Əli (ə) müşriklərə çatdırmışdır.

Təfsirçilərin dediyinə görə, müşriklərlə əhdin birtərəfli olaraq ləğv edilməsi müqəddiməsiz deyildi. Daha doğrusu, müqavilənin pozulması ilk növbədə müşriklər tərəfindən edilmişdi. Bu səbəbdən də, bu ayələrə əsasən, əhd-peymanını pozmamış müşriklərlə bağlanan əhd, müddəti bitənə qədər müsəlmanlar tərəfindən hörmətlə qarşılanmışdır. Onlar həmçinin bildiriblər ki, bu müqavilələr əvvəldən müvəqqəti bağlanıb.

Məhəmməd Cavad Müğniyənin fikrincə, Bəraət ayələrinin Ərəbistan yarımadasının müşriklərini İslam dinini qəbul etməyə məcbur etmək və ya onların müharibə etmək üçün hazırlaşmaları haqqında təkid etməsi digər ayələrdə qeyd edilən dini qəbul etməyin ixtiyari olması ilə ziddiyyət təşkil etmir. Çünki Ərəbistan yarımadasının müşrikləri aralarında olan razılaşmaları daim pozaraq yeni yaranan İslam cəmiyyətini də təhdid edirdilər. Ona görə də bu hökm ancaq onlara məxsus idi.

Ayələrin mətn və tərcüməsinin tanıtımı

“Tövbə” surəsinin başlanğıc ayələrinə bəraət ayələri deyilir.[1]

«بَرَاءَةٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ»

«فَسِيحُوا فِي الْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۙ وَأَنَّ اللَّهَ مُخْزِي الْكَافِرِينَ»

«وَأَذَانٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْأَكْبَرِ أَنَّ اللَّهَ بَرِيءٌ مِنَ الْمُشْرِكِينَ ۙ وَرَسُولُهُ ۚ فَإِنْ تُبْتُمْ فَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۗ وَبَشِّرِ الَّذِينَ كَفَرُوا بِعَذَابٍ أَلِيمٍ»…
“(Bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən müşriklərdən əhd-peyman bağladığınız kəslərə nifrət (və onlarla olan əhd-peymanın ləğv edilməsi və onlara verilən amanın aradan qaldırılması) bildirişidir”. “Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Onun çəngindən yaxanızı qurtara bilməzsiniz) və Allah kafirləri xar edəndir”. “Həmçinin (bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: «Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)». Buna görə də (ey müşriklər), əgər tövbə etsəniz (və İslamı qəbul etsəniz), sizin üçün daha yaxşıdır və əgər üz döndərsəniz, bilin ki, siz (nə mübarizə etmək və nə də qaçmaqla) Allahı aciz qoya bilməzsiniz. (Ey Peyğəmbər,) kafirlərə ağrılı bir əzabla müjdə ver!”...[2]



Tövbə surəsi, ayə 1-2-3


Ayələrin nazil olması və çatdırılması hekayəsi

Əsas məqalə: Bəraət ayələrinin çatdırılması

Bəraət ayələri hicri qəməri doqquzuncu ilin sonunda və müsəlmanlar “Təbuk” döyüşündən qayıtdıqdan sonra nazil olmuşdur.[3] Peyğəmbərə (s) əmr olunmuşdu ki, həmin ilin zil-hiccə ayında müşriklərin Məkkədə toplaşdığı zaman bu ayələri onlara çatdırsın.[4]

Bəraət ayələrinin nazil olmasının səbəbi haqqında deyilib ki, hicri səkkizinci ildə müsəlmanlar tərəfindən Məkkənin fəth edilməsinə baxmayaraq,[5] bəzi qəbilələr və müşriklər İslama qarşı müqavimət göstərirdilər[6] və Peyğəmbərlə (s) əhd bağlayan müşriklər də dəfələrlə bağladıqları əhdi pozurdular.[7] Şəraitin dəyişməsi və İslamın yayılması ilə[8] bu ayələr nazil oldu və şirkin mövcudluğunu dözülməz adlandırdı.[9]

Bu ayələrin müşriklərə çatdırılması hekayəsi haqqında şiəsünninin tarix və hədis mənbələrində qeyd olunur. “Tövbə” surəsinin ilk ayələri nazil olanda o ayələri Məkkə camaatına çatdırmaq üçün Peyğəmbər (s) ilk olaraq Əbu Bəkr ibn Əbi Quhafəni göndərdi. Amma Əbu Bəkr Mədinəni tərk etdikdən sonra Cəbrayıl Peyğəmbərə (s) nazil oldu və dedi ki, sən və ya ailəndən kimsə bu ayələri müşriklərə çatdırmalıdır. Peyğəmbər (s) bu ilahi əmrə əməl edərək Əbu Bəkrin yerinə İmam Əlini (ə) Məkkəyə göndərdi.[10]

Əhməd ibn Əbi Yəqub, “Yəqubi” tarixində deyir ki, Əli (ə) Qurban bayramı günortadan sonra Məkkəyə gəldi və camaat arasında Bəraət ayələrini və Peyğəmbərin (s) mesajını oxudu. O, sonra dedi ki, bundan sonra heç kəs libassız təvaf etməməlidir və heç bir müşrikin gələn il Kəbəni ziyarət etmək üçün gəlməyə haqqı yoxdur. Yəqubinin dediyinə görə, Əli (ə) bundan sonra camaata aman verdi və dedi ki, müşriklərdən hər kəs Allahın Rəsulu (s) ilə əhd bağlamışsa, onun müqaviləsinin qüvvədə olma müddəti dörd aydır, əhd-peymanı olmayan şəxsin isə əlli gecə müddətində möhləti vardır.[11]

Ayələrin məzmunu

Məhəmməd Cavad Müğniyə “Əl-Kaşif” təfsirində belə hesab edir ki, “Tövbə” surəsinin içərisində nazil olmuş “Bəraət” ayələri müsəlmanlarla müşriklər arasındakı əlaqəyə dair yekun hökmləri bəyan etmişdir.[12] Təfsirçilərin dediyinə görə, Allah-təala “Tövbə” surəsinin ilk ayələrində öz peyğəmbərinə (s) və müsəlmanlara müşriklərə qarşı nifrətlərini bildirmələrini və onlarla bağladıqları əhdlərdən əl çəkmələrini və İslamı qəbul etmədikləri təqdirdə onlara qarşı müharibə elan etmələrini əmr edir. Bu xəbərdarlığa bütün müşriklər və hətta Peyğəmbərlə (s) sülh müqaviləsi bağlayanlar da daxil idi. Həmçinin elan etdi ki, vəziyyətləri barədə düşünmək üçün dörd aylıq bir möhlətdən sonra İslamı qəbul etmək və ya müsəlmanlarla müharibə etmək ilə bağlı vəzifələrinə qərar verməlidirlər.[13]

Müqavilənin birtərəfli ləğv edilməsinin səbəbi

İslamda əhd-peymana sadiq qalınmasına böyük önəm verildiyinə baxmayaraq, Bəraət ayələrində müşriklərlə bağlanan əhdin birtərəfli qaydada pozulması əmri şübhə altına alınmışdır.[14] Əllamə Təbatəbai müşriklərin əhdi pozmasını onlardan amanın götürülməsinə və müsəlmanların onlara özləri kimi qarşılıq vermələrinə icazə verilməsinə, yəni müşriklərlə bağlanan müqavilələrin ləğv edilməsinə səbəb hesab edir.[15] Təbərsinin “Məcməul-Bəyan” təfsirindəki fikrinə görə, Peyğəmbərin (s) sülh müqaviləsini birtərəfli qaydada ləğv etməsinin üç səbəbi var idi: Müşriklərlə sülh müqaviləsinin müvəqqəti xarakter daşıması, Onun Allah tərəfindən göstərişin gəlməsi ilə şərtlənməsi və eləcə də müşriklərin xəyanəti və əhdi pozması.[16]

Məkarim Şirazi də hesab edir ki, müqavilənin müsəlmanlar tərəfindən ləğv edilməsi müqəddiməsiz olmayıb. Çünki dəlillərə əsasən, müşriklərin müqaviləni poza bilmə gücünə sahib olduqları təqdirdə, müsəlmanlara zərbə vuracaqları aydın idi. Onun fikrincə, xüsusi şəraitdə xalqın öhdəsinə qoyulan müqavilələr onların qüdrət sahibi olmalarından sonra həmin bağladıqları əhdi pozma ehtimalı yaranır.[17]

Təfsirçilərin fikrincə, müşriklərin Məkkədə toplaşdıqları məkanda və Qurban bayramı günü müsəlmanlarla bağlanmış müqavilənin ləğv edilməsinin açıq elan edilməsi, həm də onlara düşünmək üçün 4 ay vaxt verilməsi onların gözlənilməz bir vəziyyətə düşməmələri üçündür. Bu isə İslamın bəşəri prinsiplərə bağlılığının əlamətidir.[18] Əllamə Təbatəbainin dediyinə görə, Allah bu əmrlə müsəlmanlara hətta bu qədər xəyanəti də qadağan etmişdir.[19]

Niyə müşriklər İslamı qəbul etməyə məcbur edilirlər?

“Bəqərə” surəsinin 256-cı ayəsi kimi dini qəbul etməkdə məcburiyyəti inkar edən ayələrin olmasına baxmayaraq, müşriklərin İslam dinini qəbul etməyə məcbur edilməsi barədə deyilib ki, İslam dini insanları yalnız hikmət və dəlil ilə dinə dəvət edir və heç kəsi dini qəbul etməyə məcbur etmədiyi bildirilir. Amma bəzən İslam cəmiyyətinin mənafeyi müəyyən şəraitdə tələb edir ki, müşriklər orada iştirak etməsinlər. Çünki onlar cəmiyyətə ziyan vurur, orada fitnə-fəsad törədirlər. Məhəmməd Cavad Müğniyənin dediyinə görə, İslamı zorla qəbul etmək fərmanı Ərəbistan yarımadasının müşrikləri üçün nəzərdə tutulmuşdu. Çünki onlar sülh müqaviləsi olmasına baxmayaraq, onu dəfələrlə pozaraq yeni yaranan İslam cəmiyyətinə zərər vururdular. Ona görə də Allahın onlar haqqında hökmü bu idi ki, ya öldürülməli, ya da İslamı qəbul etməli idilər.[20]

Əhdi pozmayanların əhdinə hörmət

Əllamə Təbatəbai “Tövbə” surəsinin dördüncü ayəsinə istinad edərək, əhdi pozan kafirlərlə əhdə sadiq kafirləri bir-birindən fərqləndirir və deyir ki, müsəlmanlarla əhdə sadiq qalan və onu birbaşa və ya dolayısı ilə pozmayan müşriklər, müşriklərə ümumi nifrət qanunundan istisna olublar. Həmçinin müsəlmanlar belə insanların əhdinə hörmət etməli və əhd-peymanın sonuna qədər ona əməl etməlidirlər.[21] Əlbəttə ki, onun fikrincə, müşriklərin çoxu öz əhdini pozmuş və başqaları üçün heç bir xatircəmlik saxlamamışdılar.[22]

İstinadlar

  1. Sadiqi Tehrani, Ət-Təfsirul-movzui lil-Quranil-Kərim, h.q 1406, c.7, s.202; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.305; Məclisi, Biharul-ənvar, h.q 1403, c.69, s.152
  2. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  3. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.3; Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.73
  4. Rəcəbi, İmam Əli dər əhde peyəmbər, s.209; İbn Kəsir, Əl-Bidayə, h.q 1398, c.5, s.36-37
  5. Təbəri, Tarixul-uməmi vəl-muluk, Beyrut, c.3, s.42
  6. Rəcəbi, İmam Əli dər əhde peyəmbər, s.209
  7. Şübbər, Təfsirul-Quranil-Kərim, h.q 1410, c.1, s.199; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.272
  8. Muğniyə, Əl-Kaşif, h.q 1424, c.4, s.9
  9. Rəcəbi, İmam Əli dər əhde peyəmbər, s.209
  10. İbn Hənbəl, Musnəd, h.q 1421, c.2, s.427; İbn Hənbəl, Fəzailus-səhabə, h.q 1403, c.2, s.703, hədis 1203; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.348, hədis 8929; İbn Səd, Ət-Təbəqatul-kübra, Beyrut, c.1, s.168; Mufid, Əl-Əmali, Qum, s.56
  11. Yaqubi, Tarixul-Yaqubi, Darul-Beyrut, c.2, s.76
  12. Muğniyə, Əl-Kaşif, h.q 1424, c.4, s.8
  13. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.5; Muğniyə, Əl-Kaşif, h.q 1424, c.4, s.8; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.282
  14. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.283
  15. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.147
  16. Təbərsi, Məcməul-Bəyan, h.ş 1372, c.5, s.5
  17. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.283
  18. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.284; Rizayi İsfahani, Təfsire Qurane mehr, h.ş 1387, c.8 s.145; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.284
  19. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.147
  20. Muğniyə, Əl-Kaşif, h.q 1424, c.4, s.9-10
  21. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.150
  22. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.147

Ədəbiyyat

  • İbn Hənbəl, Əhməd, Musnəd, Ər-Risalə müəssisəsi, h.q 1421\m. 2001
  • İbn Hənbəl, Əhməd, Fəzailus-səhabə, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1403
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Beyrut, Darul-Beyrut
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Təhqiq: Əli Şiri, Beyrut, Darul-fikr, h.q 1415
  • İbn Kəsir, Əl-Bidayə, Beyrut, Darul-fikr, h.q 1398
  • Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Tehran, h.q 141
  • Rəcəbi, Məhəmməd Hüseyn, İmam Əli dər əhde peyəmbər, Tehran
  • Rizayi İsfahani, Məhəmməd Əli, Təfsire Qurane mehr, Qum, h.ş 1387
  • Şübbər, Abdullah, Təfsirul-Quranil-Kərim, Qum, Darul-hücrə, h.q 1410
  • Sadiqi Tehrani, Məhəmməd, Ət-Təfsirul-movzui lil-Quranil-Kərim, h.q 1406
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Beyrut
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Tehran, Məktəbətul-İslamiyyə, h.q 1380
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Muğniyə, Məhəmməd Cavad, Əl-Kaşif, Qum, Darul-kutubil-İslamiyyə, h.q 1424
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Əmali, Qum, Came müdərrisin
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Darul-Beyrut