Seyf ayəsi
| Ayənin adı | Seyf |
|---|---|
| Yerləşdiyi surə | Tövbə |
| Ayənin nömrəsi | 5 |
| Cüz | 10 |
| Nazil olma məkanı | Mədinə |
| Mövzu | Etiqadi |
| Barəsində | Müşriklərlə rəftar tərzi |
| Başqa ayələr ilə bağlılığı | Həcc surəsinin 5-ci ayəsi, Tövbə surəsinin 29-cu ayəsi, Bəqərə surəsinin 190, 191, 193-cü ayələri |
Seyf ayəsi və ya döyüş ayəsi (Tövbə surəsi, ayə 5) müsəlmanlara dörd aylıq möhlət başa çatdıqdan sonra müşriklərlə (şirk qoşanlarla) ciddi şəkildə mübarizə aparmağı – onları öldürməyi, əsir almağı və mühasirəyə almağı əmr edir. Yalnız İslamı qəbul etdikləri təqdirdə bu hökm istisna olunur. Şiə və sünni təfsirçilərinə görə, bu ayədə məqsəd, Peyğəmbərin (s) dövründəki əhdə sadiq qalmayan müşriklərdir. Buna baxmayaraq, sələfi cihadçı qruplar bu ayəyə əsaslanaraq ibtidai cihadı əsaslandırmağa çalışırlar.
Bəziləri seyf ayəsini sülh, cizyə (vergi) və fidyə (əsirin azad edilməsi) ilə bağlı bəzi ayələri nəsx (hökmünü ləğv) etdiyini bildiriblər. Qarşı tərəf isə hesab edir ki, bu ayə heç bir ayəni nəsx etmir. Əksinə, dərhal sonra gələn ayə ilə təxsis olunmuşdur. Həmin ayədə Allah Peyğəmbərə (s) əmr edir ki, “əgər müşriklərdən biri səndən pənah istəyərsə ki, Allahın kəlamını eşitsin, ona pənah ver, sonra da onu təhlükəsiz yerə çatdır”.
“Tövbə” surəsinin 29-cu ayəsi və “Həcc” surəsinin 39-cu ayəsi də “qılınc və döyüş ayələri” adlandırılmışdır.
Ayənin tanıdılması
Qılınc ayəsi və ya döyüş ayəsi “Tövbə” surəsinin beşinci ayəsidir. Bu ayəyə görə hicrətin doqquzuncu ilində müsəlmanlara əmr olundu ki, dörd ay möhlət verdikdən sonra müşriklərlə onları öldürmək, əsir almaq və mühasirəyə salmaq kimi rəftarlarla sərt şəkildə davranmalıdırlar.[1]
Ayəyə əsasən, əgər müşriklər təyin olunmuş müddət tamamlanmadan əvvəl İslamı qəbul etsələr və İslamın əsas şüarlarından olan namaz və zəkatı yerinə yetirsələr, aman veriləcək və müsəlmanların malik olduğu bütün hüquq və imkanlardan bərabər şəkildə faydalanacaqlar.[2] Ayədə namaz qılmaq və zəkat verməyi iman gətirmək və tövbə etməyin əlaməti hesab ediblər.[3] Ayətullah Məkarim Şirazinin qeyd etdiyi kimi, ayənin zahirindən belə nəticə çıxır ki, “yolları kəsmək, mühasirəyə almaq, əsir götürmək və öldürmək” kimi dörd mövzudan birini seçmək istəyə bağlı deyil. Daha doğrusu, zamana, məkan və s. şəraitə görə hansısa biri tətbiq olunur.[4]
Təfsirçilər dörd aylıq möhlətin hansı ayları əhatə etdiyinə dair fərqli fikirlər irəli sürüblər. Bəziləri bu ayların “haram aylar” olduğunu bildiriblər.[5] Əksəriyyət isə bu dörd ayın hicrətin doqquzuncu ilinin Zilhiccə ayının 9-dan başlayaraq onuncu ilin Rəbiüs-sani ayının 10-na qədər olan müddət olduğunu söyləyiblər.[6]
Bəzi fəqihlər “seyf” ayəsinə istinad edərək “tariküs-salat”ı namaz qılmayan şəxsi mürtəd hesab edib və onun öldürülməsini vacib biliblər. Çünki bu ayədə namaz, müşrikin öldürülməməsi üçün qoyulan əsas şərtlərdən biri kimi qeyd olunub.[7] Bəzi təfsirçilər “Tövbə” surəsinin 29-cu ayəsini[8] və “Həcc” surəsinin 39-cu ayəsini də “qılınc və döyüş ayələri” hesab ediblər.[9]
«فَإِذَا انْسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ»
“Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən Allah çox bağışlayan və mehribandır” [10]
(Tövbə, 5)
Əhd-peyman sındıran müşriklərlə müharibə
Müfəssirlər bu ayədə qeyd olunan müşriklərdən məqsədin, Peyğəmbərin (s) dövründə o Həzrət və müsəlmanlarla əhd-peyman bağlayıb sonra bu əhdi pozan müşriklər olduğunu bildirirlər.[11] Bəziləri isə bu ayədə məqsədin, müsəlmanlara qarşı hiylə quran və döyüş halında olan kafirlər olduğunu deyiblər.[12]
Sünni müfəssir Rəşid Rza (1935-ci ildə vəfat edib) bu ayə və döyüşlə bağlı digər ayələrin təfsirində bildirib ki, bu ayələrdə məqsəd yalnız Məkkə müşrikləridir ki, Allah-Taala döyüş ayələrində onların dəfələrlə əhd pozan olduqlarına vurğu etmişdir.[13] Quran müfəssiri Məhəmməd İzzət Dərvuzə (1984-cü ildə vəfat edib) hesab edir ki, “Tövbə” surəsinin əvvəlindəki ayələrin hökmü, Peyğəmbər (s) Təbuk döyüşündə olarkən əhd pozub müsəlmanlara qarşı hiylə quran müşriklərə aiddir.[14] Onun fikrincə, bu ayələrin hökmünü bütün müşriklərə aid etmək, ayələrin konteksti və məzmununa uyğun olmayan bir məna yükləməkdir.[15]
Bəzi tədqiqatçılar qeyd ediblər ki, “Tövbə” surəsinin 5-ci ayəsi sələfi cihadçı qruplar tərəfindən ibtidai cihad üçün istinad nöqtəsi olaraq istifadə edilir.[16] Bu qruplar həmin ayəni bütün əfv və sülh ayələrinin nəsx edəni (hökmünü ləğv edəni) sayır və buradakı “müşriklər” sözünü istər döyüşən, istərsə də döyüşməyən bütün kafirlərə aid edirlər.[17] Digər bir baxışa görə isə bu ayənin belə şərh olunması və zorla din qəbul etdirmək anlamında təfsir olunması İslamın simasını zədələyir və müsəlmanların etiqadına mənfi təsir göstərir.[18]
Ayənin nasix ya mənsux olması
Bəzi müfəssirlərin fikrincə, “qılınc ayəsi” (Tövbə 5) müşriklərə qarşı əfv, sülh və fidyə verməyi əmr edən 124 ayənin hökmünü nəsx etmişdir.[19] Bəziləri isə bunun əksini düşünərək, bu ayənin əfv və sülh ayələri tərəfindən nəsx olunduğunu bildirirlər.[20] Başqa bir qrupa görə isə “Tövbə” surəsinin 5-ci ayəsi ilə “Muhəmməd” surəsinin 4-cü ayəsi (orada müşriklərdən fidyə almaqdan bəhs olunur) bir-birini nəsx etmir və hər ikisi də möhkəm ayələrdir. Çünki Peyğəmbər (s) müşriklərə qarşı həm döyüşməyə, həm də əfv etmək və fidyə almağa əmr etmişdir.[21]
Bəzi müfəssirlər bu ayəni ondan sonrakı ayə ilə əlaqələndirirlər.[22] Növbəti ayədə Allah, Peyğəmbərə (s) buyurur ki, əgər müşriklərdən biri səndən aman istəyərsə, ona imkan ver ki, Allahın sözünü eşitsin. Sonra onu təhlükəsiz bir yerə çatdır.[23] Rəşid Rza bu ayənin “qılınc ayəsi”ni təxsis (istisna) etdiyini qeyd edir. Çünki bu müşriklər Allahın kəlamını hələ eşitməmiş və onlara dəvət tam şəkildə çatmamışdır. Bu səbəblə Allah onlara həqiqətə çatmaq üçün yol açır və “qılınc ayəsi”nin hökmünü istisna edir.[24]
Bəziləri isə hesab edirlər ki, “qılınc ayəsi”nin nəsxedici olması mümkünsüzdür. Çünki həmin ayədən sonra gələn “Tövbə” surəsinin 29-cu ayəsi, kitab əhlinə (yəhudi və xristianlara) cizyə verməklə azad yaşama imkanı tanıyır.[25]
İstinadlar
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.152
- ↑ Muğniyə, Təfsirul-kaşif, h.q 1424, c.4, s.12
- ↑ Bəyzavi, Ənvarut-tənzil, h.q 1418, c.3, s.71
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.292
- ↑ Haşimi Rəfsəncani, Rahnəma, h.ş 1386, c.7, s.16; Nəcəfi Cəvahiri, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.33
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.12; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.151
- ↑ Əstirabadi, Ayatul-əhkam, c.1, s.249
- ↑ Xoyi, Əl-Bəyan, h.q 1430, s.286
- ↑ Mərkəze ettelaat və mədarike islami, Fərhəngnameye ulume Quran, h.ş 1394, c.1, s.415
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Kaşifi, Təfsire Hüseyni, s.398; Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.2, s.322; İşkəvəri, Təfsiru şərif Lahici, h.ş 1373, c.2, s.227; Bəyzavi, Ənvarut-tənzil, h.q 1418, c.3, s.71
- ↑ Qərəşi, Təfsiru əhsənil-hədis, h.ş 1375, c.4, s.188
- ↑ Armin, Cərəyanhaye təfsiri muasir, h.ş 1396, s.140
- ↑ Armin, Cərəyanhaye təfsiri muasir, h.ş 1396, s.395
- ↑ Armin, Cərəyanhaye təfsiri muasir, h.ş 1396, s.395
- ↑ Lütfi, Nəqde didqahhaye sələfiyyə cihadi dərbareye cihade ibtidai ba tekye bər ayeye 5 sureye tovbe, s.35
- ↑ Lütfi, Nəqde didqahhaye sələfiyyə cihadi dərbareye cihade ibtidai ba tekye bər ayeye 5 sureye tovbe, s.35
- ↑ Şayiq, Həlle təaruze zahiri beyne ayate seyf və nıfye ikrah və təsire an dər məsəleye azadi dər entexabe din, s.82
- ↑ Siyuti, Əl-İtqan, h.q 1415, c.2, s.51; Cəzairi, Uqudul-mərcan, h.ş 1388, c.2, s.288
- ↑ Ənnəhas, Ən-Nasixu vəl-mənsux, h.q 1408, s.493
- ↑ Şah Əbdül-Əzimi, Təfsiru İsna Əşəri, h.ş 1363, c.5, s.22
- ↑ Rəşid Rza, Təfsirul-mənar, m.1900, c.10, s.159
- ↑ Tövbə surəsi, ayə 6
- ↑ Rəşif Rza, Təfsirul-mənar, m.1990, c.10, s.159
- ↑ Şayiq, Həlle təaruze zahiri beyne ayate seyf və nıfye ikrah və təsire an dər məsəleye azadi dər entexabe din, s.81
Ədəbiyyat
- Əstirabadi, Mirza Məhəmməd ibn Əli, Ayatul-əhkam, Tehran, Məktəbətul-meraci
- Armin, Möhsin, Cərəyanhaye təfsiri muasir, Tehran, h.ş 1396
- İşkəvəri, Məhəmməd ibn Əli, Təfsiru şərif Lahici, Tehran, h.ş 1373
- Bəyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil, Beyrut, h.q 1418
- Cəzairi, Seyyid Nemətullah, Uqudul-mərcan, Qum, Nure vəhy, h.ş 1388
- Xoyi, Seyid Əbül-Qasim, Əl-Bəyan, Qum, h.q 1430
- Rəşid Rza, Məhəmməd, Təfsirul-mənar, Misir, m.1900
- Siyuti, Cəlaləddin, Əl-İtqan fi ulumil-Quran, Qahirə, h.q 1415
- Şah Əbdül-Əzimi, Hüseyn, Təfsiru İsna Əşəri, Tehran, Miyqat, h.ş 1363
- Şayiq, Məhəmməd Rza, Həlle təaruze zahiri beyne ayate seyf və nıfye ikrah və təsire an dər məsəleye azadi dər entexabe din, h.ş 1395
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
- Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Təfsirus-Safi, Tehran, Məktəbətus-sədr, h.q 1415
- Qərəşi Bunabi, Əliəkbər, Təfsiru əhsənil-hədis, Tehran, Bunyade besət, h.ş 1375
- Kaşifi, Hüseyn ibn Əli, Təfsire Hüseyni, Sərəvan, Ketabfuruşiye nur
- Lütfi, Əliəkbər, Nəqde didqahhaye sələfiyyə cihadi dərbareye cihade ibtidai ba tekye bər ayeye 5 sureye tovbe, h.ş 1396
- Mərkəze ettelaat və mədarike islami, Fərhəngnameye ulume Quran, Qum, h.ş 1394
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
- Muğniyə, Məhəmməd Cavad, Təfsirul-kaşif, Qum, Darul-kitabil-İslami, h.q 1424
- Ənnəhas, Əbu Cəfər Əhməd ibn Məhəmməd, Ən-Nasixu vəl-mənsux, Küveyt, Əl-Fəllah, h.q 1408
- Nəcəfi Cəvahiri, Cəvahirul-kəlam, Beyrut, h.ş 1362
- Haşimi Rəfsəncani, Əkbər, Təfsire Rahnəma, Qum, Bustane kitab, h.ş 1386