Qeybət etmək ayəsi

wikishia saytından
Qeybət etmək ayəsi
Ayənin adıQeybət ayəsi
Yerləşdiyi surəHucurat
Ayənin nömrəsi12
Cüz26
Nazil olma məkanıMədinə
MövzuƏxlaq, fiqh
BarəsindəQeybətin haram olması və onun səbəbi


Qeybət etmək ayəsi (ərəbcə: آية الغيبة) qeybət etməyin haram olduğunu və bunun səbəbini bəyan edir. Bu ayədə qeybət etmək ölmüş qardaşının ətini yeməyə bənzədilmişdir və insan ölmüş qardaşının ətini yeməyə nifrət etdiyi kimi, qeybət etməyə də nifrət etməlidir.

Bu ayə Peyğəmbərin (s) Salman Farsi və Üsamə ibn Zeydin qeybətini edən iki səhabəsi haqqında nazil olmuşdur.

Ayədə ona görə “qardaş” ibarəti işlədilib ki, “qardaşlıq” ayəsinə əsasən, möminlər bir-birlərinə qardaş olaraq tanıtdırılıblar. Bəzi fəqihlərin nəzərinə görə, “ləhmə əxihi məytən” (ölü qardaşının ətini) ifadəsinə əsasən, yalnız müsəlmanların qeybətini etmək haramdır, kafirlərin və hətta fasiq şəxslərin qeybətini etmək isə mübah (icazəli) sayılır. Bunun əksinə, bəzi fəqihlər bu ayədə qeybət etməyin haramlığının ümumiliyinə əsaslanaraq, qeyri-möminlərin də qeybətini etməyi haram saymışlar. Ayətullah Məkarim Şirazinin dediyinə görə, qeyd olunan ayəyə əsasən, pis güman etmək casusluğun mənşəyi, casusluq gizli eyblərin aşkara çıxmasına, eyblərdən xəbərdar olmaq isə qeybət etməyə səbəb olur. Bu səbəbdən, İslamda bu üç şey haram edilmişdir.

Qeyb ayəsinin mətni və tərcüməsi

Hücürat surəsinin on ikinci ayəsi qeybət ayəsi adlanır:[1]

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ ۖ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَبْ بَعْضُكُمْ بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ تَوَّابٌ رَحِيمٌ
Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır.[2]



(Hucurat, 12)


Ayənin nazil olma səbəbi

Mədinədə nazil olan qeybət ayəsi[3] üçün iki nazil olma səbəbi nəql olunmuşdur:

  • Təbərisinin (vəfatı: hicri 548-ci il) “Məcməul-Bəyan” təfsirində yazdığına görə, bu ayə Peyğəmbərin (s) iki səhabəsi haqqında nazil olmuşdur ki, onlar Salman Farsi haqqında qeybət etmişdilər. Həmin iki nəfər Salmanı Peyğəmbərin (s) yanına göndərmişdilər ki, onlara yemək gətirsin. Peyğəmbər (s) Salmanı anbarçı olan Üsamə ibn Zeydin yanına göndərdi. Üsamə Salmana yeməyin bitdiyini deyir və Salman əliboş qayıdır. O iki nəfər Üsaməni xəsis adlandırdılar və Salman haqqında da dedilər ki, onu “Səmihə quyusuna (su ilə dolu quyunun adı) göndərsək, quyu quruyar. Sonra özləri yola düşüb Üsamənin yanına gəldilər ki, məsələ barədə axtarış etsinlər. Peyğəmbər (s) onlara buyurdu: Sizə nə olub ki, ağzınızda ət qalıqlarını görürəm? Hər ikisi dedilər: Ey Allahın Peyğəmbəri (s), biz bu gün ət yeməmişik. Həzrət Peyğəmbər (s) buyurdu: “Siz Salman və Üsamənin ətini yeyirsiniz!”. Bundan sonra qeybət ayəsi nazil oldu.[4]
  • Nəql olunub ki, “Və la yəğtəb bəzukum bəzən” (bir-birinizin qeybətini etməyin) ayəsi Peyğəmbərin (s) xidmətçilərindən biri haqqında nazil olmuşdur ki, səhabələr Peyğəmbəri (s) ziyarət etməyə gələndə onlardan yemək istəyir, sonra da onların görüşünə mane olurdu. Bu səbəbdən, onu yumşaq dilli xəsis adlandırdılar və ayə onun haqqında nazil oldu.[5]

Ayənin təfsiri ilə bağlı məqamlar

İbn Abbas ayənin təfsirində deyir ki, Allah muradar əti haram etdiyi kimi, qeybəti də haram etmişdir.[6] Bu ayəyə əsasən, insan ölü əti yeməkdən ikrah hissi duyduğu kimi, diri insanın qeybətini etməkdən də də ikrah hissi duymalıdır.[7] Birincisi, insan fitrətinə ziddir, ikincisi isə ağıl və şəriətə ziddir.[8] Əllamə Təbatəbainin dediyinə görə, “Fə kərihtumuhu” dedikdə, bir ölü qardaşın ətini yeməyə nifrət etməyin qəti və sabit bir şey olduğuna dəlalət edir və heç kəs şübhəsiz belə bir şey etməz. Deməli, mömin qardaşın qeybətini etməyə də nifrət etmək lazımdır. Çünki bu, ölmüş qardaşın ətini yemək kimidir.[9] İmam Xomeyni (r.ə) “Şərhe çehel hədis” kitabında belə buyurmuşdur: Ölü qardaşın ətini yemək qeybət etməyin batini şəklidir və axirətdə qeybət etmək bu şəkildə zahir olacaqdır.[10]

Qeybət etməyin ölü əti yeməyə bənzədilməsi haqqında belə deyilib. Necə ki, kimsə ölünün əti yeyildikdə ölü heç nə hiss etmir, qeybət etməkdə də, kiminsə arxasınca pis sözlər deyilsə, qeybəti olunan şəxs onu hiss etmir.[11] Əllamə Təbatəbainin fikrinə əsasən, ayədə qardaş ibarəti ona görə işlədilib ki, əvvəlki iki ayədə (Hucurat surəsinin 10-cu ayəsində) möminlər bir-birinin qardaşı adlandırılıblar. “Ölü” və “murdar” sözlərinin işlədilməsi də ona görədir ki, qeybəti olunan şəxs onun arxasınca qeybət edilməsindən xəbərsizdir.[12]

Ayətullah Məkarim Şirazi “Nümunə” təfsirində bu ayəyə əsaslanaraq pis zənni casusluq, casusluğu gizli eyblərin aşkara çıxması, eyblərdən xəbərdar olmağı isə qeybət etməyin səbəbi hesab etmişdir ki, İslam bu əməllərin üçünün də haram olduğunu bildirmişdir.[13]

Fiqhi istifadələr

Fəqihlər qeybət ayəsinə əsaslanaraq qeybət etmək üçün bir sıra hökmlər qeyd etmişlər ki, bunlar aşağıdakılardan ibarətdir:

  • Fəqihlər bu ayədən qeybət etməyin haram olması üçün istifadə edirlər.[14] Qeybət üçün müxtəlif təriflər verilmişdir.[15] Əllamə Təbatəbainin nəzərinə görə, onların hamısının ortaq cəhəti odur ki, kiminsə arxasınca bir şey söylənilir ki, onu eşitdikləri zaman, narahat olurlar.[16]
  • Qeyd olunan ayədə bəyənilmədiyi və ölü əti yeməyə bənzədildiyi üçün qeybət  etmək böyük günah hesab edilmişdir.[17]
  • Bildirilib ki, ayədə qeybət etməyin haram olması yalnız müsəlmanların qeybətinin edilməsini ehtiva edir. Çünki “ləhmə əxihi məytən” (ölü qardaşının ətini) ifadəsi kafirə şamil olmur.[18] Həmçinin ayədə keçən “bəzukum” kəlməsi kafirlərin qeybətini etməyin caiz olmasına dəlil kimi qiymətləndirilmişdir.[19]
  • Bəzi fəqihlər bu ayədə qeybət etməyin haramlığının ümumiliyinə əsaslanaraq, qeyri-möminlərin də qeybətini etməyi haram saymışlar.[20] Lakin bəzilərinə görə, ayə yalnız möminlərin qeybətini etməyin haram olmasına şamil olur.[21]
  • Fasiqin qeybətinin edilməsi ayənin ümumiliyindən istisna edilir və onun qeybəti mübah (caiz) sayılır.[22]

İstinadlar

  1. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqhe Farsi, h.ş 1385, c.1, s.199
  2. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  3. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.18, s.305
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.203
  5. İbn Əbi Hatəm, Təfsirul-Quranil-Əzim, h.q 1409, c.10, s.3306
  6. İbn Əbi Hatəm, Təfsirul-Quranil-Əzim, h.q 1409, c.10, s.3306
  7. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.206; Təbərani, Ət-Təfsirul-kəbir, m. 2008, c.6, s.87; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.18, s.323
  8. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.206; Təbərani, Ət-Təfsirul-kəbir, m. 2008, c.6, s.87
  9. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.18, s.324
  10. İmam Xomeyni, Şərhe çehel hədis, h.ş 1380, s.303
  11. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.206; Təbərani, Ət-Təfsirul-kəbir, m. 2008, c.6, s.87
  12. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.18, s.324
  13. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.22, s.184
  14. Nəraqi, Mustənəduş-şiə, h.q 1415, c.14, s.161; Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqhe Farsi, h.ş 1385, c.1, s.199 və 200
  15. İmam Xomeyni, Məkasibul-muhərrəmə, h.q 1415, c.1, s.381-385
  16. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.18, s.323
  17. Şəhid Sani, Rəsailuş-Şəhid Əs-Sani, Ketabfuruşiye Bəsirət, s.285; Ərdəbili, Məcməul-faidə vəl-burhan, h.q 1403, c.12, s.339; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.22, s.185
  18. Ərdəbili, Məcməul-faidə vəl-burhan, h.q 1403, c.8, s.76-77; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.18, s.325
  19. Fazil Kazimi, Məsalikul-əfham, h.ş 1365, c.2, s.416 və 417
  20. Ərdəbili, Məcməul-faidə vəl-burhan, h.q 1403, c.8, s.76-77
  21. Fazil Kazimi, Məsalikul-əfham, h.ş 1365, c.2, s.416; Nəraqi, Mustənəduş-şiə, h.q 1415, c.14, s.161
  22. Fazil Kazimi, Məsalikul-əfham, h.ş 1365, c.2, s.416

Ədəbiyyat

  • İbn Əbi Hatəm, Əbdür-Rəhman ibn Məhəmməd, Təfsirul-Quranil-Əzim, Riyad, 3-cü çap, h.q 1409
  • Ərdəbili, Əhməd ibn Məhəmməd, Məcməul-faidə vəl-burhan, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1403
  • İmam Xomeyni, Ruhullah, Şərhe çehel hədis, Qum, 24-cü çap, h.ş 1380
  • İmam Xomeyni, Ruhullah, Məkasibul-muhərrəmə, Qum, 1-ci çap, h.q 1415
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Rəsailuş-Şəhid Əs-Sani, Qum, Ketabfuruşiye Bəsirət, 1-ci çap
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • Təbərani, Süleyman ibn Əhməd, Ət-Təfsirul-kəbir, İordaniya, 1-ci çap, m. 2008
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Fazil Kazimi, Cavad ibn Səid, Məsalikul-əfham, Təhqiq və Düzəliş: Məhəmməd Təqi Kəşfi, Tehran, Mürtəzəvi, 2-ci çap, h.ş 1365
  • Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqhe Farsi, Qum, 2-ci çap, h.ş 1385
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
  • Nəraqi, Molla Əhməd, Mustənəduş-şiə, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1415