Qiblə ayəsi (ərəbcə: آية القبلة) “Bəqərə” surəsinin 144-cü ayəsidir ki, müsəlmanlara qibləni Məscidül-Əqsadan Məscidül-Harama dəyişməyi əmr edir. Müsəlmanların Mədinəyə hicrətindən sonra bu şəhərin yəhudi sakinləri müsəlmanların Məscidül-Əqsaya doğru yönəlmələrini İslam dininin mötəbər olmadığının sübutu kimi qeyd etdilər. Bu məsələ səbəb oldu ki, Peyğəmbər (s) Kəbənin müsəlmanların qibləsi olmasını arzu etsin.
Yerləşdiyi surə | Bəqərə |
---|---|
Ayənin nömrəsi | 144 |
Cüz | 2 |
Nazil olma səbəbi | Müsəlmanların qibləsinin Məscidül-Əqsadan Kəbəyə dəyişdirilməsinin elanı |
Nazil olma məkanı | Mədinə |
Mövzu | Fiqhi |
Barəsində | Qiblənin dəyişməsi |
Başqa ayələr ilə bağlılığı | Bəqərə surəsinin 115-ci ayəsi |
Bəzi təfsirçilər “Bəqərə” surəsinin 142-dən 144-ə qədər olan ayələrini bəziləri isə “Bəqərə” surəsinin 150-ci ayəsini qiblənin dəyişdirilməsi ayələri hesab ediblər. Təfsirçilər qiblə ayəsinin nazil olması zamanını Mədinəyə hicrətdən sonra yeddi ilə on doqquz ay arasında hesab ediblər. Müxtəlif tarixi rəvayətlərə əsasən, qiblə ayəsinin nazil olduğu yer bu üç yerdən biridir: Qibləteyn məscidi, Bəni Salim ibn Ovf qəbiləsi məscidi və Peyğəmbər (s) məscidi.
Qiblə ayəsinin mətni və tərcüməsi
«قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ ۗ وَإِنَّ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ»
“Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, şübhəsiz, bu, (Kə’bəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır. (Çünki, onların kitabında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı vardır.) Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir”. [1]
Bəqərə surəsi, ayə 144
Qibləni dəyişdirmək hökmünü bəyan edən bu ayə qiblə ayəsi kimi tanınır.[2] Bəzi təfsirçilər “Bəqərə” surəsinin 150-ci ayəsini də qiblə ayəsi adlandırmışlar.[3] Həmçinin sünni təfsirçilərindən olan Təntavi “Bəqərə” surəsinin 142-dən 144-ə qədər olan ayələrini qiblənin dəyişdirilməsi ayələri hesab etmişdir.[4]
Ayənin nazil olma səbəbi
Sünni təfsirçilərindən Muhəmməd ibn Cərir Təbərinin nəqlinə əsasən, Mədinə yəhudiləri Peyğəmbərin (s) Məscidül-Əqsaya namaz qılmasını tənqid edərək deyirdilər: Muhəmməd (s) bizim dinimizə müxalifdir, lakin bizim qibləmizə namaz qılır. Bu səbəbdən, Peyğəmbər (s) müsəlmanların qibləsinin müstəqil olmasını və Kəbəyə tərəf namaz qılmasını istəyirdi.[5] Buna görə də Peyğəmbər (s) səmaya baxır və Allahın qibləni dəyişmək əmrini gözləyirdi ki, bu ayə nazil oldu və qibləni Məscidül-Əqsadan Kəbəyə dəyişmək əmrini bəyan etdi.[6]
Ayənin nazil olma vaxtı və yeri
Təfsirçilər bu ayənin nazil olma vaxtının hicrətdən yeddi[7] ilə on doqquz[8] ay sonra olduğunu qeyd etmişlər. Əllamə Təbatəbainin “Əl-Mizan” əsərində yazdığına görə, hicrətin ikinci ilinin Rəcəb ayında olan qiblənin dəyişmə tarixini nəzərə alaraq, ən düzgün vaxtı hicrətdən 17 ay sonra hesab edir.[9] Məkarim Şirazi “Nümunə” təfsirində qiblənin dəyişdirilməsinin zöhr namazında baş verdiyini bildirmişdir. Elə bir şəkildə ki, kişi və qadın birlikdə yerlərini dəyişiblər.[10]
Müxtəlif tarixi xəbərlərə görə, qiblənin dəyişdirilməsi hökmünün nazil olma və icra edilmə yeri bu üç yerdən biridir:
- Bəni Səlimə məhəlləsi məscidi[11] ki, Mədinənin şimal-qərbində[12] yerləşir və “Qibləteyn” məscidi[13] kimi tanınır.
- Peyğəmbərin (s) ilk cümə namazını qıldığı Bəni Salim ibn Ovf qəbiləsinin məscidi.[14]
- Məscidün-Nəbi.[15]
Qiblə ayəsinin nəsx edən olması
Fəzl ibn Həsən Təbərsinin “Məcməul-bəyan” əsərində yazdığına görə, bəzi insanlar qiblə ayəsinin “Bəqərə” surəsinin 115-ci ayəsini «فَأَيْنَما تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّه» (hər tərəfə dönsəniz, Allah oradadır) nəsx etdiyini iddia ediblər. Amma özü də bu fikri qəbul etməmiş və hədislərə əsasən, “Bəqərə” surəsinin 115-ci ayəsində səfər zamanı müstəhəb namaz qılmaqdan bəhs edildiyini bildirmişdir.[16]
İstinadlar
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.325
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.329
- ↑ Təntavi, Təfsirul-vəsit, h.q 1412, c.1, s.294
- ↑ Təbəri, Cameul-bəyan, h.q 1412, c.2, s.13
- ↑ Təbəri, Cameul-bəyan, h.q 1412, c.2, s.13
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.331
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.333
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.331
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.491
- ↑ Mömini, https://hajj.ir/fa/1
- ↑ Qaidan, Tarix və asare İslamiye Məkkə və Mədineye Münəvvəre, h.ş 1386, s.268
- ↑ İbn Seyyidun-Nas, Uyunul-əsər, h.q 1414, c.1, s.269
- ↑ Qumi, Təfsirul-Qumi, h.ş 1363, c.1, s.63; Təbərsi, İlamul-vəra, Darul-kutubil-İslamiyyə, s.71
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1418, c.1, s.186
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.1, s.420-421
Ədəbiyyat
- İbn Səd, Ət-Təbəqatul-kübra, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1418
- İbn Seyyidun-Nas, Məhəmməd ibn Məhəmməd, Uyunul-əsər, Təhqiq: İbrahim Məhəmməd, Beyrut, Darul-qələm, h.q 1414
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir xosrov, h.ş 1372
- Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-fikr, h.q 1412
- Təntavi, Seyyid Məhəmməd, Təfsirul-vəsit, Qahirə, Darul-məarif, h.q 1412
- Qaidan, Əsğər, Tarix və asare İslamiye Məkkə və Mədineye Münəvvəre, Tehran, Məşər, h.ş 1386
- Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, h.ş 1363
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371