Məharim ayəsi
Məharim ayəsi (ərəbcə: آية المحارم) - (Nisa surəsi 23-cü ayə) evlənməyin haram olduğu qohumların kimliyindən bəhs edir. Beləki, bu ayədə yeddi dəstə nəsəbi məhrəmlik vasitəsiylə məhrəm olan qadınlar, iki dəstə rizai məhrəmlik vasitəsiylə məhrəm olan qadınlar, dörd dəstə isə evlilikdən və ya səbəbi qohumluq əlaqəsi vasitəsiylə məhrəm olan qadınlar barəsində hökmlər bəyan olunur.
“Hicab” ayəsi kimi tanınan “Nur” surəsinin 31-ci ayəsində də bəzi məhrəm qadınların kimliyinə aydınlıq gətirilmişdir.
Mətni və tərcüməsi
Nisa surəsinin 23-cü ayəsində evlənməyin haram olduğu qadınların kimliyi barəsində söhbət edilir:
حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالَاتُكُمْ وَبَنَاتُ الْأَخِ وَبَنَاتُ الْأُخْتِ وَأُمَّهَاتُكُمُ اللَّاتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُمْ مِنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَائِكُمْ وَرَبَائِبُكُمُ اللَّاتِي فِي حُجُورِكُمْ مِنْ نِسَائِكُمُ اللَّاتِي دَخَلْتُمْ بِهِنَّ فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلَابِكُمْ وَأَنْ تَجْمَعُوا بَيْنَ الْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ ۗ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا
"(Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın – yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları – əgər onlarla yaxınlıq etməmisinizsə onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur – eləcə də (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq – (cahiliyyət dövründə olub) keçən istisna olmaqla – sizə əbədi haram olunmuşdur. Həqiqətən, Allah həmişə çox bağışlayan və mehribandır. "[1]
Nisa surəsi, ayə 23
Nazil olma səbəbi
Şeyx Tusinin “Təfsir ət-Tibyan” kitabında yazdığına görə, “Nisa” surəsinin 23-cü ayəsinin (öz belinizdən gələn oğullarınızın arvadları) bir hissəsi Allah Rəsulu (s) Zeynəb binti Cəhşin yanında olarkən nazil olmuşdur. Zeyd ibn Harisənin arvadı (övladlığa götürdüyü oğlu) Zeyd Mütə döyüşündə öldürüldükdən sonra Peyğəmbərlə (s) evləndi və müşriklər bu barədə dedi-qodu etməyə başladılar.[2]
“Təfsir Nümunə” kitabında qeyd olunduğu kimi, Peyğəmbərin (s) Zeynəblə evlənməsi əslində doğma övladlarla bağlı bütün hökmləri övladlığa götürülmüş uşaqlar üçün tətbiq edən cahiliyyət dövrünün adətlərindən birini aradan qaldırmaq məqsədi daşıyırdı. Çünki, cahiliyyət dönəmində övladlığa götürülmüş övladın boşandıqdan sonra həyat yoldaşı ilə evlənmək çirkin bir əməl kimi qəbul edilirdi.[3]
Məhrəmlər
Əsas məqalə: Məharim
Məhrəm o şəxslərdir ki, qohumluq vasitəsiylə yaranan məhrəmliyə görə bir-birinə baxmaq, zinətini aşkar etmək caizdir və onlarla evlənmək haramdır.[4] Məharim ayəsi nəsəbi, səbəbi və rizayi qohumluqları bəyan edir ki, bu qohumların bir-biriylə evlənməsi haramdır.[5]
* Nəsəbi: Bir növ qohumluqdur ki, doğulmaq vasitəsiylə bir və ya bir neçə nəfər arasında meydana gəlir.[6] Fəqihlər bu ayəyə istinad edərək, nəsəbi vasitəsiylə yeddi dəstə kişilərin yeddi dəstə qadınlar ilə evlənməsini haram bilmişlər.[7]
- Ana və nənə: ana nənəsi və ata nənəsi[8]
- Qız və övladın qızı[9]
- Bacılar[10]
- Qardaşın qızı və nəvəsi və nəticəsi və daha aşağı[11]
- Bacının qızı, nəvəsi, nəticəsi və daha aşağı[12]
- Bibi və ata-ananın bibisi[13]
- Xala və ata-ananın xalası[14]
* Rizai: Bir uşağın anasından başqa bir qadından süd əmməyi ilə meydana gələn məhrəmliyə rizai məhrəmlik deyilir.[15] Bu ayədə yalnız süd ana və bacı ilə nikahın haram olmasından bəhs edilir.[16] Fəqihlər, Peyğəmbərin (s) “nəsəbə görə haram olan şey, süd veməklə də haramdır”[17] hədisinə istinad edərək nəsəb vasitəsiylə evlənməyin haram olduğu qadınlarla süd vasitəsiylə evlənməyi də haram bilmişlər.[18]
* Səbəbi: Nikah əqdini oxumaqla ər-arvaddan başqa, kişi və qadının bəzi qohumları bir-birinə məhrəm olurlar. Buna səbəbi məhrəmlik deyilir.[19] Məharim ayəsində bu qadınların dörd dəstəsi barəsində bəhs olunur. Onlar aşağıdakılardır:
- Qadının anası
- Rəbibə (arvadının qızı (digər ərindən). Bir şərtlə ki, evləndikdən sonra qızın anası ilə cinsi əlaqədə olsun.
- Gəlinin oğlunun arvadı
- Eyni zamanda iki bacı ilə evlənmək[20]
Təfsiri
Bəzi təfsirçilərin fikrincə, “keçmişdə baş verənlər istisna olmaqla, iki bacı ilə birlikdə evlənmək (haramdır)” təbirindən məqsəd budur ki, cahiliyyət dövründə iki bacı ilə eyni vaxtda evlənmək adət idi və bu ayənin nazil olması ilə hər kim keçmişdə belə nikah etmişdisə, ona günah yazılmayacaqdır, bir şərtlə ki, iki bacıdan birini seçib digərini boşamalıdır.[21] Əllamə Təbatəbainin “Təfsirul-Mizan” kitabında yazır ki, istisna sadəcə iki bacı arasında evliliyi əhatə etmir, habelə ayədə zikr olunan digər təbəqələrə də şamildir. Çünki keçmişdə ərəblərdən savayı ayədə (məharim ayəsində) adı çəkilən qadınların bəziləri ilə evlənən qövmlər var idi. Halbuki, İslam bu istisna ilə, o nikahları doğru saymış və onlardan doğulan uşaqların halal olmasına hökm vermişdir.[22] Əlbəttə, Əllamə Təbatəbai birinci ehtimalı (ayədəki istisnanın iki bacının evlənməsinə tətbiq edilməsini) daha aşkar hesab etmişdir.[23]
Məkarim Şirazinin fikrincə, “…Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir” ayəsinin son cümləsi ikinci ehtimala daha uyğundur.[24] “Təfsir Nümunə” kitabında bu ayədə iki bacı ilə evlənməyin haram olmasının fəlsəfəsinin onların duyğularının ziddiyyət təşkil etməsinin qarşısını almaq üçün ola biləcəyi bəyan olunmuşdur. Çünki nəsəbi əlaqəyə əsasən iki bacının bir-birinə güclü bağlılığı vardır, ancaq bir-birinə rəqib olsalar, bu zaman bu bağlılığı qoruya bilməyəcəklər, çünki onların vücudunda məhəbbət və rəqabət motivi daim ziddiyyət təşkil edəcəkdir.[25]
Əlaqəli ayə
Hicab ayəsi kimi məşhur olan Nur sürəsinin 31-ci ayəsində də qadınlara bəzi göstərişlər verilməklə yanaşı, onlar arasında bəzi məhrəmlərə də işarə edilmişdir:
وَقُل لِّلْمُؤْمِنَاتِ... وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ
Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.
İstinadlar
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Şeyx Tusi, Ət-Tibyan c.3, s.159
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.3, s.330
- ↑ Meşkini, Mustələhatul-fiqh, h.ş 1381, s.272
- ↑ Müqəddəs Ərdəbili, Zubdətul-bəyan, s.523-524
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.225
- ↑ Müqəddəs Ərdəbili, Zubdətul-bəyan, s.523-524; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.29, s.238
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.29, s.238
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.2, s.282
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.2, s.283
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.2, s.283
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.2, s.283
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.2, s.283
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.2, s.283
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.29, s.264
- ↑ Fazil Miqdad, Kənzul-irfan, c.2, s.182
- ↑ Məğribi, Dəaimul-İslam, h.q 1385, c.2, s.240
- ↑ Fazil Miqdad, Kənzul-irfan, c.2, s.182; Müqəddəs Ərdəbili, Zubdətul-bəyan, s.524
- ↑ Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.7, s.281
- ↑ Fazil Miqdad, Kənzul-irfan, c.2, s.184
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.265; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.3, s.331
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.266
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.266
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.3, s.331
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.3, s.331
Ədəbiyyat
- İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, 1-ci çap, h.q 1434
- Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1413
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Dəftəre enteşarate İslami, Qum, 5-ci çap, h.q 1417
- Fazil Miqdad, Abdullah, Kənzul-irfan, Qum
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmaliyyan müəssisəsi, 2-ci çap, h.q 1408
- Meşkini, Əli Əkbər, Mustələhatul-fiqh, Qum, Əl-Hadi nəşri, 3-cü çap, h.ş 1381
- Məğribi, Qazi Numan, Dəaimul-İslam, Qum, 2-ci çap, h.q 1385
- Müqəddəs Ərdəbili, Əhməd ibn Məhəmməd, Zubdətul-bəyan, Tehran, 1-ci çap
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
- Nəcəfi, Məhəmməd Möhsin, Cəvahirul-kəlam, Beyrut, h.q 1404