Məzmuna keç

Peyğəmbərin (s) həyat yoldaşları

wikishia saytından
Peyğəmbərin (s) zövcələri
Xüveylidin qızı Xədicə (Evlilik: 25 Amul-fil)
Zəməənin qızı Sudə Evlilik: Hicrətdən qabaq
Əbubəkrin qızı Aişə (Evlilik: h.q 2)
Ömər ibn Xəttabın qızı Həfsə (Evlilik: h.q 3)
Xüzeymənin qızı Zeynəb (Evlilik: h.q 3)
Əbu Üməyyənin qızı Ümmi Sələmə (Evlilik: h.q 4)
Cəhşin qızı Zeynəb (Evlilik: h.q 5)
Harisin qızı Cuveyriyə (Evlilik: h.q 5 ya 6)
Əbu Süfyanın qızı Ümmi Həbibə (Evlilik: h.q 6 ya 7)
Şəmunun qızı Mariyə (Evlilik: h.q 7)
Huyəyyənin qızı Səfiyyə (Evlilik: h.q 7)
Harisin qızı Meymunə (Evlilik: h.q 7)


Peyğəmbərin (s) həyat yoldaşlarıPeyğəmbər (s) ilə evlənmiş qadınlardır ki, Quranda onlar haqqında “ümməhatul-möminin” (möminlərin anaları) ləqəbi ilə bəhs olunmuş və onlar barəsində xüsusi hökmlər və göstərişlər verilmişdir.

Müsəlman alimləri Peyğəmbərin (s) həyat yoldaşlarının sayı barədə fikir ayrılığına malikdirlər. Bəziləri onun on üç, bəziləri isə on beş həyat yoldaşının olduğunu söyləmişlər və bu barədə başqa fikirlər də mövcuddur. Bu ixtilafın səbəbi kənizlərin həyat yoldaşı sayılıb-sayılmaması məsələsinə qayıdır. Peyğəmbərin (s) evlilikləri o Həzrətin İslam dinini təbliğ etmək vəzifəsi ilə bağlı olmuş və bu evliliklər böyük ərəb qəbilələrinin dəstəyini cəlb etmək, cahiliyyə dövrünün yanlış fikirlərini aradan qaldırmaq, zərər çəkmiş qadınların ictimai mövqeyini gücləndirmək və onlara təsəlli vermək, həmçinin əsirləri azad etmək kimi məqsədlərlə həyata keçirilmişdir.

Quranda Peyğəmbərin (s) həyat yoldaşlarına sadə həyat tərzi keçirmək, təbərrüc etməmək (zinətlərini nümayiş etdirməmək) və gözəl danışmaq kimi göstərişlər verilmişdir. Eyni zamanda, möminlərə Peyğəmbərin (s) həyat yoldaşları ilə pərdə arxasından danışmaları və Peyğəmbərin (s) vəfatından sonra onlarla evlənməmələri əmr olunmuşdur.

Müsəlmanlar Peyğəmbərin (s) həyat yoldaşlarının iffətli olduğuna inanır və onlara hörmətsizlik və təhqiri caiz saymırlar. Lakin Ayişənin Peyğəmbərin (s) vəfatından sonrakı hadisələrdə, məsələn, Cəməl döyüşündəki davranışları tənqid olunmuşdur.

Mövqeləri

Peyğəmbərin (s) həyat yoldaşları Quranda ««وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ “Onun həyat yoldaşları möminlərin analarıdır”[1] ayəsinə istinad edilərək “ümmul-möminin” (möminlərin anaları) ləqəbi ilə adlandırılmışıar.[2] Quranda onlar haqqında xüsusi hökmlər və göstərişlər mövcuddur.[3]

Peyğəmbərin (s) həyat yoldaşlarına hörmətsizlik etməyin haram olması

Bütün müsəlmanlar Peyğəmbərin (s) həyat yoldaşlarının iffətli və pak olduğuna inanırlar. Buna baxmayaraq, bəzi vəhhabi qruplar şiələrə qarşı haqsız olaraq Peyğəmbərin (s) həyat yoldaşlarına böhtan atdıqları iddiasını irəli sürürlər. Halbuki şiə alimləri və bəzi sünni alimləri Peyğəmbərin (s) vəfatından sonrakı hadisələrdə, məsələn, Cəməl döyüşünün baş verməsində Ayişənin rolu və onun İmam Əliyə (ə) qarşı düşmənçiliyi kimi məsələlərdə o Həzrətin bəzi həyat yoldaşlarının davranışlarını tənqid etsələr[4] də, onlardan heç birinə böhtan atmamış və onlara hörmətsizlik etməyi caiz bilməyiblər.[5]

Məsələn, hicri 5-ci əsrin məşhur şiə mütəkəllimi (kəlam alimi) Seyid Mürtəza, peyğəmbərlərin həyat yoldaşlarının fəhşa (hər növ çirkin əməl və zina) ilə ittiham olunmasının peyğəmbərlərin ismət (günahsızlıq) xüsusiyyəti ilə uyğun gəlmədiyini bildirmişdir. Çünki imamiyyə şiəsinin əqidəsinə görə, peyğəmbərlər xalqın nifrətinə səbəb ola biləcək hər bir şeydən uzaqdırlar.[6] Şeyx Tusi də “Tibyan” təfsirində açıq şəkildə bildirib ki, peyğəmbərlərin həyat yoldaşlarından heç biri iffətsiz olmamışdır. Çünki bu cür hallar həm xalqın peyğəmbərlərdən uzaqlaşmasına, həm də peyğəmbərlərin rüsvay olmasına səbəb olar. Şübhəsiz bu cür elmdən uzaq sözlər deyən və belə böhtanlar atan şəxs, böyük bir səhvə yol vermiş olar.[7] Bu mövzuda diqqətçəkən məqamlardan biri də budur ki, bəzi sünni alimlər isə peyğəmbərlərin bəzilərinin həyat yoldaşlarının fəhşaya düşmə ehtimalını, hətta belə bir hadisənin baş verdiyini də irəli sürmüşlər.[8] Bununla yanaşı, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Xamenei sünni məzhəbinin müqəddəslərinə, o cümlədən Peyğəmbərin (s) həyat yoldaşlarına hörmətsizliyi haram bilən fətva vermişdir.[9]

Peyğəmbərin (s) həyat yoldaşlarının sayı

Ayətullah Xameneinin fətvası:

“Sünni qardaşlarımızın müqəddəslərini təhqir etmək — o cümlədən Peyğəmbərimizin (s) həyat yoldaşı Ayişəyə böhtan atmaq — haramdır. Bu hökm bütün peyğəmbərlərin xanımlarına, xüsusilə də Peyğəmbərlərin ağası Həzrət Mühəmməd Mustafaya (s) aiddir.”

Tarixe Bayqani, Ruznameye resalət, 11 Mehr h.ş 1389, s.3

Peyğəmbərin (s) həyat yoldaşlarının sayı ilə bağlı ixtilaf vardır. İbn Hişam “Əs-Sirətun-Nəbəviyyə” əsərində onların sayını 13 nəfər olaraq qeyd edir:[10]

Xədicə, Sudə, Ayişə, Xüzəymənin qızı Zeynəb, Ömərin qızı Həfsə, Ümmü Sələmə, Cəhşin qızı Zeynəb, Cüvəyriyyə, Ümmü Həbibə, Səfiyyə, Məymunə, Yəzid Kilabinin qızı Umrə, Numan Kindinin qızı Əsma.[11]

Peyğəmbərin (s) vəfatı zamanı Xədicə və Xüzəymənin qızı Zeynəbdən başqa o Həzrətin bütün həyat yoldaşları sağ idi.[12]

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə isə Peyğəmbərin (s) həyat yoldaşlarının sayı 15 olaraq göstərilmişdir.[13] Əli ibn Hüseyn Məsudi və Şəmsəddin Zəhəbi də Peyğəmbərin (s) həyat yoldaşlarının sayını 15 olaraq qeyd etmişlər.[14] Bəzi rəvayətlərdə isə bu say 18-ə qədər çatır.[15] Qeyd olunmalıdır ki, Peyğəmbər (s) 25 il ərzində – Xədicə sağ olduğu müddətdə – yalnız bir həyat yoldaşına sahib idi. Həzrət Xədicənin vəfatından və Mədinəyə hicrət etdikdən sonra isə başqa həyat yoldaşları almışdır.[16]

Qeyd olunub ki, bu ixtilafların səbəbi bir sıra tarixçilərin bəzi qadınların Peyğəmbərlə (s) yaşamadıqları halda və ya o Həzrətin kənizləri olduqları halda onları da Peyğəmbərin (s) həyat yoldaşları kimi hesablamasıdır.[17] Məsələn, Maryə Qibtiyyə və Zeydin qızı Reyhanə kimi qadınların da adları bəzi mənbələrdə o Həzrətin həyat yoldaşı olaraq qeyd olunmuşdur.[18]

Reyhanə bint Zeyd ibn Əmr ibn Xənafə, Bəni Nəzir qəbiləsindən olan yəhudi qadın idi. O, altıncı hicri ilində əsir düşmüş, sonradan müsəlman olmuş, Peyğəmbər (s) isə onu azad edərək onunla evlənmişdir.[19]

Övladlar

Bəqi qəbiristanlığı, dördüncü şəklində Peyğəmbərimizin (s) xanımlarının məzarları göstərilir.

Peyğəmbərin (s) xanımlarından yalnız Xədicə (s.ə) və Mariyə Qibtiyyə uşağa sahib olmuşlar.[20] Mariyə Peyğəmbər (s) üçün İbrahim adlı bir oğul dünyaya gətirmişdir.[21] Məşhur rəvayətlərə görə, Xədicədən dörd qız (Fatimə (s.ə), Zeynəb, Ümmü GülsümRüqəyyə), eləcə də iki oğul (AbdullahQasım) dünyaya gəlmişdir.[22] Lakin bəzi şiə alimləri hesab edirlər ki, Zeynəb, Ümmü Gülsüm və Rüqəyyə Peyğəmbərin (s) və Xədicənin qızları olmamışlar; əksinə, Xədicənin bacısının qızları olmuş və onun evində böyümüşlər.[23]

Peyğəmbərin (s) çox evliliyinin fəlsəfəsi

Çox evlilik Peyğəmbər (s) dövründə geniş yayılmış bir adət idi;[24] bununla belə, qeyd olunur ki, Peyğəmbər (s) ilahi bir missiyanın (İslam dinini təbliğ etmənin) icrası çərçivəsində və müəyyən hikmətlərə əsaslanaraq bir neçə evlilik etmişdir.[25] Peyğəmbərin (s) çox evlənməsi üçün göstərilən bəzi dəlillər bunlardır:

  1. Ərəb tayfa və qəbilələrinin dəstəyini qazanmaq və onlarla qohumluq əlaqələri qurmaqla siyasi və ictimai nüfuzunu gücləndirmək; məsələn, Aişə ilə evlilik.
  2. İlahi hökmü icra etmək və cahiliyyət dövrünün yanlış inanclarını aradan qaldırmaq; məsələn, Zeynəb bint Cəhş ilə evlilik. Zeynəb, Peyğəmbərin (s) övladlığa götürdüyü Zeyd ibn Harisənin həyat yoldaşı idi. Cahiliyyət adətinə görə, ərəblər övladlığa götürülən şəxsi doğma övlad kimi qəbul edirdilər. Buna görə də övladlığa götürülən şəxsin ölümündən sonra və ya boşanmasından sonra onun xanımı ilə evlənmirdilər.
  3. Dul və əsir düşmüş qadınlar kimi zərər çəkmiş xanımların ictimai mövqeyini gücləndirmək (Peyğəmbərin (s) həyat yoldaşlarının çoxu dul qadınlar idi).
  4. İslamı qəbul etdiklərinə görə əziyyət çəkmiş qadınlara mənəvi dəstək vermək; məsələn, Ümmü Həbibə ilə evlilik.
  5. Kasıb və dul qadınların (şəhid xanımları), yetimlərin həyatını təmin etmək və onları qorumaq; məsələn, Ümmü Sələmə və Zeynəb bint Xüzeymə ilə evlilik.
  6. İslamın və müsəlmanların izzət və qüdrətini göstərmək; məsələn, Səfiyyə ilə evlilik.
  7. Qadınları həyati təhlükələrdən qorumaq; məsələn, Sudə ilə evlilik.
  8. Əsir və qulların azad olunması; məsələn, Cüveyriyyə bint Haris ilə evlilik.[26]

Bununla belə, bəzi müəlliflər Peyğəmbərin (s) çox evliliyini nəfsani istəklərlə əlaqələndirmişlər. Lakin Əllamə Təbatəbai bu iddiaya cavab olaraq bildirir ki, Peyğəmbərin (s) həyatı bu fikri təkzib edir; çünki o, həyatının iyirmi ilini (təxminən üçdə birini) yalnız Xədicə ilə keçirmiş və ancaq ömrünün sonlarına doğru başqa qadınlarla evlənmişdir.[27] Həmçinin əgər bu evliliklər nəfsani səbəblərlə olsaydı, o zaman Peyğəmbər (s) dul və yaşlı qadınlarla yox, gənc qadınlarla evlənərdi.[28]

Əllamə Təbatəbainin fikrincə, Peyğəmbərin (s) qadınlarla rəftarı onun qadını kişilərin şəhvəti üçün vasitə saymadığını göstərir; həqiqətdə, o Həzrət onları zillət və köləlikdən qurtarmağa çalışmışdır.[29] Məhəmməd Hüseyn Kaşiful-Qita da bu fikirdədir ki, Peyğəmbər (s) çox evlənməklə öz mənəvi nəfsinin üstünlüyünü nümayiş etdirmək və səbir, iradə, ədalət və bərabərlik nümunəsi olmaq istəmişdir.[30]

Peyğəmbərin (s) həyat yoldaşlarına Quran göstərişləri

Quranda Peyğəmbərin (s) həyat yoldaşlarına ünvanlanmış bir sıra ayələr nazil olmuşdur və bu ayələrdə onlara xüsusi göstərişlər verilmişdir:

Peyğəmbərin (s) həyat yoldaşları üçün cəza və mükafat ikiqatdır

Əhzab surəsi, 30–31-ci ayələrdə belə buyurulur:

“Siz, ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, (axirətdə) onun əzabı ikiqat artacaqdır. Bu, Allah üçün asandır (və Peyğəmbərlə evliliyiniz buna mane ola bilməz, əksinə Peyğəmbərin zövcələri olduğunuza görə bu zəruridir.)”

“Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq.”

Bu ayələrdən başa düşülür ki, Peyğəmbərin (s) həyat yoldaşlarrı yaxşı iş görsələr, ikiqat savab alacaq, əgər pis iş görsələr, ikiqat cəza çəkəcəklər.[31] Çünki onların məsuliyyəti digərlərinə nisbətən daha çoxdur — onlar digər qadınlara nümunə sayılırlar.[32]

Həmçinin təfsirçilər “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz.” (Əhzab surəsi, 32) ayəsinə istinad edərək, onların vəzifəsini başqalarından daha ağır hesab etmişlər, çünki vəzifənin eyni, amma savabın fərqli olması ağlabatan deyil.[33]

Peyğəmbər (s) və axirəti istəyirsinizsə, sadə həyat sürün

Əhzab surəsi, 28–29-cu ayələrdə deyilir:

“Ya Peyğəmbər, zövcələrinə de: Əgər siz dünya həyatını və onun bər – bəzəyini istəyirsinizsə (və Peyğəmbərin evinin mövcud vəziyyətindən narazısınızsa), onda gəlin sizi (mehriyyələrinizi, yaxud ondan artığını verməklə) bəhrələndirim və gözəl bir tərzdə (təlaq verməklə) azad edim”.

“Əgər Allahı, Onun Rəsulunu və axirət evini istəyirsinizsə, şübhəsiz, Allah içərinizdən yaxşı iş görənlər üçün böyük bir mükafat hazırlamışdır”.

Bu ayələrə əsasən Peyğəmbərin (s) həyat yoldaşları əgər Peyğəmbəri (s) və axirət evini istəyirlərsə sadə yaşam sürməlidirlər, əgər dünyanı istəyirlərsə, Peyğəmbər (s) onları boşamalımehriyyələrini verməlidir.[34] “Nümunə” təfsirində deyildiyi kimi, bu ayə Peyğəmbərin (s) bəzi həyat yoldaşlarının maddi vəziyyətlərindən narazılıq və şikayətlərinə cavab olaraq nazil olmuşdur. Onlar müsəlmanların müharibələrdən əldə etdikləri qənimətləri görüb Peyğəmbərdən (s) maddi tələblər irəli sürdülər. Peyğəmbər (s) onların tələblərini yerinə yetirməkdən imtina etdi və yuxarıda qeyd olunan ayələr nazil olana qədər bir ay müddətinə onlardan uzaqlaşdı.[35]

Səsini incə və cazibədar etmə

Əhzab surəsi, 32-ci ayədə buyrulur:

“Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin”.

Bu ayə Peyğəmbərin (s) həyat yoldaşlarına (və geniş mənada qadınlara) əmr edir ki, yad kişilərlə danışarkən səsini dəyişməsinlər və cazibədar danışmasınlar.[36]

Yaxşı və gözəl danışın

Əhzab surəsi, 32-ci ayənin davamında deyilir:

“Gözəl (təhrik və işvədən uzaq) danışın”.

Yəni, Peyğəmbərin (s) həyat yoldaşları danışıqda Allahın və Peyğəmbərin (s) razılığına uyğun, düzgün, ədalətli və gözəl sözlər işlətməlidirlər.[37]

Evlərinizdə qalın və özünüzü nümayiş etdirməyin

Əhzab surəsi, 33-cü ayədə belə buyurulur:

“Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın”.

Bu ayə Peyğəmbərin (s) həyat yoldaşlarına xitab edir ki, lüzumsuz olaraq evdən çıxmasınlar və zinət və bədənlərini ictimaiyyətə nümayiş etdirməsinlər.[38] Ayədə xüsusi vurğu zövcələrə edilsə də, bu göstəriş ümumi bir hökmdür. Təfsirçilərin fikrincə, bu, bütün müsəlman qadınlara aid olan ümumi bir hökmdür və onun Peyğəmbərin (s) həyat yoldaşlarına xüsusi xitab etməsi daha çox təkid etmək üçündür.[39]

Namaz qılın və zəkat verin

“Namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin” (Əhzab surəsi, 33-cü ayə). Bu ayəyə əsasən, Peyğəmbərin (s) həyat yoldaşları namaz qılmalı, zəkat verməli və Allaha və Onun Rəsuluna itaət etməlidirlər. Amma təfsirçilərin dediyinə görə, bu göstərişlər təkcə Peyğəmbərin həyat yoldaşlarına aid deyil, bütün insanlara şamildir. Sadəcə, bu ayədə Peyğəmbərin (s) həyat yoldaşlarına qarşı daha çox vurğulanmışdır.[40] Əllamə Təbatəbai yazır ki, bu ayədə hökmlərdən yalnız namaz və zəkatın qeyd olunmasının səbəbi budur ki, bu ikisi ibadət və maliyyə məsələlərinin əsası sayılır. Digər göstərişlər isə “Allaha və Onun Rəsuluna itaət edin” ifadəsi daxilində cəm olunmuşdur.[41]

Peyğəmbəri (s) müşayiət etmək fürsətindən istifadə edin

Əllamə Təbatəbainin fikrincə, “Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şəri hökmləri) xatırlayın” (Əhzab surəsi, 34-cü ayə). Sözügedən ayə bu mənanı verir ki, Peyğəmbərin (s) həyat yoldaşları öz evlərində eşitdikləri Allah ayələrini qorumalı, daim xatırlamalı və Allahın onlara təyin etdiyi yoldan çıxmamalıdırlar.[42] Bəzi təfsirçilər isə bu ayənin mənası kimi bildiriblər ki, Peyğəmbərin (s) həyat yoldaşları bu nemətə – yəni Quran və hədisin onların evində oxunmasına – şükür etməlidirlər.[43]

Peyğəmbərin (s) həyat yoldaşları ilə rəftarla bağlı müsəlmanlara Quran göstərişləri

Qurani-Kərimdə müsəlmanların Peyğəmbərin (s) həyat yoldaşları ilə necə rəftar etmələri barədə də göstərişlər verilmişdir:

Pərdə arxasından danışmaq

“Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün həm də onların qəlbləri üçün daha təmiz olar” (Əhzab surəsi, 53-cü ayə). Bu ayəyə əsasən, əgər müsəlmanların Peyğəmbərin (s) həyat yoldaşlarından bir şey istəyi olarsa, bunu pərdə arxasından etməlidirlər. Bu ayədə “hicab” sadəcə digər qadınların geyindiyi adi örtük deyil; bu, Peyğəmbərin (s) həyat yoldaşları üçün əlavə bir hökm olaraq göndərilmişdir.[44] Bu hökm düşmənlərin Peyğəmbərin (s) həyat yoldaşlarına irad və qınaqlarının qarşısını almaq,[45] onların şəxsiyyət və hörmətini qorumaq üçün[46] nazil olmuşdur.

Peyğəmbərin (s) həyat yoldaşları ilə evlənmək qadağandır

“(Əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz!” (Əhzab surəsi, 53-cü ayə). Bu ayəyə əsasən, Peyğəmbərin (s) vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək caiz deyil. Çünki onlar möminlərin mənəvi anaları sayılırlar.[47] Bu qadağanın səbəbləri ilə bağlı bəzi ehtimallar göstərilmişdir, o cümlədən:

Peyğəmbərə (s) hörmətsizliyin qarşısını almaq: Bəzi şəxslər qərara almışdılar ki, Peyğəmbər (s) vəfat etdikdən sonra onun zövcələri ilə evlənsinlər və bu yolla onun hörmətinə xələl yetirsinlər.

Sui-istifadənin qarşısını almaq: Əgər bu evlilik caiz olsaydı, bəzi şəxslər bu vasitə ilə xüsusi bir sosial mövqe əldə edib, bundan sui-istifadə edə bilərdilər. Yaxud bu bəhanə ilə Peyğəmbərin (s) evi və məktəbi haqqında xüsusi məlumatlara malik olduqlarını bəhanə edərək İslamı təhrif edə bilərdilər.[48]

Axirət həyatı ilə bağlı: Peyğəmbərin (s) zövcələri axirətdə də onun həyat yoldaşları olacaqları üçün bu evlilik qadağan edilmişdir.[49]

Peyğəmbərin (s) həyat yoldaşlarının mehriyyəsi

Əsas məqalə: Məhrüs-Sünnə

Rəvayətlərə əsasən, Peyğəmbərin (s) həyat yoldaşlarının mehriyyəsinin miqdarı 500 dirhəm olmuşdur.[50] İslam Peyğəmbərinin (s) həyat yoldaşları, həmçinin Şeyx Səduqun dediyinə görə qızları üçün[51] təyin etdiyi mehriyyə “məhrüs-sünnə” adlanır.[52] Lakin Şeyx Səduqdan nəql olunan bir rəvayətə görə, İmam Baqir (ə) buyurub ki, Peyğəmbərin (s) həyat yoldaşlarından biri olan Ümmü Həbibənin mehriyyəsi dörd min dirhəm idi.[53] Bildirilir ki, bu rəvayətdə İmam Baqir (ə) bu mehriyyə miqdarını istisna hal kimi qeyd edir və deyir ki, bu mehriyyə miqdarını Ümmü Həbibəyə evlənmək üçün elçilik edəndə Peyğəmbərin (s) vəkilliyini etmiş Həbəşistan hökmdarı Nəcaşi, Peyğəmbərin (s) adından özü vermiş və Peyğəmbər (s) buna etiraz etməmişdir.[54]

Peyğəmbərin (s) həyat yoldaşlarına münasibəti

Misirli yazıçı Məhəmməd Həsənəyn Heykəl (vəfatı 1376 hicri qəməri) qeyd edir ki, Peyğəmbər (s) həyat yoldaşlarına o dövr ərəb cəmiyyətində görünməmiş xüsusi bir dəyər verirdi.[55] Qurandakı bəzi ayələrə əsasən, o Həzrət, həyat yoldaşlarının razılığını qazanmaq üçün bəzi halal şeyləri özü üçün haram etmişdir. Məsələn, bir ayədə belə gəlib: “Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir”.[56] Bu ayənin nazil olma səbəbi barədə deyilir ki, bu ayə o zaman nazil oldu ki, Peyğəmbər (s) Həfsənin razılığı üçün Zeynəb bint Cəhşin ona hazırladığı bal şərbətini içməyi özü üçün haram etmişdi.[57]

Həmçinin Peyğəmbər (s) həyat yoldaşları arasında ədalətli davranırdı. Mal-dövləti onlara bərabər şəkildə bölüşdürdüyü bildirilir. Məsələn, Məhəmməd ibn Ömər Vaqidi “əl-Məğazi” adlı kitabında qeyd edir ki, Xeybər döyüşündən sonra Peyğəmbər (s) həyat yoldaşlarının hər birinə səksən vəsəq (ölçü) xurma və iyirmi vəsəq arpa verdi.[58] O, həmçinin gecələrini də həyat yoldaşları arasında ədalətli şəkildə bölürdü və səfər və müharibə zamanı onlardan birini püşk atmaqla özü ilə aparırdı. Halbuki “Əhzab” surəsinin 51-ci ayəsinə əsasən, Peyğəmbərin (s) istədiyi zövcənin növbəsini təxirə salmaq ixtiyarı var idi.[59]

Kitabşünaslıq

Peyğəmbərin (s) həyat yoldaşları haqqında şiə və sünni alimləri tərəfindən ərəb və fars dillərində çoxlu kitablar yazılmışdır. Onlardan bəziləri bunlardır:

  • “Əl-Müntəxəb min Kitabi Əzvacin-Nəbi (s)” kitabı, Zübeyr ibn Bəkkar (vəfatı 256 qəməri) bu kitabın müəllifidir. Sözügedən kitab Səkinə Şəhabinin tədqiqatı ilə hicri qəməri təqvimi ilə 1403-cü ildə Beyrutda “Müəssəsətür-Risalə” nəşriyyatı tərəfindən çap olunub.
  • “Zəvcatun-Nəbi (s)”, misirli müstəbsir (sonradan şiə olmuş) Səid Əyyub (doğumu h.q. 1363) bu kitabın müəllifidir.[60]
  • “Rəsulullahın zövcələri ilə həyat tərzi”, bu kitabın müəllifi Fərzanə Həkimzadədir. Sözügedən əsər Peyğəmbərin (s) zövcələri ilə münasibətlərindən nümunə götürmək məqsədilə yazılmışdır.[61]
  • “Əzvacun-Nəbi (s)” kitabı, Məhəmməd ibn Yusif Salihi Dəmeşqi bu kitabın müəllifidir.
  • “Zəvcatun-Nəbi və əvladuhu” kitabı, Əmir Məhya əl-Xiyami  bu əsərin müəllifidir. (Kitabın çap olduğu il 1411 qəməridir)
  • “Peyğəmbərin (s) həyat yoldaşları” kitabı, bu əsərin müəllifi Əqiqi Bəxşayişidir. (Kitabın çap olduğu il 1352 şəmsidir).

İstinadlar

  1. Əhzab surəsi, ayə 6
  2. Əhzab surəsi, ayə 6
  3. Nümunə üçün baxın: Əhzab surəsi, ayə 28-34 və 53-54
  4. Baxın: Hüseyni Fiyruzabadi, Səbətu minəs-sələf, h.q 1417, s.258-269
  5. Milani Nurani, Bərresiye didqahe üləmaye şiə, dər moride həmsərane Peyambər, s.56-58
  6. Seyid Mürtəza, Əmali, m.1998, c.1, s.503
  7. Tusi, Ət-Tibyan fi təfsiril-Quran, c.5, s.495
  8. Buxari, Səhih-Buxari, c.4, s.729
  9. «استقبال جهان اسلام از استفتای جدید آیت‌الله خامنه‌ای», magiran.com saytı
  10. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, c.2, s.643
  11. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, c.2, s.647
  12. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, c.2, s.647
  13. Şeyx Səduq, Əl-Xisal, h.q 1403, c.2, s.419
  14. Məsudi, Murucuz-zəhəb, h.ş 1380, c.3, s.23; Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.1, s.592
  15. Hakim Nişaburi, Əl-Mustədrəku ələs-səhiheyn, h.q 1411, c.4, s.4
  16. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.195
  17. Əbul-Qasimzadə, Kənkaşi dərbareye iləle təəddude həmsərane Peyambər, s.84
  18. Nümunə üçün baxın: Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.1, s.598
  19. Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.1, s.598
  20. Heykel, Həyate Muhəmməd, Darul-kutub, s.205
  21. Heykel, Həyate Muhəmməd, Darul-kutub, s.205
  22. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.5, s.334
  23. Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbiyyil-Əzəm, h.ş 1385, c.2, s.212
  24. Heykel, Həyate Muhəmməd, Darul-kutub, s.205
  25. Əbul-Qasimzadə, Kənkaşi dərbareye iləle təəddude həmsərane Peyambər, s.84
  26. Baxın: Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.196-197
  27. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.195
  28. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.195
  29. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.196-197
  30. Kaşiful-ğita, Əl-Firdovsul-əla, s.122
  31. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.307
  32. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.288
  33. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.308
  34. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.307
  35. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.278-279
  36. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.289
  37. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.289
  38. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.290
  39. Nümunə üçün baxın: Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.290; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.308
  40. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.291
  41. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.309
  42. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.313
  43. Muğniyə, Təfsirul-kaşif, h.q 1424, c.6, s.217
  44. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.401
  45. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.403
  46. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.398
  47. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.204
  48. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.404
  49. Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.ş 1364, c.14, s.229
  50. Məclisi, Biharul-ənvar, h.q 1403, c.100, s.347-348; Şeyx Səduq, Əl-Muqənnə, h.q 1415, s.302; Şəhid Sani, Ər-Rövzətul-Bəhiyyə, h.q 1410, c.5, s.344
  51. Şeyx Səduq, Əl-Muqənnə, h.q 1415, s.302
  52. Şəhid Sani, Ər-Rövzətul-Bəhiyyə, h.q 1410, c.5, s.344
  53. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.3, s.473
  54. Məsudi, Pejuheşi dər bareye Mehrüs-sünnət (Mehr Məhəmmədi), s.113
  55. Heykel, Həyate Muhəmməd, Darul-kutub, s.279
  56. Təhrim surəsi, ayə 1
  57. Baxın: Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.271-274
  58. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.2, s.693
  59. Abidini, Şiyveye həmsrədariye peyambər (s) be qozareşe Quran, s.172
  60. «مستبصرین: سعید ایوب», Məcmə cəhaniye şieşenasi
  61. «نحوه برخورد پیامبر(ص) با همسرانش الگو برای بشر دوره معاصر است», iqna.ir saytı

Ədəbiyyat

  • «استقبال جهان اسلام از استفتای جدید آیت‌الله خامنه‌ای», magiran.com saytı
  • İbn Hişam, Əbdül-Məlik ibn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Təhqiq: Mustafa Əs-Siqa və İbrahim Əl-Əbyari və Əbdül-Həfiz Şəlbi, Beyrut, Darul-mərifə, Tarixsiz
  • Əbul-Qasimzadə, Məcid və Mehri Kazim Nejad, Kənkaşi dərbareye iləle təəddude həmsərane Peyambər, Mərifət, nömrə 108, h.ş 1385
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrəku ələs-səhiheyn, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411
  • Hüseyni Fiyruzabadi, Seyid Mürtəza, Səbətu minəs-sələf, Təhqiq: Seyid Mürtəza Rəzəvi, Təbəətul-ula, Darul-hücrə müəssisəsi, h.q 1417
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam və Vəfiyyatul-məşahir vəl-əlam, Təhqiq: Ömər Əbdüs-səlam, Beyrut, Darul-kutubil-ərəbi, Təbəətul-salisə, h.q 1413
  • Seyid Mürtəza, Əli ibn Hüseyn, Əmali lil-Mürtəza, Qahirə, Darul-fikril-ərəbi, m.1998
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-Bəhiyyə fi şərhil-lumətid-Dəməşqiyyə, Təhqiq: Seyid Məhəmməd Kəlantər, Qum, Ketabfuruşiye Davəri, 1-ci çap, h.q 1410
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Qum, İntişarate Came müdərrisin, Qum, h.q 1403
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Muqənnə, Əl-Hadi (ə) müəssisəsi, h.q 1415
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Qum, Dəftəre enteşarate İslami vabeste be came medərrisin hozeye elmiyyeye Qum, 2-ci çap, h.q 1413
  • Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, Dəftəre enteşarate İslami vabeste be came medərrisin hozeye elmiyyeye Qum, h.q 1417
  • Abidini, Əhməd, Şiyveye həmsrədariye peyambər (s) be qozareşe Quran, h.ş 1385
  • Amili, Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbiyyil-Əzəm, Qum, Muəssiseye elmi və fərhəngi Darul-hədis, Təbəətul-ula, h.ş 1385
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li-əhkamil-Quran, Tehran, Nasir Xosrov, h.ş 1364
  • Kaşiful-ğita, Məhəmməd Hüseyn, Əl-Firdovsul-əla, Məkanı, tarixsi və nəşriyyatı mılum deyil
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Daru ihyait-turasil-ərəbi, 2-ci çap, h.q 1403
  • Məsudi, Abdullahi, Pejuheşi dər bareye Mehrüs-sünnət (Mehr Məhəmmədi), Məhəmməd Məhəmmədi Reyşəhrinin səyi ilə, Tərcümə: Həmid Rza Şeyxi, Qum, Sazmane çap və nəşre Darul-hədis, 2-ci çap, h.ş 1389
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb və məadinul-cuhər, Qum, İntişarutuş-Şərifir-Rza, h.ş 1380
  • Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma bima lin-Nəbi minəl-əhvali vəl-əmvali vəl-həfədəti vəl-məta, Təhqiq: Məhəmməd Əbdül-Həmid, Beyrut, Darul-kutubil-elmiyyə, Ət-Təbəətul-ula, h.q 1420
  • Muğniyə, Məhəmməd Cavad, Təfsirul-kaşif, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 32-ci çap, h.ş 1374
  • Milani Nurani, Məhəmməd Cəfər, Bərresiye didqahe üləmaye şiə, dər moride həmsərane Peyambər, h.ş 1398
  • Heykel, Məhəmməd Hüseyn, Həyate Muhəmməd (s), Darul-kutub, Qahirə, Tarixsiz
  • «نحوه برخورد پیامبر(ص) با همسرانش الگو برای بشر دوره معاصر است», İqna.ir saytı
  • «مستبصرین: سعید ایوب», Məcmə cəhaniye şieşenasi
  • Vaqidi, Məhəmməd ibn Ömər, Əl-Məğazi, Təhqiq: Marsden Jones, Beyrut, Muəssisətul-ələmi, Təbəətul-salisə, h.q 1409

Xarici keçid