Zariyat surəsi
Tur Zariyat Qaf | |
| Cüz | 26 və 27 |
|---|---|
| Ayə | 60 |
| Məkkə\Mədinə | Məkkə |
| Nazil olma sırası | 67 |
| Surənin nömrəsi | 51 |
| Söz | 360 |
| Hərf | 1546 |
Zariyat (ərəbcə: سورة الذاريات) qırx birinci surədir və Qurani-Kərimin Məkkədə nazil olan surələrindəndir. Bu surə 26 və 27-ci cüzlərdə yer alır. Zariyat kəlməsi “zariyə” sözünün cəmidir və külək mənasını verir. Zariyat surəsinin əsas mövzusu Qiyamətdir. Bu surədə həmçinin tövhid və Allahın yaradılışdakı əlamətləri, Həzrət İbrahimin (ə) evindəki mələklərin qonaq olması və Lut peyğəmbərin (ə) qövmünü cəzalandırmaq üçün olan missiyaları, Həzrət Musanın (ə) hekayəsi, Ad qövmü, Səmud qövmü və Nuh peyğəmbərin (ə) qövmünün hekayələri müzakirə olunur.
Bu surənin məşhur ayələrindən biri 56-cı ayədir, hansı ki, bu ayə, insan və cinlərin yaradılmasının əsas məqsədinin yalnız Allaha ibadət etmək olduğunu bildirir. Rəvayətlərdə bu surənin oxunmasına aid müstəsna faydalar qeyd edilmişdir, o cümlədən, Allahın oxucunun həyatını düzəldəcəyinə və ona geniş ruzi verəcəyinə dair sözlər vardır.
Tanıtımı
Adlandırılması
Bu surə Zariyat adlanır, çünki surə “Əl-Zariyat” sözü ilə başlayır. Zariyat kəlməsi “Zariyə” sözünün cəmidir və “əşyaları havada uçurdan küləklər” mənasını verir.[1]
Nazil olma yeri və sırası
Zariyat surəsi Məkkədə nazil olan surələrdəndir və nazil olma sırasına görə Peyğəmbərə (s) nazil olan 67-ci surədir. Bu surə, Quranın hazırki düzülüşündə 51-ci surədir[2] və Quranın 26 və 27-ci cüzlərində yerləşir.
Ayələrin sayı və digər xüsusiyyətlər
Zariyat surəsi 60 ayə, 360 söz və 1546 hərfə malikdir.[3] Bu surə, Qurani-Kərimin “Müfəssəlat” surələrindən biridir və Quranın təxminən yarım hizbini təşkil edir.[4]
Surənin məzmunu
Əl-Mizan təfsirinin yazdığına görə, Zariyat surəsinin əsas mövzusu Məad və onun inkar edilməsidir.[5] Bu surə, Məadın həyata keçəcəyini belə sübut edir: Allah onun baş verəcəyinə vəd vermişdir və Allahın vədi şübhəsiz doğrudur.[6] Əl-Mizan təfsirinin müəllifi bildirir ki, surənin ilk dörd ayəsi bütün kainatın idarəsini özündə cəmləşdirir və hər birinin bir nümunəsindən bəhs etdiyi üçün hamısına işarə edir. Belə ki, quru yerin idarəsi (And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!), dənizlərin idarəsi ((and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara), səmaya aid işlərin idarəsi ((And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə) və ümumilikdə bütün kainatın idarəsi ((and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə) burada qeyd olunur. Burada ondan məqsəd Allahın əmrlərini yerinə yetirmək vasitəsi olan və Onun əmrlərini bölüşdürən mələklərdir. Beləliklə, bu dörd ayə, bu mənadadır: Kainatın bütün sistemlərinin düzgün işləməsini təmin edən qüvvələrə and içirəm ki, məsələ belə-belədir.[7] Fəxri Razi küləklərin torpağı səpələdiyi, buludları hərəkət etdirdiyi, fəzada hərəkət etdiyi və buludları yer üzündə böldüyü əsas gətirərək, dörd ayənin küləklərlə əlaqəli olmasını icazəli hesab etmişdir.[8] Lakin Əllamə Tabatabai bu fikri uzaq hesab edir.[9] Zəməxşəri isə Mücahiddən (Əbul-Həccac Mücahid, 21-104 və ya 105-ci h.q. illərində yaşamış, tabeindən olan təfsirçilərdən) nəql edib ki, o, ((and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə) ayəsinin təfsirində deyib: “Dörd mələk arasında iş bölgüsü belədir: Cəbrail (ə) çətin tutmaq üçün, Mikail (ə) rəhmət üçün, Mələkül-Məvt (ə) (ölüm mələyi) ruhları almaq üçün və İsrafil (ə) suru üfürmək üçün təyin edilmişdir.[10] Təfsir nümunə, “Zariyat” surəsinin mövzularını beş əsas başlığa ayırmışdır.
- Məad və ona bağlı məsələlər;
- Tövhid məsələsi və Allahın yaradılış sistemindəki ayələr və nişanələri;
- İbrahim peyğəmbərin (ə) evində mələklərin qonaq olması və onların Lut peyğəmbərin (ə) qövmü ilə bağlı vəzifələri;
- Musa peyğəmbərin (ə), Ad qövmünün, Səmud qövmünün və Nuh peyğəmbərin (ə) qövmünün qısa hekayələri;
- Təəssübkeş və inadkar qəbilələrin keçmiş peyğəmbərlərlə mübarizəsi, Peyğəmbərə (s) təsəlli vermək və onu müxaliflər qarşısında əzmkar olmağa çağırmaq.[11]
Surənin məşhur ayələri
İnsanın nəfsi, haqq ayələrinin sərgüzəşti
“Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!” (Zariyat, ayə 21).
Bəzi təfsirçilər, Əmirəlmöminin Əliyə (ə) aid edilən bir beyti bu ayənin təfsiri hesab ediblər:
“Sən kiçik bir varlıq olduğunu düşünürsən, halbuki böyük bir kainat sənin daxilində gizlənib”.[14]
Möhsün Qəraəti “Nur təfsiri” kitabında bu ayədən insanın böyüklüyünü, özünü tanımaqla Allahı tanımağın əhəmiyyətini, kafirlərin səthi baxışlarını tənqid etməyi və bəsirətsiz baxışları (baxışları dar olanları) qınamağı istifadə etmişdir.[15]

İnsanın yaradılış məqsədi
“Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam” (Zariyat, ayə 56).
Əl-Mizan təfsirinə görə, bu ayəyə əsasən yaradılışın məqsədi yalnız Allaha ibadət etməkdir. İbadət, insanın yaradılışının əsas məqsədidir və bu ibadət vasitəsilə insan, Allahın rəhmətinə və bağışlanmasına layiq olur. Mərifət və ixlas da ibadətin son məqsədlərindəndir.[16] Yaxud onların bəzisi orta hədəf, bəziləri isə son və nəticə hədəflərdirlər.[17] Bir hədisdə İmam Hüseyn (ə) bu ayənin təfsirini izah edərək demişdir: “Ey insanlar! Doğrudan da, Allah öz yaratdıqlarını ancaq ona mərifət əldə etmələri üçün yaratmışdır. Onu tanıdıqdan sonra Ona ibadət etməli, Onun ibadəti və bəndəliyi sayəsində Ondan başqasına ibadət və bəndəlik etməkdən azad olmalıdırlar. Bu zaman bir kişi dedi: Ey Allahın Rəsulunun oğlu! Uca Allahın mərifəti nədir?
İmam Hüseyn (ə) belə cavab verdi: “Hər dövrün insanı öz imamını tanımalı və ona mərifət tapmalıdır ki, ona itaət etmək və tabe olmaq vacibdir”.[18]
Surənin tarixi hekayələri və rəvayətləri
- Mələklərin İbrahim (ə) peyğəmbərin evinə gəlişi: Mələklərin Həzrət İbrahimə (ə) gəlişi, Həzrət İbrahimin (ə) onları tanımaması, onlara qızardılmış inək gətirilməsi, mələklərin onu yeməməsi, İbrahimin (ə) onlardan qorxması, mələklərin ona oğul müjdəsi verməsi, Həzrət İbrahimin (ə) həyat yoldaşının buna təəccüb etməsi, İbrahimin (ə) mələklərdən onların vəzifələri barədə soruşması və mələklərin Lut peyğəmbərin (ə) qövmünü cəzalandırma missiyasından bəhs etməsi və onların arasından möminlərin xilas olması (ayələr 24-36);
- Musa (ə) peyğəmbərin Firona göndərilməsi, Fironun və tərəfdarlarının üz çevirib Musanı (ə) sehrbazlıq və dəli olmaqda ittiham etməsi, sonda onların dənizdə boğulması (ayələr 38-40);
- Ad qövmünün dağıdıcı bir küləklə (qısır bir külək və yağışsız güclü bir küləklə) əzab edilməsi (ayələr 41-42);
- Səmud qövmünü imana çağırmaq və onlara möhlət vermək, Allahın əmrinə itaətsizlik etmələri, onlara əzab nazil etmək. (ayələr 43-45);
- Nuh peyğəmbərin (ə) qövmünə əzab göndərmək (ayə 46);
- Əvvəlki peyğəmbərlərin sehrbazlıq və dəli olmaqla ittiham edilməsi (ayə 52).
Surənin fəzilət və faydaları
Əsas məqalə: Surələrin fəziləti
“Məcməül-Bəyan” təfsirində Həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql edilmişdir: “Əgər kimsə “Zariyat” surəsini oxusa, hər bir əsən külək üçün ona on mükafat verilir”.[19]
Şeyx Saduq isə İmam Sadiqdən (ə) nəql edərək yazmışdır ki, “Hər kim “Zariyat” surəsini gündüz və ya gecə oxusa, Allah onun həyatını düzəldər, ona geniş ruzı verər və qəbrini Qiyamətə qədər parlayacaq bir işıqla işıqlandırar”.[20]
Zariyat surəsinin mətni və tərcüməsi
Zariyat surəsi
| Tərcümə | Ərəbcə mətn |
|---|---|
| Bağışlayan və mehriban Allahın adı ilə
1. And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım! 2. (And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə, 3. (and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara. 4. (and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə, 5. həqiqətən, sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur. 6. Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir. 7. And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına 8. ki, həqiqətən, (siz Məkkə əhlinin Peyğəmbər və onun Quranı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Quran barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şeirdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.) 9. Ondan (Peyğəmbərdən və onun Quranından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qurandan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.) 10. Ölüm olsun (Peyğəmbər, Quran və məad barəsində iftira söyləyən) yalançılara! 11. (Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara! 12. Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar. 13. Onların odun içində əzab verilib yanacaqları gün! 14. (Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir». 15. Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar. 16. Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər. 17. Onlar gecənin az bir hissəsini yatırdılar. 18. Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər. 19. Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi. 20. Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır. 21. Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?! 22. Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir. 23. Beləliklə, and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib). 24. İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı? 25. Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə)». (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi). 26. Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi. 27. Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!» 28. Beləliklə, onlardan (qonaqlardan) qorxuya düşdü. Onlar dedilər: «Qorxma!» Və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər. 29. Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və (təəccüb və sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!» 30. Dedilər: «Rəbbin belə buyurub. Şübhəsiz, O, hikmət sahibi və (hər şeyi) biləndir». 31. İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?» 32. Dedilər: «Biz günahkar bir dəstəyə (Lutun qövmünə) göndərilmişik 33. ki, onların başına (yağış kimi) gildən (hazırlanmış) daşlar yağdıraq. 34. Rəbbinin yanında israf edənlər (həddini aşan zalımlar) üçün nişanlanmış (daşları)! 35. Beləliklə, oradakı (və İbrahim və Luta iman gətirmiş) möminlərin hamısını çıxartdıq. 36. Həmin diyarda yalnız bir müsəlman evi (Lutun evini) tapdıq. 37. (İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq. 38. Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır). 39. Beləliklə, o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir». 40. Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq. 41. Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişənələr vardır.) 42. O (külək) nəyin üstünə əsirdisə onu çürümüş sümüyə döndərməyincə buraxmırdı. 43. Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə də Bizim qəzəb və qüdrətimizin nişanəsi vardır). 44. Onlar (həmin möhlət verilən günlərdə də) Rəbblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı. 45. Beləliklə, nə yerdən qalx(ıb qaç)mağa güc və imkan tapdılar, nə də özlərinə və bir-birlərinə kömək edə bildilər. 46. Və Nuhun qövmünü bundan əvvəl (həlak etdik). Şübhəsiz ki, onlar fasiq və itaətsiz bir dəstə idilər. 47. Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik. 48. Və yeri sərdik. Biz gözəl sərənik. 49. Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq. 50. (Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən, mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam. 51. Allahla yanaşı başqa bir məbud götürməyin. Həqiqətən, mən Onun tərəfindən sizin üçün aşkar və aydınlıq gətirən bir qorxudanam. 52. Beləcə onlardan (Məkkə əhalisindən) qabaqkılara elə bir peyğəmbər gəlmədi ki, onlar (ona) «cadugər, ya da dəlidir» deməsinlər. 53. (Keçmişdəkilər və gələcəkdəkilər) bu işi bir-birlərinə tövsiyə ediblər?! Xeyr! Onlar (zatən) itaətsiz və həddi aşan bir dəstədirlər. 54. Buna görə də onlardan üz döndər ki, sən (onlardan üz döndərdiyinə görə) məzəmmətə layiq deyilsən. 55. Və (möminlərə) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir. 56. Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam. 57. Mən Onlardan nə Mənim üçün ruzi qazanmalarını istəyirəm, nə də Mənə yemək vermələrini istəyirəm. 58. Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir. 59. Odur ki, həqiqətən, (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər. 60. Odur ki, vəd olunduqları günə görə vay olsun kafirlərin halına |
İstinadlar
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.22, s.306
- ↑ Mərifət, Amuzeşe ulume Quran, c.2, s.166
- ↑ Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, c.2, s.1252
- ↑ Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, c.2, s.1252
- ↑ Təbatəbai, Əl-Mizan, c.18, s.364
- ↑ Təbatəbai, Əl-Mizan, c.18, s.364
- ↑ Təbatəbai, Əl-Mizan, c.18, s.365; Əl-Mizan Tərcüməsinin (farsca) tərcüməsi, Əllamə Təbatəbai, c.18, s.547
- ↑ Zəməxşəri, Əl-Kəşşafu ən həqaiqi ğəvamizit-tənzil, c.4, s.395
- ↑ Təbatəbai, Əl-Mizan, c.18, s.365
- ↑ Zəməxşəri, Əl-Kəşşafu ən həqaiqi ğəvamizit-tənzil, c.4, s.394
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.22, s.303
- ↑ Xaməgər, Məhəmməd, Saxtare surehaye Qurani-Kərim, Nəşra nəşri, çap 1, h.ş 1392
- ↑ Xəfaci, Divanul-imam Əli, s.71
- ↑ Hüseyni Şah Əbdül-Əzimi, İsna Əşəri təfsiri, c.12, s.262
- ↑ Qiraəti, Nur təfsiri, c.9, s.252
- ↑ Təbatəbai, Əl-Mizan, c.11, s.64; c.18, s.386
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.22, s.386-387
- ↑ Şeyx Səduq, İləluş-şəraye, c.1, s.9
- ↑ Təbərsi, Məcməul-bəyan, c.9, s.252
- ↑ Şeyx Səduq, Səvabul-əmal, s.115
Ədəbiyyat
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, c.1, Tehran, Darul-kutubil-İsalmiyyə, h.ş 1374 (1995)
- Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, Məkan məlum deyil, İslam təbliğatı üzrı çap və nəşr mərkəzi, 1-ci çap, h.ş 1371 (1992)
- Qurani-Kərim
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal və iqabul-əmal, Qum, Daruş-Şərif Rəzi, h.q 1406
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, İslami nəşriyyatı, h.q 1417
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Beyrut, Əl-ələmi lil-mətbuat müəssisəsi, 1-ci çap, h.q 1415
- Xürrəmşahi, Bəhauddin, Daneşnameye Quran və Quranpejuhi, c.2, Tehran, Dustan-Nahid, h.ş 1377 (1998)