Məzmuna keç

Taslim:Amin

wikishia saytından

Amin, “qəbul et” mənasını daşıyan dini bir kəlmədir və duanın isticabəti (qəbul olunması) üçün istifadə edilir. Şiəsünni fəqihləri arasında bu kəlmənin deyilməsi ilə bağlı müzakirələr aparılır. Sünni fəqihləri namazda “Həmd” surəsinin oxunmasından sonra amin deyilməsinin vacib və ya müstəhəb olduğunu bildirirlər; amma şiə fəqihlərinə görə, bu kəlmənin namazda deyilməsi haramdır və namazı batil edir. Şiə hədislərində, imamların dediyinə görə, camaat namazında “Həmd” surəsi oxunduqdan sonra “Amin” demək yerinə “Əlhəmdulillah” zikrini demək lazımdır.

Amin kəlməsinin yeri və mənası

Amin kəlməsi ərəb dilində “qəbul et” mənasına gəlir.[1] Fars dilində də bu mənada istifadə olunur.[2] Deyilir ki, bu kəlmə ibri dilindən ərəb dilinə keçmiş və hər iki dildə dini bir anlayış olaraq istifadə edilir.[3] Bu kəlmə həm yəhudilikdə, həm də xristianlıqda istifadə olunur və onun mənalarından biri duanın qəbul olmasını istəməkdir.[4]

Amin kəlməsinin namazda istifadə edilməsi, şiəsünni fiqhi arasında mübahisəli məsələlərdəndir. İmamiyyə fiqhində, “Həmd” surəsinin sonunda amin demək namazı batil edən hərəkətlərdən biridir.[5]

Amin kəlməsi təfsir kitablarında

Amin kəlməsi Quranda işlənməyib; lakin bəzi təfsir kitablarında “Yunis” surəsinin 88-ci və 89-cu ayələri ilə əlaqədar olaraq qeyd olunur ki, Həzrət Musanın (ə) Fironla bağlı etdiyi nifrin zamanı, o və qardaşı Harun amin demişlər.[6] Həmçinin İmam Sadiqdən (ə) rəvayət edilən bir hədisdə, Həzrət Musanın (ə) duasından sonra Harunla yanaşı, mələklərin də amin dediyi bildirilir. Bu zaman Allah-Taala o ikisinin (Musa və Harunun) duasını qəbul etdiyini bildirir.[7]

Namazda “Amin” deməyin fiqhi hökmü

Namazın fiqhi hökmlərindən biri namazda “Amin” deməkdir. Sünni müsəlmanlar, “Həmd” surəsinin oxunmasından sonra “Amin” deyirlər. Təkbaşına namaz qılan şəxs bu kəlməni özü deyir, amma camaat namazı zamanı, imam camaat “Həmd” surəsini bitirdikdən sonra, bütün camaat birgə “Amin” deyir. Lakin bəzi sünni məzhəbləri “Amin” deməyin vacib və ya müstəhəb olmadığını bildirirlər.[8]

Əksinə, şiə fəqihləri, bu əməlın Peyğəmbərdən (s) bizə çatmadığını və namazda dəyişiklik sayıldığını əsas gətirərək, bu kəlmənin namazda deyilməsini haram və namazı batil edən bir əməl sayırlar.[9] 13-cü əsrdə yaşamış Sahibi Cəvahir, imamiyyə fəqihləri arasında “Amin” deməyin haram olduğuna dair məşhur və hətta ümumi bir icma olduğunu bildirmiş və bu əməlın namazı batil etdiyini qeyd etmişdir.[10] Həmçinin “Həmd” surəsinin sonunda “Amin” deməyin haram və namazı batil edən bir əməl olduğu məsələsində vacib və ya müstəhəb namaz arasında fərq olmadığını, habelə imam və ya camat tərəfindən deyilməsinin fərq etmədiyini bildirilmişdir.[11] Həmçinin “Amin” kəlməsinin namazın bir hissəsi olaraq və ya sadəcə dua məqsədilə deyilməsi arasında da heç bir fərq yoxdur.[12] Lakin unutqanlıq, səhv və ya təqiyyə məqsədilə “Amin” kəlməsini deməyin heç bir problemi yoxdur və təqiyyə lazımlı olduqda, bu əməl vacib sayılır.[13]

Bəzi hədislərdə “Amin” deməyə tövsiyə

Bəzi şiə hədislərində Amin deməyə tövsiyə edilmişdir.[14] Əksinə, digər hədislərdə camaat namazı zamanı “Həmd” surəsi oxunduqdan sonra “Amin” kəlməsini demək yerinə “Əlhəmdulillah” zikrinin deyilməsi tövsiyə edilir.[15] İmamiyyə fəqihləri, “Amin” deməmə mövzusunda icmanın olması səbəbilə, birinci növ hədislərin təqiyyə məqsədilə söyləndiyini bildirirlər.[16]

İstinadlar

  1. Bir qrup yazıçı, Musuətul-fiqhil-İslami təbəqa li-məzhəbi əhli-beyt (ə), h.ş 1381, c.1, s.280
  2. Dəhxoda, Lüğətnamə, Amin sözü
  3. Məsumi və İbnur-Rəsul, Bərresi tətbiqi vajeye Amin dər do zəbane ərəbi və ibri, Pejuheşhaye zəbanşenasi
  4. Azərnuş, Amin, Dairətul-maərif bozorqe İslami
  5. Seyid Mürtəza, Rəsailuş-şərifil-Mürtəza, h.q 1405, c.1, s.219; Şəhid Əvvəl, Əd-Durusuş-Şəriyyə, Qum, Came müdərrisin, h.q 1417, c.1, s.174
  6. Təbəri, Cameul-bəyan fi təfsiril-Quran (Təfsirut-Təbəri) , h.q 1404, c.11, s.110
  7. Kuleyni, Kafi, h.q 1407, c.2, s.510
  8. İbn Qudamə, Əl-Muğni, h.q 1388, c.1, s.352-353
  9. Tusi, İstibsar, h.q 1390, c.1, s.318-319; Amili, Miftahul-kəramə, h.q 1419, c.7, s.119; Nəcəfi, Cəvahiru-kəlam, h.ş 1363, c.10, s.6
  10. Nəcəfi, Cəvahiru-kəlam, h.ş 1363, c.10, s.2
  11. Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.1, s.249
  12. Bir qrup arşdırmaçı, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), h.q 1426, c.1, s.151
  13. Bir qrup arşdırmaçı, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), h.q 1426, c.1, s.151
  14. Nümunə üçün baxın: Tusi, İstibsar, h.q 1390, c.1, s.319
  15. Kuleyni, Kafi, h.q 1407, c.3, s.313; Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.6, s.67-68
  16. Nümunə üçün baxın: Tusi, İstibsar, h.q 1390, c.1, s.319

Ədəbiyyat

  • Amili, Seyid Cavad ibn Məhəmməd, Miftahul-kəramə fi şərhi qəvaidil-Əllamə, Qum, Came müdərrisin Hozeye elmiyyeye Qum, h.q 1419
  • Azərnuş, Azərtaş, “Amin”, Dairətul-maərif bozorqe İslami, Məqalənin faylı
  • Bir qrup arşdırmaçı (Mahmud Haşimi Şahrudinin nəzarəti altında), Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), Qum, Nəşre müəssise dairətul-məarif fiqhe İslami bər məzhəbe Əhli-beyt (ə), h.q 1426
  • Bir qrup yazıçı (Mahmud Haşimi Şahrudinin nəzarəti altında), Musuətul-fiqhil-İslami təbəqa li-məzhəbi əhli-beyt (ə), Qum, Nəşre müəssise dairətul-məarif fiqhe İslami bər məzhəbe Əhli-beyt (ə), h.ş 1381
  • Dəhxoda, Əli Əkbər, Dəhxoda Lüğətnaməsi
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkamiş-şəriyyə əla məzhəbil-İmamiyyə, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1409
  • İbn Qudamə, Abdullah ibn Əhməd, Əl-Muğni, Qahirə, Məktəbətul-Qahirə, h.q 1388
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məsumi, Əmir Saleh və İbnur-Rəsul, Seyid Məhəmməd Rza, Bərresi tətbiqi vajeye Amin dər do zəbane ərəbi və ibri, Pejuheşhaye zəbanşenasi, nömrə 4, h.ş 1390
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Daru ihyait-turasil-ərəbi, h.ş 1262
  • Seyid Mürtəza, Əli ibn Hüseyn, Rəsailuş-şərifil-Mürtəza, Qum, Darul-Quranil-Kərim, h.q 1405
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əd-Durusuş-Şəriyyə fi fiqhil-İmamiyyə, Qum, Came müdərrisin, h.q 1417
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan fi təfsiril-Quran (Təfsirut-Təbəri), Təhqiq: Əhməd Məhəmməd Şakir, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1404
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-İstibsar fima ixtələfə minəl-əxbar, Tehran, Darul-kutubil-islamiyyə, h.q 1390