Taslim:Fədək hadisəsi
Fədək hadisəsi (ərəbcə: حادثة فدك) Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkrin Fədək kəndini Fatimədən (s) almasıdır. Əbu Bəkr (deyilənə görə yalnız özünün rəvayət etdiyi bir hədisə əsaslanaraq), peyğəmbərlərin miras qoymadığını iddia etdi. Lakin Fatimə (s.ə) cavab verdi ki, Peyğəmbər (s) vəfat etməzdən əvvəl Fədəyi ona bağışlamışdı və bu barədə İmam Əli (ə) və Ümmü Əyməni şahid göstərdi. Şiə alimlərinin və bəzi sünni alimlərinin fikrincə, “İsra” surəsinin 26-cı ayəsi nazil olduqdan sonra ki, – bu ayədə Peyğəmbərə (s) yaxın qohumların haqqını verməsi əmr olunmuşdu – Peyğəmbər (s) Fədəyi Fatiməyə (s.ə) bağışlamışdı.
Bir rəvayətə görə, Əbu Bəkr bir sənəddə Fatimənin (s) Fədəkə malik olduğunu təsdiqləmişdi; lakin Ömər ibn Xəttab həmin sənədi Fatimədən (s) alıb cırmışdı. Başqa bir rəvayətə əsasən isə, Əbu Bəkr Fatimənin (s) gətirdiyi şahidlərin şəhadətini qəbul etməmişdi. Peyğəmbərin (s) qızı, özü və həyat yoldaşı İmam Əlinin (ə) etdiyi haqlı müraciətlərin nəticəsiz qaldığını gördükdə, Mədinə məscidinə gedərək bir xütbə söylədi. Bu xütbə “Fədəkiyyə xütbəsi” adı ilə tanınır. O, bu xütbədə xilafətin qəsb olunmasına işarə etdi, Əbu Bəkrin “peyğəmbərlər miras qoymaz” sözünü Qurana zidd saydı və onu Qiyamət günündə Allahın ədalətinə həvalə etdi. Fatimə (s) bu hadisədən sonra Əbu Bəkr və Ömərə qarşı dərin narazılıq hissi keçirdi və şəhadətinə qədər onlara qarşı qəzəbli qaldı.
Peyğəmbərin (s) vəfatından sonra Fədək kəndi xəlifələrin əlinə keçdi və onlar arasında əl dəyişdirildi. Lakin bəzi xəlifələr – məsələn, Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz və Abbasi xəlifəsi Məmun – Fədəyi və ya onun gəlirlərini Fatimənin (s) övladlarına qaytardılar. Amma sonrakı xəlifələr onu yenidən müsadirə etdilər.
Bu hadisə ilə bağlı ərəb və fars dillərində bir sıra əsərlər yazılmışdır. Onlardan biri də Seyid Məhəmməd Baqir Sədrin “Fədək fit-Tarix” (Tarixdə Fədək) adlı əsəridir. Bu əsər analitik yanaşma ilə qələmə alınmışdır. Sədr bu kitabda Fədəyin tələb olunmasını Həzrət Fatimənin (s) hakimiyyətə qarşı başlatdığı hərəkatın başlanğıc nöqtəsi və onun imamətə dəstək mərhələlərindən biri kimi təhlil etmişdir.
Fədək və onun mövqeyi
| H.q 6: Şaban ayı | İmam Əlinin (ə) Fədəkə səriyyəsi (Peyğəmbərin (s) iştirakı olmadan keçən döyüş)[1] |
| H.q 7: Səfər ayı | Xeybərin fəthi[2] |
| H.q 7: Səfər və ya Rəbiul-əvvəl ayı | Yəhudilər tərəfindən Fədəkin Peyğəmbərə (s) təhvil verilməsi |
| H.q 7: 14 Zilhiccə | Həzrət Fatiməyə (ə) Fədəkin bağışlanması[3] |
| H.q 11: Rəbiul-əvvəl ayı | Əbu Bəkrin əmri ilə Fədəkin müsadirəsi |
| Təxmimən h.q 30: | Osman tərəfindən Fədəkin Mərvana təhvil verilməsi.[4] |
| H.q 40-dan[5] sonra: | Fədəkin Mərvan, Əmr ibn Osman və Yezid arasında Müaviyə tərəfindən bölünməsi. |
| Təxminən h.q 100: | Ömər ibn Əbdüləziz tərəfindən Fədəkin Fatimənin (ə) övladlarına qaytarılması. |
| H.q 101-dən sonra: | Yezid ibn Əbdülməlik tərəfindən Fədəkin yenidən qəsb olunması. |
| Təxminən h.q 132-dən h.q 136-ya qədər: | İlk Abbasi xəlifəsi Səfah tərəfindən Fədəkin qaytarılması.[6] |
| Təxminən h.q 140: | Mənsur Abbasi tərəfindən Fədəkin qəsb olunması.[7] |
| Təxminən h.q 160: | Mehdi Abbasinin əmri ilə Fədəkin qaytarılması.[8] |
| Təxminən h.q 170: | Hadi Abbasinin əmri ilə Fədəkin yenidən olunması. |
| H.q 210: | Məmun Abbasinin əmri ilə geri qaytarılması.[9] |
| (h.q 232-247) | Mütəvəkkil Abbasinin əmri ilə Fədəkin qəsb edilməsi[10] |
| H.q 248: | Müntəsir Abbasinin əmri ilə Fədəkin qaytarılması.[11] |
Əsas məqalə: Fədək
Fədək, Xeybər yaxınlığında yerləşən bərəkətli bir kənd idi ki,[12] Mədinədən təxminən 200 kilometr uzaqlıqda yerləşirdi.[13] Bu bölgədə yəhudilər yaşayırdı[14] və orada çoxlu əkin sahələri, bağlar və xurma bağları var idi.[15] Peyğəmbərin (s) vəfatından sonra Fədəkin mülkiyyəti ilə bağlı mübahisə yarandı. Xəlifələr onu xilafətin xeyrinə müsadirə etdilər və Həzrət Fatimə (s) Fədək üzərindəki mülkiyyət haqqını müdafiə etmək üçün Fədəkiyyə xütbəsini irad etdi. Şiələr inanırlar ki, Fədək xəlifələr tərəfindən qəsb olunmuş və bu hadisə Həzrət Fatimənin (s) məzlumluğunun simvoluna çevrilmişdir.
Fədəkin Həzrət Fatiməyə (s) bağışlanması
Fədək Peyğəmbərin (s) dövründə heç bir hərbi yürüş olmadan müsəlmanların əlinə keçdi.[16] Bu səbəbdən Peyğəmbər (s) onu Fatiməyə (s) bağışladı. Müsəlman alimləri “fey” ayəsinə istinad edərək bildirirlər ki, döyüşsüz əldə edilən mallar Peyğəmbərə (s) məxsus sayılır.[17]
Cəfər Sübhaninin dediyinə görə, şiə təfsirçiləri və bir qrup sünni hədisçilər nəql ediblər ki, Peyğəmbər (s) “Yaxın qohuma haqqını ver”[18] ayəsi nazil olduqdan sonra Fədəki Fatiməyə (s) bağışlamışdır.[19] Sünni alimlərdən Cəlaləddin Süyuti “Əd-Dürrül-Mənsur”da,[20] Müttəqi Hindi “Kənzul-Ümmal”da,[21] Hakim Həskani “Şəvahidut-Tənzil”də,[22] Qunduzi “Yənabiul-Məvəddət”də[23] və digər alimlər[24] bu məsələni qeyd ediblər.
Fədək və imamət arasındakı əlaqə
Şiə müctəhidi Hüseynəli Müntəziri (vəfatı 1388 h.ş.) inanırdı ki, Fədək imamətin simvoludur və onun Fatiməyə (s) verilməsi imamət ailəsi üçün gəlir mənbəyi yaratmaq məqsədi daşıyırdı. Həmçinin Peyğəmbər (s) onu İmam Əliyə (ə) yox, Fatiməyə (s) verdi ki, asanlıqla onu qəsb edə bilməsinlər.[25] Bu baxışı sübut etmək üçün bir rəvayətə istinad edilir.[26] Bu hədisə əsasən, Abbasi xəlifəsi Harun, İmam Kazımdan (ə) Fədəkin sərhədlərini müəyyən etməsini istədi və İmam, Abbasilər dövlətinin sərhədlərini,[27] hətta daha geniş əraziləri sərhəd kimi göstərdi. Harun da “Artıq bizə heç nə qalmadı” dedi.[28] Həmçinin Ümmü Əyməndən nəql olunan bir rəvayətdə də bildirilir ki, Fatimə (s) Peyğəmbərdən (s) Fədəki ona bağışlamasını istədi ki, gələcəkdə ehtiyac yaranarsa, bu vasitə ilə aradan qaldırılsın.[29]
Fədəkin müsadirəsi və Həzrət Fatimənin (s) haqq mübarizəsi
Fədək Peyğəmbərin (s) vəfatına qədər Həzrət Fatimənin (s) əlində idi və orada onun vəkilləri, işçiləri və xidmətçiləri çalışırdı.[30] Əbu Bəkr xilafətə gəldikdən sonra bildirdi ki, Fədək heç kimin mülkü deyil və onu xilafətin xeyrinə müsadirə etdi.[31] Fədəkin mülkiyyəti Ömər ibn Xəttab[32] və Osman[33] dövründə də Peyğəmbər (s) ailəsinə qaytarılmadı.
Həzrət Fatimənin (s) haqqını tələb etməsi
Fədək müsadirə edildikdən sonra Həzrət Fatimə (s) onu Əbu Bəkrdən tələb etdi. Əbu Bəkr dedi ki, Peyğəmbərdən (s) eşitmişdir: onun malı vəfatından sonra müsəlmanlara çatır və ondan miras qalmır.[34] Həzrət Fatimə (s) cavab verdi: “Atam bu mülkü mənə bağışlamışdır.” Əbu Bəkr Həzrət Fatimədən (s) iddiasını sübut etmək üçün şahid istədi. Bəzi mənbələrə görə Həzrət Əli (ə) və Ümmü Əymən şahidlik etdilər;[35] digər mənbələrə görə Ümmü Əymən və Peyğəmbərin (s) azad edilmiş qullarından biri;[36] başqa rəvayətlərə görə isə İmam Əli (ə), Ümmü Əymən və İmam Həsənlə (ə) İmam Hüseyn (ə) şahidlik etdilər.[37] Əbu Bəkr bu şahidliyi qəbul etdi və bir sənəd yazdı ki, heç kim Fədəki qəsb etməsin. Həzrət Fatimə (s) məclisdən çıxan kimi Ömər ibn Xəttab həmin sənədi aldı və cırdı.[38] Lakin bəzi sünni mənbələrə görə Əbu Bəkr Həzrət Fatimənin (s) şahidlərini qəbul etmədi və iki kişi şahid tələb etdi.[39] İbn Əbil-Hədid Mötəzili yazır: “Bağdaddakı Qərbi Mədrəsənin müəllimi İbn Faruqidən soruşdum: Fatimə (s) doğru deyirdimi? İbn Faruqi dedi: Bəli. Soruşdum: Bəs niyə Əbu Bəkr Fədəki ona vermədi? Dedi: Əgər belə etsəydi, sabah xilafəti əri (Əli) üçün iddia edərdi və Əbu Bəkr onun sözünü rədd edə bilməzdi; çünki Fədək məsələsində onun sözünü şahidsiz qəbul etmişdi.” İbn Əbil-Hədid davamında əlavə edir: “İbn Faruqi bu sözü zarafatla desə də, dediyi doğru idi”.[40]
“Əl-ixtisas” kitabında İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə əsasən, Həzrət Fatimənin (s) Fədəkin qəsbinə etiraz etdiyi hadisədə Möhsünün siqt olması (düşməsi) qeyd olunmuşdur.[41] Lakin tarixi mənbələr Möhsünün siqt olmasını Həzrət Fatimənin (s) evinə edilən hücumla əlaqələndirirlər.[42]
Əbu Bəkrin peyğəmbərlərin miras qoymaması ilə bağlı arqumenti
Əsas məqalə: Nəhnu məaşirəl-ənbiya la nuvərrisu
Əbu Bəkrin Həzrət Fatimənin (s) ədalət tələbinə cavab olaraq belə dediyi bildirilir: “Peyğəmbərdən (s) eşitdim: Biz peyğəmbərlər miras qoymuruq və bizdən qalan şey sədəqədir”.[43] Bunun qarşısında Həzrət Fatimə (s) Fədəkiyyə xütbəsində Qurandan peyğəmbərlərin miras qoyduğunu bildirən ayələrə istinad etdi[44] və Əbu Bəkrin sözünü Quran ayələrinə zidd saydı.[45] Şiə alimləri bildirirlər ki, bu ifadəni yalnız Əbu Bəkr nəql etmişdir, başqa heç bir səhabə bu hədisi söyləməmişdir.[46]
Rəvayətə görə, Osman xilafətə gəldikdə, Ayişə və Həfsə onun yanına gedib, atalarının (birinci və ikinci xəlifələrin) onlara verdiklərini yenidən istədilər. Osman isə dedi: “Allaha and olsun, sizə belə bir şey verməyəcəyəm... Məgər siz deyildinizmi ki, atanızın yanında şahidlik etdiniz ki... peyğəmbərlər miras qoymurlar? Bir gün bu şəkildə şahidlik etdiniz, indi isə Peyğəmbərin (s) mirasını istəyirsiniz?”[47]
Cəfər Sübhaninin Fədəyin müsadirə olunmasının səbəbi barədə fikri:
İmam Əlinin (ə) iqtisadi gücündən qorxu Fədəyin müsadirə edilməsinin əsas amillərindən biri idi. Çünki İmam (ə) rəhbərlik üçün lazım olan bütün xüsusiyyətlərə malik idi. Onun elmi, təqvası, parlaq keçmişi, Peyğəmbərlə (s) yaxın qohumluğu və Həzrətin onun haqqında buyurduğu tövsiyələr inkaredilməz idi. Belə bir vəziyyətdə İmamın mənəvi imkanlarını və üstünlüklərini ondan almaq mümkün olmadığından, Peyğəmbər ailəsini zəiflətmək və İmam Əlinin (ə) mövqeyini sarsıtmaq məqsədilə Fədək həqiqi sahibinin əlindən alındı və Peyğəmbər (s) ailəsi hakimiyyət aparatına möhtac vəziyyətə salındı.
Bu həqiqət Ömərin xəlifə ilə söhbətindən açıq-aydın başa düşülür. O, Əbu Bəkrə dedi: “İnsanlar dünyanın qullarıdır və bundan başqa məqsədləri yoxdur. Xümsü və qənimətləri Əlidən al, Fədəyi də onun əlindən çıxar. Çünki insanlar onun əlini boş gördükdə ondan üz döndərib sənə tərəf meyl edəcəklər.”[48]
Fədəkiyyə xütbəsi
Əsas məqalə: Fədəkiyyə xütbəsi
Həzrət Fatimənin (s) Əbu Bəkrə etdiyi haqq tələb etməsi nəticəsiz qaldıqdan sonra o, Peyğəmbərin (s) məscidinə gedərək səhabələrin qarşısında bir xütbə söylədi. Bu xütbə “Fədəkiyyə xütbəsi” adı ilə tanınır.[49] Həzrət Fatimə (s) bu xütbəsində xilafətin qəsb olunmasından danışdı və Əbu Bəkrin “peyğəmbərlər miras qoymurlar” sözünü təkzib etdi. O soruşdu: “Məni atamın mirasından hansı qanuna əsasən məhrum etdiniz? Məgər Quranda belə bir ayə varmı?” Daha sonra Əbu Bəkri Qiyamət günü Allahın məhkəməsinə həvalə etdi və Peyğəmbərin (s) səhabələrinə müraciət edərək soruşdu: “Niyə bu zülmlərə qarşı susursunuz?” Həzrət Fatimə (s) bildirdi ki, onların (Əbu Bəkr və tərəfdarlarının) etdikləri andı pozmaqdır. Xütbənin sonunda bu əməlləri əbədi rüsvayçılıq adlandırdı və aqibətini cəhənnəm olaraq təsvir etdi.[50]
Həzrət Fatimənin (s) ömrünün sonuna qədər narazılığı
Sünni mənbələrdə, o cümlədən “Səhih Buxari”də nəql olunan rəvayətlərə görə, Həzrət Fatimə (s) Əbu Bəkr və Ömərdən narazı idi və şəhadətinə qədər onlara qarşı qəzəbli qaldı.[51] Eyni məzmunlu digər rəvayətlər də sünni mənbələrdə yer almışdır.[52] Nəql olunub ki, Əbu Bəkr və Ömər Həzrət Fatimənin (s) razılığını almaq üçün onunla görüşmək istədilər, lakin Həzrət Fatimə (s) bu görüşü qəbul etmədi. Daha sonra onlar İmam Əlini (ə) vasitəçi edərək onunla görüşdülər. Bu görüşdə Həzrət Fatimə (s) Peyğəmbərin (s) onun barəsində söylədiyi “bəzə” (yəni: “Fatimə mənim bir parçamdır”) hədisini xatırlatdı və onların razılıq istəklərini qəbul etmədi.[53]
İmam Əlinin (ə) reaksiyası
“Biharul-Ənvar” kitabında nəql olunan bir rəvayətə görə, Fədək müsadirə edildikdən sonra İmam Əli (ə) məscidə gedərək Əbu Bəkrə etiraz etdi ki, niyə Fatiməni (s) Peyğəmbərin (s) ona bağışladığı bir şeydən məhrum edib. Əbu Bəkr ədalətli şahid tələb etdi. İmam Əli (ə) isə belə arqument irəli sürdü: Əgər bir şey bir şəxsin əlindədirsə və başqası onun mülkiyyətinə qarşı iddia edirsə, iddia edən şəxs dəlil və şahid gətirməlidir – Fatimə (s) yox, çünki Fədək əvvəldən onun əlində idi.[54] İmam Əli (ə) daha sonra “Təthir” ayəsini oxudu və Əbu Bəkrdən bu ayənin onun və ailəsinin barəsində nazil olduğunu etiraf etdirdi. Ardınca soruşdu: “Əgər iki şahid gəlib desə ki, Fatimə (s) pis bir iş etmişdir, nə edəcəksən?” Əbu Bəkr dedi: “Ona hədd cəzası tətbiq edərəm”. İmam Əli (ə) buyurdu: “Bu halda sən insanların şahidliyini Allahın şahidliyindən üstün tutmuş olarsan və bu, küfr sayılar”.[55] Təbərsinin “İhticac” kitabında İmam Əlinin (ə) Əbu Bəkrə ünvanladığı bir məktub nəql olunmuşdur. Bu məktubda İmam Əli (ə) sərt və hədə dolu bir üslubla xilafətin və Fədəkin qəsb olunmasından danışır.[56]
İmam Əlinin (ə) xilafəti dövründə də Fədək onun əleyhdarlarının əlində idi. İmam Əli (ə) əvvəlki xəlifələrin bu hərəkətini qəsb sayırdı, lakin onun barədə hökm verməyi Allaha həvalə etmişdi.[57] İmamın Fədəki geri almağa niyə cəhd etmədiyi ilə bağlı hədis mənbələrində bir sıra rəvayətlər mövcuddur. Məsələn, bir xütbəsində İmam Əli (ə) xəlifələrin bir sıra bidətlərini, o cümlədən Fədəkin qəsb edilməsini sadalayır[58] və and içir ki, əgər bu bidətləri ləğv etməyə və insanları Peyğəmbərin (s) sünnəsinə qaytarmağa çalışsaydı, ətrafındakı insanlar – az bir qrup istisna olmaqla – ondan uzaqlaşardılar.[59] Həmçinin İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir ki, İmam Əli (ə) bu məsələdə Peyğəmbərə (s) kimi etmişdi. Peyğəmbər (s) Məkkə fəth edildiyi gün, əvvəllər zülmlə əlindən alınmış evini geri almamışdı.[60]
İmam Əlinin (ə) Osman ibn Hünəyfə yazdığı məktubda Fədək və onunla bağlı hökm vermək barədə belə gəlib: “Bu səmanın altında yalnız Fədək bizim əlimizdə idi. Bəziləri ona qarşı xəsislik etdilər, bəziləri isə səxavətlə ondan üz çevirdilər. Ən yaxşı hakim Allahdır. Sabah insanın yeri qəbir olduğu halda, mənim Fədəklə və başqa şeylərlə nə işim var?”[61]
,== Fədəkin müsadirəsi və Həzrət Fatimə (s) tərəfindən tələb edilməsinin motivləri == Seyid Məhəmməd Baqir Sədr “Fədək fit-Tarix” adlı kitabında bildirir ki, Fədəkin Həzrət Fatimə (s) tərəfindən tələb edilməsi şəxsi bir məsələ və maddiyyatla bağlı bir mübahisə deyildi; həqiqətdə, o dövrün hakimiyyətinə qarşı bir etiraz və Səqifə əsaslı hakimiyyətin qeyri-legitim sayılması idi.[62] O, Fədəkin Həzrət Fatimə (s) tərəfindən tələb edilməsini o xanımın hakimiyyətə qarşı başlatdığı hərəkatın başlanğıcı və onun imamət və vilayəti müdafiə etməsinin mərhələlərindən biri hesab edir.[63]
Tarix araşdırmaçısı Seyid Cəfər Şəhidi (vəfatı 1386 h.ş.) inanırdı ki, Həzrət Fatimənin (s) Fədəki tələb etməsinin məqsədi Peyğəmbərin (s) sünnəsini yaşatmaq və ədaləti bərpa etmək idi. O, İslam cəmiyyətini təhdid edən cahiliyyət dəyərlərinin və qəbilə üstünlüyünün geri dönməsindən narahat idi.[64]
Şiə mərcəyi-təqlidi Ayətullah Məkarim Şirazinin fikrincə, xəlifələr Fədəki müsadirə etdilər ki, bu iqtisadi mənbə İmam Əli (ə) və onun ailəsinin güc mənbəyinə çevrilməsin.[65] O, bu barədə İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə istinad edir.[66] Bu rəvayətə görə, Əbu Bəkr xilafətə gəldikdən sonra Ömər ondan istədi ki, xüms, fey və Fədəki Əlidən (ə) və onun ailəsindən alsın; çünki tərəfdarları bu vəziyyəti görsələr, Əlidən (ə) üz çevirib Əbu Bəkrə yönələcəklər.[67]
Fədəkin Həzrət Fatimənin (s) övladlarına qaytarılması
Fədək Əməvilər və Abbasilərin dövrlərində də xəlifələrin əllərində idi, lakin bəzi dövrlərdə müvəqqəti olaraq Həzrət Fatimənin (s) övladlarına qaytarılmışdır:
- Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin xilafəti dövründə.[68]
- Abbasi xəlifəsi Səffahın dövründə.[69]
- Abbasi xəlifəsi Mehdinin dövründə.[70] Əlbəttə, bəzi mənbələrə görə İmam Kazim (ə) Fədəki Mehdi Abbasidən tələb etmiş, lakin o, onu qaytarmamışdır.[71]
- Abbasi xəlifəsi Məmunun dövründə.[72]
Məmundan sonra Abbasi xəlifəsi Mütəvəkkilin əmri ilə Fədək əvvəlki vəziyyətinə qaytarıldı.[73] Məclisi Kupayi “Fədək: Qəsbdən dağıdılmaya qədər” adlı kitabında qeyd edir ki, tarixi mənbələrin əksəriyyəti Mütəvəkkildən sonrakı dövrdə Fədək hadisəsini qeyd etməmişdir.[74]
Şair Debel Xüzai (vəfatı 246 h.q.) Fədəkin Həzrət Fatimənin (s) övladlarına qaytarılmasından sonra belə bir beyt yazmışdır:
اَصْبَحَ وَجْهُ الزَّمانِ قَدْ ضَحِکاً بِرَدَّ مَأْموُنُ هاشِمَ فَدَکاً
Tərcüməsi: “Zamanın üzündə sevinc təbəssümü göründü, o zaman ki Məmun Fədəki Bəni-Haşimə qaytardı”.[75]
Şiə alimlərindən Məhəmmədhüseyn Kompani də bu mövzuda belə bir beyt söyləmişdir:
Fədək bağının meyvəsi qarğa və quzğuna yem oldu, Cənnət tovuzquşunun fəryadı göylərə yüksəldi.[76]
İstinadlar
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.2, s.642
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.2, s.431
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.95, s.188
- ↑ Məqrizi, İmtaul-əsma, h.q 1420, c.13, s.149
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağə, h.q 1404, c.16, s.216
- ↑ Əllamə Hilli, Nəhcül-Həqq, m. 1982, s.357
- ↑ Əmin, Əyanuş-şiə, h.q 1403, c.1, s.318
- ↑ Əllamə Hilli, Nəhcül-Həqq, m. 1982, s.357
- ↑ Bəlazuri, Futuhul-buldan, m.1988, c.1, s.42
- ↑ Bəlazuri, Futuhul-buldan, m.1988, c.1, s.43
- ↑ İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.7, s.116
- ↑ Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.4, s.238
- ↑ google maps
- ↑ Bəladi, Mucəmu məalimil-Hicaz, h.q 1431, c.2, s.205 və 206 və c.7, s.23; Sübhani, Həvadise sale həftome hicrət: Sərqozəşte Fədək, s.14
- ↑ Baxın: Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.4, s.238
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.15
- ↑ Nümunə üçün baxın: Fəxri Razi, Məfatihul-ğeyb, h.q 1420, c.29, s.506; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.19, s.203
- ↑ İsra surəsi, ayə 26
- ↑ Sübhani, Furuğe vilayət, h.ş 1380, s.219
- ↑ Siyuti, Əd-Durrul-mənsur, Beyrut, c.2, s.158 və c.5, s.273
- ↑ Müttəqi Hindi, Kənzul-ummal, c.2, s.158 və c.3, s.767
- ↑ Hakim Həskani, Şəvahidut-Tənzil, c.1, s.439 və 441
- ↑ Qunduzi, Yənabiul-məvəddət, h.q 1422, c.1, s.138 və 359
- ↑ Baxın: Hüseyni Cəlali, Kutube Fədək vəl-əl-əvali, h.q 1426, s.146-149
- ↑ Müntəziri, Xütbeye Həzrət Zəhra (s) və macəraye Fədək, h.ş 1386, s.393
- ↑ Müntəziri, Xütbeye Həzrət Zəhra (s) və macəraye Fədək, h.ş 1386, s.394
- ↑ Qərəşi, Həyatul-İmam Musa ibn Cəfər, h.q 1429, s.472
- ↑ İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.4, s.320-324
- ↑ Şeyx Mufid, İxtisas, h.q 1413, s.184
- ↑ Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.90; Seyid Cəfər Mürtəza, Əs-Səhih, h.q 1426, c.18, s.241
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.543; Şeyx Mufid, Əl-Muqniə, h.q 1410, s.289 və 290
- ↑ Bəlazuri, Futuhul-buldan, m.1956, c.1, s.36
- ↑ Baxın: İbn Qüteybə, Əl-Məarif, s.195
- ↑ Bəlazuri, Futuhul-buldan, m.1956, c.1, s.35-36
- ↑ Hələbi, əs-Siyrətul-Hələbiyyə, m.1971, c.3, s.512
- ↑ Fəxri Razi, Məfatihul-ğeyb, h.q 1420, c.29, s.506
- ↑ İyci, Əl-Məvaqif, m. 1997, c.3, s.608
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.543; Hələbi, əs-Siyrətul-Hələbiyyə, m.1971, c.3, s.512
- ↑ Bəlazuri, Futuhul-buldan, m.1956, c.1, s.35
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.16, s.284
- ↑ Şeyx Mufid, İxtisas, h.q 1413, s.185
- ↑ Nümunə üçün : Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.146
- ↑ Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.79
- ↑ Nümunə üçün baxın: Nəml surəsi, ayə 16; Məryəm surəsi, ayə 5 və 6
- ↑ Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.107 və 108
- ↑ Baxın: Sübhani, Furuğe vilayət, h.ş 1380, s.242
- ↑ Təbəri, Əl-Müstərşid, h.q 1415, s.597; Hələbi, Təqribul-məarif, h.q 1404, s.286
- ↑ Sübhani, Furuğe vilayət, h.ş 1380, s.205-206
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1421, c.1, s.353-364
- ↑ Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.107-108
- ↑ Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.79
- ↑ Baxın: Müslim, Səhih-Müslim, Daru ihyait-turas, c.3, s.1380
- ↑ İbn Qüteybə, Əl-İmamət vəs-siyasət, h.q 1382, c.1, s.31
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.124
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.125
- ↑ Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.95
- ↑ Ustadi, Fədək, s.391-392; İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.16, s.208
- ↑ Məclisi, Fədək əz ğəsb ta təxrib, h.q 1388, s.145
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.8, s.59
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.396
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.16, s.205-208
- ↑ Sədr, Fədəkun fit-tarix, h.q 1415, s.63-66
- ↑ Sədr, Fədəkun fit-tarix, h.q 1415, s.113-117
- ↑ Şəhidi, Əli əz zəbane Əli, h.ş 1377, s.37
- ↑ Məkarim Şirazi, Peyame Əmirəl-möminin, h.ş 1386, c.10, s.202
- ↑ baxın: Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.194
- ↑ Məkarim Şirazi, Peyame Əmirəl-möminin, h.ş 1386, c.10, s.202
- ↑ İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.45, s.178 və 179; Bəlazuri, Futuhul-buldan, m.1956, c.1, s.36
- ↑ Əllamə Hilli, Nəhcül-Həqq, m.1982, s.357
- ↑ Əllamə Hilli, Nəhcül-Həqq, m.1982, s.357
- ↑ Tusi, Təhzibul-əhkam, h.q 1407, c.4, s.149
- ↑ Bəlazuri, Futuhul-buldan, m.1956, c.1, s.37 və 38
- ↑ Bəlazuri, Futuhul-buldan, m.1956, c.1, s.38
- ↑ Məclisi Kupai, Fədək əz ğəsb ta tarix, h.ş 1388, s.139
- ↑ Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.4, s.239
- ↑ Ğərəvi İsfahani, Divane Kompani, h.ş 1397, s.46
Ədəbiyyat
- Amili, Seyid Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbiyyil-əzəm, Qum, Darul-hədis, h.q 1426
- Bəladi, Atiq ibn Ğeys, Mucəmu məalimil-Hicaz, Məkkə, ər-Reyhan müəssisəsi, h.q 1431
- Bəlazuri, Əhməd ibn Yəhya, Futuhul-buldan, Təhqiq: Səlahuddin Əl-Muncid, Qahirə, Məktəbətun-Nehzətil-Misriyyə, m.1956
- Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Təhqiq: Məhəmməd Züheyr ibn Nasir, Beyrut, Daru təvqin-nəcat, 1-ci çap, h.q 1422
- Fəxri Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, Beyrut, Daru ihyait-turasil-ərəbi, 3-cü çap, h.q 1420
- Ğərəvi İsfahani, Məhəmməd Hüseyn, Divane Kompani, Darul-kutubil-İslamiyyə, h.ş 1397
- Hakim Həskani, Übeydullah ibn Əhməd, Şəvahidut-Tənzil, Müəssisətun-nəşrt-təbə vən-nəşr, Tarixi məlum deyil
- Hələbi, Əli ibn İbrahim, əs-Siyrətul-Hələbiyyə, Təhqiq: Abdullah Məhəmməd Xəlili, Beyrut, Darul-kutubil-elmiyyə, m.1971
- Hüseyni Cəlali, Məhəmməd Baqir, Fədək vəl-əvali vəl-həvayitis-səbəti fil-kitabi vəs-sünnəti vət-tarixi vəl-ədəb, Məşhəd, Dəbirxaneye konqre mirase elmi və mənəvi Həzrət Zəhra (s), h.q 1426
- İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbəlfəzl İbrahim, Qum, Mərəşi Nəcəfi adına kitabxana, h.q 1404
- İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1415
- İbn Əsir, Əl-Kamilu fit-tarix, Beyrut, Darus-sadir, h.q 1385
- İbn Hişam, Əbdül-Məlik, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, Darul-mərifət, Tarixi məlum deyil
- İbn Şəhr Aşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə nəşri, h.q 1379
- İrbili, Əli ibn İsa, Kəşful-ğummə fi mərifətil-Əimmə, Qum, Rəzi, 1-ci çap, h.q 1421
- İyci, Əbdür-Rəhman ibn Əhməd, Əl-Məvaqif, Təhqiq: Əbdür-Rəhman Ümeyrə, Beyrut, Darul-ceyl, m.1997
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1363
- Məcarim Şirazi, Nasir, Peyame Əmirəl-möminin, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1386
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Daru ihyait-turasil-ərəbi, 2-ci çap, h.q 1403
- Məclisi Kupai, Ğulam Hüseyn, Fədək əz ğəsb ta tarix, Qum, Dəlile ma, h.ş 1388
- Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət, Qum, Ənsariyan, h.q 1426
- Məqrizi, Təqyuddin, İmtaul-əsma bima lin-nəbi minəl-əhvali vəl-əmvali…, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420
- Müttəqi Hindi, Kənzul-ummal, Beyrut, Müəssisəstur-risalə, Tarixsiz
- Müntəziri, Hüseynəli, Xütbeye Həzrət Zəhra (s) və macəraye Fədək, Qum, Müəssiseye fərhəngi xordava, 5-ci çap, h.ş 1386
- Qərəşi, Baqir Şərif, Həyatul-İmam Musa ibn Cəfər, Təhqiq: Mehdi Baqir Qərəşi, Mehre deldar, h.q 1429
- Qunduzi, Süleyman ibn İbrahim, Yənabiul-məvəddət, Qum, Darul-üsvə, h.q 1422
- Sədr, Məhəmməd Baqir, Fədəkun fit-tarix, Təhqiq: Əbdül-Cabbar Şərarə, Mərkəzul-ğədir ild-dərasətil-İslamiyyə, 1-ci çap, h.q 1415
- Siyuti, Cəlaluddin, Əd-Durrul-mənsur fit-təfsiri bil-məsur, Beyrut, Darul-mərifəti lit-təbaəti vən-nəşr, Tarixsiz
- Sübhani, Cəfər, Həvadise sale həftome hicrət: Sərqozəşte Fədək, Məcəlleye Məktəbe İslam, nömrə 4, h.ş 1346
- Sübhani, Cəfər, Furuğe vilayət: Tarixe təhlili zendeqaniye Əmire Möminan Əli (ə), Qum, İmam Sadiq (ə) müəssisəsi, 6-cı çap, h.ş 1380
- Şəhidi, Seyid Cəfər, Əli əz zəbane Əli, Tehran, Dəftəre nəşr fərhənge İslam, h.ş 1377
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd ibn Numan, İxtisas, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin hozeye elmiyyeye Qum, Tarixsiz
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd ibn Numan, Əl-Muqniə, Qum, Müəssisətun-nəşril-İslami, 2-ci çap, h.q 1410
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizanu fi təfsiril-Quran, Qum, Enteşarate came müdərrisin, h.q 1417
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbəlfəzl İbrahim, Beyrut, Darut-turas, h.q 1387
- Təbəri, Məhəmməd ibn Cərir, Əl-Müstərşid fi imaməti Əli ibn Əbi Talib (ə), Təhqiq və düzəliş: Əhməd Mahmudi, Qum, Kuşanpur, 1-ci çap, h.q 1415
- Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac əla əhlil-ləcac, Təhqiq: Məhəmməd Baqir Xorasan, Məşhəd, Nəşre mürtəza, 1-ci çap, h.q 1403
- Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Düzəliş: Həsən Musəvi Xorasan, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Ustadi, Rza, Fədək, Dər daneşnameye İmam Əli (ə), Əli Əkbər Rəşadın nəzarəti altında, Tehran, Mərkəze nəşre asare Pejuheşqahe fərhəng və əndişeye islami, h.ş 1380
- Yaqut Həməvi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Beyrut, Daru sadir, 2-ci çap, m.1995
- Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-Həqq və kəşfus-sidq, Beyrut, Darul-kitabil-Lubnani, m.1982
Xarici keçidlər
- «فدک در فراز و نشیب», farsca məqalə
- «بررسی مسئله فدک با رویکرد فقهی حقوقی», farsca məqalə
- «ارزیابی حدیث «نحن معاشر الانبیاء لانورث», farsca məqalə
- «هماهنگی در اخبار فدک», farsca məqalə