Məzmuna keç

Taslim:Mursəlat surəsi

wikishia saytından
Mursəlat surəsi
Mursəlat surəsi
Cüz29
Ayə50
Məkkə\MədinəMəkkə
Nazil olma sırası33
Surənin nömrəsi77
Söz181
Hərf841


Mursəlat surəsi (ərəbcə: سورة المرسلات) Quranın 77-ci surəsi və Məkkədə nazil olmuş surələrdəndir. O, Quranın 29-cu cüzündə yerləşir. «Mursəlat» sözü «göndərilənlər» mənasını verir və bu söz surənin ilk ayəsində işlənmişdir. Mursəlat surəsi Qiyamətin baş verəcəyini vurğulayır və onu inkar edənləri ardıcıl şəkildə təhdid edir. Bu surədə həmçinin günahkarların və təqvalı insanların əməlləri və əlamətləri sadalanır, onların aqibəti haqqında danışılır. Bu surənin tilavətinin fəziləti barədə Peyğəmbərdən (s) belə nəql edilmişdir: «Hər kəs Mursəlat surəsini oxusa, onun üçün müşriklərdən olmadığı yazılar.»

Təqdimat

  • Adlandırılması

Bu surə “Mursəlat” (yəni “göndərilənlər”) adlandırılmışdır. Buna səbəb surənin əvvəlində onlara and içilməsidir. Bu surənin digər adı isə “Ürf”dür. Bu ad ilk ayədə işlədilmişdir.[1]

  • Nazil olduğu yer və nazilolma ardıcıllığı

Mursəlat surəsi Məkkə surələrindən biridir və nazilolma ardıcıllığı baxımından Peyğəmbərə (s) nazil olan 33-cü surədir. Surənin hazırkı müshəfdəki sıralamasında isə 77-ci surədir[2] və Qurani-Kərimin 29-cu cüzündə yerləşir.

  • Ayələrin sayı və digər xüsusiyyətləri

Mursəlat surəsi 50 ayə, 181 söz və 841 hərfdən ibarətdir. Həcm baxımından bu surə müfəssəlat (ayələri qısa olan surələr) qrupuna daxildir və Qurani-Kərimin nisbətən kiçik surələrindəndir. Surənin ilk 5 ayəsində beş müxtəlif mövzuya and içilmişdir.[3]

Məzmun

Mursəlat surəsi Qiyamətin baş verəcəyini və onun əlamətlərini, eləcə də Allahın insanlara bəxş etdiyi nemətləri xüsusi vurğu ilə qeyd edir. Həmçinin günahkarların və təqvalıların əməllərindən, əlamətlərindən və hər iki qrupun son aqibətindən söz açır. Bu surə Qiyamətə olan vurğunu Qiyaməti inkar edənlərə qarşı sərt təhdid, digərlərinə isə xəbərdarlıq və müjdə ilə müşayiət edir. Surədə digər mövzulardan daha çox təhdidə yer verildiyindən, «وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ» — «O gün yalanlayanların vay halına!» ayəsi on dəfə təkrar edilmişdir.[4] Əllamə Təbatəbai «vay» (وَيْل) sözünü həlak, «yalanlayanlar»ı (mukəzzibini) isə «yəvmul-fəsl», yəni Qiyamət gününü yalanlayanlar kimi izah etmişdir. Çünki həmin gün Allahın vədlərinin gerçəkləşəcəyi və onların yalanlamalarının nəticəsini görəcəkləri gündür.[5] Şeyx Səduq «Xisal» kitabında İbn Abbasdan belə rəvayət etmişdir: Əbubəkr Peyğəmbərə (s) dedi: «Ey Allahın Rəsulu! Sizin saçınız tez ağardı.» Peyğəmbər (s) cavabında buyurdu:

«شَيّبتني هود والواقعة والمرسلات وعمّ يتساءلون»

«Hud, Vaqiə, Mursəlat və “Əmmə yətəsəəlun” (Nəbə) surələri məni qocaltdı.»[6]

Mursəlat surəsinin digər üç surə ilə birlikdə qeyd edilməsinin səbəbi, ehtimal ki, onun üslubunun həmin surələrə bənzəməsidir. Belə ki, Allah-Taala bu surələrdə mövzunu güclü andlarla başlayır, Qiyamətin mütləq baş verəcəyini bildirir və öz sözlərinin hər bir hissəsindən sonra on dəfə bu ifadəni təkrarlayır:

«وَیْل‌ٌ لِّلْمُکَذِّبِین‌»

«O gün yalanlayanların vay halına!»

Əminul-İslam Təbərsi «Məcməul-bəyan» təfsirində qeyd edir ki, Peyğəmbərin (s) ömrünün sonuna qədər başında və üzündə ağarmış tüklərin sayı çox deyildi və o, saçını xına və ya başqa vasitə ilə rəngləmirdi. Buna görə də Peyğəmbərin (s) «Bu surələr məni qocaltdı» buyurmasını belə izah edir: Əgər insanın hansısa bir şey səbəbilə qocalması mümkün olsaydı, bu surələri oxumaq insanı qocaldardı.[7]



İnsan həyatının sona çatması

Əllamə Təbatəbainin fikrincə, Quranın bir çox surəsində, xüsusilə Nəbə, Naziat, Təkvir, İnfitar və İnşiqaq kimi qısa surələrdə Qiyamət günü insan aləminin sona çatmasına işarə edən hadisələrlə birlikdə təsvir olunur. Onun fikrincə, Mursəlat surəsinin 8–12-ci ayələrində də Qiyamət günü baş verəcək bəzi hadisələrə, o cümlədən ulduzların qaralması və sönməsi, göyün yarılması və dağların yerindən qoparılması kimi hadisələrə işarə edilir. Bunlar həyatın sona çatmasının əlamətləridir.[9] Təbatəbai açıq şəkildə bildirir ki, Quran ayələrindən ümumi şəkildə belə başa düşülür: axirət aləmində hökm sürən sistem bütün cəhətləri ilə dünya həyatındakı sistemdən fərqlidir. Çünki axirət aləmi səadət və əbədi həyat yurdu olub, hər cür çətinlik və məşəqqətdən uzaqdır.[10]

Fəziləti və xüsusiyyətləri

Əsas məqalə: Surələrin fəzilələtləri

Mursələt surəsinin tilavətinin fəziləti barədə Peyğəmbərdən (s) belə rəvayət edilmişdir: «Hər kəs bu surəni oxusa, onun müşriklərdən olmadığı yazılar.»[11] İmam Sadiqdən (ə) də belə nəql edilmişdir: «Hər kəs Mursəlat surəsini oxusa, Allah Qiyamət günü onunla Peyğəmbər (s) arasında ünsiyyət və yaxınlıq yaradacaqdır.»[12]

Bəzi rəvayət mənbələrində bu surənin oxunmasının səfərdə təhlükəsizlik və qorunma,[13] düşmənlər üzərində qələbə[14] və qarın ağrısının aradan qalxması[15] kimi xüsusiyyətlərə səbəb olduğu qeyd edilmişdir.

Mətn və tərcümə

Mursəlat surəsi

Tərcümə Ərəbcə mətn
Bağışlayan və mehriban Allahın adı ilə

1. And olsun bir-birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin Bərzəx ruhlarına). 2. (And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə. 3. And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə), 4. (And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara, 5. (And olsun) zikri (Quranı və öyüd-nəsihəti insanların qəlbinə) çatdıranlara ki, 6. (Bütün bu çatdırılmış və yayılmış mərifətlər təkzib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün) dəlil-sübutların (təqdim edilərək) tamamlanması, ya (öyüd-nəsihət qəbul edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür. 7. (Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir. 8. Ulduzlar məhv olacağı, 9. Göy yarılacağı, 10. Dağlar yerindən qopacağı, 11. (Allah) peyğəmbərlər(in)in (ümmətin mühakimə olunması və onlara şahidlik etmələri üçün) hazır ediləcəkləri vaxt müəyyən olduqda (Qiyamət baş verər). 12. (Bu hadisələrin baş verməsi) hansı bir gün üçün təxirə salınmışdır? 13. Mühakimə və (yaxşıların pislərdən) ayrılma günü üçün. 14. Sən nə bilirsən «ayrılma» günü nədir (nə qədər əhəmiyyətlidir)?! 15. O gün vay halına təkzib edənlərin! 16. Məgər Biz əvvəlki (tüğyankar və kafir)ləri məhv etmədikmi?! 17. Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik. 18. Biz günahkarlarla belə rəftar edirik. 19. O gün vay halına təkzib edənlərin! 20. Məgər sizi (Adəm övladını) zəif və dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?. 21. Biz onu möhkəm bir yerdə (ana bətnində) qoyduq. 22. Müəyyən bir müddətədək. 23. Beləliklə, Biz (insanı həmin sudan düzəltməyə) qadir olduq. Nə gözəl qadir olanlarıq. Biz (Onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac baxımından) ölçdük. Nə gözəl ölçənlərik Biz. 24. O gün vay halına təkzib edənlərin! 25. Məgər yeri fəzada sürətlə hərəkət edən və (müxtəlif sakinlər üçün) geniş və məskunlaşdırıcı etmədikmi? 26. Dirilər və ölülər üçün? 27. Onun üzərində möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik. 28. O gün vay halına təkzib edənlərin! 29. (Məhşər haqq-hesabı qurtardıqdan sonra onlara deyiləcəkdir:) «Təkzib etdiyinizə tərəf gedin». 30. «Gedin üç qolu olan kölgəyə tərəf (Bu qatı tüstüdən ibarət olan kölgə, dünyada heyvaniyyətin, yırtıcılığın və şeytançılığın nəfs üzərindəki qələbəsinin eynilə təcəssümüdür)». 31. O nə kölgə salar və nə də odun şöləsindən qoruyar. 32. Həqiqətən, elə qığılcımlar saçar ki, (böyüklükdə) sanki (hər biri) uca bir binadır (yaxud böyük xurma ağacının gövdəsidir). 33. (O qığılcımlar) sanki sarı rəngli dəvələrdir. 34. O gün vay halına təkzib edənlərin! 35. Bu elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər. 36. Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur). 37. O gün vay halına təkzib edənlərin! 38. Bu, sizi də, sizdən əvvəlkiləri də hamılıqla bir yerə topladığımız, mühakimə və (yaxşıları pislərdən) ayırma günüdür. 39. Əgər (bu gün əzabdan nicat tapmaq üçün) bir çarəniz və hiyləniz varsa, Mənə qarşı işlədin. 40. O gün vay halına təkzib edənlərin! 41. Həqiqətən, təqvalılar kölgəliklərdə və çeşmələr (başında) 42. Meylləri çəkən hər növ meyvələr (içində) olarlar. 43. Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun! 44. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. 45. O gün vay halına təkzib edənlərin! 46. (Siz isə, ey kafirlər dünyada) yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən, siz günahkarsınız (və öz cəzanıza çatacaqsınız). 47. O gün vay halına təkzib edənlərin! 48. Onlara «(Allahın müqabilində) rüku edin, müti olun» – deyildiyi zaman rüku etməz, və müti olmazlar. 49. O gün vay halına təkzib edənlərin! 50. (Əgər onlar bu kitaba da iman gətirmirlərsə,) bəs bundan sonra hansı bir sözə (kəlama) iman gətirəcəklər?!

وَالْمُرْسَلَاتِ عُرْفًا ١ فَالْعَاصِفَاتِ عَصْفًا ٢ وَالنَّاشِرَاتِ نَشْرًا ٣ فَالْفَارِقَاتِ فَرْقًا ٤ فَالْمُلْقِيَاتِ ذِكْرًا ٥ عُذْرًا أَوْ نُذْرًا ٦ إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ ٧ فَإِذَا النُّجُومُ طُمِسَتْ ٨ وَإِذَا السَّمَاءُ فُرِجَتْ ٩ وَإِذَا الْجِبَالُ نُسِفَتْ ١٠ وَإِذَا الرُّسُلُ أُقِّتَتْ ١١ لِأَيِّ يَوْمٍ أُجِّلَتْ ١٢ لِيَوْمِ الْفَصْلِ ١٣ وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ ١٤ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ١٥ أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ ١٦ ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ ١٧ كَذَلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ ١٨ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ١٩ أَلَمْ نَخْلُقْكُمْ مِنْ مَاءٍ مَهِينٍ ٢٠ فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ ٢١ إِلَى قَدَرٍ مَعْلُومٍ ٢٢ فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ ٢٣ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ٢٤ أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا ٢٥ أَحْيَاءً وَأَمْوَاتًا ٢٦ وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا ٢٧ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ٢٨ انْطَلِقُوا إِلَى مَا كُنْتُمْ بِهِ تُكَذِّبُونَ ٢٩ انْطَلِقُوا إِلَى ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ ٣٠ لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ ٣١ إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ ٣٢ كَأَنَّهُ جِمَالَةٌ صُفْرٌ ٣٣ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ٣٤ هَذَا يَوْمُ لَا يَنْطِقُونَ ٣٥ وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ ٣٦ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ٣٧ هَذَا يَوْمُ الْفَصْلِ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ ٣٨ فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ ٣٩ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ٤٠ إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ ٤١ وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ ٤٢ كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ ٤٣ إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ ٤٤ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ٤٥ كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُمْ مُجْرِمُونَ ٤٦ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ٤٧ وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ ٤٨ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ٤٩ فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ ٥٠



Sonrakı surə:
<<
Mursəlat surəsi
Məkkə surələri • Mədinə surələri
Əvvəlki surə:
>>

1.Fatihə 2.Bəqərə 3.Ali-İmran 4.Nisa 5.Maidə 6.Ənam 7.Əraf 8.Ənfal 9.Tövbə 10.Yunus 11.Hud 12.Yusuf 13.Rəd 14.İbrahim 15.Hicr 16.Nəhl 17.İsra 18.Kəhf 19.Məryəm 20.Taha 21.Ənbiya 22.Həcc 23.Muminun 24.Nur 25.Furqan 26.Şüəra 27.Nəml 28.Qəsəs 29.Ənkəbut 30.Rum 31.Loğman 32.Səcdə 33.Əhzab 34.Səba 35.Fatir 36.Yasin 37.Saffat 38.Sad 39.Zumər 40.Ğafir 41.Fussilət 42.Şura 43.Zuxruf 44.Duxan 45.Casiyə 46.Əhqaf 47.Muhəmməd 48.Fəth 49.Hucurat 50.Qaf 51.Zariyat 52.Tur 53.Nəcm 54.Qəmər 55.Rəhman 56.Vaqiə 57.Hədid 58.Mücadələ 59.Həşr 60.Mümtəhənə 61.Səff 62.Cümə 63.Münafiqin 64.Təğabun 65.Talaq 66.Təhrim 67.Mülk 68.Qələm 69.Haqqə 70.Məaric 71.Nuh 72.Cin 73.Müzzəmmil 74.Müddəssir 75.Qiyamət 76.İnsan 77.Mürsəlat 78.Nəbə 79.Naziat 80.Əbəsə 81.Təkvir 82.İnfitar 83.Mütəffifin 84.İnşiqaq 85.Buruc 86.Tariq 87.Əla 88.Ğaşiyə 89.Fəcr 90.Bələd 91.Şəms 92.Ləyl 93.Zuha 94.Şərh 95.Tin 96.Ələq 97.Qədr 98.Bəyyinə 99.Zəlzələ 100.Adiyat 101.Qariə 102.Təkasür 103.Əsr 104.Hüməzə 105.Fil 106.Qüreyş 107.Maun 108.Kövsər 109.Kafirun 110.Nəsr 111.Məsəd 112.İxlas 113.Fələq 114.Nas


İstinadlar

  1. ↑ Daneşnameye Quran və Quran pejuhi, c.2, s.1260
  2. ↑ Mərifət, Amuzeşe ulume Quran, c.2, s.168
  3. ↑ Daneşnameye Quran və Quran pejuhi, c.2, s.1260
  4. ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.144
  5. ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.150
  6. ↑ Səduq, Xisal, c.1, s.199
  7. ↑ Təbərsi, Məcməul-bəyan, c.10, s.273
  8. ↑ Xaməgər, Məhəmməd, Saxtare surehaye Qurani-Kərim, Nəşra nəşri, c.1, h.ş 1392
  9. ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.148
  10. ↑ Təbatəbai, Əl-Mizan, c.20, s.148
  11. ↑ Təbərsi, Məcməul-bəyan, c.10, s.227
  12. ↑ Şeyx Səduq, Səvabul-əmal, s.121
  13. ↑ Mühəddis Nuri, Müstədrəkul-vəsail, c.8, s.246
  14. ↑ Kəfəmi, Misbahu Kəfəmi, s.459
  15. ↑ Bəhrani, Əl-Burhan, c.5, s.557

Ədəbiyyat

  • Bəhrani, Seyid Haşim, Əl-Burhan fi təfsiril-Quran, Tehran, Besət mərkəzi, h.q 1416
  • Daneşnameye Quran və Quran pejuhi, c.2, Bəhauddin Xürrəmşahinin səyi ilə, Tehran, Nahid - Dustan, h.ş 1377 (1998)
  • Kəfəmi, İbrahim ibn Əli, Əl-Misbahu lil-Kəfəmi, Qum, Muhibbin, h.q 1423
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, Qum, İslam təbliğatı adına idarənin nəşr və çap mərkəzi, h.ş 1371 (1992)
  • Mühəddis Nuri, Mirza Hüseyn, Müstədrəkul-vəsail, Beyrut, Alul-beyt li-ihyait-turas müəssisəsi, h.q 1408
  • Qurani-Kərim
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal və iqabul-əmal, Təhqiq: Sadiq Həsənzadə, Tehran, Ərməğane Tuba, h.ş 1382 (2003)
  • Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Əl-Ələmi lil-mətbuat müəssisəsi, 2-ci çap, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Farsca tərcümə: Bistuni, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1390 (2011)