Təyəmmüm ayəsi

wikishia saytından
(Ruxsət ayəsi səhifəsindən yönləndirilmişdir)
Təyəmmüm ayəsi
Ayənin adıTəyəmmüm, Səid, Mulaməsə, Ruxsət
Yerləşdiyi surəNisa 43 - Maidə 6
Cüz5 və 6
Nazil olma məkanıMədinə
MövzuFiqh
BarəsindəTəyəmmümün caiz olması və onun bəzi hökmləri


Təyəmüm ayəsi (ərəbcə: آية التيمم) Qurani-Kərimin "Maidə" surəsinin 6-cı və "Nisa" surəsinin 43-cü ayələrinin son hissələrində yer alır və Quranın "ayətül-əhkam" (əhkam ayələrindən) biridir. Müsəlman fəqihləri bu ayəyə əsaslanaraq, təyəmümün dəstəmazqüslün əvəzinə icazəli olduğunu və onun necə yerinə yetirilməli olduğunu müəyyən ediblər.

Müsəlman alimləri bu ayəyə istinad edərək bildirirlər ki, su tapılmadıqda və ya xəstəlik səbəbindən sudan istifadə mümkün olmadıqda, dəstəmaz və qüsl əvəzinə təyəmüm etmək olar.

Ayədə bəzi sözlərin mənalarının izahında fikir ayrılıqları təyəmümün icra qaydasına və sərhədlərinə dair fətvalarda fərqliliklərə səbəb olub. Məsələn, əksər imamiyyə məzhəbi fəqihləri bu ayəyə əsaslanaraq, təyəmümdə yalnız üzün bir hissəsinin (alının) məsh edilməsinin kifayət olduğunu bildirirlər. Halbuki əhli-sünnə fəqihləri bütün üzün məsh edilməsini vacib hesab edirlər.

Həmçinin imamiyyə məzhəbinə görə, ayədə "əllərin məshi" dedikdə ovucun digər əlin arxa hissəsinə, biləkdən barmaqların ucuna qədər çəkilməsi nəzərdə tutulur. Lakin bəzi əhli-sünnə fəqihləri barmaqların ucundan dirsəklərə qədər məsh edilməsinin vacib olduğunu bildirirlər.

Ayənin mətni

Təyəmüm ayəsi Quranda iki yerdə keçir: biri Maidə surəsinin 6-cı ayəsinin son hissəsində, digəri isə Nisa surəsinin 43-cü ayəsinin son hissəsində:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَى حَتَّى تَعْلَمُوا مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّى تَغْتَسِلُوا وَإِنْ كُنْتُمْ مَرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللَّهَ كَانَ عَفُوًّا غَفُورًا

Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın. Həmçinin müsafir olduğunuz (və onda su tapmadığınız) hal istisna olmaqla cənabətli halda qüsl edənə kimi (namaza yaxınlaşmayın). Eləcə də cənabətli halda qüsl edənə kimi məscidə yaxınlaşmayın. Keçməyiniz (bir qapıdan girib digərindən çıxmaq) istisnadır. Əgər xəstə ya səfərdə ikən, sizdən biri ayaqyolundan gəlmiş, ya qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız (və ya sudan istifadə etməməyə üzürlü səbəb olsa) pak torpaq axtarın və (iki əlinizi ona vurduqdan sonra) üzünüzə və əllərinizə sürtün. Doğrudan da, Allah əfv edən və çox bağışlayandır.[1]

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا وَإِنْ كُنْتُمْ مَرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ مِنْهُ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.[2]



Təyəmmüm ayəsinin mövqeyi

Təyəmmüm ayəsi Qurandakı əhkam ayələrindən  biridir. Müsəlman fəqihlər bu ayəyə istinad edərək, dəstəmazqüsl almaq imkanı olmadığı hallarda, onların əvəzinə təyyəmmüm etməyin icazəli olduğunu və namaz üçün təyyəmmüm etməyin şərt olduğunu başa düşmüşlər.[3] Fəqihlər həmçinin bu ayəyə əsaslanaraq təyyəmmüm etmə qaydasını izah etmişlər.[4] Bu ayədə dəstəmaz və qüsl əvəzinə təyyəmmüm etmə icazəsi verildiyi üçün ona "Rüxsət ayəsi" də deyilir.[5]

Təyyəmmüm etməyin icazə verildiyi hallar

Müsəlman fəqihlər bu ayəyə əsasən, dəstəmaz və qüsl əvəzinə təyyən etməyin icazə verildiyi halları belə izah etmişlər:

  • Xəstəlik: Ayədəki "Əgər xəstə olsanız" ifadəsinə əsasən, fəqihlər bildirirlər ki, əgər mükəlləf şəxs xəstə olarsa və suyun istifadəsi ona zərər verərsə, o zaman dəstəmaz və qüsl əvəzinə təyyəmmüm edə bilər.[6]
  • Su tapa bilməmək: Ayədə "Su tapmadıqda" ifadəsi göstərir ki, əgər mükəlləf şəxs həm kiçik, həm də böyük hədəs hallarından sonra dəstəmaz və qüsl üçün kifayət qədər su tapa bilməzsə və ya ona əli çatmazsa, bu halda dəstəmaz və qüsl əvəzinə təyyəmmüm edə bilər.[7]

Səfər

Fəqihlər və təfsirçilər "Yaxud səfərdə olsanız" ifadəsi haqqında qeyd etmişlər ki, səfərdə olmaq, mükəlləfə dəstəmaz və qüsl vacib edən bir hal deyil. Bu ifadə ona görə qeyd edilmişdir ki, səfərdə olan şəxsin bəzən suya çıxışı olmur və ya yanında olan sudan dəstəmaz və qüsl üçün istifadə edərsə, susuz qalmaqdan və həyatının təhlükəyə düşməsindən qorxur. Belə bir halda dəstəmaz və qüsl əvəzinə təyyəmmüm edə bilər.[8]

Ayədəki bəzi sözlərin mənasında fikir ayrılığı

Ayədəki bəzi sözlərin mənası barədə ixtilaflar mövcuddur ki, bu da müxtəlif fiqhi rəylərə səbəb olmuşdur:

"Laməstum"

"Laməstum" sözü "ləməs" kökündən gəlir. Şiə fəqihləri və təfsirçilərinə görə, bu söz sadəcə qadınlara toxunmaq mənasını daşımır, həm də cinsi əlaqəyə işarədir və bu, cənabət qüslünü vacib edir.[9] Lakin bəzi alimlər, məsələn, Fazil Miqdad "Kənzül-Ürfan" əsərində və Rəşid Rza "Əl-Mənar" təfsirində, Şafeinin belə bir görüşdə olduğunu bildirirlər ki, naməhrəm qadın və kişilər arasında sadəcə bədən təması dəstəmazı batil edir.[10] Maliki məzhəbinin imamı Malik ibn Ənəsin fətvasına görə, naməhrəm qadın və kişi arasında olan bədən təması şəhvətlə müşayiət olunarsa, dəstəmazı batil edir.[11]

"Səid"

Fəqihlər arasında təyəmmümün hansı şeylər üzərində düzgün olması ilə bağlı fikir ayrılığı, "səid" sözünün mənası ilə bağlı ixtilafdan qaynaqlanır.[12] Şiə fəqihləri "səid" sözünün torpaq, daş, gil və çınqıl kimi "yer" adı verilən hər şeyə aid olduğunu hesab edirlər.[13] Bəzi lüğət alimləri, məsələn, Cövhəri, bu sözü yalnızca "torpaq" mənasında qəbul etmişlər.[14]

"Səid" sözünün "tayyib" sifəti ilə tərifi haqqında "Səidən tayyibən" ifadəsində, Təbatəbai "Əl-Mizan" əsərində qeyd edir ki, bunun mənası torpaq və ya daş kimi yerin öz təbii halından çıxmaması, gips, əhəng və bu kimi şeylər kimi yanma və istilik nəticəsində öz təbii halını itirməməsidir.[15] Digərləri "tayyib" sözünü "təmiz" mənasında qəbul edir və hesab edirlər ki, təyəmmüm ediləcək yer nəcis olmamalıdır.[16]

Təyəmmümün mənası

Bəziləri, ayədəki "təyyəmmüm" sözünün lüğəvi mənada, yəni "niyyət" mənasında olduğunu hesab edirlər.[17] Digərləri isə bu sözün şəriət mənasına işarə etdiyini düşünürlər[18] ki, bu da belə izah olunur: Əlləri torpağa vurmaq və torpağa dəydikdən sonra həmin əllərlə üz və əllərin arxa tərəfini məsh etmək.[19]

Təyyəmmümün necə icra olunması

Müsəlman fəqihləri "fəməsəhu bi-vucuhikum və əydikum" (üzünüzü və əllərinizi [torpaqla] məsh edin) ayəsinə əsaslanaraq təyyənümün necə yerinə yetirilməsi və məshin hansı hissələri əhatə etməsi haqqında danışmışlar.[20]

İmamiyyə fəqihlərinin əksəriyyəti "bi-vucuhikum" ifadəsindəki "bi" hərfinin "bəzi" mənasında olduğunu bildirir və təyyənümdə üzün bir hissəsinin məsh edilməsini kifayət hesab edirlər.[21] Onlar Peyğəmbər (s)məsum imamların (ə) sünnəsinə əsaslanaraq bu hissənin alın olduğunu və məsh etmənin hər iki əllə yuxarıdan qaşların və burnun yuxarı hissəsinə qədər olması lazım olduğunu bildirirlər.[22] Həmçinin imamiyyənin nəzərində alın məsh edildikdən sonra əllərin arxasının başqa əl ilə biləkdən barmaq uclarına qədər məsh olunmasının vacib olduğunu vurğulayırlar.[23]

Məhəmməd Cavad Müğniyyənin dediyinə görə, əhli-sünnənin dörd məzhəbi və imamiyyədən Şeyx Səduq belə hesab edirlər ki, ayədə "üz" dedikdə bütün üz nəzərdə tutulur, yalnız bir hissəsi deyil. Buna görə də təyyənümdə bütün üzün, hətta saqqalın belə məsh edilməsi vacibdir.[24] Şafiilər və Hənəfilər, ayədə "əl" ifadəsindən barmaq uclarından dirsəyə qədər olan hissənin nəzərdə tutulduğunu bildirirlər. Yəni dəstəmazda yuyulması vacib olan hissə, təyyənümdə də məsh edilməlidir.[25] Malikilər və Hənbəlilər isə əlin barmaq uclarından biləyə qədər məsh edilməsinin vacib, dirsəyə qədər isə müstəhəb olduğunu bildirirlər.[26]

İstinadlar

  1. Nisa surəsi, ayə 43
  2. Maidə surəsi, ayə 6
  3. Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.1, s.27; İrəvani, Durusun təmhidiyyə, h.q 1428, c.1, s.76
  4. Fazil Cavad, Məsalikul-əfham, h.ş 1365, c.1, s.66-67; Bəhrani, Hədaiqun-nazirə, h.ş 1363, c.4, s.243-244
  5. Syuti, Əd-Durrul-mənsur, Darul-fikr, c.3, s.26
  6. Fəxr Razi, ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.309; Fazil Cavad, Məsalikul-əfham, h.ş 1365, c.1, s.63
  7. Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.1, s.26
  8. Mühəqqiq Ərdəbili, Zubdətul-bəyan, s.19; Fəxr Razi, ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.310; Təbatəbai, əl-Mizan, h.ş 1363, c.5, s.226
  9. Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.1, s.25; Fazil Cavad, Məsalikul-əfham, h.ş 1365, c.1, s.63
  10. Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.1, s.25; Rəşid Rza, Təfsirul-mənar, m.1990, c.5, s.97
  11. Alusi, Ruhul-məani, h.q 1415, c.3, s.41; Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.1, s.25
  12. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.5, s.120
  13. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.5, s.118; Səbzəvari, Muhəzzəbul-əhkam, Darut-təfsir, c.4, s.377
  14. Cohəri, Sihahul-luğət, h.q 1407, Səid sözünün şərhində
  15. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.5, s.229
  16. Mühəqqiq Ərdəbili, Zubdətul-bəyan, s.19; Fazil Cavad, Məsalikul-əfham, h.ş 1365, c.1, s.66
  17. Nümunə üçün baxın: Mühəqqiq Ərdəbili, Zubdətul-bəyan, s.19; Rəşid Rza, Təfsirul-mənar, m.1990, c.5, s.100
  18. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.3, s.91; Bəhrani, Əl-Hədaiqun-nazirə, h.ş 1363, c.4, s.244
  19. Amili, Mədarikul-əhkam, h.q 1429, c.2, s.175
  20. Mühəqqiq Ərdəbili, Zubdətul-bəyan, s.19; Fəxr Razi, ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.313
  21. Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.1, s.27; Fazil Cavad, Məsalikul-əfham, h.ş 1365, c.1, s.66
  22. Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.1, s.27
  23. Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.1, s.27; Muğniyyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, s.71
  24. Muğniyyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, s.70
  25. Muğniyyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, s.70
  26. Muğniyyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, s.70; Cəziri, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, h.q 1419, c.1, s.248

Ədəbiyyat

  • Alusi, Mahmud ibn Abdullah, Ruhul-məani, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İrəvani, Məhəmməd Baqir, Durusun təmhidiyyə, Qum, 3-cü çap, h.q 1428
  • Bəhrani, Yusuf, Əl-Hədaiqun-nazirə, Qum, Əl-Fikrul-İslami müəssisəsi, h.ş 1363
  • Cohəri, Əbu Nəsr İsmail ibn Həmmad, Sihahul-luğət, Beyrut, Darul-ilm, 4-cü çap, h.q 1407
  • Rəşid Rza, Məhəmməd, Təfsirul-mənar, Misir, m.1990
  • Səbzəvari, Seyyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, Darut-təfsir
  • Siyuti, Cəlaluddin, Əd-Durrul-mənsur, Beyrut, Darul-fikr
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, İsmailiyyan nəşriyyatı, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, h.q 1415
  • Fazil Cavad, Cavad ibn Səid, Məsalikul-əfham, Tehran, Mürtəzəvi nəşriyyatı, h.ş 1365
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Tehran, Mürtəzəvi nəşriyyatı, h.ş 1373
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
  • Mühəqqiq Ərdəbili, Əhməd ibn Məhəmməd, Zubdətul-bəyan, Tehran
  • Muğniyyə, Məhəmməd Cavad, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, Beyrut, h.q 1421
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.ş 1362