Taslim:Məsəd surəsi
İxlas Məsəd Nəsr | |
| Cüz | 30 |
|---|---|
| Ayə | 5 |
| Məkkə\Mədinə | Məkkə |
| Nazil olma sırası | 6 |
| Surənin nömrəsi | 111 |
| Söz | 22 |
| Hərf | 81 |
Məsəd surəsi (ərəbcə: سورة المسد) və ya Təbbət surəsi Qurani‑Kərimin 111-ci surəsidir və Quranın Məkkədə nazil olan surələrindəndir. Bu surə Qurandakı 30-cu cüzdə yerləşir. “Məsəd” adı surənin son ayəsində keçən xurma lifindən hörülmüş kəndir sözündən, “Təbbət” adı isə surənin ilk ayəsinin ilk sözündən götürülmüşdür. Surə, Peyğəmbərin (s) ən qatı düşmənlərindən olan Əbu Ləhəb və onun arvadı haqqında nazil olmuş və onların Cəhənnəm əzabına düçar olacağını bildirmişdir. Allah bu surədə Əbu Ləhəbin arvadını “həmmalətul‑hətəb” (odun daşıyan qadın) adlandırır. Çünki o, Peyğəmbəri (s) incitmək üçün onun yoluna tikan və əziyyət verən şeylər atırdı.
Rəvayətlərdə nəql olunur ki, Peyğəmbər (s) dua edərək buyurmuşdur: “Kim bu surəni oxusa, Allah onu və Əbu Ləhəbi bir evdə birləşdirməsin.”
Surənin tanıtımı
Surənin adlandırılması
Bu surəyə Məsəd deyilməsinin səbəbi son ayədə keçən “məsəd” (xurma lifindən hörülmüş kəndir)[1] sözüdür. Eyni zamanda buna “Təbbət” də deyilir ki, bu surənin ilk sözüdür. Surə Əbu Ləhəb haqqında olduğu üçün bəzən ona “Əbu Ləhəb” surəsi də deyilir.[2]
Surənin nazil olma yeri və sırası
Məsəd surəsi Peyğəmbərin (s) açıq dəvətinin başlanğıc dövründə nazil olmuşdur və buna görə də Məkkə surələrindəndir.[3] Nazil olma ardıcıllığına görə Quranda 6-cı, hazırkı Mushəf tərtibində isə 111-ci surədir və Quranın 30-cu cüzdə yer alır.[4]
Surənin ayə və kəlmələrinin sayı
Məsəd surəsi 5 ayə, 22 kəlmə və 81 hərfdən ibarətdir və həcminə görə Qurandakı müfəssəlat (ayələri qısa olan) və qisar (qısa) surələrdən sayılır.[5]
Surənin məzmunu
Məsəd surəsinin bütün məzmunu Əbu Ləhəb və onun arvadı haqqındadır. Surədə Əbu Ləhəbin və onun əməllərinin məhv olacağı bildirilir. Habelə həm o, həm də arvadı Cəhənnəm əzabına düçar olanlar kimi təsvir edilir.[6] Təfsiri Nümunə bu surəni Quranda İslam düşmənlərindən birinin adı ilə açıq şəkildə qeyd olunan yeganə surə kimi təqdim edir və yazır ki, surənin məzmunu Əbu Ləhəbin və arvadının Peyğəmbərə (s) qarşı çox şiddətli düşmənçilik etdiyini göstərir.[7]
Peyğəmbərin (s) xəbərdarlığı və Əbu Ləhəbin ona təhqiri
Məsəd surəsinin nazil olma səbəbi barədə çoxlu rəvayətlər nəql olunmuşdur və hamısı bir-birinə yaxın məzmun daşıyır. İbn Abbasdan nəql edilir ki, Peyğəmbər (s) bir gün Səfa təpəsinə qalxdı və Qüreyş tayfasını çağıraraq onları şiddətli əzabla qorxutdu. Toplananların arasında olan Əbu Ləhəb Peyğəmbərə (s) qarşı təhqiramiz şəkildə danışdı və etiraz edərək dedi: “Bizi bunun üçünmü topladın?” Sonra “Təbbən ləkə” (zərər görəsən) ifadəsi ilə Peyğəmbəri (s) söydü. Məsəd surəsinin ayələri bu təhqirə cavab olaraq nazil oldu və Əbu Ləhəbin özünün ziyana uğramış və həlak olmuş bir şəxs olduğunu bildirdi.[9]
Həmmalətul‑hətəb (odun daşıyan qadın)
Əsas məqalə: Həmmalətul‑hətəb
Məsəd surəsi Əbu Ləhəbin arvadı Ümmü Cəmili “həmmalətul‑hətəb” (odun daşıyan) ifadəsi ilə təsvir edir. Təfsirçilər Quranın bu ifadəni onun haqqında niyə istifadə etdiyinə dair müxtəlif şərhlər irəli sürmüşlər, o cümlədən:
- Ümmü Cəmil səhradan tikan və kollar daşıyırdı və Peyğəmbər (s) namaz qılmağa çıxanda onları onun yoluna tökürdü ki, əziyyət çəksin.[10]
- O, gördüyü pis əməllərlə Cəhənnəm odunu özü üçün əlləri ilə yandırırdı.[11]
- Bu ifadə onun sözgəzdirən və dedi-qodu edən biri olmasına kinayədir.[12]
Surənin fəzilət və faydaları
Əsas məqalə: Surələrin fəzilətləri
Peyğəmbərdən (s) nəql olunmuşdur ki: “Kim Məsəd surəsini oxusa, ümid edirəm ki, Allah onu və Əbu Ləhəbi bir evdə birləşdirməsin.”[13] Bu ifadə bir növ kinayədir və surəni oxuyan şəxsin Cənnət əhlindən olacağına işarə edir.[14]
Surənin ərəbcə mətni və tərcüməsi
Məsəd surəsi
| Tərcümə | Ərəbcə mətn |
|---|---|
| Bağışlayan və mehriban Allahın adı ilə
1. Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona! 2. Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz. 3. O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır. 4. Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir). 5. Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.) |
İstinadlar
- ↑ Rağib İsfahani, Müfrədat, Məsəd sözünün şərhi
- ↑ Xürrəmşahi, Sureyi Məsəd, s.1270
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.27, s.411-412
- ↑ Xürrəmşahi, Sureyi Məsəd, s.1270
- ↑ Xürrəmşahi, Sureyi Məsəd, s.1270
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, c.20, s.384
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.27, s.412
- ↑ Xamegər, Məhəmməd, Saxtare surehaye Qurani-Kərim, Fərhəngi Quran və itrəte Nurus-Səqəleyn müəssisəsi hazırlayıb, Qum, Nəşra nəşri, çap 1, h.ş 1392 (2003)
- ↑ Vahid Nişaburi, Əsbabun-nuzul, c.1, s.248
- ↑ Təbərsi, Məcməul-bəyan fi təfsiril-Quran, c.10, s.852
- ↑ Mütəhhəri, Məcmue asar, c.28, s.825
- ↑ Şeyx Tusi, Ət-Tibyan fi təfsiril-Quran, c.10, s.428
- ↑ Təbərsi, Məcməul-bəyan fi təfsiril-Quran, c.10, s.850
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.27, s.412
Ədəbiyyat
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, H.ş 1374 (1995)
- Mütəhhəri, Mürtəza, Məcmue asar, Qum, Sədra nəşriyyatı, 1-ci çap, h.ş 1389 (2010)
- Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli
- Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Müfrədatu əlfazil-Quran, Beyrut, Darul-qələm, 1-ci çap, h.q 1412
- Təbatəbai, Seyyid Məhəmmədhüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, Əl-Ələmi lil-mətbuat müəssisəsi,, 2-ci çap, m.1974
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372 (1993)
- Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan fi təfsiril-Quran, Təhqiq: Əhməd Qəsir Amili, Beyrut, Daru ihyait-turasil-ərəbi, Tarixsiz
- Vahid Nişaburi, Əsbabun-nuzul, Tərcümə: Əlirza Zəkavəti Qəraqəzlu, Tehran, Ney nəşri, h.ş 1383 (2004)