Taslim:Mumtəhinə surəsi
Səff Mumtəhinə Həşr | |
| Cüz | 28 |
|---|---|
| Ayə | 13 |
| Məkkə\Mədinə | Mədinə |
| Nazil olma sırası | 91 |
| Surənin nömrəsi | 60 |
| Söz | 325 |
| Hərf | 1560 |
Mumtəhinə surəsi (ərəbcə: سورة الممتحنة) – Qurani-Kərimin 60-cı surəsidir və Mədinədə nazil olmuşdur. Bu surə Qurani-Kərimin 28-ci cüzündə yerləşir. Surənin adı “Mumtəhinə” adlandırılmışdır; çünki surənin 10-cu ayəsində Peyğəmbərə (s) əmr olunur ki, Məkədən Mədinəyə hicrət edən qadınları imtahan etsin ki, onların ərlərini tərk etmələrinin və hicrət etmələrinin səbəbi və niyyəti məlum olsun.
Mumtəhinə surəsində möminlərin kafirlərlə dostluq etmələri mövzusu bəhs olunur və bu dostluq şiddətlə qadağan edilir. Peyğəmbərdən (s) rəvayət olunmuşdur ki, kim bu surəni oxusa, mələklər ona salam verər və onun üçün bağışlanma diləyərlər; əgər həmin gün vəfat edərsə, şəhid kimi dünyadan gedər və Qiyamət günündə möminlər onun şəfaətçiləri olarlar.
Tanıtımı
Surənin başlanğıc ayələrində insanı bağlayan dostluq və əhd-peymanlardan danışılır.[1] Bu surənin 13 ayəsində Allahın adı 20 dəfə, Onun sifətləri isə 15 dəfə çəkilmişdir ki, bu da surənin məzmununun əhəmiyyətini göstərir.[2]
- Adlandırılması
Bu surə Mumtəhinə adlanır. Bəzi qiraətlərdə “h” hərfi kəsrə ilə (Mumtəhinə),[3] bəzilərində isə fəthə ilə (Mumtəhənə) oxunur.[4] Surənin 10-cu ayəsində Peyğəmbərə (s) əmr olunur ki, Məkkədən Mədinəyə hicrət etmiş qadınları imtahan etsin, onların niyyətini və hicrət etmə səbəbini öyrənsin və bu əsasa görə onlar barəsində qərar versin.[5] Bu surəyə həmçinin “İmtahan” surəsi[6] və “Məvəddət” surəsi də deyilir.[7] Qeyd etmək lazımdır ki, “Məvəddət” sözü sevgi və mehr-məhəbbət mənasındadır[8] və bu kəlmə surədə üç dəfə işlədilmişdir.
- Surənin nazil olma yeri və sırası
Mumtəhinə surəsi Mədinədə nazil olmuş surələrdəndir və nazil olma sırasına görə Peyğəmbərə (s) nazil olan 91-ci surədir. Qurandakı mövcud düzülüşünə əsasən isə bu surə 60-cı surədir[9] və Qurani-Kərimin 28-ci cüzündə yerləşir.
- Ayələrin sayı və digər xüsusiyyətlər
Mumtəhinə surəsi 13 ayədən, 352 sözdən və 1560 hərfdən ibarətdir. Bu surə “müfəssəlat” (ayələri qısa olan) surələr sırasına daxildir və həcminə görə Qurani-Kərimin bir hizbinin təxminən dörddə bir hissəsi qədərdir.[10]
Məzmunu
Mumtəhinə surəsində möminlərin kafirlərlə dostluq etmələri məsələsindən bəhs olunur və bu iş qəti şəkildə qadağan edilir. Surənin həm başlanğıcında, həm də sonunda bu mövzuya toxunulur. Ayələrin gedişində isə hicrət edən qadınlar və onların beyəti (itaət andı) ilə bağlı hökmlər açıqlanır.[11]
“Mumtəhinə” surəsinin nazil olma səbəbi
Təfsir kitablarında “Mumtəhinə” surəsinin əvvəlindəki və sonundakı (onuncu ayə) ayələri üçün iki nazil olma səbəbi göstərilmişdir:
Müşriklərlə dostluq etməyin qadağan edilməsi
“Mumtəhinə” surəsinin ilk ayələrinin nazil olma səbəbi haqqında belə deyilmişdir: Hatib ibn Əbi Bəltəə Mədinəyə gələn müsəlmanlardan idi, lakin ailəsi Məkkədə qalmışdı və onları qoruyacaq heç bir qohumu yox idi. Müsəlmanların Məkkənin fəthinə hərəkət etməsindən əvvəl o, bir məktub yazdı və Sarə adlı bir qadına verdi ki, Məkkə əhalisinə çatdırsın və onları Peyğəmbərin (s) hərəkəti barədə xəbərdar etsin, beləcə ailəsini qorusun. Lakin Peyğəmbər (s) onların casusluğundan xəbər tutdu və İmam Əlini (ə), Zübeyri və Miqdadı o qadını həbs etməyə vəzifələndirdi. Onlar, casus qadını Mədinə və Məkkə arasındakı yolda tapdılar.[12] O, əvvəlcə inkar etdi. Əşyalarını axtardılar və heç nə tapmadılar. Hamısı geri qayıtmaq qərarına gəldi; lakin İmam Əli (ə) dedi ki, nə Peyğəmbər (s) bizə yalan deyir, nə də biz yalan deyirik. Sonra o qadına qəzəbləndi və Sarə məktubu saçlarının arasından çıxartdı. Peyğəmbər (s) Hatibi çağırdı. Hatib üzr diləyərək, iman etdiyini bildirdi və məqsədinin ailəsini qorumaq olduğunu söylədi. Daha sonra bu surənin ilk ayələri nazil oldu və müsəlmanları müşriklərlə dostluq etməkdən çəkindirdi.[13]
Hicrət edən qadınların imtahan edilməsi
“Mumtəhinə” surəsinin onuncu ayəsinin nazil olma səbəbi haqqında belə deyilmişdir: Peyğəmbər (s) Hüdeybiyyədə Məkkə müşrikləri ilə Hüdeybiyyə sülh müqaviləsini imzaladı. Bu sülh müqaviləsində yazılmışdı ki, əgər müşriklərdən bir kişi Mədinəyə gəlsə, müsəlmanlar onu geri qaytarmağa məcburdurlar; lakin əgər kimsə Mədinədən Məkkəyə gedib sığınsa, Məkkə müşrikləri onu geri qaytarmağa məcbur deyillər. Qısa müddət sonra Haris qızı Səbiə adlı bir qadın Məkkədən Mədinəyə gəldi. Bu surənin onuncu ayəsindən on ikinci ayəsinə qədər olan hissəsi nazil oldu. Peyğəmbər (s) o qadından and içməsini istədi ki, onun Mədinəyə gəlməsinin yeganə səbəbi din üçün olması və küfrə nifrət etməsidir. Bu and içmə, həmin imtahandır ki, ayələrdə ondan bəhs olunur: “Hicrət edən qadınları imtahan edin və əlbəttə, Allah onların imanından daha yaxşı xəbərdardır”. Bu anddan sonra, Rəsulullah (s) sülh müqaviləsinin mətnində kişilərdən danışıldığını, qadınlar barədə isə heç nə deyilmədiyini əsas gətirərək, hicrət edən qadınları müşriklərə təhvil vermədi və onuncu ayəyə əsasən, həmin qadınların mehriyyəsini müşrik ərilərinə ödədi və o qadınlar Mədinədə yenidən evlənə bilərdilər.[14]
Məşhur ayələr
İmtahan ayəsi
Əsas məqalə: İmtahan ayəsi
Bu surənin onuncu ayəsi Məkkədən Mədinəyə gələn və müsəlman olduqlarını iddia edən qadınların imanından əmin olmaq barədədir.[15]
Tarixi rəvayətlər
“Mumtəhınə” surəsində aşağıdakı hekayəyə işarə edilmişdir: Həzrət İbrahimin bütpərəslikdən uzaq olduğunu bildirməsi və əmisi Azər üçün bağışlanma diləməsi (4-cü ayə).
Məşhur ayələr
Tərcümə: “Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır. O zaman onlar öz qövmlər(inin kafirlər)inə demişdilər: “Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz siz(in tanrılarınızı və ayininiz)i təkzib edirik. Və siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət və düşmənçilik olacaqdır.” Yalnız İbrahimin atasına (ögey atasına, ya əmisinə): “Mən sənin üçün (Allahdan) bağışlanmaq diləyəcəyəm və mən sənin üçün Allahdan (istəməkdən başqa) heç bir şeyə (heç bir imkana) malik deyiləm.” –deməsi istisnadır. Ey Rəbbimiz, biz Sənə təvəkkül etdik və (ürəklə) Sənə tərəf qayıtdıq və (hamının) dönüş(ü) Sənə tərəfdir” (Mumtəhinə, ayə 4).
Bəzi təfsirçilərin inancına görə, Quranda iki kişi və iki qadın nümunə (üsvə) kimi təqdim olunmuşdur: Kişilər Həzrət Məhəmməd (s) və Həzrət İbrahim (ə), qadınlar isə Həzrət Məryəm və Fironun zövcəsidir. Əlbəttə, bu iki qadın üçün “üsvə” ifadəsi işlədilməmiş, onlardan “məsəl” kimi bəhs edilmişdir.[16] Quranda İbrahimin (ə) xüsusiyyətləri olaraq Allahın ağır sınaqlarında tam müvəffəqiyyət, məscidə xidmət (Beytullahi-Həramı təmiz saxlamaq), Allaha təslim olmaq, Allaha üz tutmaq, səbir və helmli olmaq, tək başına bir ümmət olmaq, vəfadarlıq, mərdlik və qəhrəmanlıq, hicrət və köç etmək, bağışlama və fədakarlıq göstərilmişdir.[17]
Surənin fəziləti və xüsusiyyətləri
Əsas məqalə: Surələrin fəzilətləri
Hər kim “Mumtəhinə” surəsini oxusa, möminlər Qiyamət günündə onun üçün şəfaət edəcək və o, bəzi xəstəliklərdən qorunacaq. İmam Səccaddan (ə) gələn bir rəvayətdə deyilir: “Əgər kimsə bu surəni vacib və müstəhəb namazlarında oxusa, Allah onun qəlbini iman üçün hazırlayar, gözlərini nurlandırar və heç vaxt kasıblığa və ehtiyaclılığa düçar olmaz. Bu surəni oxuyan şəxs və onun övladları dəlilik xəstəliyinə tutulmaz”.[18] Peyğəmbərdən (s) də nəql edilmişdir: “Kim bu surəni oxusa, mələklər ona salam göndərər və onun bağışlanması üçün dua edər. Əgər bu surəni oxuduğu gün dünyadan getsə, şəhid olaraq getmişdir və möminlər Qiyamət günündə onun şəfaətçisi olacaqlar”.[19]
Mumtəhinə surəsinin mətni və tərcüməsi
İstinadlar
- ↑ Mumtəhinə surəsi, ayə 1-13, Pərtuye əz nur
- ↑ Mumtəhinə surəsi, ayə 1-13, Pərtuye əz nur
- ↑ Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.q 1407, c.18, s.49
- ↑ İbn Həcər, Fəthul-bari, Darul-fikr, c.8, s.633
- ↑ Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1255
- ↑ Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1255
- ↑ Siyuti, Əl-İtqanu fi ulumil-Quran, h.q 1421, c.1, s.201
- ↑ Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.168
- ↑ Rağib İsfahani, Müfrədat, h.q 1412, "ودّ" sözünün şərhində
- ↑ Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1255
- ↑ Təbatəbai, Əl-Mizan, Farsca tərcümə, h.ş 1374, c.19, s.388
- ↑ İbn Xəldun, Tarixu İbn Xəldun, h.ş 1363, c.1, s.441
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.24, s.9
- ↑ Təbərsi, Məcməul-bəyan fi təfsiril-Quran, h.ş 1372, c.9, s.410
- ↑ Təbərsi, Məcməul-bəyan fi təfsiril-Quran, h.ş 1372, c.9, s.410
- ↑ Qiraəti, Nur təfsiri, h.ş 1383, c.9, s.579
- ↑ Qiraəti, Nur təfsiri, h.ş 1383, c.9, s.579
- ↑ Səduq, Səvabul-əmal, h.ş 1368, s.118
- ↑ Bəhrani, Təfsirul-burhan, h.ş 1334, c.5, s.351
Ədəbiyyat
- Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli
- İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Fəthul-bari, Beyrut, Darul-fikr
- İbn Xəldun, Əbdür-Rəhman, Tarixu İbn Xəldun, farsca tərcümə: Əbdür-Rəhman Ayəti, Tehran, Müəssiseye mütaliat və təhqiqate fərhəngi, 1-ci çap, h.ş 1363
- Bəhrani, Seyid Haşim, Təfsirul-burhanu fi təfsiril-Quran, Təhqiq: Mahmud ibn Cəfər Musəvi, Tehran, Darul-kutubil-elmiyyə, h.ş 1334
- Xamegər, Məhəmməd, Saxtare surehaye Qurani-Kərim, Təhiye müəssiseye fərhəngi Quran və itrəte nurus-səqəleyn, Qum, Nəşra nəşri, h.ş 1392
- Daneşnameye Quran və Quranpejuhi, Bəhauddin Xürrəmşahinin səyi ilə, Tehran, Dustan-Nahid, h.ş 1377
- Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Müfrədatu əlfazil-Quran, Səfvan Ədnan Davudinin təhqiqi ilə, Beyrut, Daruş-Şamiyə, 1-ci çap, h.q 1412
- Siyuti, Əbdür-Rəhman ibn Əbibəkr, Əl-İtqanu fi ulumil-Quran, Beyrut, Darul-kutubil-ərəbi, 2-ci çap, h.q 1421
- Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal və iqabul-əmal, Qum, Rəzi, h.ş 1368
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan, Farsca tərcümə: Məhəmməd Baqiq Müsəvi, Dəftəre enteşarate İslami, 5-ci çap, h.ş 1374
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Nasir Xosrov, h.ş 1372
- Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li-əhkamil-Quran, Beyrut, Darul-fikr, h.q 1407
- Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, Məkanı məlum deyil, Mərkəze çap və nəşre sazmane təbliğate İslami, h.ş 1371
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
Xarici keçid
- قرائت سوره ممتحنه, Mumtəhinə surəsinin oxunuşu