Taslim:Peyğəmbərin (s) mövlud bayramı
Bu məqalə Peyğəmbərin (s) mövlud bayramı ilə əlaqədardır. Peyğəmbərin (s) dünyaya gəlməsi ilə əlaqədar məlumat almaq istəyirsinizsə Peyğəmbərin (s) təvəllüdü adlı məqaləyə daxil olun.
Peyğəmbərin (s) mövlud bayramı (ərəbcə: الاحتفال بالمولد النبوي) o həzrətin mübarək doğum günündə keçirilən tədbirlərə aiddir. Şiələr və sünnilər bu günü bayram edirlər, lakin vəhhabilər belə mərasimləri bidət hesab edirlər. Çünki Peyğəmbərin (s) və səhabələrin dövründə bu cür bayramlar keçirilməyib. Müsəlman alimləri isə vəhhabilərə cavab olaraq bildiriblər ki, hərçənd Peyğəmbərin (s) və səhabələrin dövründə mövlud mərasimi keçirilməyib, lakin şəriətdə bu iş qadağan edilməyib. Həmçinin Peyğəmbərin (s) doğum gününün qeyd olunmasının legitimliyinə dəlil olaraq o həzrətə hörmət etmək və ona məhəbbət göstərilməsini tövsiyə edən Quran ayələri və məfhumlarına istinad olunub.
Tarixi mənbələr göstərir ki, hicri 4-cü əsrdən sonra müsəlmanlar Peyğəmbərin (s) doğum gününü bayram edirdilər. Məkkə əhalisi onun doğulduğu gün həmin məkanın yaxınlığında toplaşır, dua və zikr edərək o mübarək yerə təbərrük edirdilər. Bu yer sonradan Səudiyyə hakimiyyəti dövründə dağıdıldı.
Şiələr Peyğəmbərin (s) mövlud gününü 17 Rəbiül‑əvvəl, sünnilər isə 12 Rəbiül‑əvvəl hesab edirlər. Şiə alimləri bu gündə sədəqə verməyi, xeyir işlər görməyi, möminləri sevindirməyi müstəhəb bilirlər. Sünni alimləri də bu gündə hədiyyə verməyi və yoxsulları doyurmağı tövsiyə ediblər. Buna görə də müxtəlif ölkələrdə müsəlmanlar Peyğəmbərin (s) mövlud günündə bayram mərasimləri keçirirlər. Bu gün İran, Əfqanıstan, İraq, Hindistan, Pakistan, İndoneziya və Misirdə rəsmi tətil günüdür.
Əhəmiyyəti və tarixi

Peyğəmbəri-Əkrəmin (s) mövlud bayramı onun mübarək doğum günündə keçirilən mərasimlərə aiddir. Mövlud mərasimlərinin keçirilməsinin caiz olub‑olmaması məsələsi müsəlmanlarla vəhhabilər arasında ixtilaflı mövzulardan biridir. Müsəlmanların əksəriyyəti mövlud mərasimlərinin keçirilməsini caiz hesab edir. Buna görə də müxtəlif ölkələrdə müsəlmanlar Peyğəmbərin (s) doğum gününü müxtəlif mərasim və tədbirlərlə qeyd edirlər.[1] Həmçinin Peyğəmbərin (s) mövlud günü İndoneziya, İran,[2] Hindistan,[3] Pakistan,[4] Misir[5] və digər ölkələrdə[6] rəsmi tətil günüdür. Lakin vəhhabilər mövlud mərasimlərini bidət və haram sayırlar.[7]
Peyğəmbərin (s) doğum günündə bayram keçirilməsinin tarixi hicri 4-cü və 5-ci əsrlərə qayıdır. 9-cu hicri əsrin tarixçisi Əhməd ibn Əli Məqrizi Fətimilər dövründə (297–567 h.q.) Misirdə mövlud bayramının geniş şəkildə keçirildiyini qeyd etmişdir.[8] Tarixi mənbələrin məlumatına görə, Səlahəddin Əyyubinin sərkərdəsi və Ərbil hakimi olan Müzəffərəddin Kəvkubəri (vəf. 630 h.q.) də Rəbiül‑əvvəl ayında mövlud bayramı mərasimləri təşkil edirdi.[9]
Mövlud bayramı bidətdirmi?
Vəhhabilər Peyğəmbəri-Əkrəmin (s) mövlud mərasimlərinin keçirilməsini bidət hesab edirlər.[10] Əbdüləziz ibn Baz kimi vəhhabi alimləri Peyğəmbərin (s) doğum gününü qeyd etməyi bidət adlandırmışlar.[11] Sələfi alimləri bu mərasimlərdə iştirak etməyi, həmin məclislərdə oturmağı və hətta bu münasibətlə paylanan şirniyyatlardan yeməyi belə haram sayırlar.[12] Onların bəzi yazarları mövlud keçirənləri fasiq, dinsiz və buna bənzər ifadələrlə ittiham edirlər.[13] Vəhhabilərin mövlud bayramını keçirməyi bidət hesab etməsinin əsas dəlili budur ki, belə mərasimlər Peyğəmbərin (s) və səhabələrin dövründə keçirilməyib.[14]

Şiə və sünni alimlərinin cavabı
Mövludun tərəfdarları bildirirlər ki, hərçənd şəriətdə Peyğəmbərin (s) doğum gününün qeyd olunması barədə birbaşa hökm yoxdur, lakin Quran ayələri bu bayramın keçirilməsini dəstəkləyir.[15] Onlar Qurandakı Peyğəmbərə (s) məhəbbət göstərməyin vacibliyi[16] və onu ucaldıb hörmət etməyin zəruriliyi[17] kimi ümumi prinsiplərə əsaslanaraq mövludun şəri cəhətdən caiz olduğunu söyləyirlər.[18] Şiə alimi Cəfər Sübhaniyə görə, mövlud bayramı mərasimi Peyğəmbərə (s) olan məhəbbətin ifadəsidir və Quran müsəlmanları bu məhəbbətə çağırır.[19] O, həmçinin “Maidə” surəsinin son ayələrinə istinad edir: həmin ayələrə əsasən, Həzrət İsa (ə) həvarilərə nazil olan ilahi süfrə gününü bayram etmiş və xristianlar bu günü hələdə də bayram olaraq qeyd edirlər. O, inanır ki, Peyğəmbərin (s) doğum günü bayram olaraq qeyd olunmalıdır, çünki Peyğəmbər (s) dünyanı bütpərəstlikdən və cəhalətdən xilas etdi və bu nemət həvarilər üçün səmavi süfrədən daha böyükdür.[20]
Səri Səqti (vəf. 253 h.q.), Cünəyd Bağdadi (vəf. 297 h.q.), Yafi’i (vəf. 768 h.q.) və Həsən ibn Ömər ibn Həbib (vəf. 779 h.q.) kimi bəzi sünni alimləri də Peyğəmbərin (s) doğum gününü bayram olaraq qeyd etməyi yaxşı hesab ediblər.[21]
Sünni alimlərindən olan Yusif Qərzavi (vəf. 1444 h.q.) Qurandakı ayələrə istinad edərək[22] Peyğəmbərin (s) mövlud bayramı mərasimlərinin keçirilməsini caiz bilmişdir.[23] Onun fikrincə, Peyğəmbərin (s) doğum günü və digər islami hadisələr üçün mərasim keçirmək, Allahın müsəlmanlara bəxş etdiyi nemətləri yada salmaqdır və belə bir xatırlatma nəinki bidət və haram deyil, əksinə bəyənilən və məqsədəuyğundur.[24] Sünni alim Tahir Qadiri də bildirir ki, şəriətdə qadağan olunmayan, cəmiyyətin mədəniyyətinə çevrilmiş və məqsədi İslam Peyğəmbərinin (s) mövludu münasibətilə sevinc ifadə etmək olan hər hansı bir mübah əməlin yerinə yetirilməsində heç bir problem yoxdur.[25]
İqbalul-Əmal kitabında nəql olunan bir rəvayətə görə, Peyğəmbərin (s) mövlud günündə oruc tutmaq bir illik orucun savabına bərabərdir.[26] Şiə alimləri həmçinin bu gündə sədəqə verməyi, ziyarətgahları ziyarət etməyi,[27] yaxşı işlər görməyi, möminləri sevindirməyi və s. tövsiyə edirlər.[28] Şiə rəvayətlərində Peyğəmbərin (s) doğum günü üçün xüsusi bir namaz da nəql olunur.[29] Sünnilər bu gündə Peyğəmbərin (s) şərəfinə Peyğəmbər (s) haqqında çıxışlar etməyi, Quran oxumağı, qohumluq əlaqələrini qorumağı, hədiyyələr verməyi və yoxsullara yemək verməyi tövsiyə ediblər.[30]
Doğumun vaxtı və məkanı

Peyğəmbərin (s) doğum tarixi barədə ixtilaf (müxtəlif rəylər) mövcuddur.[31] Şiə alimlərinin məşhur görüşünə görə, mövlud günü 17 Rəbiül‑əvvəl, sünni alimlərinin məşhur görüşünə görə isə 12 Rəbiül‑əvvəldir.[32] Bu iki tarix arasındakı günlər şiə və sünni arasında “Vəhdət həftəsi” adlandırılmışdır.[33]
İslam Peyğəmbəri (s) Şib Əbi Talibdə yerləşən bir evdə dünyaya gəlmişdir.[34] Şafii alimi Məhəmməd ibn Ömər Bəhraq (vəf. 930 h.q.) yazır ki, Məkkə əhalisi Peyğəmbərin (s) mövlud gecəsində onun doğulduğu məkanda toplaşar, zikr və dua edər, həmin yerə təbərrük edərdilər.[35] Həmçinin 11-ci əsrin məşhur hədisçisi Əllamə Məclisi də öz dövründə Məkkədə bu adla tanınan bir məkanın mövcud olduğunu və insanların onu ziyarət etdiyini qeyd edir.[36] Bu bina Hicazda Ali-səud hakimiyyətinin başlanğıcına qədər qorunub saxlanmışdı. Onlar vəhhabi məzhəbinin peyğəmbər və saleh şəxslərin əsərlərinə təbərrük etməyi qadağan edən inanclarına görə həmin yeri sonradan dağıtdılar.[37]
Qalereya
-
İraqın Ərbil şəhərində Peyğəmbərin (s) mövludu
-
Mərakeşdə Peyğəmbərin (s) mövludu
-
Pakistanda Peyğəmbərin (s) mövludu
-
İranda Peyğəmbərin (s) mövludu
-
İraqda Peyğəmbərin (s) mövludu
-
Pakistanda Peyğəmbərin (s) mövludu
-
Yəməndə Peyğəmbərin (s) mövludu
-
İndoneziyada Peyğəmbərin (s) mövludu
İstinadlar
- ↑ «کشورهای عربی میلاد پیامبر(ص) را چگونه جشن میگیرند؟», İqna.ir saytı
- ↑ Time.ir, Time.ir saytı
- ↑ Holidays, İndianembassy-tehran.ir saytı
- ↑ Public Holidays in Pakistan 2018, web.pk saytı
- ↑ «عيد المولد النبوى الشريف», publicholidays.me saytı
- ↑ «روز میلاد پیامبر اعظم در تمامی کشورهای اسلامی به جز عربستان تعطیل رسمی است», Qudsonline.ir saytı
- ↑ Əd-Duveyş, Fətaval-ləcnətud-daimə, c.3, s.29
- ↑ Məqrizi, Əl-Məvaiz vəl-etibar, c.2, s.436
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.13, s.137; Məqrizi, Əs-Suluku li-mərifəti duvəlil-müluk, c.1, s.368
- ↑ Əd-Duveyş, Fətaval-ləcnətud-daimə, c.3, s.29
- ↑ الاحتفال بالمولد النبوي بدعة وليس له أصل, Binbaz.org saytı
- ↑ Şəhatə, Əl-Mulidun-Nəbi, s.116
- ↑ Dəbiri, Ceşne milade Rəsulullah (s), s.9
- ↑ «الإمام ابن تیمیة لم یستحسن الاحتفال بالمولد النبوی», Binbaz.org saytı
- ↑ Kərimi Səlimi, Ceşn və surur dər Milade Peyambəre gerami (s) əz didqahe Quran və sünnət, s.126
- ↑ Tövbə surəsi, ayə 23
- ↑ Əraf surəsi, ayə 157
- ↑ Kərimi Səlimi, Ceşn və surur dər Milade Peyambəre gerami (s) əz didqahe Quran və sünnət, s.127-132
- ↑ حضرت آیت الله سبحانی: جشن میلاد پیامبر (ص) اظهار محبت به ایشان است, Shafaqna.com saytı
- ↑ «برگزاری جشن میلاد پیامبر اسلام(ص) محبت عملی به ایشان و انجام دستور قرآن است», Shafaqna.com saytı
- ↑ «جشن میلاد نبی مکرم اسلام صلی الله علیه و آله سنت یا بدعت؟!», Hawzahnews.com saytı
- ↑ الاحتفال بمولد النبی والمناسبات الإسلامیة, Al-qaradawi.net saytı
- ↑ «القرضاوی: الاحتفال بالمولد النبوی لیس بدعة», İslamonline.net saytı
- ↑ الاحتفال بمولد النبی والمناسبات الإسلامیة, Al-qaradawi.net saytı
- ↑ Qadiri, Aya milade Peyambər bidət əst ?, səh.15 və 17
- ↑ Seyid ibn Tavus, İqbalul-əmal, c.2, s.603
- ↑ Şeyx Tusi, Misbahul-mütəhəccid, c.2, s.791
- ↑ Məclisi, Biharul-ənvar, c.95, s.359
- ↑ Seyid ibn Tavus, İqbalul-əmal, c.2, s.611-612
- ↑ مولد النبي صلى الله عليه وسلم, Əl-Əzhər saytı
- ↑ Məsudi, Murucuz-zəhəb, c.1, s.362
- ↑ Sübhani, Furuğe əbədiyyət, c.1, s.151
- ↑ Baxın: İmam Xomeyni, Səhifeye İmam, c.15, s.440 və 455
- ↑ Məqrizi, İmtaul-əsma, c.1, s.6
- ↑ Bəhrəq, Hədaiqul-ənvar, s.150
- ↑ Məclisi, Miratul-uqul, c.5, s.174
- ↑ Amili, Əs-Səhihu min siyrətin-Nəbi, c.2, s.147
Ədəbiyyat
- «کشورهای عربی میلاد پیامبر(ص) را چگونه جشن میگیرند؟» (Ərəb ölkələrin Peyğəmbərin (s) mövlud gününü necə keçirirlər ?), İQNA xəbər agentliyi, Mətləbin dərc tarixi:26/12/2015; Baxış tarixi: 2/8/2026
- «القرضاوی: الاحتفال بالمولد النبوی لیس بدعة»، سایت اسام آنلاین، تاریخ بازدید: ۱۲ دی ۱۳۹۷ش. (Qərdavi: Peyğəmbərin mövludunun qeyd edilməsi bidət deyil) İslamonline saytı; Baxış tarixi: 2/8/2026
- «مولد النبي صلى الله عليه وسلم» (Peyğəmbərin (s) mövlud günü), Əl-Əzhərin rəsmi internet adresi, Mətləbin dərc tarixi: 19/11/2018; Baxış tarixi: 2/8/2026
- «الاحتفال بالمولد النبوي بدعة وليس له أصل» (Peyğəmbərin mövludunun qeyd edilməsi bidətdir və bunun heç bir əsası yoxdur), Əbdül-Əziz ibn Bazın rəsmi internet adresi, Baxış tarixi: 2/8/2026
- حضرت آیت الله سبحانی: جشن میلاد پیامبر (ص) اظهار محبت به ایشان است (Həzrət Ayətullah Sübhani: Peyğəmbərin (s) mövlud gününü keçirmək o həzrət məhəbbət göstərməyin bariz nümunəsidir), Şəfəqna rəsmi internet adresi, Mətləbin dərc tarixi:16/6/2022; Baxış tarixi: 2/8/2026
- «در مکتب اهل بیت (ع) ـ 25 جشن میلاد پیامبر(ص)» (Əhli-beyt (ə) məktəbində - 25 illik Peyğəmbərin (s) mövludu), Pajoohaan saytı, Baxış tarixi: 2/8/2026
- Public Holidays in Pakistan 2018. (2018-ci ildə Pakistanda rəsmi bayram günləri)
- «الاحتفال بمولد النبی والمناسبات الإسلامیة»، سایت رسمی یوسف القرضاوی، تاریخ درج مطلب: ۲۰۱۸- ۱۱-۲۰، تاریخ بازدید: ۱۲ دی ۱۳۹۷ش. («Peyğəmbərin mövludunun və İslamla bağlı digər mərasimlərin qeyd edilməsi», Yusuf əl-Qaradavinin rəsmi saytı), Mətləbin dərc tarixi:20/11/2018; Baxış tarixi: 2/8/2026
- Holidays.
- Time.ir. (İllik təqvimi)
- «عيد المولد النبوى الشريف» (Peyğəmbərin (s) mövlud bayramı), Baxış tarixi: 2/8/2026
- Amili, Seyid Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbiyyil-əzəm, Darul-hədis mədəni və elmi müəssisə, h.q 1426
- Bəhrəq, Məhəmməd ibn Ömər, Hədaiqul-ənvar mətaliul-əsrar fi siyrətin-Nəbiyyil-muxtar, Ciddə, Darul-minhac, h.q 1419
- Dəbiri, Ceşne milade Rəsulullah (s), Əqidə kitabxanası, h.q 1437
- Əd-Duveyş, Əhməd ibn Əbdür-Rəzzaq, Fətaval-ləcnətud-daimə, Riyad, Rəasətu idarətil-buhusil-elmiyyə vəl-ifta, Tarixsiz
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407
- İmam Xomeyni, Seyid Ruhullah, Səhifeye İmam, Tehran, İmam Xomeyninin əsərlərinin nəşri və tənzimi adına müəssisə, h.ş 1378 (1999)
- Qadiri, Məhəmməd Tahir, Aya milade Peyambər (s) bidət əst ?, m.2008
- Kərimi Səlimi, Məhəmməd Tahir, Ceşn və surur dər Milade Peyambəre gerami (s) əz didqahe Quran və sünnət, İslam kəlamı məcəlləsi, nömrə 69, h.ş 1388 (2009) Bahar
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Daru ihyait-turasil-ərəbi, 2-ci çap, h.q 1403
- Məclisi, Məhəmməd Baqir, Miratul-uqul fi şərhi əxbari Alir-Rəsul, Təhqiq və düzəliş edən: Seyid Haşim Rəsuli, Tehran, Darul-kutubil-islamiyyə, 2-ci çap, h.q 1404
- Məqrizi, Əhməd ibn Əli, Əl-Məvaiz vəl-etibar bi-zikril-xutəti vəl-asar, Haşiyə: Xəlil Əl-Mənsur, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1418/1998
- Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma bima lin-Nəbiyy minəl-əhvali vəl-əmvali, Təhqiq: Məhəmməd Əbdül-Həmid, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1420
- Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb və məadinul-cuhər, Təhqiq: Əsəd Dağər, Qum, Darul-hücrə, 2-ci çap, h.q 1409
- Şəhatə, Məhəmməd Səqər, Əl-Mulidun-Nəbi..., İskəndəriyyə, Darul-xüləfair-Raşidin, Tarixsiz
- Seyid ibn Tavus, Əli ibn Musa, İqbalul-əmal bil-əmalil-həsənə, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1409
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid və silahul-mütəbbid, Tehran, Əl-Məktəbətul-İslamiyyə, Tarixsiz
- Sübhani, Cəfər, Furuğe əbədiyyət, Qum, Bustane kitab, h.ş 1380 (2001)