Taslim:Ər-Rəhman surəsi
Vaqiə Ər-Rəhman surəsi Qəmər | |
| Cüz | 27 |
|---|---|
| Ayə | 78 |
| Məkkə\Mədinə | İxtilaflıdır |
| Nazil olma sırası | 97 |
| Surənin nömrəsi | 55 |
| Söz | 352 |
| Hərf | 1648 |
Ər-Rəhman surəsi (ərəbcə: سورة الرحمن), “Quranın gəlini” adlandırılan, Qurani‑Kərimin 55-ci surəsidir və 27-ci cüzdə yerləşir. Surənin “Ər‑Rəhman” adlandırılması, onun ilk ayəsində keçən Allahın adından götürülmüşdür. Bu surənin Məkkədə, yoxsa Mədinədə nazil olması barədə alimlər arasında fikir ayrılığı mövcuddur.
“Ər-Rəhman” surəsi Allahın dünya və axirətdə bəxş etdiyi nemətlər toplusunu sadalayır. Surədə həmçinin Qiyamətin bərpa edilməsi, onun xüsusiyyətləri və insanların əməllərinin necə hesablanacağı barədə məlumat verilir. Surənin ən diqqətçəkən xüsusiyyətlərindən biri hər bir neməti qeyd etdikdən sonra “فَبِأَیِّ آلَاءِ رَبِّکُمَا تُکَذِّبَانِ” (Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!) ayəsinin təkrarlanması və insanlardan etiraf alınmasıdır. Bu ayə surədə 31 dəfə təkrarlanır. İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə bildirilir ki, bu ayədən sonra belə deyilsin:
Bəzi rəvayətlərə əsasən kim “Ər-Rəhman” surəsini oxusa, Allah ona şükür etmək nemətini nəsib edər. Əgər həmin gün və ya gecə dünyadan köçsə, şəhid hökmündə sayılar. İran da daxil olmaqla bir çox müsəlman ölkəsində “Ər-Rəhman” surəsi xüsusilə fatihə məclislərində (vəfat mərasimlərində) oxunur və bu, geniş yayılmış dini ənənələrdən biridir.
Surənin tanıdılması
- Surənin adlandırması
“Ər-Rəhman” surəsi bu adla adlandırılıb, çünki surə Allahın adlarından biri olan “ər‑Rəhman” kəlməsi ilə başlayır. Surənin digər adı (əla kəlməsinin cəmi) olan “Ala” sözüdür ki, nemətlər mənasınadır. Çünki bu surə Allahın nemətlərini sadalayır.[1] “Ər-Rəhman” surəsi həmçinin “Quranın gəlini” kimi tanınır. Bu ləqəb Peyğəmbərdən (s) və Şiə imamlarından nəql olunan rəvayətlərə əsaslanır.[2] Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir ki, “hər şeyin bir gəlinı vardır və Quranın gəlinı “Ər-Rəhman” surəsidir”.[3] Bu ifadədən belə başa düşülür ki, surənin Quranın gəlini olmasının mənası onun sahib olduğu xüsusi diqqət və gözəllikdir. Əllamə Təbatəbai “əl‑Mizan” təfsirində qeyd edir ki, “Ər-Rəhman” surəsi Quranda “Bismillahir‑rəhmanir‑rəhim”dən sonra Allahın adlarından biri olan “Ər-Rəhman” ilə başlayan yeganə surədir.[4]
- Nazil olma yeri və ardıcıllığı

“Ər-Rəhman” surəsinin Məkkədə, yoxsa Mədinədə nazil olması barədə alimlər arasında fikir ayrılığı mövcuddur: Bəzi alimlər surəni Məkkə surəsi hesab ediblər.[5] Bəziləri isə onun Mədinə surəsi olduğunu bildiriblər.[6] Əllamə Təbatəbai hər iki ehtimalı mümkün saysa da, surənin üslub və axarının Məkkə surələrinə daha çox bənzədiyini qeyd edir.[7] Quran elmləri üzrə tədqiqatçı Məhəmmədhadi Mərifət isə onun Məkkədə nazil olmasına dair dəlilləri zəif sayır və surəni Mədinə surəsi hesab edir.[8] Onun fikrincə, “Ər-Rəhman” surəsi nazil olma ardıcıllığında 97-ci surədir ki, Peyğəmbərə (s) nazil olub.[9] Hazırkı Müshəfin tərtibində “Ər-Rəhman” surəsi 55-ci surədir və Qurani‑Kərimin 27-ci cüzündə yerləşir.
- Surənin ayələrinin sayı və digər xüsusiyyətləri
“Ər-Rəhman” surəsi 78 ayə, 352 kəlmə və 1648 hərfdən ibarətdir. Həcminə görə Qurandakı müfəssəlat surələrdən sayılır və təxminən yarım hizb təşkil edir.[10] Qurandakı ən qısa ayə (bir hərf və ya iki hərfdən təşkil tapmış “müqəttəə hərfləri istisna olmaqla) bu surənin 64-cü ayəsidir: «مُدْهَامَّتَانِ» “O iki cənnətin ağacları son dərəcə yaşıl və təravətlidir”.[11]
Surənin məzmunu
Ər-Rəhman surəsi dünyanı həm insanlara, həm də cinlərə fayda verən bir nizama tabe hesab edir. Surə dünyanı fani və keçici, axirəti isə əbədi və davamlı bir aləm kimi təqdim edir. Axirətdə xoşbəxtlik və bədbəxtlik, nemət və əzab bir-birindən ayrılır. Surənin əsas mesajı budur ki: Surədə bütün kainatın (bu dünya və axirət) vahid və bir-biri ilə əlaqəli bir sistemə malik olduğu bildirilir. Həmçinin qeyd olunur ki, kainatdakı hər şey Uca Allahın nemətidir. Buna görə də surədə 31 dəfə insanlara və cinlərə belə xitab edilir:

— “Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!” Buna xatir də surə mömin və kafiri, dünya və axirəti əhatə edən Allahın ər‑Rəhman (sonsuz mərhəmətli) adı ilə başlayır. Habelə Ona həmd etməklə və
“Cəlal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir” ayəsi ilə (yəni Allahın ucalığını və əzəmətini tərif edən ifadə ilə) sona çatır.[12]
"Ər-Rəhman" surəsi Allahın dünya və axirətdəki nemətlərinin toplusunu sadalayır və başqa sözlə, bu surə Allahın mərhəmət sifətini ifadə edir.[13] Bu surədə müzakirə olunan mövzuları üç ümumi hissəyə bölmək olar:
- Dünyəvi nemətlər: Surədə Allahın dünyada bəxş etdiyi bəzi nemətlərə işarə olunur, o cümlədən: Qurani-Kərimin təlimi, insanların və cinlərin yaradılması, bitkilərin və ağacların yaradılması, səmanın yaradılması, qanunların idarə olunması, yerin xüsusiyyətləri ilə yaradılması, meyvələrin yaradılması, çiçəklərin və ətirli bitkilərin yaradılması; duzlu və şirin dənizlərin qovuşması və dənizdə olan nemətlər (1-30-cu ayələr)
- Qiyamət gününün bərqərar olması: Dünyəvi sistemlərin dağılmasına və Qiyamət gününün bərqərar olmasına, Qiyamət gününün xüsusiyyətlərinə, insanların hesaba çəkilməsinə və günahkarların cəzasının necəliyinə işarə olunur (30-45-ci ayələr).
- Axirət nemətləri: Qısa şəkildə cəhənnəm əzabına işarə edildikdən sonra möminlərə veriləcək nemətlər sadalanır. Cənnətin ən vacib nemətləri bunlardır: bağlar, axan çeşmələr, müxtəlif meyvələr, gözəl və vəfalı həyat yoldaşları (31-78-ci ayələr).[14]
Nazil olma səbəbi
Bəzi müfəssirlər bu surəsinin nazil olma səbəbini Qüreyş müşriklərinin “ər‑Rəhman” adını tanımamaları ilə əlaqələndirirlər. Onlar “Furqan” surəsinin 60-cı ayəsi nazil olduqda ki, həmin ayədə Rəhman olan Allaha səcdə etmək əmr olunurdu, belə dedilər: “Rəhman kimdir və nədir?”. Allah onların sözlərinə cavab olaraq “Ər-Rəhman” surəsini nazil etdi.[16] Bəziləri də İmam Sadiqdən (ə) gələn bir rəvayətə əsaslanaraq “Ər-Rəhman” surəsinin Əhli-beyt (ə) haqqında nazil olduğuna inanırlar.[17]
“İki dəniz” və “mirvari ilə inci”dən məqsəd
İmam Sadiq (ə) və İmam Rza (ə) tərəfindən nəql olunan rəvayətlərdə
“Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar)”[18] ayəsindəki iki dənizdən məqsədin İmam Əli (ə) və Həzrət Fatimə (ə) olduğu bildirilmişdir. Həmçinin
“O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır”[19] ayəsindəki inci və mirvaridən məqsədin isə İmam Həsən (ə) və İmam Hüseynin (ə) olduğu qeyd edilmişdir.[20] Bu təfsir həm şiə mənbələrində məsələn, Təbərsinin Məcməül-bəyanında, həm də sünni mənbələrində, o cümlədən Süyutinin əd-Dürrül-mənsur təfsirində qeyd olunmuşdur.[21] Bu ayənin məzmunu həmçinin “Furqan” surəsinin 53-cü ayəsində və “Nəml” surəsinin 61-ci ayəsində qeyd olunub.
Məşhur ayələr
Bu ayədən əvvəlki ayələrdə Allah buyurur ki, Rəbbindən qorxanlara bol nemətlərlə dolu iki cənnət veriləcək. Bu ayə isə bildirir ki, Allahın bu ehsanı onların Allah qorxusundan etdikləri ehsana görədir, çünki yaxşılığın qarşılığı yalnız yaxşılıq ola bilər.[22] İmam Sadiqdən (ə) nəql olunan rəvayətə görə, bu ayə həm kafir, həm də yaxşı əməl sahibi və pis əməl sahibi olan mömin üçün keçərlidir. Başqasına yaxşılıq edən ona qarşılıq verməlidir və qarşılıq verməyin yolu eyni miqdarda yaxşılıq etmək deyil, daha çox etməkdir. Bunun səbəbi odur ki, əgər ikinci şəxs birinci şəxslə eyni miqdarda yaxşılıq edərsə, birinci şəxsin yaxşı işi üstündür, çünki yaxşı işi o başlatmışdır. Buna görə də ikinci şəxs daha çox yaxşılıq etməlidir ki, dəyər baxımından bərabərlik yaransın.[23]
Ər-Rəhman surəsi ictimai mədəniyyətdə

Ər-Rəhman surəsi İslam toplumlarının ümumi mədəniyyətində xüsusi yerə malik surələrdən biridir. Bu surə bəzi ölkələrdə, o cümlədən İranda ictimai və dini mərasimlərdə geniş şəkildə istifadə olunur. İranda yas və fatihə məclislərində, vaizlərin çıxışından əvvəl qari tərəfindən "Ər-Rəhman” surəsi tilavət edilir. Bəzi məclislərdə qari
ayəsini oxuduqdan sonra iştirakçılar birlikdə belə cavab verirlər:
— “Ey Rəbbim, Sənin heç bir nemətini inkar etmirəm.” Bu surənin yas mərasimlərində oxunmasının səbəbi kimi, surənin 26–27-ci ayələri göstərilir: “Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur”. “Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır”. Bu ayələr ölümün qaçılmazlığını və yalnız Allahın əbədiliyini vurğuladığı üçün, surə axirət, Cənnət və Cəhənnəm mövzularını da əhatə etdiyindən, yas məclislərində oxunması geniş yayılmışdır. Lakin bu ənənənin müxalifləri də olmuşdur. Xüsusilə, bu müxaliflərə görə, İranda “Ər-Rəhman” surəsi daha çox dəfn mərasimlərini xatırladır və bu, Allahın dünya və axirət nemətlərini sadalayan bu surənin ruhu ilə uyğun gəlmir.[24]
Ər-Rəhman surəsi sənət əsərlərində
Ər-Rəhman surəsi sənətkarların da diqqətini cəlb etmişdir. Bu surə ilə bağlı ən məşhur əsərlərdən biri “Ər-Rəhman” surəsi kətibəli toxunmuş xalçasıdır. Bu xalçada hər bir kətibədə “Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!” ayəsi ilə yanaşı, “Ər-Rəhman” surəsinin ayələrindən biri də var. Ayələrin yazısı sülüs, nəxs və dekorativ xəttlərlə toxunmuş, hər kətibənin içində isə ayənin məzmununa uyğun təsvirlər yerləşdirilmişdir. Bu sənət əsərinin toxucusu Höccətullah Xudayari, təbrizli sənətkardır və xalçanı şəmsi təqvimi ilə 1375-ci ildə tamamlamışdır. Hazırda bu qiymətli xalça İmam Rza (ə) hərəminin muzeyində qorunur.[25]
Fəzilət və faydaları
Bəzi rəvayətlərə görə, kim “Ər-Rəhman” surəsini oxusa, Allah onun zəifliyinə və acizliyinə rəhm edər və həmin şəxsə ilahi nemətlərə şükür etmək üçün xüsusi bir tövfiq bəxş edər.[26] İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə bildirilir ki, kim “Ər-Rəhman” surəsini oxuyub hər dəfə “فَبِأَیِّ آلَاءِ رَبِّکُمَا تُکَذِّبَانِ” ayəsinə çatanda “لَا بِشَیْءٍ مِنْ آلَائِکَ رَبِّ أُکَذِّبُ” desə, həmin gün və ya gecə dünyadan köçərsə, şəhid hökmündə sayılar.[27] Bu surənin digər təsirlərindən biri də budur ki, Qiyamət günü “Ər-Rəhman” surəsini oxuyan şəxs başqaları üçün şəfaət edə bilər.[28] İmam Rzanın (ə) ziyarətindən sonra qılınan namazda, ikinci rükətdə Həmd surəsindən sonra “Ər-Rəhman” surəsinin oxunması tövsiyə edilmişdir.[29] Digər ziyarət namazlarında da bu surənin tilavəti müstəhəb sayılır.[30]
“Ər-Rəhman” surəsi üçün bəzi xüsusi faydalar da qeyd olunmuşdur: o cümlədən, çətin işlərin asanlaşması, göz ağrılarının sağalmasına səbəb olması, insanı müxtəlif zərərlərdən qoruması.[31]
Əlavə məlumat almaq üçün linkə daxil olun: Surələrin fəzilətləri
Surənin mətni və tərcüməsi
Ər-Rəhman surəsi
| Tərcümə | Ərəbcə mətn |
|---|---|
| Bağışlayan və mehriban Allahın adı ilə
Bağışlayan və mehriban Allahın adı ilə 1. Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:) 2. (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Quranı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi. 3. (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. 4. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi). 5. Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər. 6. Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir. 7. Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi). 8. (Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız. 9. Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz. 10. Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı. 11. Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır. 12. Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər. 13. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 14. (İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı. 15. Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı. 16. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 17. İki şərqin və iki qərbin Rəbbidir. 18. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 19. Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar). 20. (Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.] 21. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 22. O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır. 23. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 24. Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur.) 25. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 26. Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur. 27. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır. 28. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 29. Göylərdə və yerdə olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir. 30. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inar edirsiniz?! 31. Ey insan və cin dəstələri! Tezliklə sizin (əməllərinizin hesabı i)lə məşğul olacağıq. 32. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 33. (Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!» 34. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 35. Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndərilicək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz. 36. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 37. Göyün yarılaraq qırmızı dəri (və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman! 38. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 39. (Hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları) həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır. 40. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 41. (Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar. 42. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 43. Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir. 44. Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar. 45. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 46. Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır. 47. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 48. Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır. 49. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 50. O iki cənnətdə daim axan iki bulaq vardır. 51. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 52. O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır. 53. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 54. Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar! 55. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 56. Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır. 57. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 58. (Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar. 59. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 60. Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir.) 61. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 62. (Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır. 63. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 64. Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar. 65. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 66. O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır. 67. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 68. O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır. 69. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 70. Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır. 71. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 72. Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər. 73. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 74. Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub. 75. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 76. (Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər! 77. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 78. Cəlal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir.
|
|
İstinadlar
- ↑ Daneşnameye Quran və Quranpejuhi, c.2, s.1253
- ↑ Siyuti, Əd-Durrul-mənsur, c.6, s.140; Təbərsi, Məcmuəl-bəyan, c.24, s.54
- ↑ Siyuti, Əd-Durrul-mənsur, c.7, s.690
- ↑ Təbatəbai, Əl-Mizan, c.19, s.94
- ↑ Yaqubi, Tarixi-Yaqubi, c.2, s.33; İbn Nədim, Əl-Fehrest, s.38; Siyuti, Əl-İtqanu fi ulumil-Quran, c.1, s.49
- ↑ Təbərsi, Məcmuəl-bəyan, c.24, s.53
- ↑ Təbatəbai, Əl-Mizan, c.19, s.94
- ↑ Mərifət, Amuzeşe ulume Quran, c.1, s.179
- ↑ Mərifət, Amuzeşe ulume Quran, c.1, s.166
- ↑ Daneşnameye Quran və Quranpejuhi, c.2, s.1253
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.23, s.176
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.19, s.93
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.23, s.96
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, c.23, s.91
- ↑ Xamegər, Məhəmməd, Saxtare surehaye Qurani-Kərim, Fərhəngi Quran və itrəte Nurus-səqəleyn müəssisəsi hazırlayıb, Qum, Nəşra müəssisəsi, çap 1, h.ş 1392
- ↑ Bəhrani, Əl-Burhanu fi təfsiril-Quran, c.3, s.280
- ↑ Bəhrani, Əl-Burhanu fi təfsiril-Quran, c5, s.230
- ↑ Ər-Rəhman surəsi, ayə 19
- ↑ Ər-Rəhman surəsi, ayə 22
- ↑ Qumi, Təfsirul-Qumi, c.2, s.344; Kufi, Təfsiru Furatil-Kufi, s.460
- ↑ Təbərsi, Məcmuəl-bəyan, c.24, s.78; Siyuti, Əd-Durrul-mənsur, c.6, s.142 və 143
- ↑ Təbatəbai, Əl-Mizan, c.19, s.110
- ↑ Təbərsi, Məcmuəl-bəyan, c.24, s.112
- ↑ Xürrəmşahi, İstilahate Qurani dər muhavireye farsi, s.27 və 28
- ↑ «Qaliçehaye kətibeye ba məzmun, Rəzəvi Müqəddəs Astananın Muzeyinin saytında dərc edilmişdir (8/6/2014); baxış tarixi: 1 sentyabr 2016-cı il.»
- ↑ Təbərsi, Məcmuəl-bəyan, c.24, s.54
- ↑ Səduq, Səvabul-əmal və iqabul-əmal, s.116
- ↑ Səduq, Səvabul-əmal və iqabul-əmal, s.116
- ↑ Məfatihul-cinan, s.815
- ↑ Məfatihul-cinan, İmam Kazimi (ə) ziyarət etməyin necəliyi və Əmirəl-möminin mütləqə ziyarəti
- ↑ Bəhrani, Əl-Burhanu fi təfsiril-Quran, c.5, s.238; Təbərsi, Məcmuəl-bəyan, c.24, s.55
Ədəbiyyat
- از تلاوت «الرحمن» در مجالس عروسی لاهور تا «بوی الرحمانش بلند شده» در ایران، خبرگزاری ایکنا. (Lahur evlilik məclislərində Ər-Rəhman surəsinin oxunuşundan İranda "Ər-Rəhman iyi qalxdı"-ya qədər)
- Bəhrani, Seyid Haşim, Əl-Burhanu fi təfsiril-Quran, Besət mərkəzi, h.q 1416
- Daneşnameye Quran və Quranpejuhi, Bəhauddin Xürrəmşahinin səyi ilə, Tehran, Dustan-Nahid, h.ş 1377 (1998)
- İbn Nədim, Əl-Fehrest, Beyrut, Darul-Mərifə, Tarixsiz
- Məfatihul-cinan, farsca tərcümə: Musəvi Damğani, Astane Qudsun nəşriyyatı, 11-ci çap
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Darul-kutubil-İslamiyyə, h.ş 1374 (1995)
- Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, Farsca tərcümə: Əbu Məhəmməd Vəkili, Tehran, İslam təbliğatı adına idarənin nəşr və çap mərkəzi, 1-ci çap, h.ş 1371 (1992)
- Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, h.ş 1367 (1988)
- Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli
- Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal və iqabul-əmal, Təhqiq: Sadiq Həsənzadə, Tehran, Ərməğan Tuba, h.ş 1382 (2003)
- Siyuti, Cəlaluddin Əbdür-Rəhman, Əd-Durrul-mənsur fi təfsiril-məsur, Mərəşi Nəcəfi adına kitabxana, h.q 1404
- Siyuti, Cəlaluddin Əbdür-Rəhman, Əd-Durrul-mənsur, Naşir: Darul-fikr, Beyrut, Tarixsiz
- Siyuti, Cəlaluddin Əbdür-Rəhman, Əl-İtqanu fi ulumil-Quran, farsca tərcümə: Mehdi Hairi Qəzvini, Tehran, Əmir Kəbir, h.ş 1380
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, Əl-Ələmi lil-Mətbuat müəssisəsi, 2-ci çap, m.1974
- Təbərsi, Fəzl ibn Həsən, Məcmuəl-bəyan fi təfsiril-Quran, Farsca tərcümə: Beystuni, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1390 (2011)
- Xürrəmşahi, İstilahate Qurani dər muhavireye farsi, Bəyyindat jurnalı, Qum, İmam RZa (ə) İslam məarifi müəssisəsi, nömrə 1, h.ş 1373 (1994)
- Yaqubi, Tarixi-Yaqubi, Daru sadir, Beyrut, m.1960